TƏLİM MƏQALƏSİ 26
NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq
Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
«Qüdrət Sahibi dərkedilməzdir» (ƏYY. 37:23).
ƏSAS FİKİR
Nəyisə bilməyəndə bunu təvazökarlıqla qəbul etmək, fikrimizi bildiyimiz şeylərə cəmləmək və Yehovaya etibar etmək qeyri-müəyyən vəziyyətlərdə köməyimizə çatacaq.
1. Yehova bizə hansı qabiliyyəti verib və nəyə görə?
YEHOVA bizi düşünmək, biliyimizi artırmaq, dərrakəyə yiyələnmək və hikmətli davranmaq bacarığı ilə yaradıb. Nəyə görə O bizi bu cür bacarıqlarla xəlq edib? Çünki «Allahın elminə» yetişməyimizi və Ona ağılla ibadət etməyimizi istəyir (Məs. 2:1—5; Rom. 12:1).
2. Nəyi qəbul etməliyik və bunun bizə hansı xeyri var? (Əyyub 37:23, 24; həmçinin şəklə baxın.)
2 Yehova bizə yeni şeylər öyrənmək qabiliyyəti versə də, bilmədiyimiz çox şey var. (Əyyub 37:23, 24 ayələrini oxuyun.) Əyyub peyğəmbəri yadımıza salaq. Yehovanın verdiyi suallar onun çox şeyi bilmədiyini üzə çıxartdı. Bu hadisədən sonra Əyyub təvazökar olmağın və düşüncəsində dəyişiklik etməyin vacibliyini başa düşdü (Əyy. 42:3—6). Yaxşı olar ki, biz də hər şeyi bilmədiyimizi qəbul edək. Bunun sayəsində təvazökar olacağıq və Yehovanın bizə hikmətli qərar verməyimiz üçün lazım olan hər şeyi açıqlayacağına etibar edəcəyik (Məs. 2:6).
Əyyub kimi bilmədiyimiz şeylərin olduğunu qəbul etmək bizim də xeyrimizədir (2-ci abzasa baxın)
3. Bu məqalədə nəyi müzakirə edəcəyik?
3 Bu məqalədə bilmədiyimiz bəzi şeylərdən və bunun nəticəsində üzləşdiyimiz çətinliklərdən danışacağıq. Həmçinin müəyyən şeyləri bilməməyimizin bizim öz xeyrimizə olduğunu görəcəyik. Əmin olacağıq ki, «kamil bilik Sahibi» Yehova bilməli olduğumuz heç bir məlumatı bizdən gizli saxlamır (Əyy. 37:16).
SONUN NƏ ZAMAN GƏLƏCƏYİNİ BİLMİRİK
4. Mətta 24:36 ayəsində bilmədiyimiz hansı məqam vurğulanır?
4 Mətta 24:36 ayəsini oxuyun. Yehovanın Şeytan dünyasına nə vaxt son qoyacağı bizə məlum deyil. Hətta İsa da yer üzündə olanda «o günü və saatı» bilmirdia. Sonralar İsa həvarilərinə demişdi ki, müəyyən hadisələrin nə vaxt baş verəcəyi zamanın Sahibi Yehovanın «ixtiyarındadır» (Həv. 1:6, 7). Yehova bu dünyanın sonunun gələcəyi vaxtı təyin edib. Biz bunun nə vaxt baş verəcəyini dəqiqliklə bilə bilmərik.
5. Sonun nə vaxt gələcəyini bilməməyimiz bizə necə təsir edə bilər?
5 İsanın dediklərini nəzərə alsaq, biz bilmirik, sonun gəlişini nə qədər gözləməli olacağıq. Buna görə də, ola bilsin, səbrimiz tükənsin və ya ruhdan düşək. Əgər Yehovanın gününü artıq uzun müddətdir gözləyiriksə, bu, xüsusilə çətin ola bilər. Digər tərəfdən, ola bilsin, ailə üzvlərimiz və ya başqa insanlar buna görə bizi ələ salsınlar (2 But. 3:3, 4). Bəlkə də, fikirləşirik ki, sonun nə vaxt gələcəyini dəqiq bilsəydik, daha səbirlə gözləyərdik və camaatın rişxəndinə dözmək bizə asan olardı.
6. Sonun dəqiq tarixini bilməməyimiz nəyə görə yaxşıdır?
6 Yehovanın sonun dəqiq tarixini açıqlamaması bizə imkan yaradır ki, Ona sevgidən və etibardan irəli gələrək qulluq etdiyimizi göstərək. Biz Yehovaya ağlımızda hansısa tarixi tutub ibadət etmirik, əks halda, elə çıxardı ki, imanımızın “son istifadə tarixi” həmin vaxta qədərdir. Biz diqqətimizi, əsasən, «Yehovanın gününü»n nə vaxt gələcəyinə deyil, həmin gün gələndə nələrin həyata keçəcəyinə cəmləyirik. Bu, kömək edir ki, Yehovaya daha da yaxın olaq, Ona etibar edək və Onu razı salmaq üçün var gücümüzlə çalışaq (2 But. 3:11, 12).
7. Nələri bilirik?
7 Yaxşı olar ki, diqqətimizi bildiyimiz şeylərə cəmləyək. Məsələn, bilirik ki, axırzaman 1914-cü ildə başlayıb. Yehova axırzamanın məhz həmin tarixdə başladığına dair çoxlu peyğəmbərliklər verib. Həmçinin həmin ildən bəri dünyada hansı vəziyyətin olacağını ətraflı açıqlayıb. Bunun sayəsində tamamilə əminik ki, «Yehovanın möhtəşəm günü yaxındır» (Səf. 1:14). Yehovanın bizə hansı işi buyurduğunu da bilirik: O, Padşahlıq haqqındakı müjdəni mümkün qədər çox insana təbliğ etməyimizi istəyir (Mət. 24:14). Hal-hazırda bu müjdə təxminən 240 ölkə və ərazidə 1000-dən çox dildə təbliğ edilir. Bu mühüm işdə canla-başla iştirak etmək üçün «o günü və saatı» bilməyimizə ehtiyac yoxdur.
YEHOVANIN BİZİM ÜÇÜN NƏLƏR EDƏCƏYİNİ BİLMİRİK
8. «Allahın işi» deyiləndə nə nəzərdə tutulur? (Vaiz 11:5).
8 Biz heç də həmişə Allahın işini bilə bilmərik. (Vaiz 11:5 ayəsini oxuyun.) «Allahın işi» deyiləndə Onun Öz iradəsini yerinə yetirmək üçün Özünün səbəb olduğu və ya baş verməsinə izin verdiyi hadisələr nəzərdə tutulur. Biz dəqiq bilmirik, Yehova müəyyən şeylərin baş verməsinə nəyə görə icazə verir, yaxud bizim rifahımız naminə konkret nələr edəcək (Zəb. 37:5). Bunu ana bətnindəki uşağın inkişafına bənzətmək olar. İnkişafın necə getdiyi bizə tam məlum deyil, heç alimlər də bunu axıra kimi dərk edə bilmirlər. Buna bənzər tərzdə Yehovanın işlərini də tam dərk etməyimiz mümkünsüzdür.
9. Yehovanın bizim üçün nə edəcəyini konkret bilmədiyimiz üçün bizdə hansı fikirlər yarana bilər?
9 Yehovanın bizim rifahımız naminə nələr edəcəyini bilməməyimiz qərarsız olmağımıza gətirib çıxara bilər. Biz xidmətimizi genişləndirmək üçün qurbanlar verməyə, məsələn, həyatımızı sadələşdirməyə və ya təbliğçilərə tələbat olan əraziyə köçməyə tərəddüd edə bilərik. Yaxud da ruhani məqsədlərimizə çatmayanda, xidmətdə çox çalışıb bəhrəsini görməyəndə və ya hansısa teokratik layihə ilə bağlı iş düyünə düşəndə Yehovanın bizdən narazı olduğunu düşünə bilərik.
10. Yehovanın nələr edəcəyini bilməməyimiz hansı vacib xüsusiyyətləri yetişdirməyimizə kömək edir?
10 Yehovanın necə hərəkətə keçəcəyini bilməməyimiz təvazökarlığı və bu kimi digər vacib xüsusiyyətləri yetişdirməyimizə kömək edir. Bunun sayəsində biz Yehovanın fikirlərinin və yollarının bizimkindən nə qədər uca olduğunu başa düşürük (Əşy. 55:8, 9). Həmçinin Yehovaya daha çox etibar etməyi, işimizi avand edəcəyinə güvənməyi öyrənirik. Xidmətdə, yaxud hansısa teokratik layihədə yaxşı nəticələr əldə edəndə biz Yehovaya şərəf veririk (Zəb. 127:1; 1 Kor. 3:7). Müəyyən işlər istədiyimiz kimi getməyəndə isə unutmuruq ki, hər şey Yehovanın nəzarəti altındadır. Bu bizə ürəyimizdə sülh, qəlb rahatlığı duymağa kömək edəcək (Əşy. 26:12). Biz öz öhdəmizə düşən işi görürük, qalanını isə Yehovanın öhdəsinə buraxırıq. Biz əminik ki, Yehova bizə lazımi istiqaməti göstərəcək. Keçmişdə etdiyi kimi möcüzəvi şəkildə olmasa da, bunu mütləq edəcək (Həv. 16:6—10).
11. Yehova haqda bildiyimiz hansı həqiqətlər bizə kömək edə bilər?
11 Bilirik ki, Yehova məhəbbətli, ədalətli və müdrik Allahdır. Həmçinin bilirik ki, Yehova Onun uğrunda və dindaşlarımızdan ötrü etdiklərimizi çox qiymətləndirir. Üstəlik, Ona sadiq qalan kəsləri həmişə mükafatlandırdığını da bilirik (İbr. 11:6).
SABAH BAŞIMIZA NƏ GƏLƏCƏYİNİ BİLMİRİK
12. Yaqub 4:13, 14 ayələrinə əsasən biz nəyi bilmirik?
12 Yaqub 4:13, 14 ayələrini oxuyun. Biz sabah başımıza nələrin gələcəyindən xəbərsizik. Bu dünyada bəzən «vaxt və təsadüf»ün qurbanı oluruq (Vaiz 9:11). Ona görə də bilmirik, planlarımız baş tutacaq, yoxsa yox və ya ümumiyyətlə, onları həyata keçirmək üçün sağ qalacağıqmı.
13. Gələcəklə bağlı naməlumluq bizə necə təsir edə bilər?
13 Gələcəklə bağlı naməlumluq insan üçün daşınması ağır olan bir yükə çevrilə bilər. Məsələn, ola bilər ki, sabah başımıza nəyin gələcəyini bilmədiyimizə görə narahat olaq və nəticədə, sevincimizi itirək. Çünki qəfil baş verən faciələr və ya gözlənilməz hadisələr həyatımızın axarını dəyişib ürəyimizdə kədər, qəzəb yarada bilər. Hər şeyin gözlədiyimiz kimi getməməsi isə məyusluğa, ruhdan düşkünlüyünə səbəb ola bilər (Məs. 13:12).
14. Xoşbəxtliyimiz nədən asılıdır? (Həmçinin şəkillərə baxın.)
14 Həyatımızda nə baş verirsə versin, biz sübut edə bilərik ki, Yehovaya xudbin niyyətlə yox, məhəbbətdən irəli gələrək xidmət edirik. Müqəddəs Kitabda yazılanlardan görmək olar ki, Yehovanın bizi hər çətinlikdən qoruyacağını gözləməməliyik və O, həyatımızda hansı hadisələrin baş verəcəyini qabaqcadan müəyyən etməyib. Yehova bilir ki, xoşbəxtliyimiz gələcəkdə bizimlə nə baş verəcəyini bilməyimizdən asılı deyil. Xoşbəxtliyimiz Yehovanın rəhbərliyinə üz tutmağımızdan və Ona itaət etməyimizdən asılıdır (Ərm. 10:23). Qərar verərkən Yehovanın fikrini nəzərə almaqla sanki belə demiş oluruq: «Əgər Yehova məsləhət bilsə, sağlıq olsun, filan-filan şeyi edərik» (Yaq. 4:15).
Yehovanın rəhbərliyini axtarırıqsa və Ona itaət ediriksə, əmin ola bilərik ki, O bizə dayaq olacaq (14 və 15-ci abzaslara baxın)b
15. Gələcəklə bağlı nəyi bilirik?
15 Hər açılan günün bizə nə gətirəcəyini bilməsək də, vacib bir şeyi bilirik: Yehova bizə vəd edib ki, göydə, yaxud yerdə əbədi yaşayacağıq. Bilirik ki, Yehova heç vaxt yalan danışmır və heç nə Ona vədlərini yerinə yetirməyə mane ola bilməz (Tit. 1:2). Yalnız O, «axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən xəbər verir». Onun keçmişdə dedikləri yerinə yetdiyi kimi gələcəklə bağlı dedikləri də yerinə yetəcək (Əşy. 46:10). Biz dəqiqliklə bilirik ki, heç nə Yehovanın bizə olan məhəbbətinin qarşısını ala bilməz (Rom. 8:35—39). Başımıza nə gəlirsə gəlsin, buna dözməyimiz üçün Yehova bizə hikmət, təsəlli və güc verəcək. Onun bizə dayaq olacağına və nemətlər bəxş edəcəyinə əmin ola bilərik (Ərm. 17:7, 8).
YEHOVANIN BİZİ NƏ QƏDƏR YAXŞI TANIDIĞINI AXIRA QƏDƏR DƏRK EDƏ BİLMƏRİK
16. Zəbur 139:1—6 ayələrinə əsasən Yehova nəyi bilir və bu bizdə hansı hissləri doğurur?
16 Zəbur 139:1—6 ayələrini oxuyun. Yaradanımız necə xəlq olunduğumuzu bilir, həmçinin bizim fiziki, emosional və əqli cəhətdən formalaşmağımıza təsir edən amillərdən agahdır. Onun nəzəri həmişə üstümüzdədir. Yehova nə dediyimizi, bunu deyərkən nəyi nəzərdə tutduğumuzu, həmçinin nə etdiyimizi və bunu hansı səbəbə etdiyimizi yaxşı bilir. Davud padşahın dediyi kimi Yehova bizi qorumaq üçün nəzərini üstümüzdən ayırmır və hər an harayımıza çata bilər. Bir düşünün, Külli-İxtiyar Varlıq, yeri və göyü yaradan Qadir Allah sizinlə bu qədər yaxından maraqlanır. Bu, möhtəşəmdir! Davud demişdi: «Ağlım bu şeyləri sığışdıra bilmir, bunu dərk edə bilmirəm» (Zəb. 139:6).
17. Nəyə görə bəzilərinə Yehovanın onları yaxından tanıdığına inanmaq çətin gələ bilər?
17 Ola bilər, böyüdüyümüz ailə, mədəniyyət, yaxud əvvəlki etiqadımıza görə Yehovaya qayğımıza qalan məhəbbətli Ata kimi baxmaq bizə çətin olsun. Yaxud keçmiş səhvlərimizə görə düşünürük ki, Yehova bizim kimi insanı tanımaq istəməz və bizdən çox uzaqdır. Bu cür hissləri bəzən Davud peyğəmbər də keçirirdi (Zəb. 38:18, 21). Ya da ola bilər ki, insan sürdüyü əxlaqsız həyat tərzini dəyişmək və Yehovanın normaları ilə yaşamaq üçün mübarizə aparır. O belə düşünə bilər: «Yehova məni yaxşı tanıyırsa, nəyə görə məndən bu qədər çətin bir şey istəyir?»
18. Yehovanın bizi bizdən də yaxşı tanıdığını qəbul etmək nəyə görə vacibdir? (Həmçinin şəkillərə baxın.)
18 Yehovanın bizi bizdən yaxşı tanıdığını, özümüzdə görmədiyimiz gözəl xüsusiyyətləri gördüyünü qəbul etməliyik. Düzdür, Yehova bizim səhvlərimizi görür, keçirdiyimiz hisslərin və davranışımızın arxasında duran səbəbi bilir, amma onu da bilir ki, biz dəyişə bilərik və bizə məhəbbətlə kömək edir (Rom. 7:15). Yehovanın daxilimizdəki potensialı gördüyünü anlasaq, bu bizə sədaqətlə və sevinclə xidmət etməyə güc verəcək.
Yehova yeni dünyada gözəl həyatın olacağına imanımızı möhkəmləndirir. Bunun sayəsində bu dünyada üzləşdiyimiz qəfil çətinliklərə tab gətirə bilirik (18 və 19-cu abzaslara baxın)c
19. Yehova haqda nəyi dəqiq bilirik?
19 Biz bilirik ki, Yehova məhəbbətdir. Buna qətiyyən şübhə yeri yoxdur (1 Yəh. 4:8). Yehova bizə nə buyurursa, bunu sevgidən irəli gələrək, bizim xeyrimizi düşündüyü üçün edir. Yehovanın bizə əbədi həyat vermək istədiyini də bilirik. O bunu mümkün etmək üçün fidyə qurbanlığını verib. Fidyə sayəsində əminik ki, səhvlər etsək də, Yehova ibadətimizi qəbul edir (Rom. 7:24, 25). Həmçinin bizə məlumdur ki, «Allah ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəh. 3:19, 20). Bəli, Yehova bizimlə bağlı hər şeydən agahdır və Onun iradəsini yerinə yetirə biləcəyimizə əmindir.
20. Həddən artıq narahat olmamaq üçün bizə nə kömək edə bilər?
20 Yehova bizə lazım olan heç bir məlumatı gizli saxlamayıb. Buna görə də bilmədiyimiz şeylərə görə çox narahat olmamalıyıq və diqqətimizi həqiqətən vacib olan şeylərə cəmləməliyik. Bununla təvazökar olduğumuzu və «kamil bilik Sahibi» Yehovaya tam etibar etdiyimizi göstərəcəyik (Əyy. 36:4). Hal-hazırda bəzi şeyləri axıra kimi başa düşmürük. Amma vaxt gələcək, uca Allahımız bizə yeni-yeni şeylər öyrədəcək. Həmçinin Onun Özü haqqında da biz çox şey öyrənəcəyik. Sevinirik ki, bunu əbədiyyən etmək imkanımız olacaq (Vaiz 3:11).
NƏĞMƏ 104 Müqəddəs ruh Allahdan ənamdır
b ŞƏKLİN İZAHI. Ailənin təcili vəziyyətlərə hazırlıqlı olması üçün ata oğlu ilə birlikdə ehtiyat çantası hazırlayır.
c ŞƏKLİN İZAHI. Problemləri olan qardaş yeni dünyada onu gözləyən gözəl həyat haqda düşünür.