İnsanlara mülahizə yürütməyə kömək et
1. Xidmətdə hansı üsul daha effektlidir?
1 Xidmətdə hansı üsul daha effektlidir: qəti şəkildə danışmaq, yoxsa insanla mülahizə yürüdərək düzgün nəticəyə gəlməsinə kömək etmək? Həvari Pavel Saloniki şəhərindən olan yəhudilərlə söhbət edərkən ikinci üsuldan istifadə etmişdi, nəticədə də onlardan bəziləri imana gəlmişdi (Həv. iş. 17:2—4). Mülahizə yürütməyə nə daxildir?
2. Həvari Pavelin xoş xəbəri təbliğ etmək üsulunu necə təqlid edə bilərik?
2 İnsanın hisslərini və mədəniyyətini nəzərə al. Əgər ərazimizdəki insanlara mülahizə yürütməyə kömək etmək istəyiriksə, onların hisslərini nəzərə almaq lazımdır. Pavel Aeropaqda məsihçi olmayan yunanlarla bildikləri və qəbul etdikləri şeylər əsasında mülahizə yürütməyə başladı (Həv. iş. 17:22—31). Buna görə də, təqdimə hazırlayarkən ərazinizdə olan insanların inandıqları şeyləri və geniş yayılmış mənfi fikirləri nəzərə al (1 Kor. 9:19—22). Əgər insan nəyəsə etirazını bildirirsə, ortaq mövzu tapmağa və söhbəti onun əsasında qurmağa çalış.
3. Suallardan məharətlə istifadə etmək başqaları ilə mülahizə yürütməkdə bizə necə kömək edə bilər?
3 Məharətlə suallar ver. Əgər yol gedən adamın hara getmək istədiyini bilmiriksə, ona lazım olan yerə gedib çıxmağa kömək edə bilmərik. Eynilə, təbliğ etdiyimiz adamın fikirləri ilə tanış olmasaq, onun düzgün qənaətə gəlməsinə kömək edə bilmərik. İsa onu dinləyən insanlarla mülahizə yürütməmişdən qabaq, onların fikirlərini bilmək üçün suallar verirdi. Məsələn, bir nəfər ondan: «Əbədi həyatı almaq üçün nə etməliyəm?» — deyə sual verəndə İsa cavab verməzdən qabaq onun fikrini soruşdu (Luka 10:25—28). Başqa bir vaxt Peter vergiyığana səhv cavab verəndə İsa suallardan məharətlə istifadə edərək onun fikrinə düzəliş etdi (Mat. 17:24—26). Beləliklə, insan sual verəndə və ya səhv fikir söyləyəndə, biz suallardan istifadə edərək həmin mövzu ilə bağlı mülahizə yürüdə bilərik.
4. Nəyə görə insanlara mülahizə yürütməyə kömək etməyə çalışmalıyıq?
4 Başqalarına mülahizə yürütməyə kömək etməklə, birinci əsrdəki təcrübəli müjdəçilər kimi, biz də Böyük Müəllim olan İsa Məsihi təqlid etmiş oluruq. Mülahizə yürüdərkən biz insana hörmət və ehtiram göstəririk (1 Pet. 3:15). Bunun sayəsində həmin adam təkrar başçəkməyə razılıq verə bilər.