Məsihçilər arasında həqiqi birliyə nail olmaq mümkündür!
1 Təxminən 380 dildə danışan və 234 ölkədən olan 6 milyondan artıq insanı birləşdirən nə ola bilər? Yalnız Yehova Allaha ibadət (Mika 2:12; 4:1-3). Yehovanın Şahidləri şəxsi təcrübələrindən bilirlər ki, həqiqi məsihçi birliyi bu gün reallıqdır. Biz ‘tək Çobana’ malik olan ‘tək sürüyük’ və biz bu dünyanın ixtilaf yaradan ruhuna qarşı müqavimət göstərməyə qəti qərarlıyıq (Yəh. 10:16; Efes. 2:2).
2 Allahın dəyişməz niyyəti ondan ibarətdir ki, yaratdığı bütün dərrakəli varlıqlar həqiqi ibadətdə birləşsinlər (Vəhy 5:13). İsa Məsih şagirdlərinin aralarındakı birliyi qoruyub saxlamalarının nə dərəcədə vacib olduğunu dərk edərək, bu haqda ürəkdən dua edirdi (Yəh. 17:20, 21). Məsihçi yığıncağında birliyin olması üçün bizlərdən hər birimiz nə edə bilər?
3 Birliyə səbəb olan amillər. Allahın Kəlamı və müqəddəs ruhu olmasaydı, biz heç zaman məsihçi birliyinə nail ola bilməzdik. Müqəddəs Kitabdan əldə etdiyimiz bilikləri tətbiq edərək, Allahın ruhunun həyatımıza sərbəst şəkildə tə’sir göstərməsinə yol vermiş oluruq, bu isə bizə “ruhun vəhdətini sülh bağı ilə saxlamağa” kömək edir (Efes. 4:3). Bu, bizi bir-birimizə məhəbbətlə təhəmmül etməyə təşviq edir (Kolos. 3:13, 14; 1 Pet. 4:8). Allahın Kəlamı üzərində hər gün düşünməklə birliyin olması üçün əlindən gələni edirsənmi?
4 Təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığı da bizi birləşdirir. Başqaları ilə ‘Müjdəyə iman üçün yekdilliklə sə’y göstəririksə’ o zaman ‘həqiqət uğrunda həmkar oluruq’ (Filip. 1:27; 3 Yəh. 8). Belə olduqda məsihçi məhəbbətinin birləşdirici telləri daha da möhkəmlənir. Nəyə görə çoxdan birgə təbliğə getmədiyin təbliğçini bu həftə xidmətə də’vət etməyəsən?
5 Yeganə həqiqi ümumdünya qardaşlığın bir hissəsi olmaq bizim üçün şərəfdir! (1 Pet. 5:9). Bu yaxınlarda “Allaha izzət verin” adlı beynəlxalq konqreslərdə minlərlə insanlar Allahın xalqının ümumdünya birliyini görmüşlər. Qoy bizlərdən hər birimiz bu qiymətli birliyi hər gün Müqəddəs Kitabı oxumaqla, narazılıqları məhəbbət yolu ilə həll etməklə və xoş xəbəri “bir ağızdan” təbliğ etməklə möhkəmləndirsin! (Rom. 15:6).