Tammüddətli xidmətin gətirdiyi xeyir-dualar
1 Əgər gəncsənsə, yəqin ki, gələcəyin haqqında düşünmüsən. Süleymanın məsəlləri 21:5 (MKŞ) ayəsində deyilir: “Çalışqanın niyyəti xeyir gətirər”. Bəli, həyatdakı məqsədlərin barədə ciddi düşünmək faydalıdır. Lakin gələcəyə dair planlar quranda, tammüddətli xidməti nəzərə almağa dəyər. Nəyə görə?
2 Gənc yaşlarında pioner kimi xidmət etmiş böyüklərdən təəssüratları barədə soruş və onlar sənə hökmən: “Bu mənim həyatımda ən yaxşı illər olmuşdur!” deyəcəklər. Tammüddətli xidmətin xeyir-dualarını gənc yaşlarından öz üzərində hiss edən qardaş sonradan belə bir nəticəyə gəlmişdir: “Geriyə boylanıb, gənc illərə nəzər salaraq “gəncliyinin günlərində səni Yaradanı xatırla” məsləhətinə riayət etdiyini görəndə, dərin məmnunluq hissi duyursan” (Vaiz 12:1). Gənclik illərində buna bənzər xeyir-duaları dadmaq üçün sən və valideynlərin hər şeyi dərindən götür-qoy edərək planlaşdırmalısınız.
3 Valideynlər, tammüddətli xidmətə təşviq edin. Qayğıkeş Ata kimi, Yehova bizə, gedəcəyimiz yolu göstərir (İş. 30:21). Məhəbbətdən irəli gələrək belə rəhbərlik göstərməklə, O, siz məsihçi valideynlərə gözəl nümunə verir. Özləri üçün yaxşı yol seçməyi gənclərin ixtiyarına buraxmaq əvəzinə, onları müdrikliklə Yehovanın xeyir-duasını əldə edəcəkləri doğru yola öyrədin. Onlar böyüyən zaman, sizin tə’liminiz onlara “xeyirlə şəri ayırd” etməyə kömək edəcək (İbr. 5:14). Böyüklər şəxsi təcrübələrindən bilirlər ki, insan öz anlayışına güvənməməlidir, bunun əvəzinə yollarımızı doğruldan Yehovaya e’tibar etmək lazımdır. Bu daha çox təcrübələri az olan gənclərə aiddir.
4 Yeniyetməlik dövrünə yaxınlaşdıqca, ya da bir az erkən yaşlarında uşaqlarınızın kim olmaq istədikləri barədə onlarla real söhbət edin. Tərbiyəçiləri, müəllimləri və həmyaşıdları onları dünyəvi, maddi məqsədlərə yönəldəcəklər. Onlara, gələcəkdə Padşahlığın mənafeyinə e’tinasız yanaşmadan özlərinin maddi tələbatlarını ödəyə bilmələrinə kömək edəcək məktəb kursları seçməkdə yardım edin (1 Tim. 6:6-11). Əksər hallarda, özlərini zəruri olan hər şeylə tə’min etmək və pioner xidmətində fəaliyyət göstərmək üçün, orta məktəb tə’limi ilə yanaşı peşə tə’limi və (yaxud) iş yerində əldə etdiyi tə’lim kifayət edir.
5 Yeniyetmə uşaqlarınızı subaylıq mükafatına can atmağa təşviq edin. Əgər onlar sonradan evlənmək qərarına gəlsələr, o zaman ailə məs’uliyyətini daşımağa daha yaxşı hazır olacaqlar. (“Bizim Padşahlıq Xidmətimiz”in 2001-ci il, iyun ayı üçün olan əlavə vərəqəsindəki “Özünü xidmətə təqdim etməyə hazırsanmı?” adlı məqalənin 19-cu abzasına bax, rus.) Pioner, Beyt-El və missioner xidmətinin, həmçinin təbliğçilərin az olduğu ərazidə xidmət barədə müsbət danışaraq, lap erkən çağlarından uşaqlarınızda Yehovanı sevindirən, o cümlədən başqalarına fayda və özlərinə xoşbəxtlik gətirən həyat sürmək arzusunu oyadın.
6 Gənclər, tammüddətli xidmətə can atın. Pionerin həyatı nəyə bənzəyir? Çaş-baş qalmaq lazım deyil. Bunu, tədris ili ərzində (mümkün olan hallarda) və tə’til zamanı köməkçi pioner kimi xidmət edərək öz təcrübəndə öyrənə bilərsən. O zaman qörəcəksən ki, pioner xidmətində olmaq necə də ləzzətdir! Yaz və ya yay aylarından birində köməkçi pioner xidməti planlaşdıra bilərsənmi?
7 Əgər gənc qardaşsansa, xidməti köməkçi üçün olan tələblərə müvafiq olmağa can atmaq barəsində də ciddi düşün (1 Tim. 3:8-10, 12). Həmçinin, tələb olunan yaşa çatdıqda Beyt-El xidmətinə və ya Xidməti Təkmilləşdirmə Məktəbində tə’lim almaq üçün anket yazıb-yazmayacağını da qərara al. Pioner xidmətindəki təcrübən sayəsində qiymətli vərdişlər əldə edəcəksən, məsələn, qrafikə əsasən yaşamağı, daha mütəşəkkil və məs’uliyyətli olmağı, həmçinin başqaları ilə yola getməyi öyrənəcəksən. Bütün bunlar səni Allahın təşkilatında əlavə məs’uliyyətlərə hazırlayacaq.
8 Teokratik işlərə ürəkdən göstərilən münasibət — tammüddətli xidmətdəki müvəffəqiyyətin açarıdır. Həvari Pavel bu cür düşüncə tərzinə təşviq edir və onun hansı xeyir-dualara səbəb olacağına işarə edirdi: “Hər nə etsəniz... Rəbb üçün edir kimi, canla-başla edin. Bilin ki, mükafat olaraq, Rəbbdən miras alacaqsınız” (Kolos. 3:23, 24). Qoy Yehova səni, tammüddətli xidmətdə çoxlu xeyir-dualarla mükafatlandırsın!