Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/10 s. 23—27
  • «Hər cür təsəlli» verən Yehovaya güvən!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Hər cür təsəlli» verən Yehovaya güvən!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Narahatçılıqlarımızın öhdəsindən necə gələ bilərik?
  • Allahdan təsəlli alan insanlar
  • «Səni daim qollarında gəzdirər»
  • Əzab çəkənlərə təsəlli verin
    Gözətçi qülləsi 2011
  • Allah təsəllini necə verir?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Həqiqi təsəllini haradan tapmaq olar?
    Gözətçi qülləsi 2003
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/10 s. 23—27

«Hər cür təsəlli» verən Yehovaya güvən!

«Ağamız İsa Məsihin Atası Allaha şükürlər olsun. O, mərhəmətli Ata və hər cür təsəlli [Allahıdır]» (2 KOR. 1:3).

1. Yaşlarından asılı olmayaraq, bütün insanların nəyə ehtiyacı var?

DÜNYAYA göz açdığımız ilk gündən bəri təsəlliyə ehtiyacımız var. Körpə təsəlliyə ehtiyac duyanda bunu ağlamağı ilə bildirir. Ola bilsin, o, kiminsə onu qucağına almasını və ya yedizdirməsini istəyir. Hətta yetkin yaşlarımızda belə, xüsusilə də dara düşəndə təsəlliyə tez-tez ehtiyac duyuruq.

2. Yehova Ona güvənənləri nəyə əmin edir?

2 Çox vaxt bizə ailə üzvlərimiz və dostlarımız təsəlli verir. Ancaq hərdən heç bir insan narahatçılığımıza səbəb olan amilləri aradan qaldırmaq qüvvəsində olmur. Belə hallarda, vəziyyətimizin nə dərəcədə pis olmasından asılı olmayaraq, yalnız Allah bizə təsəlli verməyə qadirdir. Onun Kəlamı bizi əmin edir: «Rəbb Onu... çağıran bütün insanlara yaxındır... Fəryadlarına qulaq asıb onları qurtarar» (Məz. 145:18, 19). Bəli, «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məz. 34:15). Lakin əgər Allahın bizə dayaq olmasını və təsəlli verməsini istəyiriksə, Ona güvənməliyik. Məzmurçu Davud öz məzmurunda bunu aydın şəkildə göstərdi: «Rəbb məzlumların pənahgahıdır, sıxıntı anlarında müdafiə qalasıdır. İsmini tanıyanlar Sənə güvənir, çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!» (Məz. 9:9, 10).

3. Yehovanın Öz xalqını sevdiyini İsa hansı nümunə əsasında göstərdi?

3 Xidmətçiləri Yehova üçün çox əzizdir. Bunu İsanın növbəti sözləri təsdiqləyir: «Məgər beş sərçəni ikicə qara qəpiyə satmırlar? Amma onlardan heç biri Allahın yadından çıxmır. Sizin isə başınızın saçı belə, bir-bir sayılıb. Odur ki, qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz» (Luka 12:6, 7). Yehova Yeremya peyğəmbər vasitəsilə qədim xalqına demişdi: «Səni əbədi bir məhəbbətlə sevdim, buna görə də sevgi ilə səni özümə tərəf çəkdim» (Yer. 31:3).

4. Nəyə görə Yehovanın vədlərinə etibar edə bilərik?

4 Yehovaya güvənməyimiz və Onun vədlərinin yerinə yetəcəyinə iman etməyimiz məşəqqətli anlarımızda bizə təsəlli verə bilər. Bizim Allaha olan etibarımız Yeşuanınkı kimi möhkəm olmalıdır. O demişdi: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı» (Yeşua 23:14). Bundan başqa, əgər hal-hazırda vəziyyətimiz çox ağırdırsa, biz əmin ola bilərik ki, «Allah vəfalı Allahdır» və heç vaxt sadiq xidmətçilərini tərk etmir. (1 Korinflilərə 10:13 ayəsini oxu.)

5. Biz başqalarına necə təsəlli verə bilərik?

5 Həvari Pavel Yehovanı «hər cür təsəlli Allahı» adlandırır. «Təsəlli vermək» narahatçılıq keçirən və ya dərdi-qəmi olan insanı ovundurmaq, sakitləşdirmək mənasını daşıyır. Bunu əzab çəkən insanın iztirabını və ya dərdini yüngülləşdirməklə, yaxud da ona təskinlik verməklə etmək olar. Əlbəttə, Yehova belə də edir. (2 Korinflilərə 1:3, 4 ayələrini oxu.) Səmavi Atamızın gücünü heç kim və heç nə məhdudlaşdırmır, buna görə də Onu sevən insanlara təsəlli vermək üçün Yehovanın əlində hər cür vasitə var. Yehovadan təsəlli aldığımız kimi, biz də, öz növbəmizdə, «müxtəlif cür dərdi» olan həmimanlılarımıza təsəlli verə bilərik. Bu, ümidsizliyə qapılmış insanlara təsəlli vermək gücünə malik olan Yehovanın misilsiz qüvvəsinin bariz nümunəsidir!

Narahatçılıqlarımızın öhdəsindən necə gələ bilərik?

6. Narahatçılığa səbəb olan amillərin bəziləri hansılardır?

6 Həyatımızın bir çox sahələrində təsəlliyə ehtiyac duyuruq. Bizə ən çox əzab verən şeylərdən biri əziz adamımızın, xüsusilə də sevimli həyat yoldaşımızın və ya övladımızın ölümüdür. Ayrı-seçkiliyin və ya qərəzli münasibətin qurbanı olanların, eləcə də xəstəlik, qocalıq, yoxsulluq, ailə problemləri və ya dünyadakı pis şərait ucbatından əziyyət çəkənlərin də təsəlliyə ehtiyacı var.

7. a) İztirablı anlarımızda nəyə ehtiyac duyuruq? b) Yehova «sınan və peşman olan» ürəyimizə necə şəfa verə bilər?

7 Üzləşdiyimiz çətinliklər müxtəlif olur. Bəzən ürəyimizi, zehnimizi və emosiyalarımızı sakitləşdirməyə ehtiyac yaranır, bəzən isə fiziki və ya ruhani sağlamlığımıza zərər dəydiyi üçün təsəlliyə ehtiyacımız var. Götürək elə ürəyimizi. Allahın Kəlamında açıq şəkildə deyilir ki, bəzən ürəyimiz sınır və ya peşman olur (Məz. 51:17). Şübhə yoxdur ki, Yehova belə vəziyyətlərdə dadımıza çatmağa qadirdir, çünki O, «sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar» (Məz. 147:3). Əgər biz tam imanla Allaha dua edir və Onun əmrlərini yerinə yetiririksə, hətta ən çətin anlarımızda belə O, ağrıyan ürəyimizi sakitləşdirəcək. (1 Yəhya 3:19—22; 5:14, 15 ayələrini oxu.)

8. Daxilimizdə narahatçılıq doğuran fikirlər baş qaldıranda Yehova bizə neçə kömək edir?

8 Zehnimizin tez-tez təsəlliyə ehtiyacı var, çünki üzləşdiyimiz sınaqlar zamanı daxilimizdə narahatçılıq doğuran fikirlər baş qaldırır. Öz gücümüzlə bu cür sınaqların öhdəsindən gəlmək qeyri-mümkündür. Məzmurçu oxuyurdu: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Məz. 94:19, YD). Üstəlik, Pavel yazmışdı: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:6, 7). Əgər Müqəddəs Yazıları oxuyub üzərində düşünsək, bu, bizə narahatçılıq doğuran fikirlərdən azad olmağa kömək edəcək (2 Tim. 3:15—17).

9. Mənfi emosiyaların öhdəsindən necə gəlmək olar?

9 Bəzən biz o dərəcədə ruhdan düşürük ki, mənfi emosiyalara qapılmaq təhlükəsi yaranır. Ola bilsin, Müqəddəs Kitabın üzərimizə qoyduğu məsuliyyətləri və ya yığıncaqdakı tapşırığı yerinə yetirmək üçün özümüzü yararsız hiss edirik. Belə vəziyyətlərdə də Yehova bizə dayaq olur və təsəlli verir. Nümunə üçün, Yeşuaya israilliləri güclü düşmən xalqlarına qarşı döyüşə aparmaq tapşırığı veriləndə Musa xalqa dedi: «Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!» (Qanun. t. 31:6). Yehovanın köməyilə Yeşua Allahın xalqını Vəd edilmiş diyara keçirtdi və bütün düşmənləri üzərində qələbə çaldı. Bu hadisədən xeyli öncə Musa da Yehovadan eyni köməyi almışdı (Çıx. 14:13, 14, 29—31).

10. Əgər narahatçılıqlarımız səhhətimizə mənfi təsir göstərirsə, bizə nə kömək edəcək?

10 Narahatçılıq doğuran vəziyyətlər səhhətimizə də mənfi təsir göstərə bilər. Düzgün qidalanmaq, lazımi qədər istirahət etmək, idmanla məşğul olmaq, gigiyena qaydalarına əməl etmək bizim üçün çox xeyirlidir. Sağlam ruhani əhval-ruhiyyənin və gələcəyə nikbin baxışın səhhətimizə göstərdiyi fayda da danılmazdır. Buna görə də gəlin sıxıntılı anlarımızda Pavelin nümunəsini və ruhlandırıcı sözlərini yadımıza salaq: «Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil; bizi təqib edirlər, amma darda qalmamışıq; bizi yıxırlar, amma məhv edilməmişik» (2 Kor. 4:8, 9).

11. Ruhani xəstəliyimizdən şəfa tapmaq üçün nə etməliyik?

11 Bəzi sınaqlar isə bizim ruhani sağlamlığımıza xələl gətirə bilər. Belə vəziyyətlərdə də Yehova dadımıza çatır. Onun Kəlamı bizi əmin edir: «Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır» (Məz. 145:14). Ruhani xəstəliyimizdən şəfa tapmaq üçün yığıncaq ağsaqqallarına müraciət etməliyik (Yaq. 5:14, 15). Müqəddəs Kitabın əbədi həyata dair verdiyi ümidi daima yadda saxlasaq, imanımızı sınağa çəkən hər bir vəziyyətə mətanətlə sinə gərəcəyik (Yəh. 17:3).

Allahdan təsəlli alan insanlar

12. Yehova İbrahimə necə təsəlli verdi?

12 Məzmurçu Allahdan ilham alaraq demişdi: «Sən quluna verdiyin sözü xatırla, bu sözünlə mənə ümid vermisən. Əzab çəkəndə bundan təsəlli tapıram ki, kəlamın məni həyata qaytaracaq» (Məz. 119:49, 50). Bu gün bizim əlimizdə olan Müqəddəs Kitabda Allahdan təsəlli alan bir çox insanların nümunəsi var. Misal üçün, Allahın sadiq bəndəsi İbrahim öyrənəndə ki, Yehova Sodom və Homorranı məhv etməyə hazırlaşır, onun ürəyi narahat olmağa başladı. O, Yehovadan soruşdu: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən?» Yehova ona təsəlli verərək əmin etdi ki, əgər Sodomda 50 saleh adam tapılsa, oranı məhv etməyəcək. Lakin Yehovaya düz beş dəfə müraciət edən İbrahim bu sayı əvvəlcə 45-ə, sonra 40-a, ondan sonra 30-a, daha sonra 20-ə, sonda isə 10-a qədər azaltdı. Yehova hər dəfə səbirlə və mülayimcəsinə İbrahimi əmin edirdi ki, Sodomda onun dediyi qədər saleh adam tapılsa, onun sakinlərinə rəhm edəcək. Həmin ərazidə on nəfər də olsun saleh adam tapılmadı, lakin Yehova Lutu və onun iki qızını xilas etdi (Yar. 18:22—32; 19:15, 16, 26).

13. Xanna Yehovaya güvəndiyini necə göstərdi?

13 Elqananın həyat yoldaşı Xannanın ən böyük arzusu uşaq sahibi olmaq idi. Lakin sonsuz olduğu üçün bu, onun ürəyində qubar bağlamışdı. Xanna bu barədə Yehovaya dua edəndə baş kahin Eli ona dedi: «Qoy İsrailin Allahı səni muradına çatdırsın!» Onun sözləri Xanna üçün təsəlli oldu və «artıq çöhrəsi kədərli deyildi» (1 Şam. 1:8, 17, 18). Xanna Yehovaya tam güvənirdi və bütün qayğısını Onun üzərinə buraxmışdı. O, bunun nə ilə nəticələnəcəyini bilməsə də, daxilində rahatlıq hiss etdi. Bir müddət sonra Yehova onun duasına cavab verdi və onun Şamuel adında oğlu dünyaya gəldi (1 Şam. 1:20).

14. Nəyə görə Davudun təsəlliyə ehtiyacı vardı və o, kimə üz tutmuşdu?

14 Allahdan təsəlli alan digər insan isə qədim İsrailin padşahlarından biri olan Davud idi. Yehova insanın ürəyinə baxır, buna görə də Davudu İsrail üçün padşah seçəndə qəlbinin təmiz və həqiqi ibadətə ürəkdən bağlı olduğunu bilirdi (1 Şam. 16:7; 2 Şam. 5:10). Lakin sonradan Davud Bat-Şeva ilə əxlaqsızlıq etdi və onun ərini öldürtdürərək günahını ört-basdır etməyə çalışdı. Davud bu əməllərinin nə qədər böyük günah olduğunu dərk edəndə Yehovaya dua etdi: «Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. Təqsirimi tamamilə yu, günahımdan məni təmizlə. Çünki qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün qarşısındadır» (Məz. 51:1—3). Davud səmimi-qəlbdən tövbə etdi və Yehova onun günahından keçdi. Bununla belə, o, günahının nəticələrindən qaça bilmədi (2 Şam. 12:9—12). Lakin Yehovanın mərhəməti təvazökar xidmətçisi olan Davud üçün əsil təsəlli idi.

15. Ölümqabağı Yehova İsaya necə dayaq olmuşdu?

15 İsa yer üzündə olarkən bir çox sınaqlarla üzləşmişdi. Allah onun imanının sınanmasına yol vermişdi və İsa kamil bir insan kimi nöqsansızlığını qoruyaraq hər vəziyyətdə Yehovaya güvəndiyini və Onun ali hakimiyyətini dəstəklədiyini göstərdi. Ələ verilməsindən və işgəncə dirəyində edam edilməsindən öncə İsa Yehovaya dua etmişdi: «Qoy mənim yox, Sənin istəyincə olsun». Bu zaman Allahın mələyi İsanın qarşısında peyda olub onu möhkəmləndirdi (Luka 22:42, 43). Yehova İsanın həmin an ehtiyac duyduğu təsəllini verdi, onu möhkəmləndirdi və ona dayaq oldu.

16. Nöqsansızlığımızı qoruyarkən həyatımız üçün təhlükəli vəziyyət yaranarsa, Yehova bizə necə kömək edə bilər?

16 Əgər biz bir məsihçi kimi Allaha sadiq qalmaq üçün ölümlə üz-üzə gəlsək belə, O, bizə nöqsansız qalmağımıza kömək etməyə qadirdir. Və biz əmin ola bilərik ki, Yehova bunu edəcək. Dirilməyə olan ümidimiz də bizim üçün əsil təsəlli mənbəyidir. Biz böyük səbirsizliklə sonuncu düşmənimiz olan ölümün məhv ediləcəyi vaxtı gözləyirik! (1 Kor. 15:26). Həyatlarını itirmiş Allahın sadiq xidmətçiləri, eləcə də digər insanlar ən etibarlı yerdə — Allahın yaddaşındadırlar və onlar diriləcəklər (Yəh. 5:28, 29; Həv. iş. 24:15). Yehovanın bu vədinə etibar etməyimiz bizə təsəlli verir və təqiblər zamanı ürəklərimizi ümidlə doldurur.

17. Yehova əzizlərini itirənlərə hansı təsəllini verir?

17 Bəşəriyyətin ümumi məzarında olan əzizlərimiz indiki həyata xas olan əzab-əziyyətlərdən azad olacaq gözəl yeni dünyada həyata qaytarılacaqlar. Bunu bilmək bizim üçün əsil təsəllidir! Bu pis dünyanın məhvi zamanı sağ qalacaq Yehovanın xidmətçilərindən ibarət olan böyük izdiham onları qarşılamaq və onlara təlim vermək şərəfinə layiq görüləcək! (Vəhy 7:9, 10).

«Səni daim qollarında gəzdirər»

18, 19. Allah təqib olunan xidmətçilərinə necə təsəlli verir?

18 İnsan ürəyinin dərinliklərinə təsir edən bir mahnıda Musa İsrail xalqını əmin etmişdi: «Pənahgahın əzəli əbədi Allahdır, səni daim qollarında gəzdirər» (Qanun. t. 33:27). Şamuel peyğəmbər isə bir dəfə israillilərə demişdi: «Rəbbin yolundan dönməyin, bütün qəlbinizlə yalnız Rəbbə qulluq edin... Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq» (1 Şam. 12:20—22). Nə qədər ki biz həqiqi Allaha sədaqətlə ibadət edirik, O, heç vaxt bizi tərk etməyəcək. O, hər zaman bizə lazım olan köməyi göstərəcək.

19 Bu məşəqqətli son günlərdə Yehova xalqından Öz köməyini və təsəllisini əsirgəmir. Yüz ildən çoxdur ki, bütün dünyada minlərlə həmimanlılarımız sadəcə Yehovaya xidmət etdikləri üçün təqib və ya həbs olunurlar. Onların nümunəsi göstərir ki, sınaqlar zamanı Yehova, həqiqətən də, xidmətçilərinə təsəlli verir. Məsələn, keçmiş Sovet İttifaqında bir qardaşa imanına görə 23 il iş kəsilmişdi. Lakin orada da bu qardaş onu möhkəmləndirən və onun üçün təsəlli olan ruhani qidanı əldə etməyin üsullarını tapmışdı. O demişdi: «Bütün bu illər ərzində mən Yehovaya və Onun qüvvəsinə güvənməyi öyrəndim». (1 Peter 5:6, 7 ayələrini oxu.)

20. Nəyə görə əmin ola bilərik ki, Yehova bizi tərk etməyəcək?

20 Gələcəkdə nə ilə üzləşəcəyimizdən asılı olmayaraq, gəlin məzmurçunun təsəlliverici sözlərini heç vaxt unutmayaq: «Rəbb xalqını Özündən ayırmaz» (Məz. 94:14). Hər birimizin təsəlliyə ehtiyacı olsa da, biz başqalarına da təsəlli verə bilərik. Növbəti məqalədən görəcəyik ki, bu narahat dünyada əzab-əziyyət çəkənlərə necə təsəlli vermək olar.

Necə cavab verərdiniz?

• Bizim əzab çəkməyimizə nələr səbəb ola bilər?

• Yehova Öz xidmətçilərinə necə təsəlli verir?

• Ölümlə üz-üzə gələndə bizə nə təsəlli verə bilər?

[25–ci səhifədəki çərçivə/şəkil]

...təsir edən şeylərin öhdəsindən necə gəlmək olar?

▪ ÜRƏYİMİZƏ (Məz. 147:3; 1 Yəh. 3:19—22; 5:14, 15)

▪ ZEHNİMİZƏ (Məz. 94:19; Filip. 4:6, 7)

▪ EMOSİYALARIMIZA (Çıx. 14:13, 14; Qanun. t. 31:6)

▪ FİZİKİ SAĞLAMLIĞIMIZA (2 Kor. 4:8, 9)

▪ RUHANİ SAĞLAMLIĞIMIZA (Məz. 145:14; Yaq. 5:14, 15)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş