Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 aprel s. 2—7
  • Kimə ibadət edəcəyinizə qərar verin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kimə ibadət edəcəyinizə qərar verin
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ İSA YEHOVAYA İBADƏTİ SEÇDİ?
  • NƏYƏ GÖRƏ YALNIZ YEHOVAYA İBADƏT ETMƏLİYİK?
  • NƏYƏ GÖRƏ YEHOVAYA İBADƏT ETMƏK QƏRARINI VERMİŞİK?
  • YEHOVAYA İBADƏT ETMƏYƏ DAVAM EDİN!
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
  • Yehovanın adı bizim üçün əzizdir
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 aprel s. 2—7

TƏLİM MƏQALƏSİ 14

NƏĞMƏ 8 Yehova pənahımızdır

Kimə ibadət edəcəyinizə qərar verin

«Mən isə ailəmlə birlikdə Yehovaya ibadət edəcəyəm» (YUŞ. 24:15).

ƏSAS FİKİR

Bu məqalədə Yehovaya ibadət etməyimizin səbəblərinə nəzər salacağıq.

1. Əsl xoşbəxtliyə nail olmaq üçün biz nə etməliyik və nəyə görə? (Əşiya 48:17, 18).

GÖYDƏKİ Atamız Yehova bizə dərin məhəbbət bəsləyir. O istəyir ki, həyatdan həm indi, həm də gələcəkdə həzz alaq (Vaiz 3:12, 13). Yehova bizi müxtəlif möhtəşəm bacarıqlarla yaradıb. Bununla belə, bizi bir-birimizin üzərində ağalıq etmək və ya nəyin yaxşı, nəyin pis olduğuna dair qaydalar qoymaq qabiliyyəti ilə yaratmayıb (Vaiz 8:9; Ərm. 10:23). O bilir ki, həyatda əsl xoşbəxtliyə nail olmaq üçün Ona xidmət etməli və Onun qayda-qanunlarına uyğun yaşamalıyıq. (Əşiya 48:17, 18 ayələrini oxuyun.)

2. Şeytan bizi nəyə inandırmağa çalışır və Yehova onun bu yalan ittihamına necə cavab verdi?

2 Şeytan bizi inandırmaq istəyir ki, biz Yehovasız da xoşbəxt ola bilərik və Ondan asılı olmadan özümüz özümüzü idarə edə bilərik (Yar. 3:4, 5). Yehova bu yalana cavab olaraq izin verib ki, üsyankar bəşəriyyət Ondan asılı olmadan bir müddət özü hakimiyyət sürsün. İnsan idarəçiliyinin hansı pis nəticələri gətirdiyi göz qabağındadır. Bununla belə, Müqəddəs Kitabda Yehovaya xidmət etdiklərinə görə xoşbəxt ömür sürmüş çoxlu sayda kişi və qadınların nümunəsi var. Buna ən bariz nümunə İsa Məsihdir. Əvvəlcə, gəlin görək o, hansı səbəblərə görə Yehovaya ibadəti seçmişdi. Sonra öyrənəcəyik ki, nəyə görə biz yalnız Yehovaya ibadət etməliyik. Axırda isə Yehovaya ibadəti seçməyimizin bəzi səbəblərinə nəzər salacağıq.

NƏYƏ GÖRƏ İSA YEHOVAYA İBADƏTİ SEÇDİ?

3. İsa hansı təklifi aldı və o hansı qərarı verdi?

3 İsa yer üzündə olanda hər zaman göstərirdi ki, Yehovaya xidməti seçib. Məsələn, o, vəftiz olunandan qısa müddət sonra Şeytanın sınağına tuş gəldi. Şeytan dedi ki, cəmi bircə dəfə ona səcdə qılsa, dünyanın bütün səltənətlərini ona verəcək. İsa isə belə cavab verdi: «Rədd ol, Şeytan! Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et”» (Mət. 4:8—10). Nəyə görə İsa məhz bu qərarı verdi? Gəlin bunun bəzi səbəblərinə baxaq.

4, 5. Hansı səbəblərə görə İsa Yehovaya ibadət etməyə qərar vermişdi?

4 İsanın bu qərarı verməsinə başlıca səbəb o idi ki, onun Yehovaya sevgisi dərin və sarsılmaz idi (Yəh. 14:31). Həmçinin İsa başa düşürdü ki, Yehovaya ibadət etmək düzgündür, bu Onun haqqıdır (Yəh. 8:28, 29; Vəhy 4:11). Bundan əlavə, Yehova həyat Mənbəyidir, etibarlı və səxavətli Allahdır (Zəb. 33:4; 36:9; Yaq. 1:17). Yehova həmişə həqiqəti danışıb və İsanın nəyi varsa, hamısı Yehovadandır (Yəh. 1:14). Şeytan isə bəşəriyyətə ölüm gətirib. O, yalançıdır, hər bir addımının arxasında tamahkarlıq və xudbinlik durur (Yəh. 8:44). İsa bütün bunları bildiyi üçün Şeytandan fərqli olaraq, Yehovaya üsyan etməyi ağlının ucundan belə keçirməyib (Filip. 2:5—8).

5 İsanın Yehovaya ibadəti seçməsinin bir səbəbi də var idi: o, sadiq qalmasının gözəl nəticələri barədə düşünürdü (İbr. 12:2). Bilirdi ki, bunun sayəsində Atasının adı müqəddəs tutulacaq və İblisin ucbatından olan bütün əzab-əziyyətlərə son qoyulacaq.

NƏYƏ GÖRƏ YALNIZ YEHOVAYA İBADƏT ETMƏLİYİK?

6, 7. a) Nəyə görə bu gün çoxları Yehovaya ibadət etmir? b) Nəyə görə biz yalnız Ona ibadət etməliyik?

6 Bu gün çoxları Yehovanın gözəl xüsusiyyətlərindən, onlar üçün gördüyü işlərdən xəbərsizdirlər. Buna görə də Ona ibadət etmirlər. Həvari Bulus da Afinada bu cür insanlara təbliğ etmişdi (Həv. 17:19, 20, 30, 34).

7 O, afinalılara izah etmişdi ki, var olan Allah «hamıya həyat, nəfəs — hər şey verir». O, sözünün davamında belə demişdi: «Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq». Allah Yaradandır, O, «bir insandan hər xalqı yaratdı», buna görə də ibadətə yalnız O layiqdir (Həv. 17:25, 26, 28).

8. Yehova nəyi heç vaxt etməz? İzah edin.

8 Yehova Kainatın Yaradanı və Hökmdarı olduğu üçün istəsə, insanları Ona ibadət etməyə məcbur edə bilər. Amma O, heç vaxt belə etməz. Bunun əvəzində Yehova var olduğunu və hər birimizi ürəkdən sevdiyini təsdiq edən çoxlu sübutlar verib. O, mümkün qədər çox insanın əbədiyyən Onun dostu olmasını istəyir (1 Tim. 2:3, 4). Elə buna görə də bizə təlim verib ki, insanlara Onun niyyəti və görəcəyi yaxşı işlər barədə danışaq (Mət. 10:11—13; 28:19, 20). Yehova bizim üçün yığıncaqlar təsis edib. Biz orada Ona ibadət edirik və qayğıkeş ağsaqqallardan kömək alırıq (Həv. 20:28).

9. Yehovanın məhəbbəti nədən görünür?

9 Yehovanın məhəbbətinin böyüklüyünü Onun varlığını danan insanlarla rəftarından aydın görmək olar. Gəlin növbəti sübutlara nəzər salaq. Tarix boyu milyardlarla insan nəyin səhv, nəyin düz olduğu ilə bağlı öz qoyduğu normalarla yaşamaq qərarını verib. Buna baxmayaraq, Yehova onlara yaşamaq üçün və həyatdan həzz almaq üçün nə lazımdırsa verib (Mət. 5:44, 45; Həv. 14:16, 17). Yehovanın sayəsində onların sevib-sevilmək, övlad sahibi olmaq, öz zəhmətinin bəhrəsindən zövq almaq bacarığı var (Zəb. 127:3; Vaiz 2:24). Bu sübutlar aydın göstərir ki, səmavi Atamız bütün insanları sevir (Çıx. 34:6). İndi isə gəlin xatırlayaq görək, biz nəyə görə Yehovaya ibadət etməyə qərar vermişik və Yehova bu qərarımızı necə mükafatlandırır.

NƏYƏ GÖRƏ YEHOVAYA İBADƏT ETMƏK QƏRARINI VERMİŞİK?

10. a) Yehovaya ibadət etməyimizin başlıca səbəbi hansıdır? (Mətta 22:37). b) Yehovanın sizi anladığını və bağışladığını bilmək sizə necə təsir bağışlayır? (Zəbur 103:13, 14).

10 İsa kimi bizim də Yehovaya ibadət etməyimizin başlıca səbəbi Ona bəslədiyimiz dərin məhəbbətdir. (Mətta 22:37 ayəsini oxuyun.) Biz Yehovanın gözəl keyfiyyətləri barədə öyrənəndə Ona daha da yaxın olmaq istəyirik. Misal üçün, Yehovanın bizimlə necə səbirlə davrandığı barədə düşünək. İsraillilər Yehovaya dəfələrlə itaətsizlik etsə də, O onları səsləyib demişdi: «Geri dön, ey asi İsrail... Bircə günahınızı boynunuza alın» (Ərm. 3:12, 13). Yehova bizi də çoxlu səhvlər etməyimizə rəğmən bağışlayır, çünki torpaq olduğumuzu unutmur. (Zəbur 103:13, 14 ayələrini oxuyun.) Məgər Allahımızın səbri və digər gözəl keyfiyyətləri barədə düşündükcə ürəyimizdən Ona əbədiyyən xidmət etmək istəyir keçmir?

11. Başqa hansı səbəblərə görə Yehovaya ibadət etmək qərarını vermişik?

11 Biz başqa nəyə görə Yehovaya ibadət edirik? Çünki ən düzgünü budur (Mət. 4:10). Bundan əlavə, sadiq qalmağımızın gözəl bəhrələr gətirəcəyini də bilirik. Sədaqətlə etdiyimiz xidmət sayəsində Yehovanın adı müqəddəs tutulur. Həmçinin bu, İblisin yalançı olduğunu sübut edir və səmavi Atamızın ürəyini sevindirir. Əgər Yehovaya ibadət etməyə qərar versək, bunu yalnız indi yox, əbədiyyən etmək imkanımız olacaq! (Yəh. 17:3).

12, 13. Ceyn və Pamın nümunəsindən nə öyrənirik?

12 İnsan ta uşaq yaşlarından Yehovaya ürəyində dərin məhəbbət yetişdirə bilər. Yaşa dolduqca isə bu məhəbbət daha da alovlana bilər. Gəlin Ceyn və Pama adlı iki doğma bacının nümunəsinə nəzər salaq. Onlar Müqəddəs Kitabı öyrənməyə başlayanda Ceynin 11, Pamın isə 10 yaşı var idi. Valideynləri Müqəddəs Kitabı öyrənməyə maraq göstərməsə də, onlara Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə icazə vermişdilər. Bir şərtlə ki, Ceyn və Pam valideynləri ilə birgə həftəsonları kilsəyə də getsin. Ceyn deyir: «Yehovanın Şahidlərinin mənə Müqəddəs Kitabdan öyrətdikləri kömək etdi ki, narkotik qəbul edən və əxlaqsız həyat tərzi sürən həmyaşıdlarımın təsirinə uymayım».

13 Bir neçə il sonra Ceynlə Pam təbliğçi oldu. Sonralar onlar öncül xidmətinə başladılar. Valideynləri yaşa dolanda isə onların qeydinə qala-qala bu xidmətlərini davam etdirdilər. Keçmişi xatırlayaraq Ceyn deyir: «Öyrəndim ki, Yehova sadiq Allahdır, O, dostlarının qayğısına qalır. 2 Timutiyə 2:19 ayəsində deyildiyi kimi “Yehova Ona məxsus olanları tanıyır”». Bəli, Yehovanın nəzəri Onu sevən, Ona qulluq edən insanların üzərindədir.

14. Sözlərimizlə və əməllərimizlə Yehovanın adını böhtanlardan necə təmizliyə bilərik? (Həmçinin şəkillərə baxın.)

14 Biz Yehovanın adının bütün böhtanlardan təmizlənməsini istəyirik. Gəlin belə bir vəziyyəti təsəvvür edək: sizin mehriban, səxavətli, kin saxlamayan yaxın dostunuz var. Bir gün eşidirsiniz ki, onu qəddarlıqda və nadürüstlükdə ittiham edirlər. Nə edərdiniz? Əlbəttə ki, onu müdafiə edərdiniz. Eynilə Şeytan və onun təsiri altında olanlar Yehova haqda yalanlar yayaraq Onun adını bədnam etmək istəyirlər. Biz bu böhtanlara cavab olaraq Yehova haqda həqiqəti danışır və Onun adını qətiyyətlə müdafiə edirik (Zəb. 34:1; Əşy. 43:10). Sözlərimizlə və əməllərimizlə göstəririk ki, Yehovaya bütün qəlbimizlə xidmət etmək istəyirik.

Kollaj: 1) Bir qadın toplantı keçirilən ərazinin yaxınlığında dönüklərin etiraz etdiyini görür. 2) Sonra o, ədəbiyyat arabası ilə şahidlik verən bir ər-arvadla söhbət edir.

Yehovanın adını müdafiə edəcəksiniz? (14-cü abzasa baxın)b


15. Həvari Bulus etdiyi böyük dəyişikliklərin hansı xeyrini gördü? (Filippililərə 3:7, 8).

15 Biz Yehovaya məqbul şəkildə ibadət etmək, Onun yolunda daha çox işlər görmək naminə həyatımızda müəyyən dəyişikliklər etməyə hazırıq. Məsələn, həvari Bulus Məsihin davamçısı olmaq və Yehovaya ibadət etmək naminə cəmiyyətdə tutduğu yüksək mövqeyindən vaz keçmişdi (Qal. 1:14). Nəticədə, onun həyatı mənalı və nemətlərlə dolu oldu. Üstəlik, onun Məsihlə birgə göydə hökmranlıq etmək imkanı yarandı. Bulus Yehovaya ibadət etmək qərarını verdiyinə görə heç vaxt peşman olmadı, biz də olmayacağıq. (Filippililərə 3:7, 8 ayələrini oxuyun.)

16. Culiyanın nümunəsindən nə öyrənirik? (Həmçinin şəkillərə baxın.)

16 Əgər Yehovaya ibadət bizim üçün hər şeydən vacib olsa, həyatımız həm indi, həm də gələcəkdə nemətlərlə bol olacaq. Gəlin Culiya adlı bir bacının nümunəsinə baxaq. O, uşaq yaşlarından kilsə xorunda ifa edirdi. Peşəkar bir opera ifaçısı ondakı istedadı görüb onunla məşğul olmağa başladı. Culiya tez bir zamanda məşhurlaşdı və tanınmış musiqi zallarında ifa etməyə başladı. O, məşhur musiqi akademiyasında oxuyan zaman sinif yoldaşı ona Allah haqda danışdı və Onun adının Yehova olduğunu açıqladı. Qısa müddət sonra Culiya həftədə iki dəfə Müqəddəs Kitabı öyrənməyə başladı. Nəticədə, o, qərara gəldi ki, musiqi karyerasının ardınca getməsin, bunun əvəzinə, Yehovaya ibadəti həyatında hər şeydən üstün tutsun. Bu heç də asan qərar deyildi. Bacı bölüşür: «Çoxları deyirdi ki, bu cür gözəl istedadı hədər edirəm. Amma mən həyatımı tamamilə Yehovaya xidmətə həsr etmək istəyirdim». Bəs görəsən, bacı təxminən 30 il əvvəl verdiyi qərar barədə indi nə düşünür? O deyir: «Bu qərarıma görə ürəyim rahatdır. Əminəm ki, Yehova gələcəkdə bütün arzularımı yerinə yetirəcək» (Zəb. 37:4).

Kollaj: Culiyanın verdiyi qərar səhnələşdirilib. 1) O, səhnədə auditoriya qarşısında mahnı oxuyur. 2) O, həyat yoldaşı ilə birlikdə yığıncaq görüşündə nəğmə oxuyur.

Yehovaya xidmət etmək həyatımızda əsas yeri tutsa, ən gözəl həyatı yaşayacağıq (16-cı abzasa baxın)c


YEHOVAYA İBADƏT ETMƏYƏ DAVAM EDİN!

17. a) Yehovaya hələ qulluq etməyən insanlar nə etməlidir və nəyə görə? b) Yehovaya xidmət etmək qərarını verənlər nəyi bilirlər?

17 Bu dünya sonuna çatmaq üzrədir. Həvari Bulus yazmışdı: «“Lap az” qalıb və “gələn kəs gələcək, gecikməyəcək”» (İbr. 10:37). Bu sözlərin mənası nədir? Əvvəla, bu o deməkdir ki, Yehovaya qulluq etməyən insanların qərar vermək üçün vaxtları az qalıb (1 Kor. 7:29). Yehovaya artıq qulluq edənlər isə bilir ki, sınaqlarla üzləşsələr də, bu «lap az» çəkəcək.

18. Yehova və İsa nə etməyimizi istəyir?

18 İsa Məsih insanları onun şagirdi olmağa və bundan sonra daim onun ardınca getməyə təşviq edirdi (Mət. 16:24). Odur ki, əgər uzun illərdir Yehovaya xidmət ediriksə, gəlin təslim olmayaq. Ona ibadət etmək qərarımıza bağlı qalmaq üçün çox zəhmət çəkmək lazımdır. Bu, asan olmasa da, görün artıq indidən biz nə qədər xoşbəxtik və nə qədər nemətlər alırıq! (Zəb. 35:27).

19. Bir qardaşın nümunəsindən nə öyrənirik?

19 Bəziləri hesab edir ki, Yehovaya xidmət çoxlu qurbanlar tələb edir. Əziz gənclər, sizə elə gəlirmi ki, Yehovaya ibadət etsəniz, nəyisə itirəcəksiniz? Bir gənc qardaş deyir: «Düşünürdüm ki, Yehovanın Şahidi olmaq insanın əl-qolunu bağlayır. Mənimlə birgə böyüyən uşaqlar partilərə gedirdilər, kiminləsə görüşürdülər, zorakı oyunlar oynayırdılar. Mənə elə gəlirdi ki, onlar kef eləyir, mənim isə günüm yığıncaqlarda və xidmətdə keçir». Bu cür düşüncələr nəyə gətirib çıxartdı? Qardaş deyir: «İkili həyat sürməyə başladım. Bir müddət bu mənə əyləncəli gəlirdi. Amma özümü sözün əsl mənasında xoşbəxt hiss etmirdim. Əməl etmədiyim Müqəddəs Kitab normalarının xeyri barədə düşünməyə başladım və Yehovaya bütün qəlbimlə qulluq etmək qərarına gəldim. Deyərdim, o vaxtdan bəri Yehovaya etdiyim heç bir duam cavabsız qalmayıb».

20. Biz nə etməyə qətiyyətli olmalıyıq?

20 Bir məzmurçu Yehovanı mədh edərək demişdi: «Həyətində yaşamaq üçün seçdiyin, Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir» (Zəb. 65:4). Odur ki, gəlin biz də Yuşədəki qətiyyətə sahib olaq. O demişdi: «Mən isə ailəmlə birlikdə Yehovaya ibadət edəcəyəm» (Yuş. 24:15).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəyə görə İsa Məsih Yehovaya ibadət etmək qərarını vermişdi?

  • Nəyə görə biz yalnız Yehovaya ibadət etməliyik?

  • Nəyə görə siz Yehovaya ibadət etmək qərarını vermisiniz?

NƏĞMƏ 28 Yehovanın dostu olaq

a Bəzi adlar şərtidir.

b ŞƏKLİN İZAHI. Bir qadın toplantı keçirilən ərazinin yaxınlığında əleyhdarların sözünü eşidəndən sonra ədəbiyyat arabamıza yaxınlaşır. Bacımız ona Allahın Kəlamındakı həqiqətləri danışır.

c ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkildə Culiya bacının karyeranı deyil, Yehovaya xidməti həyatında birinci yerə qoyduğu təsvir edilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş