TƏLİM MƏQALƏSİ 25
NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir
Yaqubun ölümqabağı peyğəmbərliyindən öyrəndiklərimiz (II hissə)
«Hərəsinə öz xeyir-duasını [verdi]» (YAR. 49:28).
ƏSAS FİKİR
Yaqubun səkkiz oğlu ilə bağlı ölümqabağı peyğəmbərliyi və öyrəndiyimiz dərslər.
1. Bu məqalədə nəyi araşdıracağıq?
YAQUBUN oğulları onun başına yığışıb yaşlı atalarının onların hər birinə verdiyi xeyir-duaya diqqətlə qulaq asırlar. Əvvəlki məqalədən öyrəndiyimiz kimi Yaqubun Rubənə, Şəmuna, Laviyə və Yəhudaya dediyi sözlər onları heyrətə salmışdı. Bəlkə də, eşitdikləri onlar üçün gözlənilməz olmuşdu. Ona görə də, yəqin, atalarının növbəti səkkiz oğluna deyəcəyi sözləri maraqla gözləyirdilər. Gəlin görək Yaqubun Zəbuluna, Yəsakirə, Dana, Cada, Aşirə, Niftalıya, Yusifə və Binyaminə dediklərindən nə öyrənirika.
ZƏBULUN
2. Zəbulun hansı xeyir-duanı almışdı və bu sözlər necə yerinə yetdi? (Yaradılış 49:13; həmçinin çərçivəyə baxın.)
2 Yaradılış 49:13 ayəsini oxuyun. Yaqub demişdi ki, Zəbulunun nəsli dəniz kənarında, Vəd edilmiş diyarın şimal hissəsində məskunlaşacaq. Bu sözlərin üstündən 200 ildən çox vaxt keçdi və Zəbulun qəbiləsi torpaq payı miras aldı. Onun ərazisi Cəlilə dənizi ilə Aralıq dənizi arasında yerləşirdi. Bununla belə, onların sevinib-şadlanmaq üçün əsası var idi. Nəyə görə? Bu qəbilənin ərazisi birbaşa dəniz kənarında olmasa da, iki dəniz arasında yerləşdiyinə görə ticari əlaqələr üçün dənizə asan çıxışı var idi. Yəqin, elə buna görə Musa belə bir peyğəmbərlik etmişdi: «Şadlan, ey Zəbulun, hər yola çıxanda» (Qan. 33:18).
3. Əlimizdəkilərlə qane olmağı necə öyrənə bilərik?
3 Nə öyrənirik? Harada yaşamağımızdan və şəraitimizdən asılı olmayaraq, xoşbəxt olmaq üçün səbəblərimiz həmişə var. Daim xoşbəxt olmaq üçün biz nəyimiz varsa, ona qane olmalıyıq (Zəb. 16:6; 24:5). Sahib olmadığımız şeylərə fikrimizi cəmləsək, asanlıqla qanımız qarala bilər. Odur ki, öz vəziyyətinizdəki müsbət şeyləri görüb həyatdan zövq alın (Qal. 6:4).
YƏSAKİR
4. Yəsakir hansı xeyir-duanı almışdı və bu sözlər necə yerinə yetdi? (Yaradılış 49:14, 15; həmçinin çərçivəyə baxın.)
4 Yaradılış 49:14, 15 ayələrini oxuyun. Yaqub Yəsakiri zəhmətkeş olduğuna görə tərifləyir. Onu ağır yüklər daşıya bilən sümüyü möhkəm ulağa bənzədir. Yaqub deyir ki, Yəsakir torpağı səfalı olacaq. Doğrudan da, Yəsakir qəbiləsi İordan çayının yanında yerləşən münbit, bəhrəli torpağı miras aldı (Yuş. 19:22). Sözsüz, onlar bu torpağı becərmək üçün çox zəhmət çəkirdilər. Üstəlik, başqalarına kömək etmək üçün güclərini əsirgəmirdilər (1 Pad. 4:7, 17). Məsələn, hakim Bərəq və Dəburə peyğəmbər Sisara qarşı döyüşdə israillilərdən yardım istəyəndə Yəsakir qəbiləsi köməyə gələn qəbilələrin arasında idi. Onlar başqa qəbilələr üçün də döyüşməyə həmişə hazır idilər (Hak. 5:15).
5. Nəyə görə zəhmətkeş olmalıyıq?
5 Nə öyrənirik? Yehova Yəsakir qəbiləsinin zəhmətini qiymətləndirdiyi kimi bizim də Ona xidmətdə çəkdiyimiz zəhməti qiymətləndirir (Vaiz 2:24). Məsələn, götürək yığıncaq üçün güclərini əsirgəməyən ağsaqqallarımızı (1 Tim. 3:1). Düzdür, onlar hərfi döyüşdə iştirak etmirlər, amma Allahın xalqını ruhani təhlükədən qorumaq üçün canla-başla çalışırlar (1 Kor. 5:1, 5; Yhd. 17—23). Bundan əlavə, onlar vaxtlarını, güclərini sərf edib nitqlər hazırlayır, sonra da bu nitqləri yığıncaqlarda söyləyib bacı-qardaşları ruhlandırırlar (1 Tim. 5:17).
DAN
6. Dan qəbiləsinə hansı tapşırıq verilmişdi? (Yaradılış 49:17, 18; həmçinin çərçivəyə baxın.)
6 Yaradılış 49:17, 18 ayələrini oxuyun. Yaqub Danı gürzəyə bənzətmişdi. Gürzə özündən qat-qat böyük şikardan qorxmur, məsələn, ata və atlıya hücum edə bilir. Doğrudan da, Dan İsrailin düşmənləri üçün çox təhlükəli idi. İsrail qəbilələri Vəd edilmiş diyara doğru gedəndə Dan qəbiləsi xalqı «arxadan müdafiə edirdi» (Say. 10:25). Hərçənd xalqın qalan hissəsi bundan xəbərsiz idi, bu çox vacib tapşırıq idi.
7. Yehovanın yolunda gördüyümüz işlərlə bağlı nəyi yadda saxlamalıyıq?
7 Nə öyrənirik? Heç olub, hansısa tapşırığı icra etmisiniz və sizə elə gəlib ki, gördüyünüz işə heç kim fikir vermədi. Bəlkə də, ibadət evinin təmizliyinə və ya qulluğuna kömək etmisiniz, yaxud toplantılar zamanı könüllü kimi xidmət etmisiniz və ya başqa işləri görmüsünüz. Bütün bunlara görə əhsən sizə! Unutmayın, Yehova Onun uğrunda etdiyiniz hər bir şeyi görür və qiymətləndirir. O görəndə ki, siz Ona başqalarından tərif eşitmək üçün yox, sevginizi ifadə etmək üçün qulluq edirsiniz, çox sevinir (Mət. 6:1—4).
CAD
8. Nəyə görə düşmənlər asanlıqla Cad qəbiləsinə hücum edə bilərdilər? (Yaradılış 49:19; həmçinin çərçivəyə baxın.)
8 Yaradılış 49:19 ayəsini oxuyun. Yaqub quldurların Cada basqın edəcəyini peyğəmbərlik etmişdi. Təxminən 200 il sonra Cad qəbiləsi İordan çayının şərqində yerləşən ərazini irs olaraq aldı. Həmin ərazi düşmənlərlə sərhəd idi. Buna görə də düşmənlər onlara asanlıqla hücum edə bilərdi. Buna rəğmən, cadlılar bu ərazidə qalmaq istəyirdi. Çünki burada onların mal-qaraları üçün yaxşı otlaqlar var idi (Say. 32:1, 5). Görünür, cadlılar çox cəsur insanlar idi. Ən əsası isə onlar Yehovaya etibar edirdilər. Əmin idilər ki, Yehova onlara verdiyi torpaqları quldurların əlindən qorumağa kömək edəcək. Hətta cadlılar uzun illər ərzində döyüşçülərini İordanın qərb hissəsinə göndərib digər qəbilələrə həmin əraziləri zəbt etməyə kömək etmişdilər (Say. 32:16—19). Onlar etibar edirdilər ki, evlərindən uzaqda olduqları vaxt Yehova onların arvad-uşaqlarını qoruyacaq. Cəsarətinə və fədakarlığına görə Yehova Cad qəbiləsini mükafatlandırdı (Yuş. 22:1—4).
9. Yehovaya etibarımız həyatdakı qərarlarımıza necə təsir edir?
9 Nə öyrənirik? Çətinliklərə baxmayaraq, Yehovaya xidmətimizi davam etdirmək üçün Ona etibar etməliyik (Zəb. 37:3). Bu gün çox bacı-qardaşımız böyük fədakarlıq göstərərək təşkilatımızın tikinti layihələrində iştirak edir, təbliğçilərə tələbat olan əraziyə köçür və ya digər təyinatları yerinə yetirir. Onlar bunu Yehovaya etibardan irəli gələrək edirlər. Arxayındırlar ki, Yehova hər zaman onların qeydinə qalacaq (Zəb. 23:1).
AŞİR
10. Aşir qəbiləsi nə etməkdən boyun qaçırdı? (Yaradılış 49:20; həmçinin çərçivəyə baxın.)
10 Yaradılış 49:20 ayəsini oxuyun. Yaqub peyğəmbərlik etmişdi ki, Aşir qəbiləsinin varı başından aşacaq və bu belə də oldu. Onun payına düşən ərazilərin müəyyən hissəsi İsraildə ən münbit torpaqlar idi (Qan. 33:24). Aşirin payına düşən torpaqlar Aralıq dənizi ilə də sərhəd idi və Finikiya şəhəri olan Sidona kimi uzanırdı. Bu zəngin liman şəhərinə müxtəlif yerlərdən çoxlu məhsul gəlirdi. Amma Aşir ölkədə yaşayan kənaniləri qovmadı (Hak. 1:31, 32). Görünür, bu qəbilə kənanilərin pis təsirinə uyub maddi şeylərə önəm verməyə başladı. Nəticədə, onlar pak ibadətə artıq əvvəlki qədər can yandırmırdılar. Hakim Bərəq Kənan ordusuna qarşı döyüşməyə könüllülər axtaranda Aşir bu çağırışa hay vermədi. Nəticədə, «Megiddo suları yanında»kı möcüzəvi qələbədə pay sahibi olmadı (Hak. 5:19—21). Dəburə ilə Bərəq zəfər nəğməsində bu sözləri demişdi: «Aşir dəniz sahilində boş-bikar oturdu». Yəqin, bunu eşitmək Aşir üçün utancverici idi (Hak. 5:17).
11. Nəyə görə maddiyyata tarazlı yanaşmalıyıq?
11 Nə öyrənirik? Biz Yehovaya hər şeyin ən yaxşısını vermək istəyirik. Bunun üçün ehtiyatlı olmalıyıq ki, bu dünyanın maddiyyata, var-dövlətə baxışına yoluxmayaq (Məs. 18:11). Biz pul məsələsində tarazlığı qorumağa çalışırıq (Vaiz 7:12; İbr. 13:5). Vaxtımızı və gücümüzü ehtiyac duymadığımız şeyləri almağa sərf etmirik, əksinə, Yehovanın yolunda əlimizdən gələni əsirgəmirik. Bilirik ki, bizi gələcəkdə sözün əsl mənasında rahat və firavan həyat gözləyir (Zəb. 4:8).
NİFTALI
12. Niftalı hansı xeyir-duanı aldı və ehtimal ki, bu necə yerinə yetdi? (Yaradılış 49:21; həmçinin çərçivəyə baxın.)
12 Yaradılış 49:21 ayəsini oxuyun. Yaqub peyğəmbərlik etmişdi ki, Niftalı «lətif» sözlər söyləyəcək. Çox yəqin ki, bu, İsanın xidməti ərzində məharətlə təlim verməsinə, danışıq qabiliyyətinə aiddir. O, xeyli müddət Niftalı qəbiləsinin ərazisi olan Kəfərnahumda yaşamışdı. Məhz elə buna görə Kəfərnahumun onun «öz şəhəri» olduğu deyilir (Mət. 4:13; 9:1; Yəh. 7:46). Həmçinin Əşiya peyğəmbərlik etmişdi ki, İsa Zəbulun və Niftalı camaatı üçün «parlaq işıq» olacaq (Əşy. 9:1, 2). Verdiyi təlim sayəsində İsa «hər cür insanı nurlandıran əsl nur» oldu (Yəh. 1:9).
13. Danışığımızın Yehovanı razı salması üçün nə edə bilərik?
13 Nə öyrənirik? Yehova sözlərimizə və onları demək tərzimizə fikir verir. Bəs nə edə bilərik ki, «lətif sözlər» danışaq və Yehovanı razı salaq? Əvvəla, həqiqəti danışmalıyıq (Zəb. 15:1, 2). Ətrafımızdakı insanları ruhlandırmağa çalışmalıyıq. Qoy onlar bizdən tənqid və ya şikayət yox, tərif eşitsinlər (Efes. 4:29). Həmçinin məqsəd qoya bilərik ki, daha məharətlə söhbətə başlayıb insanlara şahidlik verək.
YUSİF
14. Yusifə verilən xeyir-dua necə yerinə yetdi? (Yaradılış 49:22, 26; həmçinin çərçivəyə baxın.)
14 Yaradılış 49:22, 26 ayələrini oxuyun. Yusif Yaqubun sevimli arvadı Rəhilənin ilki idi. Çox yəqin ki, Yaqub Yusiflə fəxr edirdi. Yehova Yusifi «qardaşlarının içindən» seçmişdi. Yaqub onu «barlı ağacın pöhrəsi» adlandırmışdı. Yaqub həmin ağacın özü, Yusif isə pöhrəsi idi. Yaqub qeyd etmişdi ki, Ləyanın ilk oğlu Rubənin məhrum olduğu iki pay Yusifə nəsib olacaq (Yar. 48:5, 6; 1 Saln. 5:1, 2). Bu peyğəmbərlik yerinə yetdi. Yusifin oğulları Əfraim və Mənəssə iki ayrı qəbilə olub hərəsi ayrı-ayrılıqda torpaq payı aldı (Yar. 49:25; Yuş. 14:4).
15. Yusif haqsızlıqla üzləşəndə necə davrandı?
15 Yaqub Yusif haqda həmçinin belə sözlər də demişdi: «Oxçular... onu oxa tutdular. Onunla düşmənçilik etdilər» (Yar. 49:23). Bu sözlər Yusifə paxıllıq edən qardaşları haqda idi. Onlar Yusiflə haqsız davranmış, başına bir çox bəlaların gəlməsinə səbəb olmuşdular. Bununla belə, Yusif nə qardaşlarına kin saxladı, nə də Yehovanı günahlandırdı. O, möhkəm qaldı və bütün sınaqları boyu Yehovanın köməyinə arxalandı. Yaqub demişkən, Yusifin «kamanı sınmadı, qolunun qüvvəti tükənmədi» (Yar. 49:24). O, qardaşlarını nəinki bağışladı, hətta onlara böyük xeyirxahlıq göstərdi (Yar. 47:11, 12). Yusif sınaqların onu saflaşdırmasına imkan verdi (Zəb. 105:17—19). Nəticədə, Yehova onun vasitəsilə böyük işlər həyata keçirdi.
16. Sınaqlarla üzləşən zaman Yusifin nümunəsini necə izləyə bilərik?
16 Nə öyrənirik? Sınaqların sizi Yehovadan və dindaşlarınızdan uzaqlaşdırmasına yol verməyin. Unutmayın, Yehova bəzən bizə təlim vermək üçün iman sınaqlarına icazə verir (İbr. 12:7). Bu təlim bizə məsihi xüsusiyyətlərini yetişdirməyə kömək edə bilər. Məsələn, mərhəmətli olmağı və bağışlamağı öyrənə bilərik (İbr. 12:11). Dözüm göstərsək, biz də Yusif kimi Yehovadan mükafat alacağıq.
BİNYAMİN
17. Binyamin haqda deyilən xeyir-dua necə yerinə yetdi? (Yaradılış 49:27; həmçinin çərçivəyə baxın.)
17 Yaradılış 49:27 ayəsini oxuyun. Yaqub binyaminlilərin canavar tək güclü döyüşçü olacağını peyğəmbərlik edir (Hak. 20:15, 16; 1 Saln. 12:2). «Səhər», yəni İsrail padşahlığının başlanğıcında Binyamin qəbiləsindən olan Talut ilk padşah oldu. O, filiştlilərə qarşı canavartək amansızcasına döyüşmüşdü (1 İşm. 9:15—17, 21). «Axşam», yəni İsrailin padşah sülaləsi sona çatanda binyaminli olan məlikə Əstərlə baş vəzir Mərdəhay Fars imperiyasının israillilərin kökünü kəsməsinə imkan vermədi (Əst. 2:5—7; 8:3; 10:3).
18. Binyamin qəbiləsinin sədaqətindən necə örnək ala bilərik?
18 Nə öyrənirik? Binyamin qəbiləsindən Talut taxta çıxanda, yəqin ki, bütün binyaminlilər bununla fəxr edirdi. Amma sonra Yehova Yəhuda qəbiləsindən olan Davudu padşah təyin etdi. Binyaminlilər bu dəyişikliyi tədricən dəstəklədilər (2 İşm. 3:17—19). Uzun illər sonra digər qəbilələr Yəhudaya üsyan edəndə binyaminlilər həm Yəhudaya, həm də Yehovanın təyin etdiyi padşaha sadiq qaldılar (1 Pad. 11:31, 32; 12:19, 21). Gəlin biz də Yehovanın xalqına rəhbərlik etmək üçün təyin etdiyi kəslərə sədaqətlə dəstək olaq (1 Salon. 5:12).
19. Yaqubun ölümqabağı peyğəmbərliyindən nə öyrənirik?
19 Yaqubun ölümqabağı peyğəmbərliyindən çox şey öyrənirik. Bu peyğəmbərliyin necə yerinə yetdiyini araşdıranda Kəlamdakı digər peyğəmbərliklərə də imanımız möhkəmlənir. Həmçinin Yehovanı razı salmağın yolunu daha yaxşı başa düşürük.
NƏĞMƏ 128 Axıra kimi dözək
a Yaqub Rubənə, Şəmuna, Laviyə və Yəhudaya xeyir-duanı böyükdən kiçiyə doğru versə də, digər oğullarında bu ardıcıllığı izləmir.