Müharibə və münaqişə heç birimizdən yan keçmir
«İkinci Dünya müharibəsindən bəri hələ dünyada indiki qədər münaqişə olmayıb. Bu gün 2 milyard insan, yəni dünya əhalisinin dörddə biri münaqişə ərazilərində yaşayır».
BMT Baş katibinin müavini Amina Mohammed, 26 yanvar 2023
Hazırda sülh şəraitində olan ərazilərdə də müharibə və münaqişələr baş qaldıra bilər. Hətta bu, müharibə ərazisində yaşamayan insanlara da təsir edə bilər, çünki indi hamı dünyada baş verənlərdən xəbərdardır. Üstəlik, müharibə bitsə də, fəsadları uzun müddət davam edir. Gəlin bir neçə nümunəyə baxaq:
Qida çatışmazlığı. Ümumdünya Ərzaq Proqramının məlumatına əsasən «aclığın ən böyük səbəbi müharibədir. Qida çatışmazlığından əziyyət çəkən insanların 70 faizi müharibə və zorakılıq baş verən ərazilərdə yaşayır».
Fiziki və psixoloji problemlər. Müharibə və təhlükə gözlənilən ərazilərdə yaşayan insanlar həddən artıq stres və narahatlıq keçirirlər. Belə ərazilərdə yaşayanlar təkcə fiziki yox, həm də psixoloji problemlərdən əziyyət çəkirlər. Həmçinin çox vaxt onlar lazımi qədər tibbi yardım ala bilmirlər.
Məcburi köçkünlük. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2023-cü il sentyabr ayındakı hesabatına əsasən 114 milyondan çox insan evindən didərgin düşüb. Bu böhranın ən başlıca səbəbi müharibə və münaqişədir.
İqtisadi çətinlik. İnsanlar adətən iqtisadi problemlərlə, məsələn, inflyasiya ilə müharibə ucbatından üzləşirlər. Ola bilsin, buna səbəb dövlətin tibb və təhsildən çox hərbi əməliyyatlara sərmayə qoymasıdır. Üstəlik, müharibədən sonra dağılan yerləri abadlaşdırmaq baha başa gəlir.
Ekoloji problemlər. Yaşadıqları ərazilərdə təbii resursların qəsdən tələf edilməsi insanlara ziyan vurur. Suyun, havanın, torpağın çirklənməsi çoxlu xəstəliklərə səbəb ola bilər. Eləcə də müharibə bitəndən uzun müddət sonra həmin ərazidə basdırılmış minalar təhlükə saçmağa davam edir.
Müharibənin itkisi və fəsadı çox olur, bu faktdır.