İbrahim məhəbbət nümunəsi
İbrahim böyük kədər içindədir. Sevimli həyat yoldaşı ölüm yuxusuna gedib. Saranı dəfn edən ahıl yaşlı İbrahimin ağlından onunla bağlı çoxsaylı xatirələr keçir. Ürəyində qəm-qüssə artdıqca göz yaşları tökür (Yaradılış 23:1, 2). Bu göz yaşları zəifliyin deyil, İbrahimin ən gözəl xüsusiyyətlərindən biri olan məhəbbətin əlamətidir.
MƏHƏBBƏT NƏDİR? Məhəbbət kimə və ya nəyəsə dərin bağlılıq hissidir. Sevən adam, müəyyən qurbanlar tələb olunsa da, sevdiyi adama məhəbbətini əməlləri ilə ifadə edir.
İBRAHİM MƏHƏBBƏTİ NECƏ GÖSTƏRİRDİ? İbrahim öz ailəsini sevdiyini göstərirdi. Təbii, onun işi başından aşırdı. Amma o, heç zaman ailəsinin emosional və ruhani tələbatlarına etinasız yanaşmırdı. Yehovanın Özü vurğulamışdı ki, İbrahim, ailə başçısı kimi, Allaha ibadətdə həmişə rəhbərliyi üzərinə götürürdü (Yaradılış 18:19). Bundan başqa, Yehova İbrahimin məhəbbətini xüsusilə vurğuladı: onunla danışanda, İshaqı İbrahimin sevimli oğlu adlandırdı (Yaradılış 22:2).
Həmçinin ömür-gün yoldaşı Saranın ölümü ilə bağlı keçirdiyi hisslərindən də İbrahimin ona olan dərin məhəbbəti görünür. İbrahim onun üstündə hönkür-hönkür ağlayırdı. Güclü və cəsarətli olsa da, kədərini göstərməkdən çəkinmirdi. O, güc və nəciblik kimi xüsusiyyətləri gözəl əks etdirirdi.
İbrahim Allahı sevdiyini göstərirdi. Onun bütün həyatı Allaha məhəbbətlə bağlı idi. Nəyə görə belə demək olar? Müqəddəs Kitabdan 1 Yəhya 5:3 ayəsini yadımıza salaq: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir». Bu sözlərdən belə qənaətə gəlmək olar ki, İbrahim Allaha məhəbbət bəsləməkdə təqdirəlayiq nümunə qoyub.
Yehova İbrahimə hər dəfə müəyyən bir göstəriş verəndə o, dərhal ona əməl edirdi (Yaradılış 12:4; 17:22, 23; 21:12—14; 22:1—3). Tapşırığın çətin və ya asan olması, həmçinin nəyə görə məhz ona verilməsi İbrahim üçün əsas məsələ deyildi. Allahın buyurduğu hər şeyi canla-başla yerinə yetirirdi. İbrahim Allahın hər göstərişini Ona olan məhəbbətini sübut etmək üçün bir fürsəti kimi dəyərləndirirdi.
BUNDAN NƏ ÖYRƏNƏ BİLƏRİK? Başqalarına, xüsusilə də ailə üzvlərimizə məhəbbət göstərməklə İbrahimi təqlid edə bilərik. Heç vaxt yol verməyəcəyik ki, həyat qayğıları sevdiyimiz insanlara ayırdığımız vaxtı oğurlasın.
Biz həmçinin Yehovaya səmimi məhəbbət yetişdirməliyik. Belə məhəbbət bizi hərəkətə təşviq edən böyük qüvvə ola bilər. Məsələn, bu məhəbbət bizi Allahı razı salmaq üçün düşüncə tərzimizdə, nitqimizdə və davranışımızda dəyişikliklər etməyə təşviq edə bilər (1 Peter 1:14—16).
Etiraf etmək lazımdır ki, Yehovanın göstərişlərinə tabe olmaq həmişə asan deyil. Lakin İbrahimə dayaq olan və onu «dostum» adlandıran Uca Allahın mütləq bizə də kömək edəcəyinə əmin ola bilərik (Yeşaya 41:8). Allah Öz Kəlamında söz verir ki, bizi «qətiyyətli edəcək və qüvvətləndirəcək» (1 Peter 5:10). Bu, İbrahimin etibarlı Dostunun, həqiqətən də, ürəyi riqqətə gətirən vədidir!
[11-ci səhifədəki çərçivə]
Kişiyə ağlamaq yaraşarmı?
Çoxları buna «yox» deyə cavab verərdi. Yəqin, belə düşünənlər üçün maraqlı olacaq ki, Müqəddəs Kitabda güclü və imanlı kişilərin kədərli anlarda göz yaşı tökdüyündən bəhs olunur. İbrahim peyğəmbər də onlardan biridir. Bundan savayı, Yusif, Davud, həvari Peter, Efes yığıncağının ağsaqqalları və hətta İsa da göz yaşlarını gizlətməmişdi (Yaradılış 50:1; 2 Şamuel 18:33; Luka 22:61, 62; Yəhya 11:35; Həvarilərin işləri 20:36—38). Beləliklə, Allahın Kəlamı kişinin ağlamasının qəbahət olmadığını göstərir.