Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/1 s. 8—12
  • “Allaha yaxınlaşın”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Allaha yaxınlaşın”
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Allahı ‘tanımağa’ davam et
  • Yehovaya olan məhəbbətini əməldə göstər
  • Dua vasitəsilə yaxın münasibətlər əldə etməyə çalış
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
    Əbədi həyata aparan bilik
  • “O... sizə yaxınlaşar”
    Gözətçi qülləsi 2003
  • Yehova ilə münasibətini möhkəmləndir
    Gözətçi qülləsi 2015
  • Allaha yaxınlaşın
    İlahi müjdə
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/1 s. 8—12

“Allaha yaxınlaşın”

“Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (YAQUB 4:8).

1, 2. a) İnsanlar tez-tez nəyi iddia edirlər? b) Yaqub hansı nəsihəti vermişdir və belə nəsihət nəyə görə lazım idi?

“ALLAH bizimlədir”. Bu sözlər həmişə milli rəmzlərin və hətta rəsmi əsgər geyimlərinin bəzəyi olmuşdur. “Allaha güvənirik” yazısı saysız-hesabsız müasir pulların üzərində həkk olunmuşdur. Allahla sıx münasibətdə olduqlarını iddia etmək insanlara xas olan xüsusiyyətdir. Lakin razılaşmaq lazımdır ki, bu cür münasibətlərə həqiqətən də sahib olmaq üçün, bu haqda təkcə danışmaqdan və şüarlarda e’lan etməkdən daha artıq şey tələb olunur.

2 Müqəddəs Kitabda göstərilir ki, Allahla qarşılıqlı münasibətə sahib olmaq mümkündür. Lakin bunun üçün qüvvə tələb olunur. Hətta birinci əsrdə yaşamış bə’zi məsh edilmiş məsihçilər belə Yehova Allahla olan münasibətlərini möhkəmlətməli idilər. Məsihçi nəzarətçisi Yaqub, kimlərisə cismani ehtiraslardan və ruhani təmizliyi itirmək təhlükəsindən çəkindirməyi lazım bilmişdir. Onun verdiyi nəsihətlərin arasında belə bir düşündürücü nəsihət də var: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:1-12). “Yaxınlaşın” dedikdə Yaqub nəyi nəzərdə tuturdu?

3, 4. a) Yaqubun məktubunu birinci əsrdə oxuyan bə’zilərinə “Allaha yaxınlaşın” ifadəsi nəyi xatırlada bilərdi? b) Nəyə görə əmin ola bilərik ki, Allaha yaxınlaşmaq mümkündür?

3 Yaqubun istifadə etdiyi ifadə onun məktubunu oxuyan kəslərin əksəriyyətinə tanış idi. Xalqa vasitəçilik edərək Yehovaya ‘yaxınlaşmaq’ barədə Musanın qanununda kahinlərə konkret göstərişlər verilmişdi (Çıxış 19:22). Bununla da Yaqubun məktubunu oxuyanlara xatırladılırdı ki, Yehovaya yaxınlaşmaq imkanını adi şey sanmaq olmaz. Yehova Kainatda ən yüksək ehtiram sahibidir.

4 Müqəddəs Kitab üzrə bir alimin qeyd etdiyi kimi, “[Yaqub 4:8 ayəsindəki] bu çağırış nikbinliklə doludur”. Yaqub bilirdi ki, Yehova qeyri-kamil insanları Ona yaxınlaşmağa həmişə məhəbbətlə də’vət edir (2 Tarixlər 15:2). İsanın fidiyə qurbanlığı Yehovaya yaxınlaşmaq üçün insanlara daha geniş yol açdı (Efeslilərə 3:11, 12). Bu gün milyonların Allaha yaxınlaşmaq imkanı var! Bəs bu gözəl imkandan biz necə istifadə edə bilərik? Gəlin, Yehova Allaha necə yaxınlaşmağın üç üsulunu qısaca olaraq nəzərdən keçirək.

Allahı ‘tanımağa’ davam et

5, 6. Gənc Samuelin nümunəsi Allahı ‘tanımağın’ özünə nəyi daxil etdiyini necə göstərir?

5 İsa Yəhya 17:3 ayəsinə əsasən demişdir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar”. Burada “Allahı... tanısınlar” dedikdə İsa nəyi nəzərdə tuturdu? Bir sıra alimlər qeyd edirlər ki, qədim yunan mətnində istifadə olunan bu söz bir qədər geniş mə’na daşıyır: bu, kiminləsə olduqca yaxın tanışlığa gətirib çıxara bilən davamedici prosesi nəzərdə tutur.

6 İsanın günlərində Allahı yaxından tanımağın mümkün olması fikri yeni deyildi. Məsələn, İbranicə Müqəddəs Yazılarda oxuyuruq ki, Samuel kiçik yaşlarında ikən “hələ Rəbbi tanımırdı” (1 Samuel 3:7). Bu o deməkdirmi ki, Samuel Allahı tamamilə az tanıyırdı? Xeyr. Valideynləri və kahinlər, sözsüz ki, ona çox şey öyrətmişdilər. Lakin bir alimin fikrincə, bu ayədə istifadə olunan qədim ibrani sözü “ən yaxın tanışlığa dair istifadə edilə” bilər. Samuel sonradan Yehovanın adından danışdığı dövrdə olduğu kimi, Allahı hələ o dərəcədə yaxından tanımırdı. Lakin böyüdükcə, Samuel Allahla yaxın münasibətlər əldə edərək Onu daha yaxşı tanıdı (1 Samuel 3:19, 20).

7, 8. a) Müqəddəs Kitabın dərin tə’limləri bizi nəyə görə qorxutmalı deyil? b) Allahın Kəlamının hansı dərin həqiqətlərini öyrənmək bizə faydalı olardı?

7 Yehova ilə yaxın münasibətlər əldə etmək üçün Onu tanımağa davam edirsənmi? Bunun üçün Allahın təqdim etdiyi ruhani qidanı ‘arzulamaq’ lazımdır (1 Peter 2:2). Müqəddəs Kitabın əsas tə’limləri ilə kifayətlənmə. Onun daha dərin tə’limlərini öyrənməyə çalış (İbranilərə 5:12-14). Bəlkə bu cür tə’limlər özünün mürəkkəbliyi ilə səni qorxudur? Əgər elədirsə, Yehovanın “Dahi Tə’limatçı” olduğunu unutma (İşaya 30:20, YD). O, bizim qeyri-kamilliyimizi nəzərə alaraq, dərin həqiqətləri necə çatdırmağı bilir. Allah, Onun öyrətdiklərini anlamağın üçün səmimi qəlbdən göstərdiyin sə’ylərə xeyir-dua da verə bilər (Məzmur 25:4).

8 “Allahın dərinlikləri” haqqındakı biliyini nəyə görə yoxlamayasan? (1 Korinflilərə 2:10, İ–93). Bunlar ilahiyyatçıların və ruhanilərin mübahisə etdikləri quru mövzular deyil. Bunlar canlı tə’limlərdir ki, məhəbbətli Atamızın ağlında və ürəyində olanları qavramağımıza yol açır. Məsələn, fidiyə, “məxfi... hikmət” və Yehovanın öz xalqına xeyir-dua verərək niyyətlərini yerinə yetirməkdə istifadə etdiyi müxtəlif əhdlərin, o cümlədən çoxlu başqa mövzuların şəxsən tədqiqi böyük məmnunluq və xeyli fayda gətirəcəkdir (1 Korinflilərə 2:7).

9, 10. a) Məğrurluq hissi nəyə görə təhlükəlidir və ondan qaçınmağa bizə nə kömək edər? b) Yehova haqqında biliyə gəldikdə nəyə görə təvazökar olmağa sə’ylə çalışmalıyıq?

9 Dərin ruhani həqiqətləri öyrənərək, biliyin gətirə biləcəyi məğrurluq kimi təhlükədən qaçının (1 Korinflilərə 8:1). Məğrurluğun təhlükəsi ondadır ki, o insanları Allahdan uzaqlaşdırır (Süleymanın məsəlləri 16:5; Yaqub 4:6). Unutma ki, heç bir insanın öz biliyi ilə öyünməyə səbəbi yoxdur. Misal üçün, son elmi kəşflərə həsr edilən kitabın ön sözündə yazılmış fikirlərə diqqət yetirək: “Nə qədər çox öyrəniriksə, bir o qədər də az bildiyimizi anlayırıq.... Bildiklərimizin hamısı hələ öyrənəcəklərimizlə müqayisədə heçdir”. Bu cür təvazökarlıq xoşdur. Biliyin daha geniş sahəsinə — Yehova Allah haqqındakı biliyə gəldikdə isə, təvazökar olmağımıza səbəb daha çoxdur. Nəyə görə?

10 Müqəddəs Kitabda Yehova haqqında deyilənlərə diqqət yetirək. “Düşüncələrin çox dərindir” (Məzmur 92:5). “[Yehovanın] anlayışına hesab yoxdur” (Məzmur 147:5). “Onun anlayışının dərinliyinə yetişmək olmaz” (İşaya 40:28). “Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi!” (Romalılara 11:33). Bəli, biz Yehova haqqında heç zaman hər şeyi öyrənə bilmərik (Vaiz 3:11). O, bizə çoxlu gözəl şeylər öyrədib, lakin hələ də qarşımızda öyrəniləcək çox şeylər durur. Bu cür imkanın mövcudluğu bizi valeh olmağa və təvazökarlığa təşviq etmirmi? Buna görə də, gəlin, əldə etdiyimiz bilikləri başqaları üzərində özümüzü yüksəltmək üçün deyil, həmişə Yehovaya yaxınlaşmaq və bu işdə yaxınlarımıza kömək etmək üçün istifadə edək (Matta 23:12; Luka 9:48).

Yehovaya olan məhəbbətini əməldə göstər

11, 12. a) Yehova haqqında əldə etdiyimiz biliklər bizə necə tə’sir etməlidir? b) Allaha məhəbbətin həqiqi olduğunu necə müəyyən etmək olar?

11 Həvari Pavelin biliyi məhəbbətlə əlaqələndirməsi təsadüfi deyil. O yazır: “Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın” (Filipililərə 1:9). Buna görə Yehova və Onun niyyətləri haqqında öyrəndiyimiz hər bir dəyərli həqiqət məğrurluğa səbəb olmalı deyil, əksinə, səmavi Atamıza olan məhəbbətimizi artırmaqda bizə kömək etməlidir.

12 Bəli, çoxları Allahı sevdiklərini iddia etsələr də, əslində bu belə deyil. Ola bilsin ki, onlar öz güclü hisslərində səmimidirlər. Bu cür hisslər dəqiq biliklərə müvafiqdirsə, yaxşıdır, hətta tə’rifəlayiqdir. Lakin insanın bu biliyə sahib olması Allahı həqiqətən də sevdiyinə dəlalət etmir. Nəyə görə? Bu cür məhəbbətin Allahın Kəlamında necə müəyyən edildiyinə diqqət yetirək: “Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir” (1 Yəhya 5:3). Deməli, Allaha məhəbbəti yalnız o zaman həqiqi adlandırmaq olar ki, bu məhəbbət itaətkarlıqda təzahür etdirilsin.

13. Allah qorxusu Yehovanı sevdiyimizi əməldə göstərməyə necə kömək edə bilər?

13 Yehovaya itaətkar olmaqda bizə Allah qorxusu kömək edə bilər. Yehovaya olan bu böyük ehtiram və dərin hörmət, Onun sonsuz müqəddəsliyi, şöhrəti, qüvvəsi, ədaləti, müdrikliyi və məhəbbəti haqqında öyrənərək Onu tanımağımızın sayəsində yaranır. Bu cür qorxu olmadan Allaha yaxınlaşmaq mümkün deyil. Məzmur 25:14 ayəsində deyilənlərə diqqət yetirək: “Rəbbin sirri [“Yehova ilə sıx münasibət”, YD] ondan qorxanlarındır; və əhdini onlara bildirir”. Beləliklə, əgər bizdə sevimli səmavi Atamızı məmnun etməmək kimi sağlam qorxu varsa, Ona yaxınlaşa bilərik. Allah qorxusu Süleymanın məsəlləri 3:6 (YD) ayəsində yazılan məsləhətə diqqət yetirməyə kömək edəcəkdir: “Bütün yollarında Onu nəzərə al və O, sənin yollarını doğruldacaqdır”. Bu nə deməkdir?

14, 15. a) Gündəlik həyatımızda hansı qərarları qəbul etməli oluruq? b) Qərarlarımızda Allah qorxusu necə əks oluna bilər?

14 Biz hər gün istər xırda, istərsə də böyük məsələlərə dair qərar qəbul etməliyik. Məsələn, iş yoldaşlarınla, sinif yoldaşlarınla, qonşularınla nə haqda danışacaqsan? (Luka 6:45). Sənə həvalə edilən tapşırığa vicdanlamı yanaşacaqsan, yoxsa mümkün qədər canını ondan tez qurtarmağa çalışacaqsan? (Koloslulara 3:23). Yehovaya az, yaxud ümumiyyətlə məhəbbət göstərməyən kəslərlə yaxınlıq edəcəksən, yoxsa ruhani insanlarla münasibətini möhkəmlədəcəksən? (Süleymanın məsəlləri 13:20). Az da olsa, Allahın Padşahlığının maraqları üçün nə edə bilərsən? (Matta 6:33). Əgər gündəlik qərarlarında Müqəddəs Kitabın yuxarıda gətirilən prinsiplərini rəhbər tutursansa, onda sən həqiqətən də “bütün yollarında” Yehovanı nəzərə almış olursan.

15 Hər hansı qərarı qəbul etdikdə bu cür fikirləri rəhbər tutmalıyıq: Yehova məndən nə gözləyir? Onu daha çox məmnun etmək üçün necə davranmaq lazımdır? (Süleymanın məsəlləri 27:11). Allah qorxusunu bu yolla göstərmək, Yehovaya məhəbbət təzahür etdirməyin ən gözəl üsuludur. Allah qorxusu bizi həmçinin ruhani, əxlaqi və fiziki cəhətdən təmizliyi qorumağa da təşviq edəcəkdir. Xatırlayaq ki, “Allaha yaxınlaşın” deyə məsihçiləri təşviq etdiyi elə həmin ayədə Yaqub həmçinin deyir: “Ey günahkarlar, əllərinizi təmizləyin! Ey mütərəddidlər, ürəklərinizi saflaşdırın!” (Yaqub 4:8).

16. Yehovanın yolunda nə isə verməklə biz nəyə heç zaman müvəffəq olmayacağıq, lakin nəyə həmişə nail ola biləcəyik?

16 Yehovaya məhəbbət göstərmək, sözsüz ki, özünə sadəcə pislik etməməkdən savayı daha çox şeyi daxil edir. Məhəbbət bizi yaxşılıq etməyə də təşviq edir. Məsələn, biz Yehovanın sonsuz səxavətinə necə yanaşırıq? Yaqub yazırdı: “Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, nurlar Atasından gəlir” (Yaqub 1:17). Aydındır ki, Yehovanın yolunda nə isə verməklə, Onu zənginləşdirmirik. Onsuz da dünyada nə varsa hamısı Ona məxsusdur (Məzmur 50:12). Vaxt və qüvvəmizi Yehova üçün həsr etdikdə, sanki Onun başqa yolla tə’min edə bilmədiyi hansısa bir tələbatını tə’min etmiş olmuruq. Hətta əgər biz Allahın Padşahlığı haqqındakı xoş xəbəri təbliğ etməyi dayandırsaq da, Onun əmrinə görə daşlar belə dilə gələr! Bəs onda nəyə görə Yehova üçün maddi imkanımızı, vaxtımızı və qüvvəmizi həsr etmək lazımdır? İlk növbədə ona görə ki, bu yolla biz Ona olan məhəbbətimizi bütün ürəyimizlə, canımızla, düşüncəmizlə və qüvvətimizlə göstərmiş oluruq (Mark 12:29, 30).

17. Yehovaya sevinclə verməyimizə nə kömək edə bilər?

17 Yehova üçün nə isə etdikdə, biz bunu sevinclə etməliyik, çünki “Allah sevinclə verəni sevir” (2 Korinflilərə 9:7, İ–93). Təsniyə 16:17 ayəsindəki prinsip sevinclə verməkdə bizə kömək edə bilər: “Allahın Rəbbin sənə verdiyi bərəkətə görə hər kəs əlindən gəldiyi qədər verəcək”. Yehovanın bizə qarşı nə qədər səxavətli olduğu haqda düşündükdə, Onun yolunda hər şeyi sevinclə etməyə bizdə həvəs oyanır. Bu Onu, sevimli övladın kiçik hədiyyəsi valideynləri sevindirdiyi kimi sevindirir. Məhəbbətimizi bu yolla göstərmək, Yehovaya yaxınlaşmağımıza kömək edəcəkdir.

Dua vasitəsilə yaxın münasibətlər əldə etməyə çalış

18. Nəyə görə dualarımızı necə yaxşılaşdırmaq barədə fikirləşməyə dəyər?

18 Şəxsi duaya ayırdığımız dəqiqələr, səmavi Atamızla gizli şeylər barədə e’tibarlı söhbət üçün bizə dəyərli imkan verir (Filipililərə 4:6). Allaha yaxınlaşmaqda dua olduqca vacib mə’na daşıdığı üçün, bir an dayanıb necə dua etdiyimizi düşünməyə dəyər. Duaların bəlağətli və qəşəng olması mütləq deyil, əsas odur ki, səmimi və ürəkdən olsun. Dualarımızı necə yaxşılaşdıra bilərik?

19, 20. Dua etməzdən qabaq nəyə görə düşünmək lazımdır və hansı müvafiq sualların üzərində düşünməyə dəyər?

19 Dua etməzdən qabaq bir az düşünmək olar. Əgər biz qabaqcadan düşünsək, etdiyimiz dualar konkret və mə’nalı olacaqdır və biz dərhal ağlımıza gələn tanış ifadələri təkrar etməyəcəyik (Süleymanın məsəlləri 15:28, 29). Ola bilsin, İsanın nümunəvi duasında nəyə toxunduğunun üzərində düşünmək və bunun bizim vəziyyətimizlə necə bağlı olduğunu nəzərdən keçirmək faydalı olar (Matta 6:9-13). Misal üçün, özümüzdən soruşa bilərik: Yehovanın iradəsinin yer üzündə icra olunması üçün hansı kiçik bir işi görmək istərdik? Mümkün qədər Yehovaya faydalı olmaq istəyimizi Ona bildirməyə və bizə həvalə etdiyi hər bir tapşırığı icra etmək üçün Ondan kömək diləməyə dəyməzmi? Maddi tələbatların qayğısı bizə ağırlıq edirmi? Hansı günahların bağışlanmasına ehtiyac duyuruq və kimi daha çox bağışlamalıyıq? Hansı sınaqlarla qarşılaşırıq və Yehovanın bizi onlardan müdafiə etməsinə nə dərəcədə ehtiyac duyduğumuzu dərk edirikmi?

20 Bundan savayı, Yehovanın köməyinə xüsusilə ehtiyac duyan tanışlarımız haqqında da düşünmək olar (2 Korinflilərə 1:11). Minnətdarlıq etməyi də unutmalı deyilik. Əgər bir an dayanıb düşünsək, sözsüz ki, minnətdar olmaq və hər gün Onu izzətləndirmək üçün Yehovanın bol-bol xeyirxahlığını görəcəyik (Təsniyə 8:10; Luka 10:21). Bunun faydalı olmasının səbəblərindən biri də ondan ibarətdir ki, bu, həyata daha müsbət və daha çox minnətdarlıq hissi ilə baxmaqda bizə kömək edəcəkdir.

21. Hansı Müqəddəs Kitab nümunələrini öyrənməyimiz Yehovaya duada müraciət etməyimizə kömək edə bilər?

21 Öyrənmənin sayəsində də dualarımızı yaxşılaşdıra bilərik. Allahın Kəlamında çoxlu sadiq kişi və qadınların ibrətamiz duaları yazılıb. Məsələn, əgər qarşımızda həyəcan doğuran və şəxsi rifahımız, yaxud bizə əziz adamların rifahı üçün ciddi təhlükələr yaradan böyük çətinliklər durursa, onda Yaqubun qisasçı qardaşı Esavla görüşməzdən əvvəl etdiyi duanı oxumaq olar (Təkvin 32:9-12). Yaxud milyona yaxın həbəşistanlı orduları Allahın xalqına hədə-qorxu gələn zaman Asa padşahın etdiyi duanı diqqətlə nəzərdən keçirmək olar (2 Tarixlər 14:11, 12). Yehovanın təmiz adına ləkə gətirə biləcək hansısa bir problem bizə rahatlıq vermirsə, o zaman Karmel dağında Baalın pərəstişkarları qarşısında İlyasın etdiyi duanı, həmçinin Yerusəlimin ağlar vəziyyətinə görə Nehemyanın etdiyi duanı oxumağa dəyər (1 Krallar 18:36, 37; Nehemya 1:4-11). Bu cür duaları oxuyub, üzərində düşünən zaman imanda möhkəmlənir və bizə əziyyət verən bir şeyə dair Yehovaya daha yaxşı necə müraciət etməyi anlayırıq.

22. 2003-cü ilin illik ayəsi necə səslənir və bu il ərzində vaxtaşırı özümüzdən nə soruşa bilərik?

22 Bəli, Yaqubun “Allaha yaxınlaşın” çağırışına riayət etməkdən böyük şərəf və gözəl məqsəd yoxdur (Yaqub 4:8). Bunu isə, Allah haqqında bilikdə böyüyərək, Ona olan məhəbbətimizi daha çox təzahür etdirməyə və dua vasitəsilə Onunla yaxın münasibətlər inkişaf etdirməyə çalışaraq edə bilərik. Gəlin, 2003-cü ildə Yaqub 4:8 ayəsindən olan illik ayəni yadda saxlayaraq, Yehovaya həqiqətən də yaxınlaşıb-yaxınlaşmadığımızı yoxlamaq üçün özümüzə nəzər salaq. Bəs illik ayənin ikinci hissəsi haqqında nə demək olar? Hansı mə’nada Yehova bizə “yaxınlaşar” və bu özü ilə hansı xeyir-duaları gətirəcək? Bu haqda söhbət növbəti məqalədə gedəcəkdir.

Yadınızdadırmı?

• Yehovaya yaxınlaşmaq imkanına nəyə görə ciddi yanaşmalıyıq?

• Yehova haqqında bilik əldə etməklə bağlı qarşımıza hansı məqsədləri qoya bilərik?

• Yehovanı həqiqətən də sevdiyimizi necə göstərə bilərik?

• Duada Yehovaya daha çox yaxınlaşmaqda bizə nə kömək edə bilər?

[12-ci səhifədəki yazı]

2003-cü ilin illik ayəsi belə səslənəcəkdir: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:8).

[8 və 9-cu səhifələrdəki şəkil]

Böyüdükcə Samuel Yehovanı daha yaxşı tanıdı.

[12-ci səhifədəki şəkil]

İlyasın Karmel dağında etdiyi dua bizim üçün yaxşı nümunədir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş