TƏLİM MƏQALƏSİ 38
NƏĞMƏ 120 Məsih kimi həlim olun
Hamıya hörmət göstərin
«Şərəf qızıl-gümüşdən yaxşıdır» (MƏS. 22:1).
ƏSAS FİKİR
Məqalədən öyrənəcəyik ki, nəyə görə insanlara hörmət göstərməliyik və hətta bizə çətin olanda belə bunu necə edə bilərik.
1. Nəyə görə hörmət görmək insanlara xoş təsir bağışlayır? (Məsəllər 22:1).
İNSANLAR sizə hörmət göstərəndə bu sizə xoş gəlir? Çox yəqin ki, hə. Hörmət görmək istəyi hər birimizdə var. İnsan başqalarından hörmət görəndə özünü xoşbəxt hiss edir. Elə buna görə də Müqəddəs Kitabda deyilir ki, şərəf, başqa sözlə, hörmət «qızıl-gümüşdən yaxşıdır». (Məsəllər 22:1 ayəsini oxuyun.)
2, 3. İnsanlara hörmət etmək nəyə görə bəzən çətin olur və biz kimlərə hörmət göstərməliyik?
2 İnsanlara hörmətlə yanaşmaq həmişə asan olmur. Səbəblərdən biri odur ki, biz istər-istəməz ətrafımızdakı insanların səhvini görürük. Üstəlik, yaşadığımız dövrdə əksər insanlar bir-birinə hörmət qoymur. Amma biz onlar kimi olmamalıyıq. Nəyə görə? Çünki Yehova bizim «hər cür insana» hörmət etməyimizi istəyir (1 But. 2:17).
3 Gəlin görək hörmət göstərmək nə deməkdir və biz 1) ailə üzvlərimizə, 2) dindaşlarımıza, 3) Yehovaya xidmət etməyən insanlara necə hörmət göstərə bilərik. Əsas da öyrənəcəyik ki, kiməsə hörmət göstərmək çətin olanda bunu necə edə bilərik.
HÖRMƏT GÖSTƏRMƏK NƏ DEMƏKDİR?
4. Hörmət göstərmək nə deməkdir?
4 «Hörmət» sözünü necə başa düşürsünüz? Bəzi dillərdə «hörmət» və «şərəf» sözləri bir-birilə əlaqəlidir . Bu iki söz insan haqda nə düşündüyümüz və onunla necə rəftar etdiyimizə aiddir. İnsanın gözəl xüsusiyyətlərinə, nailiyyətlərinə, mövqeyinə və digər səbəblərə görə hörmət göstərə bilərik. Beləcə, insan rəftarımızdan ona dəyər, qiymət verdiyimizi, onu uca tutduğumuzu hiss edəcək. Əlbəttə ki, hörmət göstərmək istəyi ürəkdən gəlməlidir, onda rəftarımız səmimi olacaq (Mət. 15:8).
5. İnsanlara hörmət göstərməyə bizə nə kömək edə bilər?
5 Yehova bizim insanlara, ələlxüsus da, hökumətə hörmət göstərməyimizi istəyir (Rom. 13:1, 7). Amma kimsə belə deyə bilər: «Mən hər kəsə hörmət göstərməyə hazıram, amma gərək insan bu hörməti qazansın». Bəs bu, düzgün düşüncədir? Yehovanın xidmətçiləri olan bizlər başa düşürük ki, insanlara göstərdiyimiz hörmət onların davranışına əsaslanmır. Bizi hörmət göstərməyə təşviq edən daha güclü səbəb var. Bu, Yehovaya sevgimiz və Onu razı salmaq istəyidir (Yuş. 4:14; 1 But. 3:15).
6. Sizə hörmət etməyən insana hörmət göstərmək mümkündür? İzah edin. (Həmçinin şəklə baxın.)
6 Kimdəsə sual yarana bilər: «Bizə hörmətsizlik edən insana hörmət göstərmək, həqiqətən, mümkündür?» Bəli, mümkündür. Gəlin Müqəddəs Kitabdan bir neçə nümunəyə baxaq. Talut padşah oğlu Yonatanı başqalarının qarşısında alçaltmışdı (1 İşm. 20:30—34). Buna baxmayaraq, Yonatan atasına hörmətdən irəli gələrək onunla çiyin-çiyinə döyüşürdü. O bunu atasının son nəfəsinədək etmişdi (Çıx. 20:12; 2 İşm. 1:23). Baş kahin Əli Hənnəni sərxoşluqda ittiham etmişdi (1 İşm. 1:12—14). Amma Hənnə yenə də Əliyə qarşı sayğısızlıq etmədi. Halbuki Əlinin bir ata və baş kahin kimi etdiyi səhvlər bütün İsrailə məlum idi (1 İşm. 1:15—18; 2:22—24). Afinada bəzi insanlar həvari Bulusu təhqir edib onu «boşboğaz» adlandırmışdılar (Həv. 17:18). Buna baxmayaraq, Bulus onlarla hörmətcil danışdı (Həv. 17:22). Bu nümunələr göstərir ki, biz Yehovaya dərin sevgidən və Onu narazı salmaq qorxusundan irəli gələrək insanlara hər zaman hörmət göstərməliyik. Bunu təkcə bizə asan olanda yox, çətin olanda da etməliyik. Gəlin görək kimlərə hörmət göstərməliyik və nəyə görə.
Atası Talut padşah Yonatana hörmətsizlik etsə də, Yonatan yenə də onun hörmətini saxlayır, onunla çiyin-çiyinə döyüşürdü (6-cı abzasa baxın)
AİLƏ ÜZVLƏRİNİZƏ HÖRMƏT GÖSTƏRİN
7. Ailə üzvlərimizə hörmət etməyə nə mane ola bilər?
7 Çətinlik. Biz ailə üzvlərimizlə çox vaxt keçiririk. Buna görə də onların həm güclü, həm də zəif cəhətlərini görürük. Ola bilsin, ailə üzvlərimizdən kimsə xəstəliklə mübarizə aparır, yaxud güclü təşviş hissindən əziyyət çəkir. Bu zaman onlar sözləri və davranışları ilə qəlbimizi yaralaya bilər və onlara qulluq etməyimizi çətinləşdirə bilər. Ailə hər kəsin bir-birinə can deyib can eşitdiyi, dinclik tapdığı bir yer olmalıdır. Amma ailə üzvləri bir-birinə hörmət qoymayanda evdə münaqişə və gərginlik yaranır. Bunun da nəticəsində birlik pozulur. Məsələn, ailəni insan bədəni ilə müqayisə etmək olar. Necə ki insan xəstələnəndə bədəni yaxşı fəaliyyət göstərmir, eynilə ailə üzvləri arasında da hörmət olmayanda birlik olmur. Bir çox xəstəlikləri müalicə etmək mümkün olduğu kimi, ailədə də korlanmış münasibəti bərpa etmək mümkündür.
8. Ailə üzvlərimizə hörmət göstərmək nəyə görə vacibdir? (1 Timutiyə 5:4, 8).
8 Hörmət göstərmək nəyə görə vacibdir? (1 Timutiyə 5:4, 8 ayələrini oxuyun.) Həvari Bulus Timutiyə yazdığı birinci məktubda ailə üzvlərinin bir-birilərinin qeydinə qalmalı olduğunu bildirmişdi. Amma hörmət göstərməyimizin əsas səbəbi borc hissi yox, Yehovaya sadiqliyimiz olmalıdır. Bu o deməkdir ki, biz bunu Yehovaya sevgidən irəli gələrək etməliyik və buna ibadətimizin bir hissəsi kimi baxmalıyıq. Ailə quruluşunu Yehova təsis edib (Efes. 3:14, 15). Beləliklə, biz ailə üzvlərimizə hörmət edəndə, əslində, ailənin Banisi olan Yehovaya hörmət etmiş oluruq (1 Tim. 5:4). Bu, ailə üzvlərimizə hörmət göstərmək üçün çox güclü səbəbdir.
9. Ərlə arvad bir-birinə necə hörmət göstərə bilər? (Həmçinin şəkillərə baxın.)
9 Necə hörmət göstərə bilərsiniz? Arvadına hörmət qoyan ər həm təklikdə, həm də başqalarının yanında ona dəyər verdiyini göstərir (Məs. 31:28; 1 But. 3:7). O, heç vaxt arvadına əl qaldırmır, alçaltmır və ya dəyərsiz hiss etdirmir. Argentinada yaşayan bir qardaş deyir: «Yoldaşım xəstəliyindən irəli gələrək bəzən xətrimə dəyən sözlər işlədir. Bu zaman özümə xatırladıram ki, əslində bu sözlər onun ürəyindən gəlmir. Belə gərgin məqamlarda dərhal 1 Korinflilərə 13:5 ayəsini yadıma salıram. Bu ayə məni arvadımla qəzəblə yox, hörmətlə danışmağa təşviq edir» (Məs. 19:11). Eynilə ərinə hörmət qoyan arvad da başqalarına onun haqqında müsbət şeylər danışır (Efes. 5:33). O, sarkazmdan, tənqidi danışıqdan və təhqirdən uzaq durur, başa düşür ki, pas dəmiri korladığı kimi, hörmətsizlik də ailə münasibətlərini korlayır (Məs. 14:1). İtaliyada yaşayan bir bacının yoldaşı təşviş hissindən əziyyət çəkir. Bacı deyir: «Bəzən mənə elə gəlir ki, yoldaşım adi şeyə görə hədsiz dərəcədə çox narahat olur. Əvvəllər sözlərimdən və üz ifadəmdən ona hörmət qoymadığım sezilirdi. Amma fikir vermişəm ki, başqaları haqda hörmətcil danışan insanlarla oturub-durduqca yoldaşımla daha hörmətcil davranıram».
Ailə üzvlərimizə hörmət qoyanda ailəmizin Banisi Yehovaya hörmət qoymuş oluruq (9-cu abzasa baxın)
10. Gənclər valideynlərinə hörmətlə yanaşdıqlarını necə göstərə bilərlər?
10 Əziz gənclər, valideynlərinizin ailədə qoyduğu qaydalara əməl edin (Efes. 6:1—3). Onlarla hörmətlə danışın (Çıx. 21:17). Valideynləriniz yaşa dolduqca sizin diqqətinizə daha çox ehtiyac duya bilərlər. Onların qeydinə qalmaq üçün əlinizdən gələni edin. Mariyaa adlı bir bacının atası Yehovanın Şahidi deyil. Atası xəstələnəndən sonra Mariya ilə kobud danışmağa başladı. Ona qulluq etmək Mariyaya çətin idi. Mariya xatırlayır: «Yehovaya dua edirdim ki, atama qarşı hörmət hiss etməyimə və bunu ona göstərməyimə kömək etsin. Belə düşünürdüm: “Əgər Yehova valideynlərimə hörmət göstərməyimi istəyirsə, deməli, bunu etməyimə güc də verəcək”. Zamanla başa düşdüm ki, atamla hörmətlə davranmaq üçün onun dəyişməsini gözləməməliyəm». Hətta çətin olanda belə ailə üzvlərimizə hörmət edəndə Yehovanın təsis etdiyi quruluşa hörmət etdiyimizi göstəririk.
DİNDAŞLARINIZA HÖRMƏT GÖSTƏRİN
11. Dindaşlarımıza hörmət göstərmək nəyə görə çətin ola bilər?
11 Çətinlik. Dindaşlarımız Müqəddəs Kitab normalarına uyğun yaşayırlar, bununla belə, ola bilər, hərdən bizimlə kobud davranır, haqqımızda yanlış düşüncədə olur və ya bizi əsəbiləşdirirlər. Dindaşımızdan şikayətimiz olanda onunla hörmətcil davranmaq bizə çətin ola bilər (Kol. 3:13). Bu zaman nə edə bilərik?
12. Dindaşlarımıza hörmət göstərmək nəyə görə vacibdir? (2 Butrus 2:9—12).
12 Hörmət göstərmək nəyə görə vacibdir? (2 Butrus 2:9—12 ayələrini oxuyun.) Həvari Butrus qeyd edir ki, birinci əsrdə yığıncaqda olanlardan bəziləri «şərəf sahibləri», yəni yığıncağın ağsaqqalları barədə saymazyana danışırdılar. Sadiq mələklər baş verənləri görəndə nə etdilər? Onlar «Yehovaya hörmətdən irəli gələrək» həmin insanlar haqda bir kəlmə də olsun təhqiramiz söz demədilər. Bir düşünün bu nə deməkdir! Bu kamil mələklər özündənrazı insanlar haqda kobud danışmadılar, əksinə, onları mühakimə etməyi Yehovanın öhdəsinə buraxdılar. (Rom. 14:10—12; Yəhuda 9 ayəsi ilə əlaqələndirin.) Biz mələklərdən nümunə götürə bilərik. Əgər Yehova bizə qarşı çıxan insanlara hörmətsizlik etməyimizi istəmirsə, görün onda dindaşlarımıza hörmətsizlik etməmək nə qədər vacibdir. Biz hörmət göstərməkdə bir-birimizi qabaqlamalıyıq (Rom. 12:10). Bu cür davranmaqla Yehovaya hörmət etdiyimizi göstərəcəyik.
13, 14. Yığıncaqdakılara necə hörmət göstərə bilərik? Nümunələr çəkin. (Həmçinin şəkillərə baxın.)
13 Necə hörmət göstərə bilərsiniz? Ağsaqqallar, çalışın bacı-qardaşlara məhəbbətlə təlim verəsiniz (Flm. 8, 9). Əgər kiməsə məsləhət vermək lazımdırsa, bunu mülayim şəkildə və əsəbi olmadığınız vaxtda edin. Bacılar, yığıncaqda hörmətcil ab-havanın olmasında sizin böyük rolunuz var. Bunun üçün çalışın qeybətdən və böhtandan uzaq olasınız (Tit. 2:3—5). Hər birimiz yığıncaqdakı ağsaqqallara hörmət etdiyimizi göstərə bilərik. Bunu onlarla əməkdaşlıq etməklə və çəkdikləri zəhmətə görə minnətdarlığımızı bildirməklə etmək olar. Məsələn, onlara təşəkkür edə bilərik ki, yığıncaq görüşləri keçirirlər, təbliğ işini təşkil edirlər və «səhv bir iş» görənləri düzəltməyə çalışırlar (Qal. 6:1; 1 Tim. 5:17).
14 Rosio adlı bacıya ona məsləhət verən ağsaqqala hörmət göstərmək çətin idi. O deyir: «Qardaşın sözləri mənə sərt gəldi. Evdə onun haqqında mənfi danışırdım. Büruzə verməsəm də, mənim dərdimə vecsiz yanaşdığını fikirləşirdim və buna görə də verdiyi məsləhətə əməl etmədim». Bəs Rosioya nə kömək etdi? O deyir: «Müqəddəs Kitabı mütaliə edəndə 1 Salonikililərə 5:12, 13 ayələri rastıma çıxdı. Bu qardaşa hörmət etmədiyimi başa düşdüm və vicdanım məni narahat etməyə başladı. Yehovaya dua elədim və nəşrlərimizdən düşüncəmi dəyişməyə kömək edəcək məlumat axtardım. Beləcə, başa düşdüm ki, əslində problem qardaşda yox, mənim qürurumda idi. İndi başqalarına hörmət etmək üçün təvazökarlığın vacib olduğunu anlayıram. Hələ də üzərimdə işləməli olsam da, hiss edirəm ki, başqalarına hörmət göstərməyə çalışanda Yehova məndən razı qalır».
Hamımız yığıncağın ağsaqqallarına hörmət etdiyimizi göstər bilərik. Bunun üçün onlarla əməkdaşlıq etməli və zəhmətlərinə görə minnətdarlığımızı bildirməliyik (13 və 14-cü abzaslara baxın)
YEHOVAYA XİDMƏT ETMƏYƏN İNSANLARA HÖRMƏT GÖSTƏRİN
15. Nəyə görə yığıncaqdan olmayan insanlara hörmət göstərmək bizə çətin gələ bilər?
15 Çətinlik. Biz tez-tez təbliğdə Müqəddəs Kitab həqiqətlərinə maraq göstərməyən insanlarla rastlaşırıq (Efes. 4:18). Bəziləri uşaqlıqdan inandıqları şeylərə görə bizi dinləmək istəmir. Bundan əlavə, bəzilərimizin elə müdiri və ya elə müəllimi var ki, onu razı salmaq çətindir. Yaxud iş yoldaşlarımızla və ya sinif yoldaşlarımızla yola getmək asan deyil. Zamanla bu cür insanlara hörmətimiz azala bilər və artıq onlarla mehriban davranmaq bizə çətin gələ bilər.
16. Nəyə görə Yehovaya hələ qulluq etməyən insanlara hörmət göstərmək vacibdir? (1 Butrus 2:12; 3:15).
16 Hörmət göstərmək nəyə görə vacibdir? Unutmayın, Yehova Onun xidmətçisi olmayan insanla necə rəftar etdiyimizə fikir verir. Bundan əlavə, həvari Butrus məsihilərə xatırlatmışdı ki, onların nümunəvi davranışı kimlərisə «Allahı mədh» etməyə təşviq edə bilər. Elə buna görə də onlara imanlarını «həlimliklə və dərin hörmətlə» müdafiə etməyi nəsihət etmişdi. (1 Butrus 2:12; 3:15 ayələrini oxuyun.) Məsihilər etiqadlarını istər məhkəmə qarşısında, istərsə də başqa vaxt müdafiə edəndə elə davranmalıdırlar ki, sanki bunu Allahın hüzurunda edirlər. Axı Yehova nə dediyimizi və bunu necə dediyimizi görür. Yığıncaqdan olmayanlarla hörmətlə davranmaq üçün bundan vacib səbəb ola bilməz!
17. Yığıncaqdan olmayanlara necə hörmət göstərə bilərik?
17 Necə hörmət göstərə bilərsiniz? Təbliğ edəndə insanın Müqəddəs Kitab haqda biliyinin az olduğuna görə və ya heç olmadığına görə ona yuxarıdan aşağı baxmamalıyıq. Əksinə, onu özümüzdən üstün saymalıyıq və Yehova üçün dəyərli olduğunu unutmamalıyıq (Həq. 2:7; Filip. 2:3). Əgər kimsə imanınıza görə sizi təhqir edirsə, ondan əvəz çıxmayın. Məsələn, sizi ağıllı göstərəcək, amma onu alçaldacaq kinayəli sözlər işlətməyin (1 But. 2:23). Ona qarşı yanlış bir söz işlətsəniz, dərhal üzr istəyin. Bəs iş yerinizdəki insanlara hörmət etdiyinizi necə göstərə bilərsiniz? İşinizi vicdanla görün və çalışın həm müdiriniz, həm də iş yoldaşlarınız haqda müsbət fikirləşəsiniz (Tit. 2:9, 10). Dürüst, çalışqan və zəhmətkeş işçi olsanız, insanlar sizdən razı da qala bilər, narazı da. Amma bilin ki, Yehova sizdən mütləq razı qalacaq (Kol. 3:22, 23).
18. Nəyə görə ürəyimizdə hörmət yetişdirməyə və bunu göstərməyə dəyər?
18 Görün ürəyimizdə hörmət yetişdirmək və bunu göstərmək üçün nə qədər çox səbəbimiz var! Öyrəndik ki, ailə üzvlərimizə hörmət qoyanda ailənin Banisi Yehovaya hörmət qoymuş oluruq. Eynilə iman bacı-qardaşlarımıza da hörmətlə yanaşanda səmavi Atamızı şərəfləndiririk. Yığıncaqdan olmayan insanlara hörmət göstərəndə isə onların uca Allahımız Yehovaya şərəf gətirməsi üçün ən gözəl şəraiti yaratmış oluruq. Göstərdiyimiz hörmətin qarşılığında hörmət görməsək də, hörmət göstərməyə dəyər. Nəyə görə? Çünki bunun mükafatı Yehovadan gələcək. O, söz verir: «Mənə hörmət edənə Mən də hörmət edəcəyəm» (1 İşm. 2:30).
NƏĞMƏ 129 Dözüm göstərəcəyik
a Bəzi adlar şərtidir.