Yehova ilə sıx münasibəti necə inkişaf etdirmək olar?
1. Ruhani fəaliyyətinə dair bir bacı nəyi dərk etdi?
1 “Son 20 il ərzində mən həqiqətə sadəcə olaraq səthi münasibət göstərmişəm: sadəcə yığıncağa gedir və təbliğ edirdim” — deyərək bir bacı e’tiraf edir. Lakin o davam edir: “Mən başa düşdüm ki, məsihçi fəaliyyətində iştirak etmək vacib olsa da, bu öz-özlüyündə çətinliklərin öhdəsindən gəlməkdə mənə kömək etməyəcək. [...] Yehovanı yaxşı tanımaq, Onu sevmək və Onun Oğlunun bizim üçün nə etdiyini dərk etmək üçün görürəm ki, mən hər şeyi yenidən qurmalı və mə’nalı öyrənmə planlaşdırmalıyam”.
2. Yehova ilə sıx münasibətləri inkişaf etdirmək nə üçün vacibdir?
2 Yehova ilə sıx münasibətlərə malik olmaq üçün sə’y tələb olunur. Bunun üçün sadəcə olaraq adi məsihçi fəaliyyətini davam etdirmək kifayət deyil. Bə’zən olur ki, dostlarımızla münasibətlərimiz soyuyur və biz artıq onları yaxın dost adlandıra bilmirik. Əgər biz Yehova ilə müntəzəm ünsiyyətdə olmuruqsa, onda da tədricən həmən şey baş verə bilər (Vəhy 2:4). Gəlin görək şəxsi Müqəddəs Kitab öyrənməsi və dua Yehova ilə sıx münasibətləri inkişaf etdirməkdə bizə necə kömək edə bilər (Məz. 25:14).
3. Nə etmək lazımdır ki, şəxsi öyrənmə Yehovaya yaxınlaşmağımıza kömək etsin?
3 Dua etmək və düşünmək vacibdir. Şəxsi öyrənmə zamanı öyrəndiklərimiz qəlbimizə toxunsun deyə öyrənilən materialın əsas fikirlərinin sadəcə altından xətt çəkmək və göstərilən ayələri nəzərdən keçirmək kifayət deyil. Öyrəndiklərimizin Yehovanın yolları, Onun normaları və şəxsiyyəti haqqında bizə nələri aşkar etdiyi üzərində düşünmək zəruridir (Çıx. 33:13). Ruhani məsələləri dərk etməyimiz emosiyalarımıza tə’sir göstərir və bizi həyatımız haqqında düşünməyə təşviq edir (Məz. 119:35, 111). Şəxsi öyrənmənin məqsədi Yehovaya yaxınlaşmaqdır (Yaq. 4:8). Keyfiyyətli öyrənmə üçün vaxt və münasib şərait tələb olunur. Müntəzəm öyrənmək üçün intizamlı olmaq gərəkdir (Dan. 6:10). Çox məşğul olduğunuza baxmayaraq, Yehovanın fövqəl’adə xüsusiyyətləri haqqında düşünmək üçün vaxt ayırırsınızmı? (Məz. 119:147, 148; 143:5).
4. Şəxsi öyrənmə zamanı edilən dua Yehova ilə sıx münasibətləri inkişaf etdirməkdə bizə necə kömək edir?
4 Səmimi dua — keyfiyyətli şəxsi öyrənmənin vacib hissəsidir. Müqəddəs Kitab həqiqətlərinin ürəyimizə yol tapması və “Allaha məqbul ehtiram və ixlaskarlıqla Ona” xidmət etməyə təşviq etməsi üçün bizə Allahın müqəddəs ruhu lazımdır (İbr. 12:28). Buna görə hər öyrənmədən öncə biz gərək Yehovadan Onun müqəddəs ruhunu diləyək (Mat. 5:3). Müqəddəs Yazılar üzərində düşünərkən və Allahın təşkilatının təqdim etdiyi vəsaitlərdən istifadə edərkən biz ürəyimizi Yehovaya açmış oluruq (Məz. 62:8). Keyfiyyətli öyrənmə Allaha etdiyimiz xidmətin bir hissəsidir və bununla biz Yehovaya sədaqətimizi ifadə edir və Ona olan bağlılığımızı möhkəmləndiririk (Yəhuda 20, 21).
5. Nəyə görə Allahın Kəlamı üzərində hər gün düşünmək vacibdir?
5 İnsanlar arasında olduğu kimi, Yehova ilə olan münasibətlərimizi daima möhkəmləndirmək lazımdır ki, onlar həyatımız boyu inkişaf etsin. Buna görə Allaha yaxınlaşmaq üçün gəlin hər gün vaxtı satın alaq və o zaman, Yehova da bizə yaxınlaşacaqdır! (Məz. 1:2, 3; Efes. 5:15, 16).