TƏLİM MƏQALƏSİ 31
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
Qane olmağın sirrini öyrənmisiniz?
«Mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm» (FİLİP. 4:11).
ƏSAS FİKİR
Özümüzdə minnətdarlıq xüsusiyyətini yetişdirmək, diqqətimizi vacib şeylərə cəmləyib təvazökar olmaq və gələcəyə olan ümidimiz barədə düşünmək əlimizdə olanlara qane olmağa kömək edəcək.
1. Əlimizdə olanlara qane olmaq nə deməkdir və nə demək deyil?
NƏYİNİZ varsa, ona qane olursunuz? Qane olmağı bacaran insan diqqətini əlində olan nemətlərə cəmlədiyi üçün ürəyində sevinc və qəlb rahatlığı var. O, sahib olmadığı şeylərin dərdini çəkmir və ya buna görə qəzəblənmir. Bununla belə, hər şeyə qane olmaq əlimizi yanımıza salıb oturmaq demək deyil. Misal üçün, məsihinin xidmətini genişləndirməyə can atmasında pis bir şey yoxdur (Rom. 12:1; 1 Tim. 3:1). Amma o buna istədiyi kimi tez nail olmayanda sevincini itirmir.
2. Qane olmağı bacarmasaq, bu nə ilə nəticələnə bilər?
2 Əlimizdə olanlara qane olmuruqsa, bu, pis nəticələnə bilər. Məsələn, bəzən belə insanlar əslində ehtiyac duymadıqları maddi şeyləri əldə etmək üçün gecə-gündüz işləyirlər. Təəssüflər olsun ki, hətta məsihilər arasında pul və digər əşyaları oğurlayanlar olub. Ola bilsin, onlar belə düşünüblər: «Buna haqqım çatır», «Gözləməyə səbrim yoxdur», «Pulu götürüm, qaytarıb yerinə qoyaram». İstənilən halda, oğurluq elə oğurluqdur. Bu, Yehovanı narazı salır və Onun adına ləkə gətirir (Məs. 30:9). Digərləri isə istədikləri təyinatı almadıqları üçün məyus olurlar, hətta Yehovaya xidməti dayandırırlar (Qal. 6:9). Özünü Yehovaya həsr edən insan belə bir şeyi necə ağlına gətirə bilər? Ola bilsin, problem ondadır ki, artıq o, nəyi varsa, ona qane olmağı öyrənməyə çalışmır.
3. Filippililərə 4:11, 12 ayələri bizi nəyə əmin edir?
3 Hər birimiz qane olmağı öyrənə bilərik. Həvari Bulus yazmışdı: «Mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm». (Filippililərə 4:11, 12 ayələrini oxuyun.) O bu sözləri yazanda həbsdə idi. Bununla belə, sevincini itirməmişdi. O, hər şəraitdə razı qalmağın «sirrini öyrənmiş»di. Əgər bu sahədə çətinliyiniz varsa, Bulusun sözləri və həyatı sizi əmin edə bilər ki, istənilən şəraitdə qane olmağı bacararsınız. Düşünməməliyik ki, bu bizdə öz-özünə alınacaq, bunu öyrənmək lazımdır. Gəlin görək hansı xüsusiyyətlər bizə qane olmağın sirrini öyrənməyə kömək edə bilər.
ŞÜKR ETMƏYİ ÖYRƏNİN
4. Minnətdarlıq hissi bizə qane olmağa necə kömək edir? (1 Salonikililərə 5:18).
4 Əgər insanın ürəyində minnətdarlıq hissi varsa, o, əlində olanlarla qane olmağı bacaracaq. (1 Salonikililərə 5:18 ayəsini oxuyun.) Məsələn, zəruri şeylərin olduğuna görə minnətdarıqsa, əlimizdə olmayan şeylərə görə həddən artıq fikir çəkməyəcəyik. Hazırda olduğumuz təyinatı qiymətləndirsək, onu daha yaxşı icra etmək üçün əlimizdən gələni edəcəyik, fikrimiz-zikrimiz yeni təyinat almaqda olmayacaq. Elə buna görə də Müqəddəs Kitab bizi duada Yehovaya minnətdarlıq bildirməyə təşviq edir. Minnətdarlıq hissi bizə «Allahın hər bir ağıldan üstün olan sülhü»nü duymağa kömək edir (Filip. 4:6, 7).
5. İsraillilərin minnətdar olmaq üçün hansı səbəbləri var idi? (Həmçinin şəklə baxın.)
5 Gəlin israillilərin hadisəsinə baxaq. Onlar Misirdə yedikləri yeməklərin həsrətini çəkdiklərinə görə dəfələrlə Yehovaya qarşı deyinmişdilər (Say. 11:4—6). Sözsüz ki, səhrada həyat asan deyildi. Bəs onlara əllərində olan şeylərə qane olmağa nə kömək edə bilərdi? İsraillilər Yehovanın bu günə kimi onlar üçün nələr etdiyi barədə düşünüb minnətdar olmalı idilər. Onlar Misirdə qul olanda və amansız rəftarla üzləşəndə Yehova misirlilərin üzərinə on bəla göndərmişdi. İsraillilər Misirdən çıxanda onların qızıl-gümüşünü, pal-paltarını, bir sözlə, «varını-yoxunu alıb» aparmışdılar (Çıx. 12:35, 36). Xalq fironun ordusunun və Qırmızı dənizin arasında çıxılmaz vəziyyətdə qalanda Yehova möcüzə göstərib dənizi iki yerə ayırmışdı. Səhrada olduqları müddətdə isə Yehova onlara hər gün manna yetirirdi. Bəs onda onlar nəyə görə deyinirdilər? Səbəb yemək qıtlığı deyildi. Onlar Yehovanın verdiyi nemətlərin qədrini bilmirdilər.
Nəyə görə israillilər öz şəraitlərinə qane olmadılar? (5-ci abzasa baxın)
6. Minnətdarlıq xüsusiyyətinə yiyələnməyin hansı yolları var?
6 Bəs minnətdar olmağı necə öyrənə bilərik? Birincisi, hər gün vaxt ayırıb sizə zövq verən gözəl nemətlər barədə düşünün. Hətta minnətdar olduğunuz iki-üç şeyi harasa yaza bilərsiniz (Mərs. 3:22, 23). İkincisi, minnətdarlığınızı dilə gətirin. İnsanların sizin üçün etdiklərinə görə minnətdarlığınızı bildirin. Ən əsası isə hər gün Yehovaya şükür edin (Zəb. 75:1). Üçüncüsü, minnətdar ürəyə sahib insanlarla dostluq edin. Çünki həm minnətdarlıq, həm də naşükürlük yoluxucudur (Qan. 1:26—28; 2 Tim. 3:1, 2, 5). Biz minnətdarlığımızı ifadə etməyə imkanlar axtarsaq, bizdə olmayan şeylərə görə daha az narazılıq hissi duyacağıq.
7. Açi minnətdarlıq xüsusiyyətini yetişdirmək üçün nə etdi və bu nə ilə nəticələndi?
7 Gəlin İndoneziyada yaşayan Açi adlı bacının hadisəsinə baxaq. O deyir: «COVID-19 pandemiyası zamanı öz vəziyyətimi bacı-qardaşların vəziyyəti ilə müqayisə etməyə başladım. Bunun da nəticəsində naşükür insana çevrildim» (Qal. 6:4). Bəs bacıya düşüncəsini dəyişməyə nə kömək etdi? O bölüşür: «Hər gün aldığım nemətləri saymağa və Yehovanın təşkilatında olmağın mənə nələr bəxş etdiyi üzərində düşünməyə başladım. Sonra bütün bunlara görə Yehovaya minnətdarlığımı bildirdim. Bunun sayəsində nəyim varsa, ona qane ola bildim». Əgər mənfi fikirlər sizə də aman vermirsə, eyni addımları atıb özünüzdə minnətdarlıq hissi yetişdirə bilərsiz?
FİKRİNİZİ VACİB ŞEYLƏRƏ CƏMLƏYİN VƏ TƏVAZÖKARLIĞINIZI QORUYUN
8. Bərux hansı tələyə düşmüşdü?
8 Ərəmya peyğəmbərin katibi Bərux bir müddət tələyə düşmüşdü. Bəruxun çətin təyinatı var idi. O, naşükür xalqa sərt hökm xəbərini çatdırmaqda Ərəmya peyğəmbərə kömək etməli idi. Bərux həyatının hansısa bir məqamında nəyin daha vacib olduğunu unutmuşdu. O, diqqətini Yehovanın tapşırığına yox, görünür, özünə və öz arzularına cəmləmişdi. Yehova Ərəmya peyğəmbər vasitəsilə Bəruxa belə dedi: «Özün üçün böyük şeylər arzulayırsan. Arzulama» (Ərm. 45:3—5). Başqa sözlə, Yehova sanki ona belə deyirdi: «Hazırkı şəraitinə qane ol». Bərux Yehovanın sözünə qulaq asdı və onunla dostluğunu qoruyub saxladı.
9. 1 Korinflilərə 4:6, 7 ayələrindən nə öyrənirik? (Həmçinin şəkillərə baxın.)
9 Ola bilər, məsihi hansısa təyinatın ona verilməli olduğunu düşünsün. Bəlkə də, belə düşünməsinə səbəb onun istedadlı, zəhmətkeş və ya təcrübəli olmasıdır. Amma onun almaq istədiyi təyinat, ola bilsin, başqalarına verilsin. Bu zaman məsihi ruhdan düşməmək üçün nə edə bilər? O, həvari Bulusun 1 Korinflilərə 4:6, 7 ayələrində dediyi sözlər üzərində düşünə bilər. (Ayələri oxuyun.) Aldığımız hər təyinat, sahib olduğumuz hər bir bacarıq Yehovadandır. Biz bu hədiyyələri nə qazanmışıq, nə də onlara layiqik. Sahib olduğumuz hər bir şey Yehovanın lütfü sayəsindədir (Rom. 12:3, 6; Efes. 2:8, 9).
Sahib olduğumuz hər bir ənam Yehovanın lütfü sayəsindədir (9-cu abzasa baxın)b
10. Təvazökarlıq xüsusiyyətini necə yetişdirə bilərik?
10 İsanın nümunəsi üzərində dərindən düşünmək təvazökarlıq xüsusiyyətini yetişdirməyə kömək edə bilər. Gəlin İsanın həvarilərinin ayağını yuduğu gecəni yadımıza salaq. Həvari Yəhya yazmışdı: «İsa [1] Atasının hər şeyi ona verdiyini, [2] Allahdan gəldiyini və [3] Allahın yanına qayıdacağını» bilirdi, amma yenə də durub «şagirdlərinin ayaqlarını [yudu]» (Yəh. 13:3—5). İsa düşünə bilərdi ki, şagirdləri onun ayağını yumalıdır. Amma yer üzündə xidmət etdiyi illər ərzində o, heç vaxt fikirləşmirdi ki, Allahın Oğlu olduğu üçün yağ-bal içində yaşamağa və rahat həyat sürməyə layiqdir (Luka 9:58). İsa təvazökar insan idi, əlindəkilərlə qane olmağı bacarırdı. O bizim üçün mükəmməl nümunədir (Yəh. 13:15).
11. Təvazökarlıq Denisə məmnunluq hissini duymağa necə kömək edir?
11 Niderlandda yaşayan Denis İsanın nümunəsini izləyərək təvazökar olmağa çalışır. Amma bu, asan deyil. O bölüşür: «Bəzən fikir verirəm ki, məndə qürur, naşükürlük hissi yaranır. Məsələn, bu kimsə təyinat alanda baş verir. Bu zaman təvazökarlıq mövzusunu araşdırıram. “JW Library®” tətbiqində təvazökarlıqla bağlı bəzi ayələri teqə əlavə eləmişəm. Bunun sayəsində onları tez tapıb yenidən oxuya bilirəm. Həmçinin telefonuma təvazökarlıqla bağlı bəzi nitqləri yükləmişəma. Onlara təkrar-təkrar qulaq asıram. Başa düşdüm ki, hansı işi görürüksə görək, özümüzü yox, Yehovanı şərəfləndirməyə çalışmalıyıq. Əldə olunan bütün nailiyyətlər Yehovanın sayəsindədir. Biz sadəcə kiçik pay sahibiyik». Əgər öz vəziyyətinizdən narazı olmağa başladığınızı hiss edirsinizsə, təvazökarlığı yetişdirməyə çalışın. Bu, Yehova ilə dostluğunuzu möhkəmləndirəcək və məmnunluq hissi duymağa kömək edəcək (Yaq. 4:6, 8).
ÜMİDİNİZ BARƏDƏ DÜŞÜNÜN
12. Gələcəklə bağlı hansı vədlər vəziyyətimizə qane olmağa kömək edə bilər? (Əşiya 65:21—25).
12 Bizim möhtəşəm ümidimiz var. Bu haqda düşünmək nəyimiz varsa, ona qane olmağa kömək edir. «Əşiya» kitabında Yehovanın dediyi sözlərdən görmək olar ki, O, həyatımızın nə qədər ağır olduğunu başa düşür və bizi bu dərd-bəladan qurtaracağına söz verib. (Əşiya 65:21—25 ayələrini oxuyun.) Biz təhlükəsizlik içində yaşayacaq, gözəl və rahat evimiz olacaq, gördüyümüz işdən zövq alacağıq, faydalı və dadlı yeməklər yeyəcəyik. Özümüzün və övladlarımızın başına bir iş gələcəyinə görə daha narahat olmayacağıq (Əşy. 32:17, 18; Hizq. 34:25). Gələcəyimiz möhtəşəm olacaq. Bu, dəqiqdir!
13. Hansı hallarda diqqətimizi ümidimizə cəmləmək xüsusilə vacibdir?
13 Hal-hazırda fikrimizi ümidimizə cəmləmək heç vaxt olmadığı qədər vacibdir. Çünki biz «axırzamanda» yaşayırıq və hamımız «son dərəcə çətin» problemlərlə üzləşirik (2 Tim. 3:1). Yehovanın verdiyi nəsihət, güc və dəstək sayəsində biz hər gün dözüm göstərə bilirik (Zəb. 145:14). Bundan əlavə, həyatımızın qaranlıq anlarında ümidimiz həyatımıza işıq saça bilər. Bəlkə də, ailənizi dolandırmağa çətinlik çəkirsiniz. Bəs bu o deməkdirmi ki, siz elə həmişə qəpiyi-qəpiyə calayıb yaşayacaqsınız? Qətiyyən yox! Yehova söz verir ki, Cənnətdə təkcə ehtiyac duyduğumuz şeyləri yox, onlardan qat-qat artığını verəcək (Zəb. 9:18; 72:12—14). Ola bilsin, xroniki ağrı, depressiya və ya hansısa başqa xəstəlikdən əziyyət çəkirsiniz. Bəs bu o deməkdirmi ki, sizə heç bir çarə yoxdur, elə həmişə bu əzablarla yaşayacaqsınız? Xeyr. Yeni dünyada xəstəlikdən və ölümdən əsər-əlamət qalmayacaq (Vəhy 21:3, 4). Bu ümidimiz bizə hal-hazırda həyatımızda baş verənlərə görə məyusluq və qəzəb hissi keçirməməyə kömək edir. Haqsızlıq, əzizimizin ölümü, xəstəlik və ya hər hansısa başqa problem sevinc və qəlb rahatlığımızı əlimizdən almayacaq. Çünki bilirik ki, indiki həyatımız nə qədər ağır olsa da, çəkdiyimiz «əziyyətlər qısamüddətli»dir və yeni dünyada biz onlardan birdəfəlik qurtulacağıq (2 Kor. 4:17, 18).
14. Ümidimizi necə möhkəmləndirə bilərik?
14 Deməli, ümid nəyimiz varsa, ona qane olmağa kömək edir. Bəs onda ümidimizi necə möhkəmləndirə bilərik? İnsana uzağı görmək üçün eynək lazım ola bilər. Eynilə biz də ümidimizi möhkəmləndirmək üçün müəyyən addım atmalıyıq ki, gələcək Cənnəti daha aydın təsəvvür edə bilək. Maddi cəhətdən sıxıntı çəkəndə Cənnətdə pulun, borcun və iqtisadi bərabərsizliyin olmayacağı bir həyatı gözümüzün qabağına gətirə bilərik. İstədiyimiz təyinatı almadığımıza görə fikir çəkəndə Cənnətdə kamil olacağımız və Yehovaya min illərlə qulluq edəcəyimiz vaxt haqda düşünə bilərik. Görəcəyik ki, bu kimi şeylərə görə narahat olmağa dəyməz (1 Tim. 6:19). Əvvəl-əvvəl problemlərimizi bir qırağa qoyub gələcək barədə düşünmək çətin ola bilər, amma buna çalışsaq, zamanla fikrimizi Yehovanın vəd etdiyi Cənnətə yönəltmək daha asan olacaq.
15. Kristanın sözlərindən nə öyrəndiniz?
15 Bayaq adı çəkilən Denisin həyat yoldaşı Krista diqqətini gələcəyə olan ümidinə cəmləməyin böyük köməyini görüb. O deyir: «Getdikcə ağırlaşan əzələ xəstəliyi ilə mübarizə aparıram. Bunun ucbatından mən əlil arabasından istifadə etmək məcburiyyətindəyəm və günün çox hissəsini yataqda keçirirəm. Elə gün yoxdur ki, ağrımayım. Həkim təzəlikcə mənə dedi ki, yaxşılaşacağıma ümid yoxdur. Mən o dəqiqə düşündüm: “Onun gələcəyə baxışı mənimkindən fərqlidir”. Fikrimi ümidimə cəmləmişəm və bu mənə qəlb rahatlığı duymağa kömək edir. Bu gün hər günümü əzabla başa vururam, Cənnətdə isə hər günümdən doyunca zövq alacağam».
«ONDAN QORXAN KORLUQ ÇƏKMƏZ»
16. Nəyə görə Davud padşah Yehovadan qorxanların korluq çəkməyəcəyini yazmışdı?
16 Nəyimiz varsa, ona qane olsaq da, yenə də çətinliklərlə üzləşəcəyik. Davud padşahı yadımıza salaq. O ən azı üç övladını itirmişdi, haqsız yerə ittiham olunmuşdu, xəyanətlə üzləşmişdi və illərlə qaçaq həyatı yaşamışdı. Bu qədər çətinliklərin içində Davud Yehova haqda belə demişdi: «Ondan qorxan korluq çəkməz» (Zəb. 34:9, 10). Davud nəyə görə belə sözlər deyə bilmişdi? O gözləmirdi ki, Yehova onu bütün problemlərdən qoruyacaq. Bununla belə, əmin idi ki, həqiqətən ehtiyac duyduğu şeylərdən heç vaxt korluq çəkməyəcək (Zəb. 145:16). Davud kimi biz də Yehovanın bütün sınaqlarımız boyu bizə dayaq olacağına arxayın ola bilərik. Bəli, şəraitimizdən asılı olmayaraq, məmnun olmaq mümkündür.
17. Nəyə görə qane olmağın sirrini öyrənmək istəyirsiniz?
17 Yehova nəyimiz varsa, ona qane olmağımızı istəyir (Zəb. 131:1, 2). Odur ki, qane olmağın sirrini öyrənməyə çalışın. Özünüzdə minnətdarlıq xüsusiyyəti yetişdirsəniz, diqqətinizi vacib şeylərə cəmləyib təvazökar olsanız, həmçinin ümidinizi möhkəmləndirsəniz, belə deyə biləcəksiniz: «Nəyim varsa, ona qane olmağı öyrənmişəm» (Filip. 4:11).
NƏĞMƏ 118 «İmanımızı artır»
a Nümunə üçün, jw.org saytında «Yehova təvazökar insanların qeydinə qalır» və «Əcəldən qabaq qürur gələr» adlı səhər ibadəti nitqlərinə baxa bilərsiniz.
b ŞƏKLİN İZAHI. Qardaş təşkilatımızın binalarının birində təmir işləri aparır, jest dilini öyrənmiş bacı rayon toplantısında müsahibə verir, başqa bir qardaş nitqlə çıxış edir.