Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/4 s. 18—21
  • Yeniyetmə övladınız sizin etiqadınıza şübhə ilə yanaşanda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeniyetmə övladınız sizin etiqadınıza şübhə ilə yanaşanda
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • Bəsirətli olun
  • Problemi müzakirə edin
  • Övladınıza zehnini işlətməyi öyrədin
  • Doğruluğuna əmin olmağa kömək edin
  • Yeniyetmələrlə ünsiyyət
    Gözətçi qülləsi 2008
  • Əlavələr. Valideynlərin sualları
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Yeniyetməni sərbəst həyata necə hazırlamalı?
    Gözətçi qülləsi 2009
  • Biz sadəcə dostuq, yoxsa... II hissə
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/4 s. 18—21

Ailə xoşbəxtliyinin açarları

Yeniyetmə övladınız sizin etiqadınıza şübhə ilə yanaşanda

Bir çox uşaqlar böyüyəndə valideynlərinin onlara aşıladığı dini etiqadları qəbul edirlər (2 Timoteyə 3:14). Bəziləri isə yox. Əgər böyüyən uşağınızın imanınıza dair şübhələri yaranmağa başlayırsa, nə etmək olar? Bu məqalədə Yehovanın Şahidlərinin belə çətinliyin öhdəsindən necə gəldikləri müzakirə olunur.

«Valideynlərimin dininə artıq şərik olmaq istəmirəm, yorulmuşam» (Koraa, 18 yaş).

SİZ əminsiniz ki, mənsub olduğunuz din Allah haqqında həqiqəti öyrədir. İnanırsınız ki, Allahın Kəlamı ən yaxşı həyat yolunu göstərir. Onda bunları övladınıza da aşılamaq istəyinizi başa düşmək olar (Qanunun təkrarı 6:6, 7). Bəs böyüdükcə övladınızın ruhani şeylərə marağı itirsə, onda necə? Uşaqlıqda həvəslə qəbul etdiyi şeyləri indi şübhə altına alırsa, nə etmək olar? (Qalatiyalılara 5:7).

Əgər bu baş verirsə, məsihçi valideyn kimi yararsız olduğunuzu düşünməyin. Görəcəyimiz kimi, buna başqa amillər də təsir edə bilər. Amma bir şeyi yadınızda saxlayın: uşağınızda yaranan şübhələri aradan qaldırmaq üçün necə davranmağınızdan onun sizin etiqadlarınıza bağlı qalıb-qalmaması asılıdır. Əgər buna görə uşağınıza «müharibə elan etsəniz», çox ehtimal ki, bu çətin döyüşü uduzacaqsınız (Koloslulara 3:21).

Yaxşı olar ki, həvari Pavelin nəsihətinə diqqət yetirək. O yazırdı: «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim davranmalı, təlim verməyə yararlı olmalı, haqsızlıqla qarşılaşanda özünü ələ almalı[dır]» (2 Timoteyə 2:24). Yeniyetmə uşağınızda imanınıza dair şübhələr yaranırsa, «təlim verməyə yararlı» olduğunuzu necə göstərə bilərsiniz?

Bəsirətli olun

İlk növbədə, övladınızın şübhələrinə hansı amillərin səbəb olduğunu müəyyən etməyə çalışın. Məsələn:

▪ O, yığıncaqda özünü tənha hiss etdiyini və heç bir dostu olmadığını deyirmi? «Dostlarım olsun deyə bir neçə sinif yoldaşımla dostlaşdım və bu, uzun müddət ərzində Allaha yaxınlaşmağıma mane oldu. Pis dostluq nəticəsində ruhani şeylərə marağım itdi və buna görə indi çox peşmanam» (Lenor, 19 yaş).

▪ Bəlkə o, imanı barədə başqaları ilə danışmağa qorxur? «Məktəbdə oxuyanda imanım barədə danışmağa tərəddüd edirdim. Qorxurdum ki, sinif yoldaşlarım mənim qəribə və ya dini fanatik olduğumu düşünəcəklər. Heç kim başqalarından fərqlənən uşaqları qəbul etmədiyi üçün istəmirdim ki, mənimlə də belə bir şey baş versin» (Ramon, 23 yaş).

▪ Bəlkə Allahın tələblərinə müvafiq yaşamaq məsuliyyəti ona ağır gəlir? «Düşünürəm ki, Müqəddəs Kitabın əbədi həyat vədi hündür pilləkənin lap başındadır, mən isə lazımi addımları atmaqdan hələ çox uzaqdayam. Bu pilləkən mənə elə böyük görünürdü ki, imanımdan vaz keçməyi qərara aldım» (Rəna, 16 yaş).

Problemi müzakirə edin

Bəs sizin övladınızın qarşılaşdığı problemin kökü nədədir? Bunu öyrənməyin ən yaxşı üsulu, onun özündən soruşmaqdır. Ehtiyatlı olun ki, söhbətiniz mübahisəyə çevrilməsin. Yaqub 1:19 ayəsindəki məsləhətə uyğun davranın: «Hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin». Onunla səbirli olun. Kənar bir şəxslə davrandığınız kimi, bütün səbrinizi və təlim vermək qabiliyyətinizi istifadə edin (2 Timoteyə 4:2).

Məsələn, əgər övladınız yığıncaq görüşlərinə getməkdən imtina edirsə, problemin kökündə daha nəyin olduğunu müəyyən etməyə çalışın. Amma bunu səbirlə edin. Əks təqdirdə uşağınızın ürəyinə yol tapa bilməyəcəksiniz. Bunu aşağıda gətirilən dialoqdan görmək olar.

Uşaq: Mən daha yığıncaqlara getmək istəmirəm.

Valideyn (qəzəblə): Bu nə deməkdir, «mən getmək istəmirəm»?

Uşaq: Ora mənim üçün darıxdırıcıdır, vəssalam!

Valideyn: Allah haqqında belə düşünürsən? O, sənin üçün darıxdırıcıdır? Çox pis! Nə qədər ki evimdə yaşayırsan, istəsən də, istəməsən də, bizimlə gedəcəksən!

Allah tələb edir ki, valideynlər uşaqlarına təlim versin, uşaqlar isə valideynlərinə tabe olsun (Efeslilərə 6:1). Amma uşağınızın ruhani işlərinizdə sadəcə kortəbii surətdə sizi müşayiət etməsini və sizinlə yığıncağa həvəssiz getməsini yox, daha çox şeyi, yəni bu işləri sidqi-ürəkdən etməsini istəyərdiniz.

Buna nail olmaq üçün onun düşüncə tərzinə təsir edən amilləri müəyyən etmək lazımdır. Bunu nəzərə almaqla, baxaq görək yuxarıda gətirilən söhbəti daha yaxşı necə qurmaq olardı.

Uşaq: Mən daha yığıncaqlara getmək istəmirəm.

Valideyn (səbirlə): Niyə belə qərara gəlmisən?

Uşaq: Ora mənim üçün darıxdırıcıdır, vəssalam!

Valideyn: Bir-iki saat oturmaq darıxdırıcı ola bilər. Sənə daha çox çətinlik yaradan nədir?

Uşaq: Nə bilim, elə bil özümə yer tapa bilmirəm.

Valideyn: Dostların da belə düşünür?

Uşaq: Problem elə ondadır ki, heç bir dostum yoxdur. Ən yaxın dostum köçəndən bəri söhbət eləməyə adam tapmıram. Hamı vaxtını yaxşı keçirir. Mən isə özümü lazımsız hiss edirəm.

Bu dialoqda övladının sərbəst danışmasına yol açan valideyn yalnız problemin kökünü — tənhalıqdan əziyyət çəkdiyini müəyyən etmədi, həm də uşağının gələcəkdə onunla çəkinmədən ünsiyyət etməsi üçün etibar qazandı. («Səbirli olun!» adlı çərçivəyə baxın.)

Vaxt keçdikcə bir çox gənclər Allaha yaxınlaşmalarına mane olan çətinliklərin öhdəsindən gəlməklə özlərinə və etiqadlarına əminlikləri artır. Yuxarıda sözləri gətirilən və Yehovanın Şahidi olduğunu məktəbdə bildirməkdən çəkinən Ramonun nümunəsinə nəzər salaq. Əvvəl-axır Ramon başa düşdü ki, etiqadı haqqında danışmaq, rişxəndə səbəb olsa da, düşündüyü qədər dəhşətli deyilmiş. O deyir:

«Bir dəfə məktəb yoldaşım dini etiqadlarıma görə məni lağa qoymağa başladı. Həyəcan içində idim; bütün sinfin diqqəti bizə yönəlmişdi. Bunu gördükdə oğlanın öz etiqadları barədə sual vermək ağlıma gəldi. Onun məndən də çox həyəcan keçirməsinə təəccübləndim! Onda başa düşdüm ki, mənim kimi bir çox gənclərin də dini etiqadları var, amma onlar bunu izah edə bilmirlər. Mən ki öz etiqadlarımı izah edə bilirəm. İman haqqında söhbətə gəldikdə mən yox, sinif yoldaşlarım utanmalıdırlar!»

MƏSLƏHƏT. Övladınızdan məsihçi həyat tərzi barədə nə düşündüyünü soruşun. Onun fikrincə, bunun faydası və çətinlikləri nədən ibarətdir? Faydaları çətinliklərdən çoxdurmu? Əgər belədirsə, cavabını izah etsin (Mark 10:29, 30). Qoy uşağınız fikirlərini iki yerə bölünmüş kağıza yazsın: bir sütunda çətinlikləri, o birisində isə faydaları qeyd etsin. Fikirlərini kağıza köçürməklə yeniyetmə, ola bilsin, problemi daha aydın müəyyən edə və onun həllini tapa bilər.

Övladınıza zehnini işlətməyi öyrədin

Valideynlərin və mütəxəssislərin müşahidələrinə əsasən, yeniyetmələrin düşüncə tərzi uşaqların düşüncə tərzindən əhəmiyyətli dərəcədə fərqlənir (1 Korinflilərə 13:11). Adətən balaca uşaqlar konkret fikirləşirlər, yeniyetmələr isə daha dərindən düşünməyə meyilli olurlar. Məsələn, balaca uşağa hər şeyin Allah tərəfindən yaradıldığını demək kifayət edər (Yaradılış 1:1). Lakin yeniyetmə buna dair növbəti sualları verə bilər: «Allahın mövcudluğuna hansı sübutlar var? Nəyə görə məhəbbət Allahı pisliklərə yol verir? Necə ola bilər ki, Allah həmişə olub?» (Məzmur 90:2).

Bu sualları eşidəndə sizə elə gələ bilər ki, övladınızın imanı zəifləyir. Əslində isə bu, ola bilsin, onun imanının möhkəmlənməsinə dəlalət edir. Axı suallar məsihçinin ruhani inkişafında mühüm rol oynayır (Həvarilərin işləri 17:2, 3).

Bundan əlavə, övladınız zehnini işlətməyə öyrənir (Romalılara 12:1, 2). Bunun sayəsində o, uşaq ikən başa düşmədiyi məsihçi imanının «genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» anlayacaq (Efeslilərə 3:18). Buna görə də yeniyetməyə etiqadlarının üzərində düşünüb imanını möhkəmləndirməyin indi əsil vaxtıdır (Süleymanın məsəlləri 14:15; Həvarilərin işləri 17:11).

MƏSLƏHƏT. Sizin və övladınızın dərindən araşdırmadan qəbul etdiyiniz təlimlərə yenidən nəzər salın. Məsələn, onu növbəti sualların üzərində düşünməyə təşviq edə bilərsiniz: «Allahın mövcudluğuna məni nə əmin edib? Nəyin əsasında mən əmin ola bilərəm ki, Allah qayğıma qalır? Nəyə görə əminəm ki, Allahın qanunlarına tabe olmaq mənim xeyrimədir?» Amma ehtiyatlı olun ki, öz nöqteyi-nəzərinizi uşağınıza məcburən qəbul etdirməyəsiniz. Əksinə, ona öz əqidəsini inkişaf etdirməyə kömək edin. Bununla onun imanı möhkəmlənəcək.

Doğruluğuna əmin olmağa kömək edin

Allahın Kəlamında gənc Timotey haqqında bəhs olunur. O, Müqəddəs Kəlamları «körpəlikdən» bilirdi. Buna baxmayaraq, həvari Pavel onu: «Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə sadiq qal», — deyə təşviq edirdi (2 Timoteyə 3:14, 15). Ola bilər sizin övladınız da, Timotey kimi, Müqəddəs Kitabı körpəlikdən öyrənir. İndi isə ona öyrəndiyi təlimlərin doğruluğuna əmin olmasına kömək etməlisiniz.

«Gənclərin sualları. Praktiki məsləhətlər — I» (rus.) kitabında deyilir: «Nə qədər ki övladınız sizinlə yaşayır ruhani işlərdə sizə tabe olmasını tələb etməyə tam haqqınız var. Lakin əsas məqsədiniz sadəcə olaraq hansısa qaydaları mexaniki surətdə əməl etmək deyil, onun ürəyində Allaha məhəbbət inkişaf etdirməkdir». Bunu yadda saxlamaqla övladınıza «güclü iman» yetişdirməkdə kömək göstərəcəksiniz. Nəticədə, bu iman sizin yox, onun həyat yolu olacaq (1 Peter 5:9)b.

[Haşiyələr]

a Bu məqalədəki adlar dəyişdirilib.

b Əlavə məlumat üçün «Gözətçi qülləsi»nin 2009-cu il iyul—sentyabr sayının 10—12-ci səhifələrinə və «Gənclərin sualları. Praktiki məsləhətlər — I» kitabının 315—318-ci səhifələrinə (rus.) baxın.

[21–ci səhifədəki şəkil]

ÖZÜNÜZDƏN SORUŞUN . . 

▪ Övladım mənim etiqadlarımı şübhə altına qoyanda necə münasibət göstərirəm?

▪ Düzgün davranmaq üçün bu məqalədən necə faydalana bilərəm?

[19–cu səhifədəki çərçivə]

Onları məcbur edirlərmi?

Mif: Yehovanın Şahidi olan valideynlər öz etiqadlarını uşaqlarına məcburi şəkildə qəbul etdirirlər.

Fakt: Yehovanın Şahidləri Allahın Kəlamında deyildiyi kimi, öz övladlarına Allaha məhəbbət aşılamağa çalışırlar (Efeslilərə 6:4). Lakin bu valideynlər dərk edirlər ki, uşaqları böyüyəndə din seçimi ilə bağlı qərarı özləri verəcəklər (Romalılara 14:12; Qalatiyalılara 6:5).

[20–ci səhifədəki çərçivə/şəkil]

Səbirli olun!

Yeniyetmə uşağınızla söhbət edərkən siz tərəfdən həddən artıq səbirli olmaq tələb oluna bilər. Amma yeniyetmənizin sizə get-gedə daha çox etibar etdiyini görəndə bunun üçün qüvvə sərf etməyə dəydiyini başa düşəcəksiniz. 16 yaşlı bir qız deyir: «Bir axşam atamla söhbət edərkən ona dedim ki, mənim İnternetdə gizli səhifəm var və dostluq etdiyim oğlanla birgə evdən qaçmaq istəyirik. Atam həmişəki kimi təmkinli idi! Hətta oğlanla öpüşdüyümü və onunla daima yazışdığımı biləndə o, özündən çıxıb üstümə qışqırmadı. Atamdan yoxdur! Mənə elə gəlir atama hər şeyi deyə bilərəm. Başa düşürəm ki, o, mənə kömək etmək istəyir».

[21–ci səhifədəki çərçivə]

Yetkin dostun köməyi

Bəzən gənclərə ailənin üzvü olmayan bir kimsə öz köməyini göstərə bilər. Uşağınıza ruhani cəhətdən dayaq ola biləcək yetkin bir insanı tanıyırsınızmı? Onun uşağınızla yaxın ünsiyyət etməsini təşkil edə bilərsinizmi? Bu, o demək deyil ki, siz valideyn məsuliyyətindən azad olunursunuz. Timoteyi yadınıza salın. Pavelin nümunəsi ona çox kömək edirdi. Pavel də, öz növbəsində, Timotey kimi dəyərli əməkdaş qazandı (Filip. 2:20, 22)c.

[Haşiyə]

c Yehovanın Şahidləri tərəfindən 2011-ci ildə dərc edilmiş «Gənclərin sualları. Praktiki məsləhətlər — I» kitabının 318-ci səhifəsindən (rus.).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş