Küçədə səmərəli tərzdə təbliğ edərək maraqlananları axtarmaq
1 İsa öz şagirdlərinə Padşahlıq haqqındakı xoş xəbəri eşitməyə ləyaqətli olanları axtarmağı tapşırmışdı (Mat. 10:11). Amma bu gün bir çox yerlərdə insanları evdə tapmaq gündən-günə çətinləşir. Buna görə də, evlərində tapa bilmədiyimiz adamlara təbliğ etmək üçün nə edə bilərik?
2 Küçədə təbliğ etmək, evdən-evə təbliğ zamanı tapa bilmədiyimiz insanları tapmaq üçün yaxşı üsuldur. Biz, adətən insanlar olan yerlərdə, məsələn, dayanacaqlarda, yaxşı mühafizə edilən evlərin yanında, istirahət guşələrində və başqa ərazilərdə təbliğ edə bilərik.
3 Bir çoxları küçədə təbliğ etmək lazım gəldiyini eşidəndə qorxu hissi keçirirlər. Bu işdə iştirak etməkdə tərəddüd edirlər, çünki utancaqdırlar və ya Padşahlıq haqqındakı xəbərə hiddətlənən insanların qəti surətdə imtina edəcəklərindən qorxurlar. Onların narahatçılığı adətən əsassızdır. Bu sahədə təcrübələri olan təbliğçilər bəyan edirlər ki, küçədə təbliğ etmək evdən-evə təbliğ etməkdən heç də çətin deyil. Onlar aşkar etmişlər ki, insanların çoxu onlara küçədə müraciət edilməsinə öyrəşiblər və bə’ziləri qulaq asmağa və söhbət etməyə küçədə daha çox meylli olurlar, nəinki evdə. Əgər «cəsarət»li olsaq, ehtimal ki, əldə etdiyimiz müvəffəqiyyətlər bizi təəccübləndirəcək (1 Salon. 2:2).
4 Küçədə təbliğ edərkən daha da müvəffəqiyyətli olmağa necə nail ola bilərik? Yaxşı hazırlıq vacibdir. Jurnalları qabaqcadan oxu və rast gələcəyin insanlara maraqlı ola biləcək bir-iki fikri seç. Təqdimənin giriş sözləri 30 saniyədən artıq çəkməməlidir. Məqsədimiz insanlarla şəxsən söhbət etmək olduğu üçün, adətən insanların çox olduğu yerləri seç. İki təbliğçinin bir yerdə olması müdriklik olsa da, ayrı-ayrılıqda təbliğ etmək daha yaxşıdır. Bir yerdə duran təbliğçilər Padşahlıq haqqında xəbərə qulaq asmağa həvəsli olan insanları yaddan çıxarıb bir-birləri ilə söhbət edərək vaxt keçirməyə meyllidirlər.
5 Bir yerdə durmaq və sadəcə olaraq jurnalları göstərmək, təşəbbüsü öz üzərinə götürərək insanlara yaxınlaşmaq qədər effektli deyil. İnsanın gözlərinə baxmağa çalış. Söhbətə başlayarkən səmimi, mehriban və açıq ol. Bə’zi hallarda, hətta söhbət etdiyin insanla bir az gəzmək də lazım gələ bilər. Əgər o maraq göstərirsə, ona jurnal təklif et. Əgər jurnalı götürmək istəmirsə, traktat təklif edə bilərsən.
6 Adətən özünə sual və ya maraq oyadan fikir daxil edən təqdimə hazırlamaq yaxşıdır. İnsan səmimi maraq göstərdiyi halda isə onun marağını inkişaf etdirmək üçün, adını, ünvanını və ya telefon nömrəsini öyrənməyə çalış. Sən belə deyə bilərsən: «Əgər siz daha çox mə’lumat almaq istəyirsinizsə, ya mən özüm sizə baş çəkməyə, ya da Yehovanın Şahidlərindən birindən bunu etməsini xahiş etməyə şad olardım».
7 Bir ağsaqqal küçədə qadına təbliğ etmiş və həmin qadının Şahidlərlə öz evində söhbət etmək imkanın heç vaxt olmadığını öyrənmişdir. Həmin qadın təklif edilən kitabı götürmüş və bacılarımızın birinin onun yanına gəlməsinə razılıq vermişdir. Şübhəsiz ki, daha çox ləyaqətli insan tapıla bilər və əgər biz küçədə səmərəli surətdə təbliğ ediriksə, onda onlara kömək göstərilə bilər (Həv. iş 17:17).