Söhbətə adi sözlərlə başla
İsa peyğəmbər quyunun başına gələn qadınla söhbəti adi sözlərlə başladı (Yəh. 4:7). Nəticədə bu qadın onun davamçısı oldu. Areopaqdakı afinalılara müraciət edərkən həvari Pavel sözünə şəhərdə onun diqqətini cəlb edən şeylərdən başladı. Bu dinləyicilərə maraqlı gəldi. Eynilə, bizim də söhbətimizə hər dəfə sualla başlamağımıza ehtiyac yoxdur. Hərdən bu, həmsöhbətimizi utandıra və ya qıcıqlandıra bilər. Bir çoxları görmüşlər ki, sadəcə olaraq hansısa maraqlı fikri və ya öz müşahidələrimizi bölüşməklə asanlıqla ünsiyyət qurmaq alınır. «Müqəddəs Kitab əsasında söhbət» broşürasının 2—7-ci səhifələrindən maraqlı giriş sözlər tapmaq olar. Məsələn, sual vermək əvəzinə, siz adi cümlə deyib, dərhal həmin insanın diqqətini Müqəddəs Kitabdan bir ayəyə və ədəbiyyatımızdan bir fikrə yönəldə bilərsiniz. Aşağıdakı təqdimələrdə söhbətə adi sözlərlə başlamağın üsulu göstərilir:
«Görünür, ailə qurmaqdan çox, onu qoruyub saxlamaq çətindir. Məsələn, qurulan ailələrin, demək olar ki, yarısı dağılır. Zəhmət olmasa, bunun səbəblərindən birinə fikir verin. [1 Korinflilərə 13:5b ayəsini oxu.] Gördüyünüz kimi, Müqəddəs Kitabda qeyd olunur ki, bağışlamağı bacarmamaq ailənin dağılmasına gətirib çıxarır».
«Heç kim aldanmağı xoşlamır. Amma görünür, dürüst insanların sayı getdikcə azalır. Biz insanların nəyə görə qorxmadan yalan danışdıqlarının səbəbini öyrəndik. [Vaiz 8:11 ayəsini oxu.] Müqəddəs Yazılar izah edir ki, yalançı insan yalanının nəticəsini dərhal dadmır. Buna görə də yalan danışmaq onun qanına keçir».
Söhbəti belə davam etdirmək olar: «Müqəddəs Kitabda başqa maraqlı mövzular da var». Bundan sonra «Allahın Kəlamından nə öyrənirik?» rubrikasından bir məqaləni göstərmək və onun seçdiyi yarımbaşlıqdakı bir-iki abzası oxumaq olar.