Xoşbəxt həyata aparan yol
BU GÜN həyat Allahın niyyət etdiyi kimi deyil. Əslində, yer üzündə Yaradanın hakimiyyətinə hörmət edən, Onun məsləhətilə yaşayan və Onun keyfiyyətlərini əks etdirən insanlar məskun olmalıydı. Onlar vəhdət içində yaşayıb ailə sahibi olmalı, yeni-yeni şeylər öyrənməli və bütün yer üzünü cənnətə çevirməli idilər.
ALLAH VƏD EDİR Kİ, YER ÜZÜNDƏ HƏYAT ONUN NİYYƏT ETDİYİ KİMİ OLACAQ
«[O,] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (Zəbur 46:9).
«Yeri tələf edənləri tələf etməyin vaxtı gəldi» (Vəhy 11:18).
«Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).
«Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:22).
Bu peyğəmbərliklər necə yerinə yetəcək? Göydə qurulmuş bir hökumət yer üzünü idarə edəcək. Allah İsa Məsihi bu mükəmməl hökumətin Padşahı təyin edib. Müqəddəs Kitabda bu hökumət Allahın Padşahlığı adlanır (Dənyal 2:44). Müqəddəs Kitabda İsa Məsih haqqında deyilir ki, Yehova Allah ona taxt verəcək. O hökmranlıq edəcək (Luka 1:32, 33).
İsa Məsih yer üzündə yaşayanda qüdrətli işlərilə göstərdi ki, Padşah olanda bəşəriyyəti firavanlığa qovuşduracaq. Bizim güzəranımız indikindən qat-qat gözəl olacaq.
İSA MƏSİH İTAƏTKAR İNSANLARA VERƏCƏYİ NEMƏTLƏRİ GÖSTƏRDİ
O, hər cür xəstəliyi sağaldaraq göstərdi ki, insanlara sağlamlıq bəxş edəcək (Mətta 9:35).
O, dənizi sakitləşdirərək göstərdi ki, təbiət qüvvələrini idarə edərək insanların həyatını qoruyacaq (Mark 4:36—39).
O, minlərlə insana yemək verərək göstərdi ki, insanların zəruri tələbatlarını təmin edəcək (Mark 6:41—44).
O, toyda suyu şəraba çevirərək sübut etdi ki, insanların həyatdan sevinc duyması üçün nə lazımdırsa, edəcək (Yəhya 2:7—11).
İstəyərdinizmi, Allahı sevən insanları gözləyən gələcək sizə də nəsib olsun? O zaman Müqəddəs Kitabda adı çəkilən «yolu» tutmaq lazımdır. Bu yol, «həyata aparan» yoldur və «bu yolu az adam tapır» (Mətta 7:14).
HƏYATA APARAN YOLU TUTUN
Həyata aparan yol nədir? Allah deyir: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (Əşiya 48:17). Bu yolda yeriyən insan mütləq xoşbəxt olacaq.
İsa Məsih demişdi: «Yol, həqiqət və həyat mənəm» (Yəhya 14:6). İsa Məsihin öyrətdiyi həqiqətlərə iman etməklə və onun nümunəsini izləməklə biz Allaha yaxınlaşa bilərik. Bunun sayəsində isə həyatımız daha xoşbəxt olacaq.
Həyata aparan yolu necə tapmaq olar? Bu gün dünyada dinlər çoxdur. Lakin İsa Məsih xəbərdarlıq etmişdi: «Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək» (Mətta 7:21). O həmçinin demişdi: «Onları bəhrələrindən tanıyacaqsınız» (Mətta 7:16). Müqəddəs Kitab sizə həqiqi ibadəti yalan ibadətdən ayırmağa kömək edə bilər (Yəhya 17:17).
Həyat yolunda necə yerimək olar? Bunun üçün həyatın Mənbəyini tanımaq lazımdır: O kimdir? Adı nədir? Hansı keyfiyyətlərə sahibdir? Bizim üçün nələr edir? Bizdən nə tələb edir?a
Allah istəyir ki, insanların həyatı sadəcə işləməkdən, yeməkdən, oynamaqdan və oğul-uşaq sahibi olmaqdan ibarət olmasın. Biz Yaradanı tanımalı, Onun dostu olmalıyıq. Biz Onun buyruqlarına əməl etməklə Ona məhəbbətimizi göstərməliyik. İsa Məsih demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı... tanısınlar» (Yəhya 17:3).
ALLAH MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ SİZİN XEYRİNİZƏ SİZİ ÖYRƏDİR (ƏŞİYA 48:17)
HƏYAT YOLUNA QƏDƏM QOYUN
Ola bilsin, Allahın buyruqlarını öyrəndikcə görəcəksiniz ki, həyatınızda bəzi dəyişikliklər etməlisiniz. Bu sizə çətin gələ bilər. Əslində isə bu yolda yerimək insana zövq verir, sadəcə, ilk addımı atmaq lazımdır. Allah haqqında vacib suallara cavab tapmaqda Yehovanın Şahidləri sizə kömək edə bilər. Onlar sizə münasib olan vaxtda və yerdə sizinlə pulsuz Müqəddəs Kitab dərsi keçə bilərlər. Bizimlə www.jw.org saytımız vasitəsilə əlaqə saxlaya bilərsiniz.