Səhnənin və səhnənin üstündəki plakatın yaxından görünüşü
1922 Yüz il əvvəl
«ALLAH Ağamız İsa Məsih vasitəsilə bizə qələbə qazandırır» (1 Kor. 15:57). Bu ayə 1922-ci ilin ayəsi seçilmişdi. Bu sözlər Müqəddəs Kitab Tədqiqatçılarını əmin edirdi ki, Yehova onların sədaqətini mükafatsız qoymayacaq. Doğrudan da, həmin il Yehova bu şövqlü müjdəçilərə bol bərəkət verdi. Onlar kitablarını özləri çap edib cildləməyə, həmçinin Padşahlıq haqda həqiqətləri radio vasitəsilə yaymağa başladılar. 1922-ci ilin sonlarına yaxın isə Yehovanın Öz xalqına dəstək olduğu bir daha aydın göründü. Onlar Sidar-Pointdə (Ohayo ştatı, ABŞ) tarixi toplantı keçirməyə müvəffəq oldular. Bu toplantının gözəl bəhrələri Yehovanın təşkilatında bu günə qədər hiss olunur.
«MƏNİ HƏYƏCAN BÜRÜDÜ»
Təbliğ işi genişləndikcə nəşrlərə tələbat artdı. Bruklindəki qardaşlar jurnalları özləri çap edirdilər, amma qalın cildli kitabların çapı üçün özəl nəşriyyat şirkətlərinə müraciət edirdilər. Bu şirkətlər bir neçə ay yetərincə kitab çap edə bilmədilər, bu da ki, təbliğ işinə öz təsirini göstərirdi. Buna görə də Ruterford qardaş çapxanaya nəzarət edən Robert Martin qardaşa təklif etdi ki, kitabları özləri çap etsinlər.
Bruklində (Nyu-York) Konkord küçəsində yerləşən çapxana
Robert Martin qardaş həmin anı xatırlayaraq deyir: «Məni həyəcan bürüdü. Bu, o demək idi ki, biz təzə çapxana açmalı idik, bütün işləri — yığım, qalvanoörtmə, çap, cildləmə, hamısını özümüz etməli idik». Qardaşlar Bruklində Konkord küçəsi, ev 18-də bir yeri icarəyə götürdülər və orada lazımi avadanlıqları quraşdırdılar.
Amma bu yenilik hamını sevindirmədi. Əvvəllər kitablarımızı çap edən şirkətin prezidenti bizim yeni çapxanamıza gəldi. O, rişxənd edərək dedi: «Sizin əla avadanlıqlarınız var, amma heç birinizin onlardan başı çıxmır. Altı aya bunları zay edəcəksiniz».
Robert Martin qardaş deyir: «Onun dediyi düz görünə bilərdi. Amma o bilmirdi ki, Ağa həmişə bizimlədir». Robert qardaş haqlı idi. Çox keçməmiş bu yeni binada günə 2000 kitab hazırlanırdı.
İşçilər çapxananın olduğu mərtəbədə çap maşınlarının yanında durublar
RADİO VASİTƏSİLƏ MİNLƏRLƏ İNSAN HƏQİQƏTİ EŞİDİR
Yehovanın xidmətçiləri artıq bəzi kitabları özləri çap edirdilər. Bununla yanaşı, onlar xoş müjdəni yeni üsulla — radioyayım vasitəsilə bəyan etməyə başladılar. 1922-ci il fevralın 26-sı bazar günü nahardan sonra Ruterford qardaş ilk dəfə radio vasitəsilə çıxış etdi. O, Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) KOG radiostansiyasında «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı nitqini söylədi.
Proqrama təxminən 25 000 insan qulaq asmışdı. Bəziləri minnətdarlıq məktubları göndərmişdilər. Onlardan biri Kaliforniyanın Santa-Ana şəhərində yaşayan Vilard Aşford idi. O, Ruterford qardaşa yazdığı məktubunda ona «dolğun və maraqlı» çıxışına görə minnətdarlığını bildirmişdi və belə sözlər yazmışdı: «Evimizdə üç xəstə var. Siz bu nitqi düz qonşuluqda söyləsəydiniz belə, heç birimiz gedib qulaq asa bilməyəcəkdik».
Növbəti həftələrdə başqa proqramlar da yayımlandı. İlin sonunda «Gözətçi qülləsi»ndə dərc olunan hesabata əsasən, «radio vasitəsilə, ən azı, 300 000 nəfər müjdəni eşitmişdi».
Müqəddəs Kitab Tədqiqatçıları insanlardan gələn müsbət rəyləri gördülər və belə qərara gəldilər ki, Bruklindəki Beytelin yaxınlığında Steyton-Aylend ərazisində öz radiostansiyalarını quraşdırsınlar. Artıq növbəti illərdə onlar Padşahlıq xəbərini daha geniş ictimaiyyətə çatdırmaq üçün öz radiostansiyalarını istifadə edirdilər. Bu radiostansiya WBBR adlanırdı.
«ADV»
«Gözətçi qülləsi»nin 1922-ci il 15 iyun sayında elan olunmuşdu ki, 1922-ci il sentyabrın 5-dən 13-dək Ohayo ştatının Sidar-Point şəhərində böyük toplantı keçiriləcək. Müqəddəs Kitab Tədqiqatçıları böyük coşqu ilə Sidar-Pointdə keçirilən toplantıya axışdılar.
Ruterford qardaş toplantının açılış nitqində növbəti sözləri demişdi: «Tam əminliklə deyə bilərəm ki, Ağa bu toplantını bərəkətli edəcək və yer üzündə heç vaxt olmadığı qədər böyük şahidlik veriləcək». Toplantının digər natiqləri də bacı-qardaşları təbliğ işində iştirak etməyə təşviq etmişdilər.
1922-ci ildə Sidar-Pointdə (Ohayo ştatı) keçirilən toplantıya gələn izdiham
Sentyabrın 8-i cümə günü zalda təxminən 8000 insan var idi. Hamı böyük həvəslə Ruterford qardaşın nitqini gözləyirdi və onlar ümid edirdilər ki, o, dəvətnamələrin üstündə yazılmış ADV hərflərinin mənasını izah edəcək. Hamı oturmaq üçün özünə yer tapmağa çalışırdı, yəqin, kimlərsə səhnənin lap yuxarısında bükülmüş plakata fikir vermişdi. Toplantıya Tulsa şəhərindən (Oklahoma ştatı, ABŞ) Artur Klaus qardaş da qatılmışdı. O, proqramı eşidə bilsin deyə özünə yaxşı yer tapmışdı. Belə bir yer tapmaq əsl hünər idi, çünki zalda nə mikrofon var idi, nə də səsgücləndirici.
«Çalışırdıq, nitqdən bir söz də buraxmayaq»
Proqramın sədri görüşün maneəsiz keçməsi üçün elan etdi ki, gecikənlər Ruterford qardaşın nitqi zamanı auditoriyaya buraxılmayacaq. Ruterford qardaş nitqinə səhər saat 9:30-da başladı. O, İsa Məsihin Mətta 4:17 ayəsindəki sözlərini sitat gətirərək dedi: «Səmavi Padşahlıq yaxınlaşır». Daha sonra o, insanların Padşahlıq haqda xəbəri necə eşidəcəkləri barədə danışmışdı və bununla bağlı belə sözlər demişdi: «İsa Məsih özü şəxsən bəyan etmişdi ki, hüzuru zamanı biçin işini həyata keçirəcək və həmin vaxt sadiq və həqiqi davamçılarını toplayacaq».
Əsas zalda oturan Artur qardaş həmin günü xatırlayaraq deyir: «Çalışırdıq, nitqdən bir söz də buraxmayaq». Birdən Artur qardaşın halı pisləşdi. O, zaldan çıxmaq istəmirdi, çünki bilirdi ki, çıxsa, onu içəri buraxmayacaqlar. Amma o, zalı tərk etməli oldu.
Bir neçə dəqiqədən sonra onun halı yaxşılaşdı. O, zala tərəf gələndə gurultulu alqış sədaları eşitdi. Bu, onu lap həyəcanlandırdı! Qərara gəldi ki, bu möhtəşəm nitqin qalanına qulaq asmaq üçün lap lazım gəlsə, dama da çıxacaq. 23 yaşında olan Artur qardaş dama qalxan bir yol tapdı. Tavandakı pəncərələr açıq idi. O, pəncərəyə yaxınlaşdı və gördü ki, oradan nitq «çox gözəl eşidilir».
Amma Artur orada tək deyildi. Onun bəzi dostları da damda idi. Onlardan biri, Frank Conson ona tərəf qaçıb soruşdu:
— Cibində bıçaq olmaz?
— Var,— deyə Artur cavab verdi.
— Sən bizim dualarımıza cavabsan. Bu böyük rulonu görürsən? Bu, plakatdır, kəndirlə mismarlara bərkidilib. Hakiməa diqqətlə qulaq as. O deyəndə ki, «elan edin, elan edin» kəndirləri kəsərsən.
Beləcə, Artur əlində bıçaq digər qardaşlarla birgə işarə gözləyirdi. Çox keçməmiş Ruterford qardaşın nitqi öz kulminasiya nöqtəsinə çatdı. O, böyük coşqu və şövq içində, uca səslə növbəti sözləri dedi: «Ağamızın sadiq və həqiqi şahidi olun. Babil yerlə yeksan olunana qədər mübarizəni dayandırmayın. Xoş xəbəri yaxın və uzaq ellərdə bəyan edin. Bütün dünya bilməlidir ki, Yehova Allahdır, İsa Məsih isə padşahların Padşahı və ağaların Ağasıdır. Bu, tarixdə ən mühüm gündür. Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin».
Artur qardaş deyir ki, o və digər qardaşlar plakatın iplərini kəsdilər və plakat yavaş-yavaş, gözəl şəkildə açılmağa başladı. Plakatın üstündə «Padşahı və Padşahlığı elan edin» sözləri yazılmışdı. Hamıya maraqlı olan «ADV» hərfləri, sən demə, ingilis dilində «elan edin» sözünün ilk hərfləri imiş.
VACİB İŞ
Sidar-Pointdəki toplantı bacı-qardaşlara diqqətlərini Padşahlığın təbliği işinə cəmləməyə kömək etdi. Ürəyində hazırlıq ruhu olanlar təbliğ işində iştirak etməyə çox həvəsli idilər. Oklahoma ştatında öncül kimi (əvvəllər kitabpaylayan adlanırdı) xidmət edən bir qardaş yazmışdı: «Bizim təbliğ etdiyimiz ərazidə əksəriyyət kömür mədənlərində işləyir və çox kasıbdır». O qeyd etmişdi ki, insanlar «Qızıl əsr» jurnalındakı xoş xəbəri eşidəndə göz yaşlarını saxlaya bilməyib ağlayırlar. Qardaş sözünün yekununda belə demişdi: «Onlara təsəlli verə bildiyimiz üçün çox sevinirik».
Bəli, Müqəddəs Kitab Tədqiqatçıları İsanın Luka 10:2 ayəsindəki sözlərinin təcili olduğunu başa düşürdülər: «Məhsul bol, biçinçi isə azdır». İl sona çatırdı və budur, müjdəçilər Padşahlıq haqqındakı müjdəni daha çox ərazilərdə təbliğ etməyə həmişəkindən də qətiyyətli idilər.
a Ruterford qardaş bir zamanlar Missuridə (ABŞ) hakim vəzifəsində çalışdığı üçün onu bəzən «Hakim» adlandırırdılar.