Yehovanın Şahidlərinin 2004-cü il üçün “Allahla yeriyin” adlı vilayət konqresi
1 Vilayət konqreslərində xüsusilə xoşuna gələn nədir? “Sadiq və ağıllı qul”un bizim üçün hazırladığı inkişafetdirici mə’ruzələr və drammı? (Mat. 24:45-47). Yeni nəşrlərdən ibarət olan vaxtlı-vaxtında aldığımız ruhani qidamı? Bacı-qardaşların müsahibələr zamanı Müqəddəs Kitabın onların həyatına tə’sir göstərməsinə dair söylədiklərimi? Padşahlıq işinin başqa ölkələrdə necə inkişaf etməsi haqqında xəbərlərmi? Müxtəlif yaşda olan həmimanlılarla ünsiyyətmi? Bəli, biz vilayət konqreslərini məhz bu və bir çox digər səbəblərdən səbirsizliklə gözləyirik!
2 Üç günün hamısında iştirak et. Yehova Musanın vasitəsilə buyurdu: “Xalqı... topla ki, eşitsinlər və öyrənsinlər” (Təs. 31:12). Bu gün də Yehova sadiq və ağıllı qulun vasitəsilə bizim üçün konqresin hər gününə xüsusi proqram hazırlayıb. O, bizə ‘faydalı olanı öyrətdiyi’ üçün Onun verdiyi ruhani nəsihətlərindən heç birini buraxmaq istəmirik (İş. 48:17). Əgər sənə işdən icazə almaq lazımdırsa, onda Nehemyanın cəsarətli nümunəsini təqlid et — müdirlə söhbət etməzdən əvvəl Yehovaya dua et (Neh. 1:11; 2:4). Bundan əlavə, əgər sənin ailəndə imanına şərik olmayanlar varsa, yaxşı olardı ki, konqresə dair planlarını onlara mümkün qədər tez bildirəsən.
3 Yerləşdirmə. Konqres keçirilən şəhərlərdə, konqres nümayəndələrinin rahat yaşayış yerlərinin olması üçün böyük işlər aparılır. Bu məqaləni xidməti görüşdə müzakirə etdikdən sonra e’lanlar lövhəsinə “Məsləhət görülən mənzillərin siyahısı” blankı asılacaq. Xüsusilə maddi cəhətdən çətinlik çəkən təbliğçilər üçün mənzil şö’bəsi yataqxanalarda və başqa yerlərdə yer axtarır. Bu cür yerlərdə gecələmək ucuz başa gəlir, lakin əksər hallarda orada yaxşı istirahət etmək, paltarları səliqəyə salmaq və çimmək üçün şərait yoxdur. Konqres zamanı bir neçə il ərzində bu kimi yerlərdə yaşasan da, imkanlarını təkrar yoxlamağa dəyməzmi? Bir çox ailələr və yığıncağın ayrı-ayrı üzvləri konqres günlərini mehmanxanada yaşamaq üçün il ərzində hər ay vəsait ayırırlar. (1 Korinflilər 16:2 ilə müqayisə edin.) Beləliklə, onlar yaxşı istirahət edir və şəxsi təmizliklərinə lazımınca diqqət yetirə bilirlər. Yaşamaq şəraiti konqresdə aldığımız ruhani qidanı qavramaqda və bacı-qardaşlarla ünsiyyətdən həzz almaqda əhəmiyyətli rol oynayır.
4 Konqres nümayəndələrinin yaxşı əməkdaşlığı sayəsində, filialın köməyi ilə yerli qardaşlar mehmanxanalarda yaşamaq üçün xüsusi qiymətlər haqda müqavilə bağlayırlar. Buna görə, xahiş olunur, yalnız bu siyahıda adı çəkilən mehmanxanalarda və siyahıda göstərilən qiymətə otaq sifariş et. Onda, ehtimal ki, qardaşlar hər il konqres keçirilən yerə yaxın olan və qiyməti daha faydalı olan yaxşı mehmanxanalarda otaq sifariş edə bilərlər. Baxmayaraq ki, bə’zi mehmanxanalar konqres keçirilən yerdən bir qədər uzaqdadır, oradakı şərait də çox yaxşıdır. Mehmanxanaya zəng edib otaq sifariş etməzdən əvvəl 4-cü səhifədəki çərçivəni nəzərdən keçir. Həmçinin “Mehmanxanada otaq sifariş etməyin ən yaxşı üsulu” çərçivəsində verilən göstərişlərə əməl et.
5 Xüsusi tələbatları olanlara kömək. Həvari Pavel Qalatiyadakı yığıncaqlara “hamıya, ələlxüsus imanlılar ailəsinə yaxşılıq” etməyi xatırladır (Qalat. 6:10). Yaşlı və taqətsiz bacı-qardaşlar, tənha valideynlər və ya tammüddətli təbliğçilər sizdən kömək istəməyə bilərlər, lakin konqresdə iştirak etmək üçün, ehtimal ki, onlar hansısa çətinliklərin öhdəsindən gəlməli olurlar. Sən xeyirxah iş görüb, onlara yardım göstərə bilərsənmi? Bu cür bacı-qardaşların qayğısına xüsusilə məsihçi qohumları və ağsaqqallar qalmalıdırlar.
6 Əgər təbliğçi “Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu”nu doldurubsa, yığıncağın xidməti komitəsi blankdakı göstərişlərə əməl edərək onu nəzərdən keçirəcək. Xidməti komitə təbliğçinin xüsusi tələbatlarını yığıncağın öz qüvvəsi ilə tə’min etməyin mümkün olub-olmadığını müəyyən etməlidir. Bu cür sifarişlər yalnız nümunəvi və uşaqları yaxşı tərbiyəli olan təbliğçilər üçün nəzərdə tutulub. Mənzil şö’bəsində çalışan qardaşların sifarişdə göstərilən xüsusi tələbatlara dair sualları yaranarsa, onlar yığıncağın katibi ilə əlaqə saxlayacaqlar.
7 Mənzil şö’bəsi yaşayış yerləri axtararkən sifarişlərdə qeyd olunan xüsusi tələbatları nəzərə almağa çalışır. Əgər sən vilayət konqresi keçirilən şəhərdə yaşayır və konqres nümayəndələrinə öz evində yer vermək istəyirsənsə, onda yığıncağın katibinin sənə verəcəyi “Mənzillər” (CO-4, rus.) blankında bə’zi vacib şeyləri təfsilatı ilə qeyd etməyə çalış, məsələn: balaca uşaqların varmı, yataq dəsti və yemək təqdim edə bilərsənmi, evdə heyvan varmı və sairə.
8 Başqa konqresdə iştirak etmək. Hər hansı səbəblərə görə sən, ola bilsin, yığıncağınız tə’yin olunan konqresə yox, başqa konqresə getməli olursan. Əgər sənə başqa konqres haqqında mə’lumat lazımdırsa, zəhmət olmasa, öz yığıncağının katibinə müraciət et. “Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu” blankının o biri üzündə Konqreslərin keçiriləcək yerləri və planlaşdırma tarixləri, həmçinin mənzil şö’bələri haqda mə’lumat var. Öz sifarişini və üzərində sənin ünvanın yazılmış markalı təzə konverti məktubun içinə qoyub münasib ünvana yolla. Əgər həmin şəhərdə bir neçə konqres keçirilirsə, hökmən sifarişində bu konqreslərdən hansına gələcəyini qeyd et. Həmin şəhərdəki konqresin mənzil şö’bəsi məsləhət görülən mənzillərin ən yeni siyahısını sənin üçün yollayacaq.
9 Yehovanın xalqı üçün 2 500 il bundan əvvəl keçirilən görüşdə Ezra və digər levililər toplaşmış insanlara Allahın Kəlamını oxuyur və izah edirdilər. Nəticəsi necə olmuşdur? Nehemya 8:12 ayəsində xəbər verilir ki, “bütün xalq, yemək, içmək və paylar göndərmək və böyük şənlik hazırlamaq üçün yola düşdülər, çünki bildirilmiş olan sözləri anlamışdılar”. Məgər Ezraya və levililərə bənzər şəkildə məsh edilmiş məsihçilərin Allahın Kəlamından istifadə etdiklərinə, onu izah etdiklərinə və həyatda necə tətbiq etməyi göstərdiklərinə görə minnətdar deyilikmi? Bunu etməklə sadiq qul Yehovanın Öz xalqına olan səmimi məhəbbətini və qayğısını əks etdirir. “Allahla yeriyin” adlı vilayət konqresinin heç bir gününü buraxmamağa tam qərarlı ol!
[3 səhifədəki çərçivə]
Konqresin cədvəli
Cümə və şənbə günləri
9.30 — təxminən 17.10
Bazar günü
9.30 — təxminən 16.05
[4 səhifədəki çərçivə]
Mənzil şö’bəsi ilə əməkdaşlıq et
◼ Yalnız “Məsləhət görülən mənzillərin siyahısı”nda göstərilən mehmanxanalarda qal. Siyahıda olmayan mehmanxanalara zəng etmə.
◼ Əgər sən siyahıdakı mehmanxanaların hamısına zəng etdikdən sonra heç harada yer olmadığı müəyyən olarsa və ya əgər mehmanxanalardan hansındasa siyahıda göstəriləndən artıq qiymət deyərlərsə, bu haqda öz yığıncağının katibinə xəbər ver. O, siyahının başında verilən mə’lumatdan istifadə edərək, sənin gedəcəyin konqresin mənzil şö’bəsi ilə əlaqə saxlamalıdır. Xahiş edirik, siyahıda olmayan mehmanxanaya zəng etmək əvəzinə, mənzil şö’bəsi sənin baş çəkəcəyin konqres üçün mehmanxanaların ən yeni siyahısını göndərincəyə qədər gözlə.
◼ Doğrudan da sənə lazım olacaq otağı sifariş et.
◼ Birinci sifarişini dəyişmə.
◼ Yığıncağın katibi kitaböyrənmə qruplarının nəzarətçiləri üçün “Məsləhət görülən mənzillərin siyahısı”nın sür’ətini yalnız o zaman çıxara bilər ki, yığıncağın konqresə tə’yin olunması haqda məktubun oxunmalı olduğu həftədə yığıncağın rayon konqresi olsun. Hətta bu zaman belə “Məsləhət görülən mənzillərin siyahısı”nın sür’ətini ayrı-ayrı təbliğçilər üçün çıxarmaq olmaz.
[4 səhifədəki çərçivə]
Mehmanxanada otaq sifariş etməyin ən yaxşı üsulu hansıdır?
1. Mehmanxanalara iş vaxtı zəng elə. “Məsləhət görülən mənzillərin siyahısı”nda göstərilən mehmanxanaların telefon nömrələrindən istifadə et.
2. Mehmanxana işçilərinə xəbər ver ki, sən Yehovanın Şahidlərinin konqresinə gəlirsən.
3. Mehmanxanada qalacağın müddəti bildir.
4. Əgər mehmanxanada artıq yer yoxdursa, siyahıdakı mehmanxanalardan başqasına zəng elə.
5. Əmin ol ki, sənə otağı “Məsləhət görülən mənzillərin siyahısı”nda göstərilən qiymətə təklif edirlər. Daha baha qiymətə razı olma.
6. Otaq sifariş elə və xahiş et ki, həmin otağın səndən başqa heç kimə verilməyəcəyini təsdiqləsinlər. Mənzil sifariş edərkən mənzil şö’bəsinin verdiyi məsləhətlərə əməl et.