Padşahlıq haqqında təbliğ etmək qiymətli üstünlükdür
1 Yer kürəsinin milyardlarla sakinləri həyatın davam etməsi üçün Yehovanın səxavətlə təqdim etdiyi şeylərdən istifadə edir (Mat. 5:45). Lakin Yaradanlarına minnətdarlıq təzahür etdirmək üçün yalnız azsaylı adamlar Allahın Padşahlığı haqqındakı xoş xəbəri təbliğ edir (Mat. 24:14). Bu dəyərli üstünlüyü sən nə dərəcədə qiymətləndirirsən?
2 Padşahlıq haqqında təbliğ Allaha şərəf gətirir və bugünkü narahat günlərdən əziyyət çəkən insanlara ümid və əmin-amanlıq bəxş edir (İbr. 13:15). Bu xəbərə hay verənlər əbədi yaşamaq ümidini əldə edirlər (Yəh. 17:3). Məgər karyera və ya hansısa başqa iş bu cür gələcəklə müqayisə oluna bilərmi? Həvari Pavel xidmətini icra etmək tərzi ilə onu qiymətləndirdiyini göstərirdi. O öz xidmətinə bir xəzinə kimi yanaşırdı (Həv. iş. 20:20, 21, 24; 2 Kor. 4:1, 7).
3 Qiymətli üstünlüyə görə minnətdarlıq təzahür etdirək. Xidməti qiymətləndirdiyimizi göstərməyin üsullarından biri — onun keyfiyyətinə diqqət yetirməyimizdir. Təbliğ etdiyimiz adamların ürəyinə yol açan təqdimələr hazırlamaq üçün vaxt ayırırıqmı? Müqəddəs Yazılardan daha məharətlə istifadə etmək və insanlarla daha yaxşı mülahizə yürütmək qabiliyyətimizi inkişaf etdirə bilərikmi? Sahəmizdə əsaslı surətdə təbliğ edirikmi? Müqəddəs Kitab öyrənmələrinə başlamağın və aparmağın üsullarını bilirikmi? Keçmişin və müasir dövrün sadiq məsihçiləri kimi, biz də xidmətimizi qiymətləndirməyə və ona düzgün yanaşmağa təşviq olunuruq (Mat. 25:14-23).
4 Qocalığın gətirdiyi çətinliklər, zəif sağlamlıq və ya başqa şəraitlər ucbatından əziyyət çəkdiyimiz zaman, təbliğ xidmətində sə’ylə iştirak etmək üçün sərf etdiyimiz qüvvənin doğrudan da yüksək qiymətləndirildiyini bilmək təsəllivericidir. Yehova Allah Öz Kəlamında bizi əmin edir ki, bu cür sə’ylərimiz başqalarının gözündə kiçik görünsə də, Onun üçün çox dəyərlidir (Luka 21:1-4).
5 Padşahlıq haqqında təbliğ etmək dərin məmnunluq hissi gətirir. 92 yaşlı bir bacımız deyir: «Yehovaya xidmətdə keçirdiyim 80 ilə təəssüf hissi keçirmədən dönüb baxmaq necə də böyük şərəfdir! Əgər həyatımı bir daha yaşamalı olsaydım, onun başqa cür olmasını istəməzdim. Həqiqətən də Allahın ‘məhəbbəti bu həyatdan gözəldir’» (Məz. 63:3). Gəlin biz də Allahın verdiyi bu üstünlüyü — Padşahlıq haqqında təbliğ etmək işini qiymətləndirək!