Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 fevral s. 8—13
  • Müqəddəs Kitab mütaliəsindən daha çox bəhrələnin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab mütaliəsindən daha çox bəhrələnin
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • BAŞA DÜŞƏRƏK OXUYUN
  • KƏLAMDAN RUHANİ XƏZİNƏ TAPIN
  • QOYUN OXUDUQLARINIZ SİZİ FORMALAŞDIRSIN
  • ALLAHIN KƏLAMINI OXUMAQ XOŞBƏXTLİK BƏXŞ EDİR
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • «Sözün icraçısı olun»
    Gözətçi qülləsi 2024
  • Allahın Kəlamından zövq al
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2023
w23 fevral s. 8—13

TƏLİM MƏQALƏSİ 7

Müqəddəs Kitab mütaliəsindən daha çox bəhrələnin

«Oxuduğunu başa düşürsən?» (HƏV. 8:30).

NƏĞMƏ 97 Həyatımız Allahın Kəlamından asılıdır

İCMALa

1. Müqəddəs Yazıların İsa üçün vacib olduğunu nə göstərir?

BİR təsəvvür edin, İsanın öyrətdiklərini dinləmək necə möhtəşəm idi! O, əzbərdən Müqəddəs Kitabdan çoxlu sitatlar gətirirdi. Belə ki, İsanın həm vəftizdən sonra dediyi ilk sözlər, həm də ölüm ayağında olarkən dediyi son sözlər Müqəddəs Yazılardan sitat idib (Qan. 8:3; Zəb. 31:5; Luka 4:4; 23:46). Bu iki hadisə arasındakı üç il yarım ərzində də İsa tez-tez hamının qarşısında Müqəddəs Kitabı oxuyur, oradan sitat gətirir və izah edirdi (Mət. 5:17, 18, 21, 22, 27, 28; Luka 4:16—20).

Şəkillər: 1) Uşaq yaşlarında olan İsa valideynlərini dinləyir. 2) Gənc İsa ailəsi ilə birgə sinaqoqda Müqəddəs Yazıların qiraətinə diqqətlə qulaq asır. 3) Yetkinlik yaşında olan İsa tumarı oxuyur.

İsa Məsihin həyatından görmək olar ki, o, Müqəddəs Kitabı sevirdi və orada yazılanlar onun davranışına istiqamət verirdi (2-ci abzasa baxın)

2. Nəyin sayəsində İsa böyüdükcə Müqəddəs Yazıları daha yaxşı başa düşürdü? (Üz qabığındakı şəklə baxın.)

2 Xidmətə başlamazdan uzun illər əvvəl İsa Məsih Allahın Kəlamını dəfələrlə həm özü oxumuşdu, həm də başqalarından eşitmişdi. Evdə, hər halda, Məryəmlə Yusif gündəlik söhbətləri zamanı Müqəddəs Yazılardan sitatlar gətirirdilərc (Qan. 6:6, 7). Şübhə yoxdur ki, İsa hər şənbə ailəsi ilə sinaqoqa gedirdi (Luka 4:16). Yəqin, orada Müqəddəs Yazıların qiraətinə diqqətlə qulaq asırdı. Vaxt keçdikcə Müqəddəs Yazıları özü də oxumağı öyrəndi. Beləcə, İsa Müqəddəs Yazılara yaxşı bələd olmaqla yanaşı, onları sevdi. Həmçinin oxuduqlarına əməl də edirdi. Məsələn, gəlin onun cəmi 12 yaşı olanda məbəddə baş verən hadisəni yadımıza salaq. Musanın qanununu əllərinin içi kimi bilən müəllimlər İsanın «zəkasına və cavablarına valeh» olmuşdular (Luka 2:46, 47, 52).

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Eynilə biz də Allahın Kəlamını müntəzəm oxumağın sayəsində ona daha yaxşı bələd olacağıq və onu sevəcəyik. Bəs oxuduqlarımızdan daha çox bəhrələnmək üçün nə edə bilərik? İsanın Qanunu bilənlərə, məsələn, mirzələrə, fərisilərə, saddukilərə dediyi sözlərdən çox şey öyrənə bilərik. Onlar qədər Müqəddəs Yazıları oxuyan yox idi, di gəl, nə fayda! İsanın sözlərindən görmək olar ki, onlar hansı üç şeyi etmirdilər. Onun dedikləri bizə kömək edəcək ki, 1) oxuduqlarımızı başa düşək, 2) ruhani xəzinə tapaq və 3) Allahın Kəlamının bizi formalaşdırmasına izin verək.

BAŞA DÜŞƏRƏK OXUYUN

4. Luka 10:25—29 ayələrindən Allahın Kəlamını oxumaqla bağlı nə öyrənirik?

4 Biz Allahın Kəlamından oxuduqlarımızın mənasını başa düşmək istəyirik. Əks halda, oxuduqlarımızın bizə az faydası olacaq. Məsələn, gəlin İsanın bir qanunşünasla söhbətini yadımıza salaq. (Luka 10:25—29 ayələrini oxuyun.) Qanunşünas İsadan soruşur ki, əbədi həyatı almaq üçün nə etməlidir. İsa da onun diqqətini Allahın Kəlamına yönəldərək belə deyir: «Qanunda nə yazılıb? Necə başa düşürsən?» Qanunşünas Müqəddəs Yazılardan Allahı və başqalarını sevməklə bağlı sitat gətirir. Onun cavabı düz idi (Lav. 19:18; Qan. 6:5). Amma görün o, daha sonra nə deyir: «Bəs mən kimi sevməliyəm?» Bu sözlərlə qanunşünas göstərdi ki, əslində, o oxuduqlarının məğzini başa düşmür. Elə buna görə də bu ayələri həyatında düzgün şəkildə tətbiq edə bilmirdi.

Oxuduqlarımızı başa düşmək bacarığına yiyələnə bilərik

5. Dua etmək və aramla oxumaq oxuduqlarımızı daha yaxşı başa düşməyə necə kömək edə bilər?

5 Allahın Kəlamını daha yaxşı başa düşmək üçün müəyyən vərdişlərə yiyələnməliyik. Növbəti məsləhətlər sizə bu sahədə kömək edəcək. Oxumazdan qabaq dua edin. Müqəddəs Yazıları başa düşmək üçün bizə Yehovanın köməyi lazımdır. Buna görə də Ondan müqəddəs ruh diləyin ki, fikrinizi cəmləməyə kömək etsin. Sonra aramla oxuyun. Beləcə, oxuduqlarınızı daha yaxşı qavrayacaqsınız. Məsələn, Müqəddəs Kitabı ucadan oxumaq, yaxud audioyazısına qulaq asaraq izləmək olar. Həmin vaxt həm göz, həm də qulaq işə düşür və beləcə, oxuduqlarınız ürəyinizə və beyninizə həkk olunur (Yuş. 1:8). Oxuyub qurtaranda isə yenidən dua edin, Yehovaya Kəlamına görə minnətdarlığınızı bildirin və oxuduqlarınızı tətbiq etmək üçün kömək istəyin.

Şəkillər: 1) Bacı Müqəddəs Kitabının arasına qoymaq üçün qeyd yazır. 2) Qardaş planşetində məqalə oxuyarkən fikirləri xətləyir və qeydlər aparır. 3. Bacı JW Library tətbiqində Müqəddəs Kitabı oxuyarkən ayələri xətləyir və qeydlər yazır.

Qeydlər aparmaq oxuduqlarınızı başa düşməyə və yadda saxlamağa necə kömək edə bilər? (6-cı abzasa baxın)

6. Mütaliə zamanı özümüzə suallar verməyin və qısa qeydlər aparmağın hansı faydası var? (Həmçinin şəklə baxın.)

6 Müqəddəs Kitabdan oxuduqlarınızı başa düşməyə daha iki məsləhət kömək edə bilər. Oxuduqca özünüzə suallar verin: «Burada, əsasən, söhbət kimlərdən gedir? Danışan kimdir? Kiminlə danışır? Nə üçün belə deyir? Hadisə harada, nə vaxt baş verir?» Bu kimi suallar sizə kömək edəcək ki, əsas fikri tuta biləsiniz. Həmçinin oxuduqca qısa qeydlər aparın. Qeydlər aparanda fikirləri sözlərə çevirmiş oluruq. Beləcə, beynimizdəki fikirlər bizə daha aydın olur. Yazmaq həmçinin oxuduqlarımızı yadda saxlamağa kömək edir. Nə kimi qeydlər aparmaq olar? Məsələn, qısa sualları, araşdırma zamanı tapdıqlarınızı, əsas fikirlərin məcmusunu, öyrəndiklərinizin tətbiqini və ya sadəcə olaraq öz hisslərinizi yaza bilərsiniz. Bu cür qeydlər aparmağın sayəsində Allahın Öz Kəlamını şəxsən sizə ünvanladığını hiss edəcəksiniz.

7. Müqəddəs Kitabı oxuyanda bizdə hansı xüsusiyyət olmalıdır və nəyə görə? (Mətta 24:15).

7 İsa Məsih demişdi ki, Allahın Kəlamını oxuyan zaman onu dərk etməliyik. Bunun üçün isə bəsirət lazımdır. (Mətta 24:15 ayəsini oxuyun.) Bəsirət nədir? Bu, fikirlərin bir-biri ilə əlaqəsini, yaxud arasındakı təzadı ayırd etmək və ilk baxışdan sezilməyəni görmək qabiliyyətidir. İsa Məsihin sözlərindən görmək olar ki, Allahın Kəlamındakı peyğəmbərliklərin necə yerinə yetdiyini anlamaq üçün də bizə bəsirət lazımdır. Həmçinin bu xüsusiyyətin sayəsində biz Müqəddəs Kitabdan oxuduğumuz hər kəlmədən tam şəkildə bəhrələnə biləcəyik.

8. Bəsirətlə oxumaq nə deməkdir?

8 Yehova xidmətçilərinə bəsirət verir. Odur ki, Ona dua edin və bu xüsusiyyəti yetişdirməkdə sizə kömək etməsini xahiş edin (Məs. 2:6). Bəs duanıza uyğun davranmaq üçün nə etməlisiniz? Oxuduqlarınızı diqqətlə təhlil edin. Öyrəndiklərinizi artıq bildiyiniz fikirlərlə əlaqələndirin. Bu sahədə sizə araşdırma aparmaq üçün olan nəşrlərimiz, məsələn, «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti kömək edə bilər. Bu nəşrlərin köməyi ilə Müqəddəs Kitabdan oxuduğunuz parçanı daha yaxşı başa düşəcəksiniz və həyatınıza tətbiq edə biləcəksiniz (İbr. 5:14). Bəsirətli olmağın sayəsində Müqəddəs Kitabdan oxuduqlarınızı daha yaxşı başa düşəcəksiniz.

KƏLAMDAN RUHANİ XƏZİNƏ TAPIN

9. Saddukilər Müqəddəs Yazılardakı hansı həqiqətə əhəmiyyət verməmişdilər?

9 Saddukilər Tövrata daxil olan beş kitabı, az qala, əzbər bilirdilər. Amma oradakı vacib həqiqətləri görməzdən gəlirdilər. Görün saddukilər İsaya dirilmə ilə bağlı sual verəndə o necə cavab vermişdi: «Məgər Musanın kitabında, kol haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”,— dediyini heç oxumamısınız?» (Mark 12:18, 26). Əlbəttə ki, saddukilər bu hadisəni dəfələrlə oxumuşdular. Amma İsanın sualı onların vacib həqiqətə — dirilmə təliminə əhəmiyyət vermədiyini üzə çıxardı (Mark 12:27; Luka 20:38)d.

10. Oxuyan zaman nəyə diqqət yetirməliyik?

10 Buradan nə öyrənirik? Oxuyarkən gözümüzü dörd açmalıyıq ki, bizə öyüd-nəsihət verən heç bir ayəni və ya hadisəni nəzərdən qaçırmayaq. Əsas təlimləri başa düşməklə kifayətlənməməliyik, ilk baxışdan görünməyən dərin həqiqətləri və prinsipləri tapmağa çalışmalıyıq.

11. 2 Timutiyə 3:16, 17 ayələrinə əsasən, Müqəddəs Kitabdakı xəzinələri necə tapa bilərsiniz?

11 Müqəddəs Kitabı oxuyarkən ruhani xəzinəni necə tapmaq olar? 2 Timutiyə 3:16, 17 ayələrində yazılanlara nəzər salın. (Ayələri oxuyun.) Diqqət yetirin ki, «Müqəddəs Yazılardakı hər kəlmə» 1) təlim, 2) tənbeh, 3) islah və 4) tərbiyə üçün faydalıdır. Hətta tez-tez müraciət etmədiyimiz Müqəddəs Kitab bölmələrindən də bu dörd faydanı əldə edə bilərik. Oxuduğunuz hissəni təhlil edin, görün oradan Yehova, Onun niyyəti, yaxud prinsiplər haqda hansı təlimi alırsınız. Oxuduqlarınızın tənbeh üçün necə faydalı olduğuna diqqət yetirin. Bunun üçün görün ayələr sizə yanlış meyillərinizi və xüsusiyyətlərinizi müəyyən edib, onları tərgitməyə və Yehovaya sədaqətinizi qorumağa necə kömək edir. Bəs oxuduğunuz ayələr yanlış baxışları, məsələn, xidmətdə eşitdiyiniz yanlış fikirləri islah etməyə, yəni onlara düzəliş verməyə necə kömək edə bilər? Həmçinin görün bu ayələrdə sizi tərbiyələndirən və beləcə, Yehovanın düşüncəsini əks etdirməyinizə kömək edən hansı fikirlər var. Mütaliə zamanı bu dörd amili yadda saxlamaq sizə ruhani xəzinəni tapmağa kömək edəcək və beləcə, Müqəddəs Kitabın mütaliəsi sizə daha çox fayda gətirəcək.

QOYUN OXUDUQLARINIZ SİZİ FORMALAŞDIRSIN

12. Nə üçün İsa Məsih fərisilərə «məgər oxumamısınız?» sualını vermişdi?

12 İsa Məsih fərisilərlə söhbətində də «məgər oxumamısınız?» sualını vermişdi. O istəyirdi ki, fərisilərin Müqəddəs Yazılardan oxuduqları ilə bağlı səhv düşüncədə olduqlarını üzə çıxarsın (Mət. 12:1—7)e. Həmin söhbətdə fərisilər iddia edirdilər ki, İsanın şagirdləri Şənbə qanununa riayət etmir. İsa Məsih cavabında onlara Müqəddəs Yazılardan iki nümunə çəkdi və «Huşə» bölməsindən sitat gətirərək açıq şəkildə göstərdi ki, fərisilər Şənbə qanununun məğzini başa düşmürlər və ürəklərində mərhəmət yoxdur. Onlar Allahın Kəlamını oxusalar da, bu Kəlam onları formalaşdırmırdı. Nəyə görə? Çünki onlar qürurlu idilər və Müqəddəs Yazıları başqalarında səhv tutmaq üçün oxuyurdular. Bu əhval-ruhiyyə onlara oxuduqlarının məğzini anlamağa mane olurdu (Mət. 23:23; Yəh. 5:39, 40).   

13. Müqəddəs Kitabı oxuyanda bizdə hansı xüsusiyyətlər olmalıdır və nə üçün?

13 İsanın sözlərindən öyrənirik ki, biz Müqəddəs Kitabı düzgün niyyətlə oxumalıyıq. Fərisilərdən fərqli olaraq, biz təvazökar və öyrənməyə hazır olmalıyıq. Biz sözün içimizdə əkilməsinə həlimliklə yol verməliyik (Yaq. 1:21). Əgər həlim olsaq, Allahın Kəlamı qəlbimizdə kök salacaq. Biz tənqidi əhval-ruhiyyədən və qürurdan uzaq olduğumuz halda Kəlamdakı mərhəmət, şəfqət və məhəbbətlə bağlı nəsihətlər bizi formalaşdıracaq.

Allahın Kəlamının bizi formalaşdırmasına yol verib-vermədiyimizi necə müəyyən edə bilərik? (14-cü abzasa baxın)f

14. Allahın Kəlamının bizi formalaşdırdığını necə müəyyən edə bilərik? (Həmçinin şəkillərə baxın.)

14 Başqaları ilə rəftarımızdan Allahın Kəlamının bizi formalaşdırmasına yol verib-vermədiyimiz bəlli olur. Allahın Kəlamı fərisilərin ürəyinə təsir etmədiyi üçün onlar «günahsız adamları məhkum» edirdilər (Mət. 12:7). Bizim də başqaları haqqında hansı fikirdə olmağımız və onlarla rəftarımız göstərir ki, Allahın Kəlamının bizi formalaşdırmasına izin veririk, ya yox. Məsələn, biz adətən insanların yaxşı xüsusiyyətlərini qeyd edirik, yoxsa çatışmayan cəhətlərini? Mərhəmətliyik, yoxsa başqalarına tənqidi yanaşırıq? Bağışlamağa hazırıq, yoxsa kin saxlayırıq? Özümüzü belə təhlil etməyimiz göstərəcək ki, Allahın Kəlamı düşüncəmizi, hisslərimizi və davranışımızı formalaşdırır, ya yox (1 Tim. 4:12, 15; İbr. 4:12).

ALLAHIN KƏLAMINI OXUMAQ XOŞBƏXTLİK BƏXŞ EDİR

15. İsa Müqəddəs Yazılara necə yanaşırdı?

15 İsa Məsih Allahın Kəlamını sevirdi. Onun keçirdiyi hisslər Zəbur 40:8 ayəsində belə peyğəmbərlik olunmuşdu: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir». Bunun sayəsində o, xoşbəxt idi və Yehovaya xidmətini uğurla davam etdirirdi. Biz də Allahın Kəlamını oxusaq və sevsək, orada yazılanlar bizə də xoşbəxtlik bəxş edəcək və uğur qazanacağıq (Zəb. 1:1—3).   

16. Müqəddəs Kitab mütaliənizi yaxşılaşdırmaq üçün şəxsən siz nə edəcəksiniz? («İsanın sözləri sayəsində oxuduqlarınızı dərk edəcəksiniz» adlı çərçivəyə baxın.)

16 Gəlin İsanın sözlərinə və nümunəsinə uyğun davranaraq Müqəddəs Kitabı mütaliə etmək qabiliyyətimizi təkmilləşdirək. Biz dua etməklə, aramla oxumaqla, özümüzə suallar verməklə və qısa qeydlər aparmaqla Müqəddəs Kitabı daha yaxşı başa düşərik. Müqəddəs Kitaba əsaslanan nəşrlərimizin köməyi ilə oxuduqlarımızı yaxşı-yaxşı təhlil etməklə bəsirətimizi işə sala bilərik. Oxuduğumuz parçadan ruhani xəzinə tapmağa çalışmaqla Müqəddəs Kitabdan, hətta elə də tanış olmayan ayələrdən daha yaxşı istifadə etməyi öyrənə bilərik. Müqəddəs Kitabı düzgün niyyətlə mütaliə etməklə oxuduqlarımızın bizi formalaşdırmasına izin verəcəyik. Bu sahələrdə püxtələşdikcə Müqəddəs Kitab mütaliəmiz daha da yaxşılaşacaq və Yehovaya daha da yaxınlaşacağıq (Zəb. 119:17, 18; Yaq. 4:8).

İsanın sözləri sayəsində oxuduqlarınızı dərk edəcəksiniz

  • Oxuduqlarınızı dərk etməyə çalışın və bəsirətə yiyələnin, onda oxuduqlarınızı necə tətbiq etməyi biləcəksiniz (Mət. 24:15; Luka 10:25—37).

  • Ruhani xəzinəni tapmaq üçün Müqəddəs Kitabdakı hadisələri diqqətlə təhlil edin (Mark 12:18—27).

  • Qoyun Allahın Kəlamı sizi formalaşdırsın və bu, başqaları ilə rəftarınızda əks olunsun (Mət. 12:1—8).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Mütaliə zamanı oxuduqlarınızı başa düşməyə sizə nə kömək edə bilər?

  • Mütaliə zamanı ruhani xəzinəni necə tapa bilərsiniz?

  • Allahın Kəlamının sizi formalaşdırması üçün nə etməlisiniz?

NƏĞMƏ 95 Həqiqət nuru parlayır

a Yehovaya ibadət edənlərin hamısı Müqəddəs Kitabı hər gün oxumağa çalışır. Düzdür, onu başqaları da oxuyur. Amma, əslinə qalsa, onlar oxuduqlarını başa düşmürlər. İsanın yaşadığı dövrdə də belə insanlar var idi. Gəlin görək İsa onlara nə demişdi və görək Müqəddəs Kitabın mütaliəsindən daha çox bəhrələnmək üçün nə edə bilərik.

b Görünür, İsa vəftiz olunub müqəddəs ruhla məsh ediləndə göydəki həyatı yadına düşmüşdü (Mət. 3:16).

c Məryəm Müqəddəs Yazıları yaxşı bilirdi və onlardan sitat gətirirdi (Luka 1:46—55). Çox yəqin ki, Yusiflə Məryəmin özlərinə tumarlar almağa imkanları yox idi. Görünür, onlar sinaqoqda Allahın Kəlamı oxunanda diqqətlə qulaq asırdılar ki, ayələri əzbər yadda saxlasınlar.

d «Gözətçi qülləsi»nin 2013-cü il 1 aprel sayındakı «Allaha yaxınlaşın. “O... dirilərin Allahıdır”» adlı məqaləyə baxın.

e İsa həmçinin Mətta 19:4—6 ayələrində də fərisilərə «məgər oxumamısınız?» sualını vermişdi. Fərisilər «Yaradılış» bölməsini oxusalar da, Allahın nikahla bağlı nöqteyi-nəzərinə əhəmiyyət verməmişdilər.

f ŞƏKLİN İZAHI. İbadət evində yığıncaq vaxtı audio-video işlərinə baxan qardaş bir neçə səhv edir. Amma görüşdən sonra qardaşlar onu zəhmətinə görə tərifləyirlər; onlar diqqətlərini onun səhvlərinə yönəltmirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş