TƏLİM MƏQALƏSİ 23
NƏĞMƏ 2 Yehovadır ismin
Yehovanın adı bizim üçün əzizdir
«Yehova bəyan edir: “Siz Mənim şahidlərimsiniz”» (ƏŞY. 43:10).
ƏSAS FİKİR
Bu məqalədən öyrənəcəyik ki, biz Yehovanın adının müqəddəs tutulmasında və bəraət qazanmasında hansı rolu oynayırıq.
1, 2. Yehovanın adının İsa üçün vacib olduğu nədən görünür?
YEHOVANIN adı İsa üçün hər şeydən önəmli idi. Bu ad uğrunda onun etdiyini heç kim etməyib. Ötən məqalədən öyrəndiyimiz kimi İsa Yehovanın adının müqəddəs olduğunu və yollarının haqq olduğunu sübut etmək üçün ölümə belə getməyə razı oldu (Mark 14:36; İbr. 10:7—9). Minillik hakimiyyətinin sonunda İsa Allahın adının müqəddəs tutulması üçün bütün hakimiyyəti könüllü şəkildə Ona təhvil verəcək (1 Kor. 15:26—28). İsanın Yehovanın adı uğrunda etdiyi hər şey Onu nə qədər çox sevdiyini sübut edir.
2 İsa Atasının adından yer üzünə gəldi (Yəh. 5:43; 12:13). Onun adını davamçılarına açdı (Yəh. 17:6, 26). İsa Atasının adıyla təlim verir, möcüzələr göstərirdi (Yəh. 10:25). O, Yehovadan xahiş etmişdi ki, Öz «adının xatirinə» gözü davamçılarının üstündə olsun (Yəh. 17:11). Bəli, öyrəndik ki, Yehovanın adı İsa üçün çox əziz idi. Bəs necə ola bilər ki, insan Məsihin əsl davamçısı olduğunu desin, amma Allahın adını bilməsin və ya çəkməsin?
3. Bu məqalədə nə haqda danışacağıq?
3 Biz həqiqi məsihilər olduğumuz üçün İsanın nümunəsini izləyib onun Atasının adını əziz tuturuq (1 But. 2:21). Bu məqalədən görəcəyik ki, nəyə görə Yehova Öz adını Padşahlıq haqqındakı müjdəni bəyan edən kəslərə verib (Mət. 24:14). Həmçinin öyrənəcəyik ki, Yehovanın adı hər birimiz üçün hansı mənanı daşımalıdır.
«ÖZ ADINI DAŞIYAN BİR XALQ»
4. a) İsa göyə qalxmazdan öncə şagirdlərinə hansı tapşırığı verdi? b) Hansı sualı müzakirə edəcəyik?
4 İsa göyə qalxmazdan bir az əvvəl şagirdlərinə demişdi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Deməli, şagirdlər xoş xəbəri tək İsraildə yox, hər yerdə təbliğ etməli idilər. Nəhayətdə, bütün xalqlardan olan insanların İsanın davamçısı olmaq imkanı yaranacaqdı (Mət. 28:19, 20). Fikir versək, İsa «mənim şahidim olacaqsınız» sözlərini işlətmişdi. Bəs bu o deməkdir ki, yeni şagirdlərin Yehovanın adını bilməsinə ehtiyac yox idi, onlar təkcə İsanın şahidi olacaqdılar? Həvarilərin işləri 15-ci fəsildə təsvir edilən hadisələr bu suala cavab tapmağımıza kömək edir.
5. Yerusəlimdəki həvarilər və ağsaqqallar hər kəsin Yehovanın adını bilməli olduğunu necə açıqladılar? (Həmçinin şəklə baxın.)
5 Eramızın 49-cu ilində Yerusəlimdə olan həvarilər və ağsaqqallar vacib bir məsələni həll etmək üçün toplaşmışdılar. Onlar qeyri-yəhudilərin məsihi olması üçün sünnət olunmasına ehtiyacın olub-olmadığını müzakirə edirdilər. Müzakirənin sonunda İsanın qardaşı Yaqub belə bir fikir deyir: «Allahın digər xalqlardan Öz adını daşıyan bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını [Butrus] ətraflı nəql etdi». Sözünün davamında o, Amus peyğəmbərin sözlərindən sitat gətirir: «Bu xalqdan qalmış adamlar digər xalqlardan olub Mənim adımı daşıyan insanlarla birgə Yehovanı ürəkdən axtarsınlar. Ta qədimdən bəlli olan bu şeyləri edən Yehova belə deyir» (Həv. 15:14—18). Deməli, bu yeni şagirdlər həm Yehova haqda öyrənməli, həm də Onun adını daşımalı idilər. Bu o deməkdir ki, onlar insanlara Allahın adını açacaqdılar və özləri də bu adla tanınacaqdılar.
Birinci əsrdə rəhbərlik şurasının görüşündə toplaşan qardaşlar anladılar ki, məsihilər Yehovanın adını daşıyan xalq olmalıdır (5-ci abzasa baxın)
6, 7. a) İsa yer üzünə nəyə görə gəlmişdi? b) İsanın yer üzünə gəlməsinin daha vacib səbəbi nə idi?
6 İsanın adının mənası «Yehova xilasdır» deməkdir. Doğrudan da, Yehovanın imanlı insanları xilas etməsi üçün İsa bir vasitəçi olmuşdu. O, yer üzünə bəşəriyyət uğrunda özünü fəda etmək üçün gəlmişdi (Mət. 20:28).
7 Bəs nəyə görə insanların fidyəyə ehtiyacı var idi? Səbəb Ədən bağında baş verən hadisələr idi. Əvvəlki məqalədə qeyd olunduğu kimi bəşəriyyətin ulu valideynləri olan Adəmlə Həvva Yehovaya qarşı üsyan etdi və günahlı oldular. Onlardan törəyən insanlar günahı miras aldılar və əbədi yaşamaq imkanlarını itirdilər (Yar. 3:6, 24). Fidyəni ödəməklə İsa insanların xilas olmasını və əbədi həyat qazanmasını mümkün etdi (Yəh. 3:16). Amma İsanın yer üzünə gəlişinin məqsədi təkcə bəşəriyyəti xilas etmək deyildi. Bundan daha vacib məsələ var idi. Yehovanın adına qara yaxılmışdı (Yar. 3:4, 5). Buna görə də Adəmlə Həvvanın övladlarının xilası mühüm məsələ ilə, Yehovanın adının müqəddəs tutulması ilə bağlı idi. İsa Yehovanı təmsil etdiyi və adını daşıdığı üçün bu adın müqəddəs tutulmasında aparıcı rol oynamışdı.
Necə ola bilər ki, insan Məsihin əsl davamçısı olduğunu desin, amma Allahın adını bilməsin və ya çəkməsin?
8. İsaya iman gətirən insanlar nələri başa düşməlidirlər?
8 İsaya iman edən hər kəs həm yəhudilər, həm də qeyri-yəhudilər bir şeyi başa düşməli idi: onların xilası İsanın Atasının, Yehova Allahın sayəsindədir, xilas mənbəyi Odur (Yəh. 17:3). Bundan əlavə, onlar da İsa kimi Yehovanın adını daşımalı idilər, bu adın müqəddəs tutulmasının vacibliyini anlamalı idilər. Xilasları bundan asılı idi (Həv. 2:21, 22). Deməli, İsanın bütün sadiq davamçıları onu da, Yehovanı da tanımalı idilər. Elə buna görə də İsa Yəhya 17-ci fəsildə yazılan duasına bu sözlərlə yekun vurur: «Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum» (Yəh. 17:26).
«SİZ MƏNİM ŞAHİDLƏRİMSİNİZ»
9. İsanın həqiqi davamçıları üçün ən vacibi nə olmalıdır?
9 Öyrəndiyimiz kimi İsanın həqiqi davamçılarının hamısı Yehovanın adını müqəddəs tutmalıdırlar (Mət. 6:9, 10). Onlar üçün Yehovanın adı bütün adlardan üstün olmalıdır. Bunu isə əməldə göstərmək lazımdır. Bəs Yehovanın adını müqəddəs tutmaq, başqa sözlə, Şeytanın Onun adına yağdırdığı böhtanlardan təmizləmək üçün biz nə edə bilərik?
10. «Əşiya» kitabının 42—44 fəsillərində hansı məcazi məhkəmə təsvir olunub? (Əşiya 43:9; 44:7—9; həmçinin şəklə baxın.)
10 Yehovanın adının müqəddəs tutulması üçün nə edə biləcəyimiz «Əşiya» kitabının 42—44 fəsillərində açıqlanır. Həmin fəsillərdə məcazi məhkəmə təsvir olunub. Yehova Ona qulluq etməyən insanları öz allahlarının var olduğunu sübut etməyə çağırır. Hətta bunu isbat edəcək şahidlərinin olub-olmadığını da soruşur. Bununla belə, sübut-dəlil gətirəcək bir nəfər də tapılmır. (Əşiya 43:9; 44:7—9 ayələrini oxuyun.)
Biz sözlərimizlə və davranışımızla Yehovanın var olan yeganə Allah olduğunu sübut edirik (10 və 11-ci abzaslara baxın)
11. Əşiya 43:10—12 ayələrində Yehova xalqına nə deyir?
11 Əşiya 43:10—12 ayələrini oxuyun. Yehova xalqına belə deyir: «Siz Mənim şahidlərimsiniz... Allah da Mənəm». Ardınca onlara belə bir sual verir: «Məndən başqa Allah varmı?» (Əşy. 44:8). Bizə bu suala cavab vermək şərəfi nəsib olub. Biz sözlərimizlə və davranışımızla Yehovanın var olan yeganə Allah olduğunu və adının bütün adlardan uca olduğunu sübut edirik. Şeytan yolumuza nə qədər maneələr çıxarsa da, həyat tərzimizlə açıq-aydın göstəririk ki, Yehovanı həqiqətən sevirik və Ona sadiqik. Bununla da Allahın adının müqəddəs tutulmasında bizim də payımız olur.
12. Əşiya 40:3, 5 ayələrindəki peyğəmbərlik necə yerinə yetdi?
12 Əşiya həmçinin peyğəmbərlik etmişdi ki, kimsə «Yehova üçün yolu təmizləyəcək», başqa sözlə, hazırlayacaq (Əşy. 40:3). Bu sözlər necə yerinə yetdi? Vəftizçi Yəhya İsa üçün yol hazırladı. Əslində, bu, Yehova üçün hazırlanan yol idi. Çünki İsa Yehovanın adından gəlmişdi və Onun adından danışırdı (Mət. 3:3; Mark 1:2—4; Luka 3:3—6). Həmin peyğəmbərlikdə belə sözlər deyilir: «Yehovanın calalı aşkar olacaq» (Əşy. 40:5). Bəs bu necə yerinə yetdi? İsa yer üzünə gələndə Yehovanı mükəmməl şəkildə təmsil etdi, sanki Yehova Özü yer üzünə gəlmişdi (Yəh. 12:45).
13. İsa Məsihin nümunəsini necə izləyə bilərik?
13 Biz Yehovanın adını müqəddəs tutanda İsa Məsih kimi davranırıq. Onun kimi biz də Yehovanın şahidləriyik. Biz Yehovanın adını daşıyırıq və Onun heyrətamiz işləri barədə hər kəsə danışırıq. Amma daha yaxşı şahidlik vermək üçün insanlara İsa Məsih haqda da danışmalıyıq. Onun Yehovanın adını müqəddəs tutmaqdan ötrü nələr etdiyini bəyan etməliyik (Həv. 1:8). İsa Yehovanın ən öndə gedən şahididir və biz onun izi ilə gedirik (Vəhy 1:5). Bəs Yehovanın adının bizə əziz olduğunu başqa necə göstərə bilərik?
YEHOVANIN ADININ BİZƏ ƏZİZ OLDUĞUNU GÖSTƏRƏK
14. Zəbur 105:3 ayəsində qeyd olunduğu kimi biz Yehovanın adına necə yanaşırıq?
14 Biz Yehovanın adı ilə fəxr edirik. (Zəbur 105:3 ayəsini oxuyun.) Yehovanın adı ilə öyünməyimiz Ona xoş gedir (Ərm. 9:23, 24; 1 Kor. 1:31; 2 Kor. 10:17). «Yehova ilə öyünmək» Onun bizim Allahımız olduğu ilə fəxr etmək mənasını verir. Allahımızın adını ucaltmaq və yollarının haqq olduğunu bəyan etmək bizim üçün şərəfdir. Biz heç vaxt iş yoldaşlarımıza, sinif yoldaşlarımıza, qonşularımıza və başqa insanlara Yehovanın Şahidi olduğumuzu deməyə utanmamalıyıq! Şeytan insanlarla Yehovanın adı haqda danışmağımızı istəmir (Ərm. 11:21; Vəhy 12:17). Şeytanın və onun yalanlarını yayanların istəyi odur ki, insanlar Allahın adını birdəfəlik unutsunlar (Ərm. 23:26, 27). Amma biz Yehovanın adını sevirik. Onun adı bizə «gecə-gündüz» sevinc bəxş edir (Zəb. 5:11; 89:16).
15. Yehovanın adını çağırmaq nə deməkdir?
15 Biz həmişə Yehovanın adını çağırırıq (Yuil 2:32; Rom. 10:13, 14). Yehovanın adını çağırmaq sadəcə bu adı bilmək və onu çəkmək demək deyil. Bura Allahın necə bir Varlıq olduğunu bilmək, Ona etibar etmək, həmçinin kömək və məsləhət üçün Ona üz tutmaq daxildir (Zəb. 20:7; 99:6; 116:4; 145:18). Bu həmçinin insanlara Yehovanın adını və xüsusiyyətlərini açıqlamaq deməkdir. Biz insanları tövbə etməyə və Yehovanın razılığını qazanmaq üçün müəyyən addımları atmağa təşviq edirik (Əşy. 12:4; Həv. 2:21, 38).
16. Şeytanın yalançı olduğunu necə sübut edə bilərik?
16 Biz Yehovanın adı naminə əzablara qatlaşmağa hazırıq (Yaq. 5:10, 11). Üzləşdiyimiz əzablara baxmayaraq Yehovaya sadiq qalanda Şeytanın yalançı olduğunu sübut edirik. Əyyub peyğəmbərin dövründə Şeytan Yehovaya qulluq edən insanlarla bağlı belə bir ittiham irəli sürmüşdü: «İnsan canından ötrü hər şeyini verər» (Əyy. 2:4). Şeytan demək istəyirdi ki, insanlar Allaha yalnız həyatlarında hər şey yaxşı olanda qulluq edirlər və çətinliklərlə üzləşsələr, Ondan üz döndərəcəklər. Əyyub sədaqətini qorumaqla bu ittihamın yalan olduğunu sübut etdi. Biz də sübut edə bilərik ki, Şeytan nə edirsə etsin, Yehovaya heç vaxt arxa çevirməyəcəyik. Əmin ola bilərik ki, Yehova Öz adı xatirinə nəzərini üstümüzdən çəkməyəcək (Yəh. 17:11).
17. 1 Butrus 2:12 ayəsinə əsasən başqa hansı yolla Yehovanın adına şərəf gətirə bilərik?
17 Yehovanın adına hörmətlə yanaşırıq (Məs. 30:9; Ərm. 7:8—11). Biz Yehovanı təmsil edirik və Onun adını daşıyırıq. Odur ki, bu adı ya ucaldacağıq, ya da ona ləkə gətirəcəyik. (1 Butrus 2:12 ayəsini oxuyun.) Biz əlimizdən gələni edib Yehovanı danışığımızla və davranışımızla ucaltmaq istəyirik. Belə etsək, qeyri-kamil olmağımıza baxmayaraq, Yehovanın adına ən gözəl şəkildə şərəf gətirəcəyik.
18. Yehovanın adının bizim üçün vacib olduğunu başqa necə göstərə bilərik? (Həmçinin haşiyəyə baxın.)
18 Bizim üçün Yehovanın adı öz adımızdan daha vacibdir (Zəb. 138:2). Nəyə görə belə demək olar? Çünki bəzən Yehovanın adı uğrunda etdiklərimiz öz adımıza xələl gətirə bilər, insanların gözündən düşə bilərika. İsa Yehovanın adını ucaltmaq naminə cinayətkar damğası ilə rüsvaycasına ölməyə razı oldu. O, «rüsvayçılığa məhəl qoymadı», yəni insanların onun haqqında nə fikirləşəcəyinin dərdini çəkmirdi, bundan ötrü həddən artıq narahat olmurdu (İbr. 12:2—4). Onun bir amalı var idi — Yehovanın iradəsini yerinə yetirmək (Mət. 26:39).
19. Yehovanın adı sizin üçün hansı mənanı daşıyır və nəyə görə?
19 Yehovanın adı ilə qürur duyuruq. Yehovanın Şahidi adlanmaq bizim üçün böyük fəxrdir. Buna görə də kim nə deyirsə desin, biz Onun adını ucaldacağıq. Yehovanın adı bizim üçün hətta öz ad-sanımızdan da önəmlidir. Şeytan bizi dayandırmaq üçün dəridən-qabıqdan çıxsa da, gəlin Yehovanın adını həmişə ucaldaq. Onda İsa Məsih kimi sübut edəcəyik ki, bizim üçün Yehovanın adından əziz heç nə yoxdur.
NƏĞMƏ 10 Allahımız Yehovaya həmd edin!
a Əyyub Yehovanın sadiq bəndəsi olsa da, üç dostu onun adına xələl gətirən sözlər deyəndə bu onu bərk narahat etdi. Əvvəlcə Əyyub övladlarını və mal-mülkünü itirdi. Bu zaman o, «nə günah etdi, nə də Allahı təqsirləndirdi» (Əyy. 1:22; 2:10). Amma yoldaşları Əyyubu şərləyəndə o, ağlına gələni danışmağa başladı. Əyyub Yehovanın adını ucaltmaq əvəzinə, öz adını təmizə çıxarmağa çalışmışdı (Əyy. 6:3; 13:4, 5; 32:2; 34:5).