Vaxt və Müqəddəs Yazılar (Dərs 2) (Hissə 1)
Müqəddəs Kitabda tətbiq olunan vaxt ölçüləri; qəbul olunmuş təqvimlər; Müqəddəs Kitab xronologiyasında əsas tarixlər; vaxt axını ilə əlaqədar maraqlı faktlar.
1, 2. Vaxta dair Süleyman nə yazmışdır və vaxtın sürəksiz olduğunu nəzərə alaraq necə davranmalıyıq?
1 İnsan vaxtın keçdiyini dərindən hiss edir. O, saat əqrəbinin hər bir hərəkəti ilə vaxt dəhlizində bir addım irəli gedir. Hikmətli insan vaxtdan düzgün istifadə etməyi bacarır. Süleyman padşahın yazdığı kimi: “Hər şeyin zamanı və göylər altında hər işin vaxtı var; doğulmağın vaxtı var və ölməyin vaxtı var; əkməyin vaxtı var və əkilmiş olanı çıxarmağın vaxtı var; öldürməyin vaxtı var və şəfa verməyin vaxtı var; yıxmağın vaxtı var və bina etməyin vaxtı var; ağlamağın vaxtı var və gülməyin vaxtı var” (Vaiz 3:1-4). Vaxt necə də sürəksizdir! Yehovanın yer üzündə insanlara bəxş etdiyi şeylərdən çoxlu biliklər əldə etmək və bu gözəllikdən sevinc duymaq üçün insanın orta hesabla yaşadığı 70 il necə də azdır! “O hər şeyi vaxtında gözəl etdi; onların ürəyinə də əbədiyyəti qoydu, fəqət belə ki, insan Allahın etdiyi işi başdan sona qədər tapıb çıxara bilməz” (Vaiz 3:11; Məz. 90:10).
2 Yehovanın nə başlanğıcı, nə də sonu var. Yaratdıqlarına gəlincə, Yehova, onları vaxt axınına bağlamağı münasib bilib. Göydə yaşayan mələklər, o cümlədən qiyamçı Şeytan da vaxtın ötdüyünü dərk edir (Dan. 10:13; Vəhy 12:12). Müqəddəs Kitabda insanlar haqqında deyilir ki, “onların hamısını vaxt və təsadüf qarşılar” (Vaiz 9:11). Allahı həmişə xatırlayan və Onun “vaxtlı-vaxtında” təqdim etdiyi ‘yeməyi’ qəbul edən insan nə bəxtiyardır! (Mat. 24:45).
3. Məkan və vaxt arasında ümumi olan nədir?
3 Vaxt axını bir istiqamətdə baş verir. Vaxt ümumi anlayış olsa da, “vaxt nədir?” sualına heç kim cavab verə bilmir. Məkan kimi, vaxt da dərk edilməyən anlayışdır. Heç kim vaxt axınının haradan başlandığını və haraya axdığını deyə bilmir. Bütün bunlar, hədsiz biliyə sahib olan və haqqında “əzəldən əbədiyyətə qədər” olan Allah kimi danışılan Yehovanın ixtiyarındadır (Məz. 90:2).
4. Vaxtın hərəkəti barədə nə demək olar?
4 Digər tərəfdən, vaxt — başa düşülən müəyyən səciyyəvi xüsusiyyətlərə malikdir. Onun hiss olunan axınını ölçmək olar. Bundan əlavə, vaxt yalnız bir istiqamətdə axır. Birtərəfli hərəkət yolunda olan nəqliyyat axınına bənzər tərzdə, vaxt yorulmadan irəliyə, daima irəliyə hərəkət edir. İrəliyə doğru istiqamət almış vaxtın sür’ətindən asılı olmayaraq, onu geriyə qaytarmaq mümkün deyil. Biz qısamüddətli indiki zamanda yaşayırıq. Lakin indiki zaman da yerində durmur, fasiləsiz olaraq keçmişə doğru hərəkət edir. Onu dayandırmaq mümkün deyil.
5. Nəyə görə deyə bilərik ki, keçmiş bizi ya zəfərə çatdırır, ya da məğlubiyyətə uğradır?
5 Keçmiş. Keçmiş geridə qaldı, o artıq tarixdir və onu təkrarlamaq mümkün deyil. Ötüb keçən şeyi geriyə qaytarmaq cəhdi, şəlaləni üzü yuxarı axmağa məcbur etmək və ya atılan oxa yayın yanına qayıtmaq əmri vermək cəhdinə bənzəyir. Yol verdiyimiz səhvlər vaxt axınında iz qoyur. Bu izi isə yalnız Yehova silə bilər (İş. 43:25). İnsanın yaxşı işləri də gizli qalmır, o, Yehovanın xeyir-duası ilə yanaşı gördüyü işlərin ‘əvəzini alır’ (Sül. məs. 12:14, MKŞ; 13:22). Beləliklə, keçmiş bizi ya zəfərə çatdırır, ya da məğlubiyyətə uğradır. Artıq heç nəyi dəyişmək mümkün deyil. Pis insanlar haqqında yazılmışdır: “Onlar ot kimi tez biçiləcəklər və yaşıl səbzə kimi solacaqlar” (Məz. 37:2).
6. Gələcək keçmişdən nə ilə fərqlənir və nəyə görə gələcək bizim üçün xüsusi əhəmiyyət kəsb edir?
6 Gələcək. Gələcəyə aid vəziyyət başqa cürdür. Gələcək daima bizə tərəf hərəkət edir. Allahın Kəlamı yolumuzda olan maneələri müəyyən etməkdə və onları dəf etmək üçün hazır olmaqda bizə kömək edir. Biz özümüzə “göydə xəzinələr” toplaya bilərik (Mat. 6:20). Vaxt axını bu xəzinələri məhv edə bilməz. Onlar bizimlə qalacaq və xeyir-dualarla dolu əbədi gələcəyə qədər davam edəcəklər. Vaxtdan hikmətlə istifadə etmək bizim üçün vacibdir, çünki gələcəyimiz məhz bundan asılıdır (Efes. 5:15, 16).
7. Yehova insanlar üçün hansı vaxt göstəricilərini yaratmışdır?
7 Vaxt göstəriciləri. Müasir dövrdə vaxt göstəriciləri saatlardır. Onlar vaxtı ölçmək üçün me’yar kimi xidmət edir. Buna bənzər tərzdə Yaradan Yehova hərəkət edən nəhəng vaxt göstəricilərini — öz oxu ətrafında fırlanan Yer kürəsini, Yer kürəsinin ətrafında dövr edən Ayı və Günəşi yaratmışdır. Bunun sayəsində, insan yer üzündə tutduğu mövqedən vaxtı dəqiq müəyyən edə bilir. “Sonra Allah dedi: “Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun; onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsinlər” (Yar. 1:14, MKŞ). Beləliklə, eyni məqsədlərlə bağlanan bu səmavi cisimlər, bir istiqamətdə axan vaxtı dayanmadan və səhvsiz ölçərək, öz mükəmməl orbitlərində hərəkət edirlər.
8. Müqəddəs Kitabda “gün” sözü hansı mə’nalarda tətbiq olunur?
8 Gün. Müasir dildə olduğu kimi, Müqəddəs Kitabda “gün” sözü müxtəlif mə’nalarda tətbiq edilir. Yer kürəsi öz oxu ətrafında tam dövr edərək sanki 24 saatlıq bir gün sayır. Bu mə’nada gün, ümumilikdə 24 saatdan ibarət olan sutkanın işıqlı və qaranlıq vaxtını təşkil edir (Yəh. 20:19). Lakin sutkanın adətən orta hesabla 12 saat davam edən işıqlı dövrünü də “gün” adlandırırlar. “Allah işığı “gündüz”, qaranlığı isə “gecə” adlandırdı” (Yar. 1:5, MKŞ). Gördüyümüz kimi, vaxtla bağlı ortaya daha bir anlayış çıxır ki, bu da — “gecə”, yə’ni orta hesabla 12 saatdan ibarət qaranlıq dövrüdür (Çıx. 10:13). “Gün” (və ya “günlər”) sözünün daha bir mə’nası, hansısa tanınmış şəxsiyyətin yaşadığı dövrə təsadüf edən vaxt dövrüdür. Məsələn, İşaya rö’yasını “Uzziya, Yotam, Ahaz və Hizkiyanın günlərində” görmüşdür (İş. 1:1), Nuhun və Lutun günləri isə, peyğəmbərlik əhəmiyyəti daşıyan günlər kimi xatırlanır (Luka 17:26-30). “Gün” sözünün məcazi mə’nada başqa cür işləndiyinə dair nümunəni Peterin məktubunda görürük. Peter deyir: “Rəbbin gözündə bir gün min il... kimidir” (2 Pet. 3:8). Təkvin kitabında yaradılış günləri haqda — minilliklərlə davam edən daha uzunmüddətli vaxt dövrü haqda danışılır (Tək. 2:2, 3; Çıx. 20:11). Müqəddəs Kitabın müəyyən bir hissəsində işlənən “gün” sözünün mə’nasını kontekstin köməyi ilə aydınlaşdırmaq olar.
9. a) Sutkanın 24 saata və saatın 60 dəqiqəyə bölünməsi başlanğıcını haradan götürmüşdür? b) Vaxtı göstərmək üçün İbranicə Müqəddəs Yazılarda hansı söz və ifadələr tətbiq olunur?
9 Saat. Sutkanın 24 saata bölünməsi öz başlanğıcını Misirdən götürüb. Müasir dövrdə saatın 60 dəqiqəyə bölünməsi isə öz başlanğıcını 60 rəqəminə əsaslanan Babil riyaziyyat sistemindən götürmüşdür. İbranicə Müqəddəs Yazılarda sutkanın saatlara bölünməsi haqda danışılmıra. Vaxtı göstərmək üçün İbranicə Müqəddəs Yazılarda “səhər”, “günorta” və “axşam” kimi ifadələr tətbiq edilir (Yar. 24:11, MKŞ; Tək. 43:16; Təs. 28:29; 1 Kral. 18:26). Gecə “gecə növbələri” adlanan üç dövrə bölünürdü (Məz. 63:5). Müqəddəs Kitabda onlardan ikisi daha dəqiq “orta növbə” (Hakim. 7:19) və “sabah növbəsi” adlanır (Çıx. 14:24; 1 Sam. 11:11).
10. İsanın günlərində İsraildə günü saatlara bölmək üçün hansı sistem istifadə olunurdu və bu bizə, İsanın nə zaman öldüyünü müəyyən etməkdə necə kömək edir?
10 Lakin Yunanca Müqəddəs Yazılarda “saat” sözü dəfələrlə xatırlanır (Yəh. 12:23, KM; Mat. 20:2-6). Birinci saat, gün doğan zaman, təxminən səhər saat 6-da başlanırdı. Müqəddəs Kitabda “üçüncü saat”, yə’ni təxminən səhər saat 9 xatırlanır. İsa, bizim vaxtla gündüz saat 12-yə müvafiq gələn “altıncı saata yaxın” çarmıx üzərində can verəndə Yerusəlim üzərinə qaranlıq çökdü. Müqəddəs Kitabın xəbər verdiyi kimi, İsa çarmıx üzərində günün “doqquzuncu saat radələrində”, yə’ni saat 15 radələrində öldü (Mark 15:25; Luka 23:44; Mat. 27:45, 46)b.
11. “Həftə” kimi ölçü vahidi nə zaman yarandı?
11 Həftə. İnsanlar bəşər tarixinin başlanğıcından vaxtı yeddi günlük dövrlərlə saymağa başlamışlar. Beləliklə də onlar, altı yaradılış gününü yeddinci dövr ilə başa çatdıran və həmən dövrü də gün adlandıran Yaradanlarını təqlid etmişlər. Nuh da vaxtı hesablayarkən, onları yeddi günə ayırırdı. İbrani dilində “həftə” sözü hərfi mə’nada yeddi hissədən ibarət dövr deməkdir (Tək. 2:2, 3; 8:10, 12; 29:27).
12. Qəməri ay nədir və qəməri ay ilə müasir təqvimdəki ay arasında hansı fərq var?
12 Qəməri ay. Müqəddəs Kitabda “qəməri aylar” barədə danışılır (Çıx. 2:2, YD; Təs. 21:13, YD; 33:14, YD; Ezra 6:15, YD). Müasir təqvimlərdə ayların uzunluğu Ayın hərəkəti ilə müəyyən edilmədiyi üçün onları qəməri ay adlandırmaq olmaz. Aylar sadəcə olaraq 12 hissəyə bölünən günəş ilini təmsil edir. Qəməri ay yeni ay çıxan vaxtdan başlayır və orta hesabla 29 gün, 12 saat və 44 dəqiqə davam edir. Bu vaxt ərzində ay fazalarının dördü də bir-birini əvəz edir və Ayın formasına görə qəməri ayın gününü təxminən müəyyən etmək olur.
13. Tufana dair dəqiq xronoloji mə’lumatlar necə yazılmışdır?
13 Nuhun bu və ya digər hadisələr haqda yazdığı mə’lumatın əsasında demək olar ki, o, vaxtı 30 gün davam edən aylarla hesablayırdı, yə’ni qəməri aya dəqiq riayət etmirdi. Nuhun gəmidə apardığı qeydlər sayəsində bilirik ki, yer üzü beş ay, yə’ni “yüz əlli gün” müddətində Tufanın suları altında qaldı. Yer üzü 12 ay 10 gündən sonra qurudu və insanlar gəmidən çıxa bildilər. Beləliklə, həmin vacib hadisələrə dair əlimizdə dəqiq xronoloji mə’lumatlar var (Tək. 7:11, 24; 8:3, 4, 14-19).
14. a) Yehova ilin fəsillərini necə yaradıb? b) Bu quruluş nə qədər davam edəcək?
14 İlin fəsilləri. Yer üzünü insanlar üçün hazırlayarkən, Yehova ilin fəsillərini məhəbbət və müdrikliklə tə’yin etmişdir (Tək. 1:14). İlin fəsillərinin növbələşməsi onunla izah olunur ki, Yer Günəş ətrafındakı hərəkətinin müstəvisinə nisbətən 23,5 ° mailidir. Bunun nəticəsində Cənub və Şimal yarımkürələri növbə ilə altı ay ərzində Günəşə tərəf meylli olur. Beləliklə də ilin fəsilləri növbə ilə bir-birini əvəz edir. İlin fəsillərinin növbələşməsi həyatımızı daha da rəngarəng edir və əkin-biçin vaxtını tənzimləyir. Allahın Kəlamı bizi əmin edir ki, bu quruluş əbədiyyən davam edəcəkdir. “Dünya durduqca əkin-biçin, isti-soyuq, yay-qış və gecə-gündüz sona yetməyəcək” (Yar. 8:22, MKŞ).
15, 16. a) Və’d edilən diyardakı yağmurlar mövsümünü hansı dövrlərə bölmək olar? b) Yağmurların müxtəlif dövrlərini təsvir edin və onların kənd təsərrüfatı işləri ilə necə əlaqəli olduğunu izah edin.
15 Ümumi götürdükdə, Və’d edilən diyarda ili quraqlıq və yağmurlar mövsümünə ayırmaq olar. Təxminən aprelin ortalarından başlayaraq oktyabrın ortalarına qədər yağmurlar olduqca az olur. Yağmurlar mövsümünü üç dövrə — “ilk”, yə’ni payız yağmurlarına (oktyabr-noyabr), soyuq havalarla müşayiət olunan güclü qış yağmurlarına (dekabr-fevral) və “son”, yə’ni yaz yağmurlarına (mart-aprel) ayırmaq olar (Təs. 11:14; Yoel 2:23). Sözsüz ki, bu cür bölünmə təxminidir, belə ki, ölkənin müxtəlif rayonlarında iqlim bir qədər fərqlənir və ilin fəsillərinin bir-birini əvəz edəcəyi zamanı dəqiq müəyyən etmək çox çətindir. İlk yağmur qurumuş torpağı yumşaldır və oktyabr-noyabr aylarında “əkin və biçin” vaxtı başlanır (Çıx. 34:21; Lev. 26:5). Dekabr ayından fevrala kimi güclü qış yağmurları dövründə tez-tez qar da yağır, yanvarda və fevralda isə yüksəkliklərdə havanın temperaturu bə’zən sıfır dərəcədən aşağıya enir. Müqəddəs Kitabda deyilir ki, Davudun cəsur döyüşçülərindən biri, Benaya “qar günü” bir aslan öldürdü (2 Sam. 23:20).
16 Mart və aprel (təxminən ibrani təqvimindəki nisan və əyar aylarına müvafiq gəlir) — “yaz yağmurları” ayıdır (Zək. 10:1, YD). Yaz yağmuru, yə’ni son yağmur payızda əkilən toxumun yaxşı islanması və bol məhsul verməsi üçün zəruridir (Hoş. 6:3; Yaq. 5:7). Elə bu vaxt ilk məhsulu yığırdılar. Yehova israillilərə tapşırmışdı ki, nisanın 16-da məhsulun ilk bəhrəsini Ona qurban gətirsinlər (Lev. 23:10; Rut 1:22). Yazda Fələstin çox gözəl olur. “Yerdə çiçəklər görünür; tərənnüm vaxtı gəldi və diyarımızda qumrunun səsi eşidildi; əncir ağacı kal əncirini yetişdirməkdə, asmalar da çiçəklənir, gözəl ətirlər saçmaqdadırlar” (Nəş. nəşid. 2:12, 13).
17. a) Quraqlıq dövründə kənd təsərrüfatı məhsulları nəyin hesabına rütubətlə tə’min olunurdu? b) “İsrail ili” cədvəlinə baxın və ona əsasən 15-17-ci abzaslarda bəhs edilən dövrləri göstərin. c) İlk məhsulu nə zaman toplayırdılar? Dənli bitkiləri nə zaman toplayırdılar? Bütün məhsulun yığın vaxtı nə zaman başa çatırdı? Bu hadisələr hansı bayramlarla eyni vaxta düşürdü?
17 Təxminən aprel ayının ortasında quraqlıq dövrü başlayır, lakin demək olar ki, bütün bu dövr ərzində bolluca şeh düşür. Əsasən də dağların qərb səhralarına düşərək kənd təsərrüfatı məhsullarını rütubətlə tə’min edir (Təs. 33:28). May ayında dənli bitkiləri yığır, ayın axırında isə Həftələr (Pentikost) bayramını qeyd edirdilər (Lev. 23:15-21). Bundan sonra, havalar qızdıqca və torpaq quruduqca üzüm yetişirdi. Bir qədər sonra isə digər yay məhsullarını, məsələn, zeytunu, xurmanı və ənciri toplayırdılar (2 Sam. 16:1). Quraqlıq mövsümü başa çatanda və ilk yağmurlar başlayanda torpağın bütün məhsulları toplanır və Çardaqlar bayramı (təxminən oktyabrın əvvəlində) qeyd olunurdu (Çıx. 23:16; Lev. 23:39-43).
[Haşiyələr]
a “Kitabı Mukaddes”də “saat” sözü Dan. 3:6, 15; 4:33; 5:5 ayələrində istifadə olunur. Lakin Stronqun simfoniyasında, ibrani və gildani sözlərinin lüğətində bu arami sözü “nəzər salmaq və ya bir an” kimi müəyyən edilir (“Exhaustive Concordance of the Bible”). “Yeni Dünya Tərcüməsi”ndə bu yerlərdə, “bir an” mə’nasını daşıyan söz istifadə olunub.
b “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi”ndə (ing.) bu ayələrə verilən şərhlərə baxın.
[6 səhifədəki çərçivə]
İSRAİL İLİ
Ayın adı Nisan (Abib)
Müvafiq gəldiyi ay Mart - aprel
Müqəddəs il 1-ci ay
Kənd təsərrüfatı ili 7-ci ay
Xatırlandığı yer Çıx. 13:4; Neh. 2:1
Bayramlar 14 nisan Pasxa
15-21 nisan Mayasız çörək bayramı
16 nisan İlk bəhrələrin qurban gətirilməsi
Ayın adı Əyar (Ziv)
Müvafiq gəldiyi ay Aprel - may
Müqəddəs il 2-ci ay
Kənd təsərrüfatı ili 8-ci ay
Xatırlandığı yer 1 Kral. 6:1
Ayın adı Sivan
Müvafiq gəldiyi ay May - iyun
Müqəddəs il 3-cü ay
Kənd təsərrüfatı ili 9-cu ay
Xatırlandığı yer Est. 8:9
Bayramlar 6 sivan Həftələr bayramı
(Pentikost)
Ayın adı Tammuz
Müvafiq gəldiyi ay İyun - iyul
Müqəddəs il 4-cü ay
Kənd təsərrüfatı ili 10-cu ay
Xatırlandığı yer Yer. 52:6
Ayın adı Ab
Müvafiq gəldiyi ay İyul - avqust
Müqəddəs il 5-ci ay
Kənd təsərrüfatı ili 11-ci ay
Xatırlandığı yer Ezra 7:8
Ayın adı Eylul
Müvafiq gəldiyi ay Avqust - sentyabr
Müqəddəs il 6-cı ay
Kənd təsərrüfatı ili 12-ci ay
Xatırlandığı yer Neh. 6:15
Ayın adı Tişri (Etanim)
Müvafiq gəldiyi ay Sentyabr - oktyabr
Müqəddəs il 7-ci ay
Kənd təsərrüfatı ili 1-ci ay
Xatırlandığı yer 1 Kral. 8:2
Bayramlar 1 tişri Boru çalınma günü
10 tişri Kəffarə günü
15-21 tişri Çardaqlar bayramı
22 tişri Müqəddəs toplantı
Ayın adı Heşvan (Bul)
Müvafiq gəldiyi ay Oktyabr - noyabr
Müqəddəs il 8-ci ay
Kənd təsərrüfatı ili 2-ci ay
Xatırlandığı yer 1 Kral. 6:38
Ayın adı Kislev
Müvafiq gəldiyi ay Noyabr - dekabr
Müqəddəs il 9-cu ay
Kənd təsərrüfatı ili 3-cü ay
Xatırlandığı yer Neh. 1:1
Ayın adı Tebet
Müvafiq gəldiyi ay Dekabr - yanvar
Müqəddəs il 10-cu ay
Kənd təsərrüfatı ili 4-cu ay
Xatırlandığı yer Est. 2:16
Ayın adı Şebat
Müvafiq gəldiyi ay Yanvar - fevral
Müqəddəs il 11-ci ay
Kənd təsərrüfatı ili 5-ci ay
Xatırlandığı yer Zək. 1:7
Ayın adı Adar
Müvafiq gəldiyi ay Fevral - mart
Müqəddəs il 12-ci ay
Kənd təsərrüfatı ili 6-cı ay
Xatırlandığı yer Est. 3:7
Ayın adı Veadar
Müvafiq gəldiyi ay (Əlavə edilmiş ay)
Müqəddəs il 13-cü ay