«Nə olar, Makedoniyaya gəl»
1. Pavel və əməkdaşlarının Makedoniyaya getmələrinə səbəb nə idi?
1 Eramızın təxminən 49-cu ilində həvari Pavel Suriya Antakiyasını tərk edib ikinci missioner səyahətinə hazırlaşırdı. O, Efesə və Kiçik Asiyanın digər şəhərlərinə baş çəkmək istəyirdi. Lakin aldığı görüntüdə müqəddəs ruh tərəfindən Makedoniyaya dəvət olundu. Pavel və əməkdaşları bu dəvəti məmnuniyyətlə qəbul etdilər və həmin ərazidə ilk yığıncağı təşkil etmək kimi gözəl imkana malik oldular (Həv. iş. 16:9, 10; 17:1, 2, 4). Bu gün, həqiqətən də, dünyanın bir çox yerlərində çoxlu işçiyə ehtiyac var (Mat. 9:37, 38). Sən də bu işə öz töhfəni verə bilərsənmi?
2. Nəyə görə bəziləri başqa ölkəyə köçməyi planlaşdırmırlar?
2 Bəlkə, Pavel kimi, səndə də missioner ruhu var, ancaq sən başqa ölkəyə köçməyi planlaşdırmısan. Məsələn, yaşın yol vermədiyindən, subay bacı və ya uşaqların olduğundan Gilead məktəbində təlim almaq imkanın olmaya bilər. Bəlkə də, dil öyrənə bilməyəcəyindən qorxduğun üçün başqa ölkəyə köçməyi planlaşdırmırsan. Yaxud da, ola bilsin, iqtisadi vəziyyət ucbatından hansısa ölkədə mühacir kimi yaşayırsan, buna görə də harasa köçməyə ehtiyat edirsən. Ancaq dua edib götür-qoy etdikdən sonra, ola bilsin, görəcəksən ki, bu kimi vəziyyətlər tələbat olan ölkəyə köçməyinə heç də əngəl deyil.
3. Nəyə görə başqa ölkədə effektiv surətdə təbliğ etmək üçün Gilead Məktəbi keçmək şərt deyil?
3 Gilead Məktəbi keçmək şərtdirmi? Pavel və əməkdaşları nəyin sayəsində uğur qazanırdılar? Onlar Yehovaya və Onun müqəddəs ruhuna bel bağlayırdılar (2 Kor. 3:1—5). Buna görə də, şəraitin xüsusi təlim almağa yol verməsə də, başqa ölkədə təbliğ etmək işində uğurlu ola bilərsən. Həmçinin unutma ki, Teokratik Xidmət Məktəbində və Xidməti görüşdə aldığın təlim sənə fayda gətirəcək. Əgər Gilead və ya bu kimi başqa məktəblərdə təlim almaq məqsədin varsa, başqa ölkəyə köçməklə missioner xidmətini dada bilərsən. İşdir, əgər gələcəkdə bu məktəblərdən hansınısa keçsən, qazandığın təcrübənin sənə böyük faydası olacaq.
4. Nəyə görə yaşlı bacı-qardaşlar düşünməməlidirlər ki, heç vaxt başqa ölkədə xidmət edə bilməzlər?
4 Yaşlı təbliğçilər. Ruhən yetkin və sağlamlıqları təbliğ etməyə yol verən yaşlı təbliğçilərin tələbat olan ölkələrdə böyük köməyi dəyə bilər. Artıq təqaüdə çıxmısan? Hətta kiçik məbləğdə təqaüd alanların təqaüdü rahat həyat sürmək və xərclərini ödəmək üçün onlara kifayət edə bilər, çünki inkişaf etməkdə olan ölkələrdə, tibbi xidmətlər də daxil olmaqla, qiymətlər onların yaşadıqları ölkə ilə müqayisədə çox aşağıdır.
5. Təqaüdə çıxdıqdan sonra başqa əraziyə köçən qardaşın nümunəsini danışın.
5 İngilisdilli ölkələrdən birində yaşayan, ağsaqqal və pioner kimi xidmət edən bir qardaş təqaüdə çıxdıqdan sonra Cənub-Şərqi Asiyanın məşhur turistik ərazisinə köçdü ki, doqquz təbliğçidən ibarət ingilisdilli qrupa kömək etsin. Bu qrup həmin ərazidə yaşayan 30 000 əcnəbiyə təbliğ edirdi. İki il ərzində yığıncağa gələnlərin sayı 50 nəfərə çatdı. Qardaş yazır: «Bu əraziyə köçmək mənə heç vaxt dadmadığım böyük xeyir-dualar gətirdi. Bu xeyir-duaları sadalamaqla qurtarmaq olmaz!»
6. Böyük tələbat olan ölkəyə köçən gənc subay bacının nümunəsini danışın.
6 Subay bacılar. Yehova bacılardan xoş xəbəri böyük tələbat olan ölkələrdə bəyan etmək üçün səmərəli surətdə istifadə edir (Məz. 68:11). Bir gənc subay bacı başqa ölkəyə köçərək xidmətini genişləndirmək istəyirdi, ancaq təbii ki, valideynləri onun üçün narahat olurdular. Buna görə də o, siyasi və iqtisadi baxımdan sabit ölkə seçdikdən sonra ofisə məktub yazdı və bu haqda dəqiq məlumat əldə etdi. Həmin ölkədə yaşadığı altı il müddətində o, çoxlu xeyir-dualar aldı. Bacı deyir: «Evimizdə olanda mənim Müqəddəs Kitabı cəmi-cümlətanı bir neçə nəfərə öyrətmək imkanım olurdu. Tələbat olan əraziyə köçdükdən sonra isə mən bir çox insanlarla Müqəddəs Kitabı araşdırır və öyrətmək qabiliyyətimi, sözün əsil mənasında, inkişaf etdirirdim».
7. Başqa ölkəyə köçən ailənin nümunəsini danışın.
7 Ailəli olanlar. Əgər sizin uşaqlarınız varsa, bu o deməkdirmi ki, xoş xəbəri təbliğ etmək üçün başqa ölkəyə köçməyə hələ çox var? Səkkiz və on yaşlarında iki uşağı olan bir ailə belə bir addım atmaq qərarına gəldi. Ana öz hisslərini bölüşür: «Uşaqlarımızı burada böyüdüb boya-başa çatdırdığımız üçün çox şadıq, çünki onlar xüsusi pionerlərlə və missionerlərlə ünsiyyət edirdilər. Tələbat olan ərazidə xidmət etməyimizin sayəsində həyatımız daha da zənginləşib».
8. Heç bir dil öyrənmədən başqa ölkədə xidmət etmək mümkündürmü? İzah et.
8 Dil öyrənmək problemi. Xarici dil öyrənmək fikri sənə başqa ölkəyə köçməyə əngəl olmalıdırmı? Bəlkə də, dil öyrənmək lazım gəlməyəcək, çünki ola bilsin, Padşahlığın təbliğçilərinə tələbat olan ölkələrdən birində sənin danışdığın dildə danışan insanlar olsun. Məsələn, ingilis dilində danışan ər-arvad kifayət qədər ingilisdilli mühacirlərin yaşadığı ispandilli ölkəyə köçdü. Onlar filialdan köməyə ehtiyacı olan bir neçə ingilis yığıncağı barədə məlumat aldıqdan sonra həmin yığıncaqlardan birinə iki dəfə baş çəkdilər. Onlar evlərinə qayıdıb aylıq məsrəflərini azaltdılar ki, birillik pul yığa bilsinlər. Köçməyə hazır olanda yerli qardaşlar onlara münasib ev tapmağa kömək etdilər.
9, 10. Öz vətənlərindən başqa ölkəyə köçənlər nə edə bilərlər və nəyə görə?
9 Mühacirlər. Ola bilsin, sən də mühacirsən, başqa ölkəyə həqiqəti bilməmişdən qabaq köçmüsən. Bəlkə də, sənin doğulduğun ölkədə işçilərə böyük tələbat var. Kömək etmək üçün öz ölkənə geri qayıda bilərsənmi? Ola bilsin, orada iş və ev tapmaq sənə daha asan olacaq, nəinki başqa ölkədən gələnlərə. Çox ehtimal ki, dil problemin də olmayacaq. Üstəlik, Padşahlıq haqda xoş xəbəri danışanda insanlar əcnəbilərdən çox, sənə qulaq asmağa meyilli ola bilərlər.
10 Bir nəfər qaçqın düşərək Albaniyadan İtaliyaya köçmüşdü ki, yaxşı iş tapsın və Albaniyada qalan ailəsinə pul göndərsin. Həqiqətə gəldikdən sonra Albaniyada böyük tələbat olduğundan ora köçməyə hazırlaşan italiyalı bir qrup xüsusi pionerə alban dilini öyrətməyə başladı. Qardaş yazır: «Onlar mənim qoyub çıxdığım yerə gedirlər. Onlar dil bilmirlər, amma ora getməyə can atırlar. Mən özüm albanam, oranın dilini də, mədəniyyətini də bilirəm. Bəs onda İtaliyada nə işim var?» Qardaş Albaniyaya qayıdıb xoş xəbərin təbliğində kömək etmək qərarına gəldi. O deyir: «İtaliyadakı işimi və pulları qoyub gəldiyim üçün peşmanam? Əsla! Albaniyada, öz vətənimdə mən daha dəyərli iş tapmışam. Mənim fikrimcə, əsil mənada dəyəri olan və insana sonsuz sevinc bəxş edən iş bütün qəlbinlə Yehovaya xidmət etməkdir!»
11, 12. Başqa ölkəyə köçmək istəyən təbliğçilər nə etməlidirlər?
11 Necə etməli? Makedoniyaya getməmişdən qabaq, Pavel və əməkdaşları qərbə doğru səyahət etməyi planlaşdırırdılar, ancaq «müqəddəs ruh... qadağan etdiyindən» onlar şimala tərəf üz tutdular (Həv. iş. 16:6). Bitiniyaya çataçatda İsa onlara əngəl oldu (Həv. iş. 16:7). Yehova indi də təbliğ işinə İsa vasitəsi ilə nəzarət edir (Mat. 28:20). Buna görə də, əgər sən başqa ölkəyə köçüb-köçməməyi düşünürsənsə, dua edərək Yehovadan rəhbərlik istə. (Luka 14:28—30; Yaq. 1:5; «Getmək istədiyin ölkədə tələbat olub-olmadığını necə öyrənə bilərsən?» adlı çərçivəyə bax.)
12 Bu barədə düzgün məlumatı ağsaqqallardan və digər yetkin məsihçilərdən öyrənmək olar (Sül. məs. 11:14; 15:22). Ədəbiyyatlarımızdan başqa ölkədə xidmət etmək barədə oxu və nəzərdə tutduğun ölkə barədə məlumat axtar tap. Həmçinin həmin ölkəyə gedib bir neçə müddət orada qal. Əgər başqa ölkəyə köçmək fikrin qətidirsə, daha çox məlumat almaq üçün axırıncı «İllik məcmuə»dəki ünvanlardan istifadə edərək həmin ölkənin filialına məktub yaza bilərsən. Lakin məktubunu birbaşa filiala göndərmək əvəzinə, onu yığıncağının ağsaqqallarına ver; onlar da sənin məktubuna zəmanət məktubu əlavə edib filiala göndərəcəklər. («Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 111, 112-ci səhifələrinə bax, rus.)
13. Filial sənə nədə kömək edə bilər, bəs sən özün hansı məsuliyyəti daşıyırsan?
13 Düzgün qərar qəbul edə bilməyin üçün filial sənə lazımi məlumatı verə bilər, lakin zəmanət məktubu, arayış, viza və ya hər hansı başqa bir hüquqi sənəd, eləcə də yaşamaq üçün yer verə bilməz. Bunlar sənin köçməzdən qabaq araşdırıb, diqqətlə götür-qoy etməli və qayğısına qalmalı olduğun şəxsi məsələndir. Bundan əlavə, səfirliklə və konsulluqla görüşüb viza və həmin ölkədə işləmək üçün irəli sürülən tələblərlə bağlı ətraflı məlumat almaq məsuliyyəti də sənin üzərinə düşür. Köçməyi planlaşdıranlar öz ehtiyaclarını ödəməli və hüquqi tələblərə cavab verməlidirlər (Qalat. 6:5).
14. Fəaliyyətimiz qadağa altında olan ölkələrə getmək və ya köçmək istəyəndə hansı ehtiyat tədbirlərini görmək lazımdır?
14 Fəaliyyətimizə məhdudiyyət qoyulan ölkələr. Bəzi ölkələrdə bacı-qardaşlarımız ibadət zamanı çox ehtiyatlı davranmalı olurlar (Mat. 10:16). Bu kimi ölkələrə qonaq gedən və ya köçən təbliğçilər heç özləri də bilmədən fəaliyyətimizə həddən artıq diqqət cəlb edə və yerli qardaşlar üçün təhlükə yarada bilər. Əgər sən belə ölkələrdən birinə köçməyi planlaşdırırsansa, əvvəlcə bu haqda yığıncağının ağsaqqallar şurası vasitəsilə sizin ərazinin filialına məktub yaz.
15. Şəraitləri başqa ölkəyə köçməyə yol verməyənlər xidmətlərini necə genişləndirə bilərlər?
15 Şəraitin yol vermir? Əgər başqa ölkəyə köçmək imkanın yoxdursa, ruhdan düşmə. Bəlkə, sənin qarşında başqa böyük fəaliyyət qapısı açılıb? (1 Kor. 16:8, 9). Rayon nəzarətçisi harada tələbat olduğunu və sənin evdən uzağa getmədən harada xidmət edə biləcəyini deyə bilər. Ola bilsin, yaxınlıqdakı əcnəbidilli yığıncaqda və ya qrupda köməyə ehtiyac var. Yaxud da sən xidmətini öz yığıncağında genişləndirə bilərsən. Şəraitin hər necə olursa-olsun, ən vacibi sənin ibadətə canla-başla yanaşmağındır (Kolos. 3:23).
16. Yığıncağımızdan kimsə başa ölkəyə köçmək istəyəndə biz buna necə yanaşmalıyıq?
16 Sən qarşısına başqa ölkədə xidmət etmək məqsədi qoyan ruhən yetkin məsihçiləri tanıyırsanmı? Onda onları dəstəkləməyə və ruhlandırmağa çalış! Pavel Suriya Antakiyasını tərk edəndə o, Roma imperiyasının üçüncü ən böyük şəhər idi (Roma və İskəndəriyyədən sonra). Bu cür geniş ərazisi olan Antakiya yığıncağında, ehtimal ki, Pavelin köməyinə böyük ehtiyac var idi və o, oradan gedəndə bacı-qardaşlar onun üçün çox darıxırdılar. Bununla belə, Müqəddəs Kitabda Pavel getdikdən sonra qardaşların məyusluğa qapıldıqları deyilmir. Bundan görünür ki, onlar yalnız özlərini düşünmək əvəzinə, bütün dünyanın «tarla» — təbliğ sahəsi olduğunu anlayırdılar (Mat. 13:38).
17. «Makedoniyaya gəl» dəvətini qəbul etmək üçün hansı səbəblər var?
17 Pavel və əməkdaşları «Makedoniyaya gəl» dəvətinə hay verdikləri üçün bol xeyir-dualar aldılar. Makedoniyanın Filipi şəhərində olduqları müddətdə onlar Lidiyanı tapdılar və «Yehova onun ürəyini açdı ki, o, Pavelin dediklərini qəbul etsin» (Həv. iş. 16:14). Lidiya və bütün ev əhli vəftiz olunan zaman Pavel və missioner əməkdaşlarının sevincini təsəvvür et! Bir çox ölkələrdə, Lidiya kimi, hələ Padşahlıq haqda xoş xəbəri eşitməyən səmimi-qəlbli insanlar var. Əgər «Makedoniyaya gəl» dəvətini qəbul etsəniz, siz də bu kimi insanları tapmaq və öyrətmək imkanından sevinc əldə edəcəksiniz.
[5–ci səhifədəki çərçivə]
Getmək istədiyin ölkədə tələbat olub-olmadığını necə öyrənə bilərsən?
• Sonuncu «İllik məcmuə»yə nəzər sal. Təbliğçinin əhaliyə olan nisbətini diqqətlə nəzərdən keçir.
• Ölkələr barədə məqalə və bioqrafiyalar tapmaq üçün «İndeks»dən istifadə et.
• Başqa ölkələrə gedən və ya orada yaşayan təbliğçilərlə söhbət et.
• Əgər sən doğma dilində təbliğ edə biləcəyin ölkəni seçmisənsə, dünyəvi mənbələrə, məsələn, İnternetə müraciət et, həmin ölkədə nə qədər adamın sənin dilində danışdığını öyrən.