Ailə üzvlərin imanına şərik olmasalar da, xoşbəxt olmaq mümkündür
«Nə bilirsən, bəlkə,.. [həyat yoldaşını] xilas etdin?» (1 KOR. 7:16).
NÖVBƏTİ SUALLARIN CAVABINI TAPA BİLƏRSƏN?
Ailə üzvləri imanına şərik olmayan məsihçi evdə necə sülh yarada bilər?
Məsihçi doğmalarına həqiqəti qəbul etməyə necə kömək edə bilər?
Yığıncaq üzvləri həqiqətdə olmayan qohumları ilə bir evdə yaşayan məsihçiyə necə dəstək ola bilərlər?
1. İnsanın Padşahlıq haqqında xoş xəbəri qəbul etməsi onun ailəsinə necə təsir edə bilər?
BİR DƏFƏ İsa həvarilərini təbliğ etməyə göndərəndə onlara tapşırmışdı: «Getdiyiniz yerlərdə: “Səmavi padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mat. 10:1, 7). Bu xoş xəbər onu ürəkdən və minnətdarlıqla qəbul edən insanlara sülh və xoşbəxtlik gətirəcəkdi. Lakin İsa həvarilərini xəbərdar etmişdi ki, bir çoxları Padşahlığın təbliğ işinə düşmən kəsiləcəklər (Mat. 10:16—23). Padşahlıq haqda xoş xəbəri rədd edən ailə üzvlərinin göstərdiyi müqavimət isə xüsusilə ağırdır. (Matta 10:34—36 ayələrini oxu.)
2. Haradan bilirik ki, ailə üzvləri həqiqətdə olmayan insanlar üçün xoşbəxtlik əlçatmaz deyil?
2 Bəs əgər həqiqəti qəbul edən insanın ailə üzvləri onun imanına şərik deyillərsə, bu o deməkdirmi ki, xoşbəxtlik onun üçün bir xəyaldır? Əlbəttə, yox! Bəziləri ailələrində şiddətli müqavimətlərlə üzləşsələr də, bu heç də həqiqəti qəbul edən insanların hamısı ilə baş vermir. Üstəlik, bəzi hallarda bu müqavimətlər qısamüddətli olur. Çox şey insanın müqavimətə və ya laqeydliyə münasibətindən asılıdır. Bundan əlavə, Yehova Ona sadiq qalan insanlara xeyir-dua verir — O, əlverişsiz şəraitdə onların qəlbini sevinclə doldurur. Həqiqəti qəbul edən insan 1) evdə sülh yaratmağa və 2) ailə üzvlərinin səmimi-qəlbdən həqiqi ibadəti qəbul etmələrinə kömək etməyə çalışmaqla xoşbəxtliyini artıra bilər.
AİLƏDƏ SÜLHƏ CAN AT
3. Məsihçi nəyə görə ailəsində sülh yaratmağa çalışmalıdır?
3 Ailədə sülhün olması salehlik toxumunun bəhrə gətirməsi üçün vacib şərtdir. (Yaqub 3:18 ayəsini oxu.) Hətta əgər məsihçinin ailə üzvləri hələ də həqiqi ibadətdə birləşməyiblərsə, o, evdə sülh yaratmaq üçün səylə çalışmalıdır. Bunu necə etmək olar?
4. Məsihçi qəlb rahatlığını necə qoruya bilər?
4 Məsihçi qəlb rahatlığını qorumalıdır. Bunun üçün o, ürəkdən dua etməlidir, çünki dua qəlbimizi tayı-bərabəri olmayan «Allahın verdiyi» rahatlıqla, yəni sülhlə doldura bilər (Filip. 4:6, 7). Xoşbəxtlik və sülh Yehova haqqında bilik əldə etməyin və Müqəddəs Kitab prinsiplərini tətbiq etməyin nəticəsidir (Yeşaya 54:13). Əmin-amanlıq və xoşbəxtlik içində yaşamaq üçün yığıncaq görüşlərində və təbliğ fəaliyyətində səylə iştirak etməyimiz də vacibdir. Ailə üzvləri həqiqətdə olmayan həmimanlılarımız üçün, adətən, məsihçi fəaliyyətinin müəyyən sahələrində iştirak etmək mümkündür. Gəlin əri tərəfindən amansız təqiblərə məruz qalan Enzaa adlı bir bacımızın nümunəsinə diqqət yetirək. O, ev işlərini gördükdən sonra xidmətə çıxır. Enza deyir: «Hər dəfə xoş xəbəri başqaları ilə bölüşmək üçün səy göstərəndə Yehova müsbət nəticələrlə məni bol-bol xeyir-dualandırır». Şübhəsiz ki, bu cür xeyir-dualar sülh, məmnunluq və xoşbəxtlik gətirir.
5. Ailə üzvləri imanlarına şərik olmayan məsihçilər çox vaxt hansı çətinliklə üzləşirlər və onlar haradan kömək ala bilərlər?
5 İmanımıza şərik olmayan doğmalarımızla sülh münasibəti yaratmaq üçün böyük səy göstərmək lazımdır. Ancaq onlar bizdən Müqəddəs Kitab prinsiplərinə zidd olan bir şey etməyimizi istəyəndə bu, müşkül məsələyə çevrilə bilər. Düzgün prinsiplərə sədaqətlə riayət etməyimiz doğmalarımızın bəzilərini məyus etsə də, tutduğumuz bu mövqe gec-tez ailəmizdə sülh yaradacaq. Lakin Müqəddəs Kitab prinsiplərinə zidd olmayan məsələlərdə inadkarlıq göstərmək lazımsız çəkişmələrə gətirib çıxarda bilər. (Süleymanın məsəlləri 16:7 ayəsini oxu.) Çətinliklər yarananda Müqəddəs Kitab məsləhətləri üçün sadiq və ağıllı nökər sinfinin nəşrlərinə və ağsaqqallara müraciət etmək vacibdir (Sül. məs. 11:14).
6, 7. a) Nəyə görə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayan insana ailə üzvləri bəzən qarşı çıxır? b) Müqəddəs Kitabı öyrənməyə başlayan və ya artıq məsihçi olan kəs müqavimətlə üzləşdikdə necə davranmalıdır?
6 Evdə sülh yaratmaq üçün Yehovaya etibar etməli və imanımıza şərik olmayan ailə üzvlərimizin hisslərini başa düşməyə çalışmalıyıq (Sül. məs. 8:9a). Hətta Müqəddəs Kitabı təzəcə öyrənməyə başlayan insanlar da anlayış göstərə bilərlər. Bəzi kişi və qadınlar öz həyat yoldaşlarının Müqəddəs Kitabı öyrənmələrinə etiraz etmirlər. Onlar hətta bunun ailəyə yaxşı təsir göstərməsi ilə razılaşa bilərlər. Amma ədavətli münasibət göstərənlər də var. Artıq Yehovanın xidmətçisi olan Ester etiraf edir ki, əri Müqəddəs Kitabı öyrənməyə başlayanda «yaman qəzəbli» idi. O deyir: «Mən onun kitab-jurnallarını ya tullayır, ya da yandırırdım». Arvadı təzə-təzə Müqəddəs Kitabı öyrənməyə başlayanda ona müqavimət göstərən Hovard isə qeyd edir: «Bir çox kişilər qorxurlar ki, birdən həyat yoldaşlarını tovlayıb təriqətə cəlb edərlər. Gözündə təhlükəli görünən bu vəziyyətdə nə etməli olduğunu bilməyən ər ədavətli münasibət göstərməyə başlaya bilər».
7 Müqəddəs Kitabı öyrətdiyimiz insan həyat yoldaşının müqaviməti ilə üzləşəndə ona izah etməliyik ki, buna görə öyrənməni dayandırmaq lazım deyil. Əksər hallarda o, problemləri mülayimlik təzahür etdirməklə və imanına şərik olmayan həyat yoldaşına hörmətcil münasibət göstərməklə həll edə bilər (1 Pet. 3:15). Hovard deyir: «Həyat yoldaşıma necə də minnətdaram ki, o, həmişə özünü təmkinli aparırdı və heç nəyi ürəyinə salmırdı». Onun yoldaşı izah edir: «Hovard məndən Müqəddəs Kitabı öyrənməyi dayandırmağı tələb edirdi. O düşünürdü ki, onlar beynimi yalanlarla doldururlar. Onunla mübahisə etmək əvəzinə, dedim ki, ola bilsin, o, haqlıdır, amma mən onların bunu necə etdiyini görmürəm. Buna görə ondan xahiş etdim ki, öyrəndiyim kitabı oxusun. O, belə də etdi və orada yazılanlarla razılaşdı. Bu, ona dərin təsir bağışladı». Biz yadda saxlamalıyıq ki, məsihçi xidmətə çıxanda və ya yığıncaq görüşlərinə gedəndə imanına şərik olmayan həyat yoldaşı özünü atılmış və ya təhlükədə hiss edə bilər. Lakin məsihçi sözdə və əməldə həyat yoldaşını sevdiyini göstərsə, o, bu kimi narahatçılıqlardan azad ola bilər.
ONLARA HƏQİQƏTİ QƏBUL ETMƏYƏ KÖMƏK ET
8. Həyat yoldaşları imanda olmayan məsihçilərə Pavel nə məsləhət görürdü?
8 Həvari Pavel məsihçilərə məsləhət görürdü ki, həyat yoldaşları sadəcə imanda olmadıqlarına görə ailələrini dağıtmasınlarb. (1 Korinflilərə 7:12—16 ayələrini oxu.) Ehtimal var ki, məsihçinin həyat yoldaşı həqiqəti qəbul etsin və bunu yadda saxlamaq məsihçiyə xoşbəxtliyini qorumağa kömək edə bilər. Lakin məsihçi həyat yoldaşına həqiqəti çatdırmağa çalışarkən bir şeyi nəzərə almalıdır. Gəlin bəzi nümunələrə baxaq.
9. İmanımıza şərik olmayan ailə üzvlərimizə Müqəddəs Kitab həqiqətlərini təqdim edərkən nədən qaçınmalıyıq?
9 Ceyson Müqəddəs Kitab həqiqətlərini öyrənməyə başlayanda sevincindən yerə-göyə sığmırdı. O, bu haqda xatırlayaraq deyir: «Mən bu barədə hamıya danışmaq istəyirdim!» İnsan Müqəddəs Kitabdan öyrəndiklərinin həqiqət olduğunu dərk edəndə sevincindən bu haqda durmadan danışa bilər. O ümid edə bilər ki, ailə üzvləri də xoş xəbərə dərhal hay verəcəklər, ancaq bu, onlarda əks münasibət yarada bilər. Bəs Ceyson həqiqəti öyrənəndə ondakı şövq yoldaşına necə təsir etmişdi? Onun yoldaşı xatırlayır: «O, məni boğaza yığmışdı». Ərindən 18 il sonra həqiqəti qəbul edən bir qadın isə deyir: «Mən həqiqəti yavaş-yavaş mənimsəyənlərdənəm». Əgər sən hal-hazırda həyat yoldaşı həqiqi ibadətə qoşulmaq istəməyən insanla Müqəddəs Kitabı öyrənirsənsə, bu məsələyə nəzakətlə yanaşmağın üsullarını nəyə görə ona öyrətməyəsən? Musa demişdi: «Qoy təlimim yağış kimi tökülsün, sözüm şeh kimi düşsün, çəmən üzərinə düşən narın yağış tək olsun» (Qanun. t. 32:2). Ruhani leysandan fərqli olaraq, yerində deyilən həqiqət damcıları, adətən, daha təsirli olur.
10-12. a) Həvari Peter həyat yoldaşları imanlarına şərik olmayan məsihçilərə hansı məsləhəti vermişdi? b) Müqəddəs Kitabı öyrənən bir qadın 1 Peter 3:1, 2 ayələrindəki məsləhəti tətbiq etməyi necə öyrəndi?
10 Həvari Peter Allahdan ilham alaraq ərləri imanda olmayan məsihçi qadınlara yazmışdı: «Ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb, davranışınızla sözsüz fəth edilsinlər» (1 Pet. 3:1, 2). Ərinin kobud rəftarına baxmayaraq, ona itaət edən və hörmətini saxlayan məsihçi qadın onu fəth edə, yəni həqiqi ibadətə gəlməyə kömək edə bilər. Məsihçi ərlər də imanda olmayan həyat yoldaşları tərəfindən müqavimətlərlə üzləşəndə özlərini Allaha məqbul tərzdə aparmalı və qayğıkeş ailə başçısı olmalıdırlar (1 Pet. 3:7—9).
11 Bir çox müasir nümunələr həvari Peterin məsləhətinin nə qədər dəyərli olduğunu göstərir. Gəlin Selmanın nümunəsinə baxaq. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda əri Stiv narazı idi. Stiv etiraf edir: «Mən acıqlı, qısqanc, eqoist oldum və canıma qorxu düşmüşdü». Selma deyir: «Mənə həqiqətə gəlməzdən əvvəl də Stivlə yaşamaq əzabdan başqa bir şey deyildi. O, tündxasiyyət və tez özündən çıxan idi. Mən Müqəddəs Kitabı öyrənməyə başlayanda isə o, daha betər oldu». Bəs bu bacıya nə kömək etdi?
12 Selma ona Müqəddəs Kitabı öyrədən bacının verdiyi bir məsləhəti xatırlayır. O danışır: «Bir dəfə Müqəddəs Kitabı öyrənməyə heç həvəsim yox idi. Bundan qabaqkı axşam aramızda mübahisə düşmüşdü və Stiv məni vurmuşdu. Özümü çox pis və bədbəxt hiss edirdim. Hadisəni və hisslərimi bacıya danışanda o, məndən 1 Korinflilərə 13:4—7 ayələrini oxumağı xahiş etdi. Oxuduqdan sonra mən Stivin bu gözəl şeylərin heç birini mənim üçün etmədiyindən gileyləndim. Lakin bacı məni başqa cür düşünməyə təşviq etdi. O, məndən soruşdu: “Bəs məhəbbətə xas olan bu xüsusiyyətlərin hansını sən ərinə qarşı təzahür etdirmisən?” Mən: “Heç birini, çünki onunla yaşamaq çox çətindir”, — deyə cavab verdim. Bacı mülayimcəsinə sözünə davam etdi: “Selma, ikinizdən hansınız məsihçi olmağa çalışır? Sən, yoxsa Stiv?” Mən başa düşdüm ki, düşüncə tərzimi dəyişməliyəm. Stivə daha çox məhəbbət göstərmək üçün duada Yehovadan kömək dilədim. Yavaş-yavaş hər şey dəyişməyə başladı». 17 ildən sonra Stiv həqiqəti qəbul etdi.
BAŞQALARI NECƏ KÖMƏK EDƏ BİLƏR?
13, 14. Doğmaları həqiqətdə olmayan həmimanlılarına yığıncaq üzvləri necə kömək edə bilərlər?
13 Yerin dərin qatlarına nüfuz edərək bitkilərin böyüməsinə təkan verən narın yağış damcıları kimi, yığıncağın bir çox üzvləri doğmaları imanlarına şərik olmayan məsihçilərə xoşbəxtliklərini qorumaqda yardımçı olurlar. Braziliyada yaşayan Elvina deyir: «Mənə həqiqətdə möhkəm durmağa kömək edən məhz bacı-qardaşlarımın məhəbbəti olmuşdur».
14 Yığıncaq üzvləri tərəfindən göstərilən xeyirxahlıq və səmimi maraq məsihçinin həqiqətdə olmayan doğmalarına böyük təsir göstərə bilər. Arvadından 13 il sonra həqiqətə gələn nigeriyalı bir kişi deyir: «Günlərin bir günü bir Şahidlə yol gedərkən onun maşını xarab oldu. O, qonşu kənddə həmimanlılarını tapdı və onlar bizə gecələmək üçün yer verdilər. Onlar bizi, sanki, uşaqlıqdan tanıyırlarmış kimi qeydimizə qaldılar. Məhz həmin an arvadımın həmişə haqqında danışdığı məsihçi məhəbbətini hiss etdim». Ərindən 18 il sonra həqiqəti qəbul edən ingiltərəli bir qadın xatırlayır: «Yehovanın Şahidləri hər ikimizi də qonaq çağırırdılar. Onların evində heç vaxt özümü artıq hiss etməmişəm»c. Həmin ölkədə yaşayan və bir müddət sonra həqiqətə gələn bir kişi isə deyir: «Bacı-qardaşlar bizə tez-tez baş çəkir və ya evlərinə dəvət edirdilər. Onların çox qayğıkeş olduqları diqqətimdən yayınmadı. Bu cəhət mən xəstəxanada yatarkən çoxlarının mənə baş çəkdiyi zaman özünü xüsusilə büruzə verdi». Bəs sən necə, bacı-qardaşlarımızın imanına şərik olmayan ailə üzvlərinə səmimi maraq göstərə bilərsənmi?
15, 16. Məsihçinin bütün səylərinə baxmayaraq, ailə üzvləri hələ də həqiqəti qəbul etmirlərsə, ona xoşbəxtliyini qorumağa nə kömək edə bilər?
15 Lakin etiraf etmək lazımdır ki, illər boyu hər şeyi düz edib nəzakətlə təbliğ etsək də, qohumlarımızın hamısı həqiqəti qəbul etmir. Bəziləri laqeyd qalır, yaxud müqavimət göstərməyə davam edirlər (Mat. 10:35—37). Ancaq məsihçi Allahın bəyəndiyi xüsusiyyətləri təzahür etdirəndə bu, çox yaxşı bəhrə verə bilər. Əvvəllər həyat yoldaşının imanına şərik olmayan bir kişi deyir: «Məsihçi bu gözəl xüsusiyyətlərin onda şəfəq saçmasına yol verəndə həyat yoldaşının zehnində və ürəyində nələrin baş verdiyini bilmir. Buna görə də heç vaxt ümidinizi üzməyin».
16 Ailə üzvləri həqiqəti qəbul etməyən məsihçilər üçün xoşbəxt olmaq mümkündür. 21 il səy göstərməsinə baxmayaraq, əri həqiqəti qəbul etməyən bir bacı deyir: «Mən Yehovaya sadiq qalmaqla, eləcə də Onu razı salmağa və ruhaniliyimi möhkəmləndirməyə can atmaqla sevincimi qoruya bilirəm. Şəxsi öyrənmə keçirmək, yığıncaq görüşlərində iştirak etmək, xidmətə çıxmaq və yığıncaqda başqalarına əl tutmaq — bir sözlə, fəal şəkildə ruhani işlərlə məşğul olmaq məni Yehovaya daha yaxın edir və ürəyimi qoruyur» (Sül. məs. 4:23).
TƏSLİM OLMA!
17, 18. Ailə üzvləri imanına şərik olmayan məsihçiyə ümidini üzməməyə nə kömək edə bilər?
17 Əgər ailə üzvlərin hələ də imanına şərik deyillərsə, təslim olma! Unutma ki, «Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq» (1 Şam. 12:22). Nə qədər ki Ona bağlısan, O, səni tərk etməyəcək. (2 Salnamələr 15:2 ayəsini oxu.) Buna görə də «Rəbdən zövq al». «Yolunu Rəbbə ver, Ona güvən» (Məz. 37:4, 5). Daima dua et və əmin ol ki, qayğıkeş səmavi Atamız Yehova hər cür çətinliyin öhdəsindən gəlməyin üçün sənə kömək etməyə qadirdir (Rom. 12:12).
18 Yehovadan duada xahiş et ki, ailəndə sülhə nail olmaq üçün sənə müqəddəs ruhundan versin (İbr. 12:14). Bəli, əvvəl-axır həqiqətdə olmayan ailə üzvlərinin ürəklərinə yol tapa biləcək sülh şəraiti yaratmaq mümkündür. Hər şeyi Allahın şərəflənməsi naminə etsən, özünü xoşbəxt hiss edəcəksən və qəlb rahatlığı duyacaqsan (1 Kor. 10:31). Həmçinin unutma ki, yığıncaqdakı bacı-qardaşlar da məhəbbətlə sənə dayaq olmağa hazırdırlar. Bunu bilmək ürəyimizi, həqiqətən də, riqqətə gətirir!
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b Pavelin məsləhəti son dərəcə dözülməz hallarda ayrılmağı istisna etmir. Bu, ciddi şəxsi qərardır. («Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 219—221 səhifələrinə bax.)
c Müqəddəs Kitab həqiqətdə olmayan insanlarla birgə yemək yeməyi qadağan etmir (1 Kor. 10:27).
[28-ci səhifədəki şəkil]
Etiqadını izah etmək üçün münasib vaxt seç
[29-cu səhifədəki şəkil]
İmanına şərik olmayan həyat yoldaşına qayğı göstər