TƏLİM MƏQALƏSİ 24
NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar
Yaqubun ölümqabağı peyğəmbərliyindən öyrəndiklərimiz (I hissə)
«Hamınız yanıma gəlin, sizin gələcəyiniz barədə sizə danışım» (YAR. 49:1).
ƏSAS FİKİR
Yaqubun ölüm yatağında olarkən Rubən, Şəmun, Lavi və Yəhuda ilə bağlı söylədiyi peyğəmbərliklər və bundan öyrəndiklərimiz.
1, 2. Yaqub ölümünə yaxın nə etdi və nəyə görə? (Həmçinin şəklə baxın.)
YEHOVANIN sadiq bəndəsi Yaqub qocalıb yaşa dolanda ailəsi ilə birgə Kənandan Misirə köçür. Burada o, sevimli oğlu Yusiflə qovuşur. Nəhayət, ona ailəsini bir arada görmək nəsib olur. Bu xoşbəxt illərin üstündən 17 il keçib (Yar. 47:28). Artıq Yaqub ömrünün sona çatdığını hiss edir. Buna görə də bütün ailəsini çağırır. Onlara deyəsi vacib sözü var (Yar. 49:28).
2 Həmin dövrdə atanın ölüm yatağında ailəsini başına yığıb vəsiyyət etməsi adi hal idi (Əşy. 38:1). Adətən bu zaman o ondan sonra kimin ailə başçısı olacağını da açıqlayırdı.
Yaqub ölüm ayağında 12 oğlu ilə bağlı peyğəmbərlik edir (1 və 2-ci abzaslara baxın)
3. Yaradılış 49:1, 2 ayələrinə əsasən Yaqubun dediyi sözlər nəyə görə xüsusi məna kəsb edirdi?
3 Yaradılış 49:1, 2 ayələrini oxuyun. Amma bu görüş fərqli idi. Yaqub peyğəmbər idi. Bu görüş zamanı o, Yehovanın ilhamı ilə oğullarını və onların nəslini gözləyən hadisələrdən danışır. Buna görə də bəzən Yaqubun sözləri ölümqabağı peyğəmbərlik adlanır.
4. Bu məqalədə nədən danışacağıq? (Həmçinin «Yaqubun ailəsi» adlı çərçivəyə baxın.)
4 Bu məqalədə biz Yaqubun dörd oğluna — Rubənə, Şəmuna, Laviyə və Yəhudaya dediyi sözlərə nəzər salacağıq. Növbəti məqalədə isə qalan səkkiz oğluna dediklərini araşdıracağıq. Görəcəyimiz kimi Yaqubun sözləri təkcə oğullarına yox, onların nəsillərinə də aid idi. Zamanla onlardan böyük xalq, İsrail xalqı törədi. Bu xalqın tarixinə nəzər salıb Yaqubun peyğəmbərliyinin necə yerinə yetdiyini görəcəyik. Onun sözlərindən özümüz üçün də vacib dərslər öyrənəcəyik və bu, səmavi Atamız Yehovanın razılığını qazanmağa kömək edəcək.
RUBƏN
5. Rubən nəyə ümid edirdi?
5 Yaqub birinci Rubənə müraciət edir. Ona «ilkim mənim» deyib sözə başlayır (Yar. 49:3). Rubən ilk oğul olduğuna görə çox yəqin ki, atasının mirasından iki pay alacağını düşünürdü. O həm də, ola bilsin, ümid edirdi ki, atasının ölümündən sonra ailənin başçısı olacaq və bu hüquq nəsilbənəsil onun övladlarına ötürüləcək.
6. Nəyə görə Rubən ilk oğulluq haqqını itirdi? (Yaradılış 49:3, 4).
6 Amma Rubən ilk oğulluq haqqını itirmişdi (1 Saln. 5:1). Nəyə görə? İllər əvvəl o, atasının kənizi Bəlhə ilə cinsi münasibətdə olmuşdu. Bəlhə Yaqubun sevimli arvadı Rəhilənin qulluqçusu idi. Rəhilə həmin vaxt artıq həyatda deyildi (Yar. 35:19, 22). Nəyə görə Rubən belə bir hərəkət etmişdi? Rubəni Yaqubun digər arvadı Ləya dünyaya gətirmişdi. Bəlkə də, Rubən qorxurdu ki, Bəlhə anası Ləyanın yerini tutar və Yaqub onu daha çox sevər. Ola bilsin, bunun baş verməməsi üçün Bəlhəni ləkələmişdi. Ya da ehtimal ki, o, ehtirasını cilovlaya bilməmişdi. Hər necə olsa da, onun əməli həm Yehovaya, həm də atasına ağır getmişdi. (Yaradılış 49:3, 4 ayələrini oxuyun.)
7. Rubən və onun nəslinin aqibəti necə oldu? (Həmçinin «Yaqubun ölümqabağı peyğəmbərliyi» adlı çərçivəyə baxın.)
7 Rubən ilk oğul olduğu üçün «ləyaqət, güc-qüvvət zirvəsi» olacağı gözlənilirdi. Amma Yaqub Rubənə belə deyir: «Zirvədən en!» Müqəddəs Kitabın heç bir yerində Rubənin nəslindən kiminsə padşah, kahin, yaxud peyğəmbər olduğu deyilmir. Bununla belə, Yaqub oğlunu xeyir-duasız qoymadı və Rubənin nəsli İsraildəki qəbilələrdən biri oldu (Yuş. 12:6). Rubən başqa vəziyyətlərdə gözəl xüsusiyyətlər əks etdirmişdi və görünür o, bir də heç vaxt əxlaqsızlıq etməmişdi (Yar. 37:20—22; 42:37).
8. Rubənin hadisəsindən nələr öyrənirik?
8 Nə öyrənirik? Biz nəfsimizə hakim olmaq və cinsi əxlaqsızlıqdan uzaq durmaq üçün var gücümüzlə çalışmalıyıq. Əgər bizi günaha sürükləyən vəziyyət yaranarsa, dayanıb düşünməliyik: «Bu hərəkətim Yehovaya, ailə üzvlərimə və başqalarına necə təsir edəcək?» Həmçinin unutmamalıyıq ki, «insan nə əkərsə, onu da biçəcək» (Qal. 6:7). Eyni zamanda Rubənin hadisəsi bizə Yehovanın nə qədər mərhəmətli Allah olduğunu xatırladır. Düzdür, Yehova bizi səhvimizin acı nəticəsindən qorumur, amma düzgün davranmağa çalışanda O bizi bağışlayır və mükafat verir.
ŞƏMUN VƏ LAVİ
9. Nəyə görə Yaqub Şəmun və Lavidən narazı idi? (Yaradılış 49:5—7).
9 Yaradılış 49:5—7 ayələrini oxuyun. Daha sonra Yaqub Şəmun və Laviyə müraciət edir və onlardan çox narazı olduğunu bildirir. Belə ki, illər öncə Siham adlı bir kənani Yaqubun qızı Dinəni zorlamışdı. Sözsüz ki, bacılarının başına gələnlər Yaqubun bütün oğullarına pis təsir etmişdi. Amma Şəmunla Lavi qəzəblərini cilovlamadılar. Onlar Sihamdakı kişilərə yalandan söz verdilər ki, sünnət olunsalar, onlarla yaxşı münasibətdə olacaqlar. Kişilər razılaşıb sünnət olundular. Onlar «hələ ağrı çəkərkən» Şəmunla Lavi «şəhərə girib heç kimdə şübhə oyatmadan şəhər kişilərini qılıncdan keçirdilər» (Yar. 34:25—29).
10. Şəmun və Lavi ilə bağlı deyilmiş peyğəmbərlik sözləri necə yerinə yetdi? (Həmçinin «Yaqubun ölümqabağı peyğəmbərliyi» adlı çərçivəyə baxın.)
10 İki oğlunun törətdiyi bu qəddarlıq Yaqubu dəhşətə gətirdi. O, peyğəmbərlik etdi ki, onlar İsraildə pərən-pərən düşəcək və mirasları bütün ölkəyə səpələnəcək. Bu peyğəmbərlik təxminən 200 il sonra, İsrail xalqı Vəd edilmiş diyara daxil olanda yerinə yetdi. Şəmun qəbiləsinə Yəhuda qəbiləsinin ərazisində hərəsi bir tərəfdə olan torpaq payları düşdü (Yuş. 19:1). Lavinin mirası isə bütün İsrail ərazisinə səpələnmiş 48 şəhərdən ibarət oldu (Yuş. 21:41).
11. Şəmun və Lavi qəbilələri hansı yaxşı işləri görmüşdülər?
11 Şəmun və Lavinin nəsli onların səhvini təkrarlamadı. Lavi qəbiləsi pak ibadəti sədaqətlə dəstəkləmişdi. Yehova Sina dağında Musa peyğəmbərə Qanun verərkən israillilərin çoxu danaya sitayiş etdi. Həmin vaxt lavililər Musanın tərəfini tutdu və pisliyi yox etmək üçün Musaya kömək etdilər (Çıx. 32:26—29). Yehova Lavi qəbiləsinə kahinlik etmək kimi şərəfli bir məsuliyyət həvalə etdi (Çıx. 40:12—15; Say. 3:11, 12). Sonralar Şəmun qəbiləsi Vəd edilmiş diyarın fəthi zamanı Yəhuda qəbiləsi ilə çiyin-çiyinə düşmənlərə qarşı vuruşmuşdu (Hak. 1:3, 17).
12. Şəmun və Lavidən hansı ibrəti götürürük?
12 Nə öyrənirik? Heç vaxt hirsli başla hərəkət etməməliyik. Kimsə bizimlə və ya doğmamızla pis rəftar edibsə, məyus olmağımız təbiidir (Zəb. 4:4). Amma yadda saxlamalıyıq ki, qəzəblənib ondan sözümüz və ya əməlimizlə əvəz çıxmağa çalışsaq, Yehova bizdən narazı qalacaq (Yaq. 1:20). Bizimlə haqsız rəftar edən insanın Yehovaya qulluq edib-etməməsindən asılı olmayaraq biz Müqəddəs Kitab prinsipləri əsasında davranmalıyıq. Onda hirsimizi töküb kimisə yaralayacaq hərəkətə yol verməyəcəyik (Rom. 12:17, 19; 1 But. 3:9). Bu hadisədən bir şey də öyrənmək olar. Əgər valideynləriniz Yehovanın bəyənmədiyi tərzdə davranırsa, unutmayın, siz onların yolunu izləməyə məcbur deyilsiniz. Düşünməyin ki, sizin vəziyyətiniz çıxılmazdır və siz heç vaxt Yehovanı razı sala bilməyəcəksiniz. Təslim olmayıb düzgün davranmağa çalışsanız, Yehova mütləq sizə yar olacaq.
YƏHUDA
13. Növbə Yəhudaya çatanda nəyə görə o, təşvişə düşə bilərdi?
13 Növbə Yəhudaya gəlib çatır. Yəqin, Yəhuda böyük qardaşlarına deyilənləri eşidəndə təşvişə düşür. Axı o da bəzi ciddi günahlar işləmişdi. Görünür, o da qardaşları ilə birlikdə Siham şəhərini talamağa getmişdi (Yar. 34:27). O və qardaşları Yusifi qul kimi satmışdılar və atalarına bu barədə yalan danışmışdılar (Yar. 37:31—33). İllər sonra o, gəlini Tamarın fahişə olduğunu düşünüb onunla yatmışdı (Yar. 38:15—18).
14. Yəhuda hansı yaxşı işləri görmüşdü? (Yaradılış 49:8, 9).
14 Bununla belə, Yəhuda atasından yalnız tərif və xeyir-dua eşidir. (Yaradılış 49:8, 9 ayələrini oxuyun.) Yəhuda vaxtilə yaşlı atasının hisslərinə böyük önəm vermişdi. Həm də kiçik qardaşı Binyamini çox istədiyindən onun yerinə qul olmağa razı idi (Yar. 44:18, 30—34).
15. Yəhudaya hansı nemətlər nəsib oldu?
15 Yaqub Yəhudanın qardaşları arasında aparıcı rol oynayacağını peyğəmbərlik etdi. Bu peyğəmbərlik təxminən 200 il sonra yerinə yetdi. İsrail xalqı Misirdən çıxıb səhra ilə Vəd edilmiş diyara gedərkən Yəhuda qəbiləsi digər qəbilələrin önündə gedirdi (Say. 10:14). İllər sonra bu qəbilə Vəd edilmiş diyarın fəth olunmasına başçılıq etmişdi (Hak. 1:1, 2). Üstəlik, Yəhuda qəbiləsindən çoxlu padşahlar gəldi və həmin padşahlardan birincisi Davud idi. Amma bu hələ son deyil.
16. Yaradılış 49:10 ayəsindəki peyğəmbərlik necə yerinə yetdi? (Həmçinin «Yaqubun ölümqabağı peyğəmbərliyi» adlı çərçivəyə baxın.)
16 Yaqub bildirdi ki, bəşəriyyətin daimi Hökmdarı Yəhuda nəslindən gələcək. (Yaradılış 49:10 ayəsini oxuyun.) Yaqubun «Şilo» adlandırdığı həmin Hökmdar İsa Məsihdir. Bir mələk İsa haqda demişdi: «Yehova Allah ona atası Davudun taxtını verəcək» (Luka 1:32, 33). İsa həmçinin «Yəhuda qəbiləsindən olan Şir» adlanır (Vəhy 5:5).
17. Başqalarına qarşı münasibətimizdə Yehovanın nümunəsini necə izləyə bilərik?
17 Nə öyrənirik? Yəhuda ciddi səhvlər etsə də, Yehova ona nemətlər bəxş etmişdi. Bəlkə də, onun qardaşları düşünürdü: «Görəsən, Yehova onda hansı yaxşı xüsusiyyətləri görüb?» Bunu dəqiq deyə bilməsək də, bir şeyi bilirik ki, Yehova Yəhudanın ürəyində yaxşı şeylər görmüşdü və buna görə də ona mükafat vermişdi. Yehovanın nümunəsini necə izləyə bilərik? Hansısa dindaşımıza xüsusi məsuliyyət həvalə olunanda, ola bilsin, onun çatışmayan cəhətlərini gördüyümüz üçün bu bizə qəribə gələ bilər. Amma unutmamalıyıq ki, Yehova gözəl xüsusiyyətlərinə görə ondan razıdır. Yehova Öz xidmətçilərində yaxşı şeylər görməyə çalışır, gəlin biz də buna can ataq.
18. Nəyə görə səbirli olmaq vacibdir?
18 Yəhudanın hadisəsindən daha bir şeyi, səbirli olmağın vacibliyini öyrənirik. Yehova vədlərini həmişə yerinə yetirir, amma bəzən bunu gözlədiyimiz tərzdə və istədiyimiz vaxtda etməyə bilər. Yəhuda nəsli Allahın xalqı arasında başçılıq etməyə dərhal başlamadı. Buna baxmayaraq, onlar Yehovanın başçı kimi təyin etdiyi kəslərə sədaqətlə dəstək olurdular. Bu başçıların arasında lavili Musa peyğəmbərin, əfraimli Yuşənin və ya binyaminli Talut padşahın adını çəkmək olar. Biz də kimliyindən asılı olmayaraq Yehovanın üzərimizdə rəhbərlik etmək üçün seçdiyi kəslərə tabe olmalıyıq (İbr. 6:12).
19. Yaqubun söylədiyi peyğəmbərlikdən Yehova haqda nələri öyrəndik?
19 Yaqubun ölüm ayağında dediyi peyğəmbərlikdən nələr öyrəndik? Aydın gördük ki, «Allah insan kimi baxmır» (1 İşm. 16:7). Yehova çox səbirli və bağışlayandır. Düzdür, Yehova səhv hərəkətə göz yummur, amma eyni zamanda xidmətçilərdən kamillik də gözləmir. Yehova hətta keçmişdə ciddi günah işləmiş insanlara da nemətlər verə bilər. Bir şərtlə ki, onlar tövbə etsinlər və düzgün işlər görsünlər. Növbəti məqalədə Yaqubun digər səkkiz oğluna dediyi sözlərə diqqət yetirəcəyik.
NƏĞMƏ 124 Sədaqətli olaq