TƏLİM MƏQALƏSİ 41
NƏĞMƏ 108 Allahın sevgisi
Allahın məhəbbəti əbədidir
«Yehovaya şükür edin! O, kəramətlidir, məhəbbəti əbədidir» (ZƏB. 136:1).
ƏSAS FİKİR
Bu məqalədə öyrənəcəyik ki, Yehovanın məhəbbətinin əsas Müqəddəs Kitab təlimi olduğunu bilməyimiz çətinliklərlə cəsarətlə mübarizə aparmağa kömək edir.
1, 2. Çətinliklər vaxtı bir çox bacı-qardaşımızda hansı hisslər olur?
GÜCLÜ fırtınanın ortasında olan bir qayıq təsəvvür edin. Dalğalar onu atıb-tutur. Əgər kimsə lövbər atmasa, dalğalar qayığı istədiyi səmtə sürükləyəcək, amma lövbər atılsa, qayıq sabit qalacaq, dalğalar onu yuyub apara bilməyəcək.
2 Fırtınaya bənzər çətinliklərlə üzləşəndə özünüzü bu qayıq kimi hiss edə bilərsiniz. Hissləriniz gah coşa, gah da sakitləşə bilər. Bir gün Yehovanın məhəbbətinə və dəstəyinə tam əmin olursunuz, o biri gün isə sizə elə gəlir ki, Yehova ümumiyyətlə sizinlə maraqlanmır (Zəb. 10:1; 13:1). Yaxud, ola bilər, dostlarınız xoş sözləri ilə sizə təskinlik verir və bir müddət özünüzü yaxşı hiss edirsiniz (Məs. 17:17; 25:11). Amma sonra şübhələr yenidən sizi çulğayır. Düşünürsünüz ki, Yehova sizdən üz çevirib. Bu cür fırtınanın ortasında, məcazi dillə desək, necə lövbər ata bilərsiniz? Başqa sözlə, Yehovanın sizi sevdiyinə və sizə kömək edəcəyinə necə əmin ola bilərsiniz? Bu əminliyinizin sarsılmaması üçün nə edə bilərsiniz?
3. a) Zəbur 31:7 və 136:1 ayələrində qeyd olunan «məhəbbət» sözü hansı mənanı daşıyır? b) Nəyə görə deyə bilərik ki, Yehova bu cür məhəbbətin ən gözəl örnəyidir? (Həmçinin şəklə baxın.)
3 Çətinliklər vaxtı lövbər atmağın bir üsulu Yehovanın məhəbbətini və sədaqətini unutmamaqdır. (Zəbur 31:7; 136:1 ayələrini oxuyun.) Bu ayələrdə «məhəbbət» kimi tərcümə olunan sözün mənası iki şəxs arasındakı güclü sevgini və sarsılmaz sədaqəti bildirir. Bu cür məhəbbətin ən gözəl örnəyi Yehovadır. Müqəddəs Kitabda Yehova haqqında deyilir ki, O, «məhəbbəti bol» olan Allahdır (Çıx. 34:6, 7). Başqa bir ayədə də eyni fikir səslənir: «Səni çağıranlara qarşı məhəbbətin boldur» (Zəb. 86:5). Bu ayələrin üzərində bir düşünün: Yehova heç vaxt sadiq bəndəsini atmaz! Bunu unutmamaq fırtınaya bənzər çətinliklərdə sizin lövbəriniz ola bilər (Zəb. 23:4).
Lövbər fırtına zamanı qayığı sabit saxladığı kimi, Yehovanın məhəbbətinə əminliyimiz də həyatın fırtınalı anlarında sarsılmaz qalmağımıza kömək edir (3-cü abzasa baxın)
YEHOVANIN MƏHƏBBƏTİ MÜQƏDDƏS KİTABIN ƏSAS TƏLİMİDİR
4. Bəzi Müqəddəs Kitab təlimlərinə dair nümunə çəkin və onlara nəyə görə inandığınızı izah edin.
4 Yehovanın məhəbbətinin Müqəddəs Kitabın əsas təlimi olduğu üzərində düşünmək həyatın fırtınalı vaxtında bizə lövbər ola bilər. «Müqəddəs Kitabın əsas təlimi» deyiləndə nə başa düşürsünüz? Ola bilsin, Allahın Kəlamından öyrəndiyiniz təməl həqiqətlər ağlınıza gəlir. Məsələn, siz Allahın adının «Yehova» olduğunu, İsanın Onun yeganə Oğlu olduğunu, ölümdən sonra həyatın olmadığını, yer üzünün cənnət olacağını və insanların əbədi yaşayacağını öyrənmisiniz (Zəb. 83:18; Vaiz 9:5; Yəh. 3:16; Vəhy 21:3, 4). Bu təlimləri qəbul edəndən sonra çətin ki, kimsə sizi başqa istiqamətə apara bilsin. Niyə? Çünki siz bunların faktlara əsaslandığını dərk etmisiniz. Yehovanın məhəbbətinin Müqəddəs Kitabın əsas təlim olduğunu unutmamağınız sizə möhkəm qalmağa kömək edəcək. Yehovanın yaşadıqlarınıza biganə yanaşdığını düşünməyəcəksiniz.
5. İnsana yalan təlimləri rədd etməyə nə kömək edir?
5 Müqəddəs Kitabı öyrənməyə başlayanda yalan təlimləri rədd etməyə sizə nə kömək etmişdi? Yəqin ki, dininizdəki təlimlərlə Müqəddəs Kitabda yazılanları müqayisə etmək. Bir nümunəyə baxaq. Ola bilsin, siz bir vaxtlar insanın öləndən sonra ruhunun yaşadığına inanırdınız. Müqəddəs Kitabı mütaliə etdikcə sizdə inancınızla bağlı müəyyən suallar yarandı. Müqəddəs Yazılara əsaslanan dəlilləri araşdırandan sonra ölülərlə bağlı həqiqəti öyrəndiniz. Artıq siz yalan təlimə yox, Müqəddəs Kitabdakı həqiqətə inandınız: ölülər heç nə bilmir və gələcəkdə həm salehlərin, həm də qeyri-salehlərin dirilməsi olacaq (Vaiz 9:5; Həv. 24:15). Təbii ki, yalan təlimlər «güclü istehkamlar» kimidir, onları aşmaq çətin ola bilər (2 Kor. 10:4, 5). Amma həqiqəti öyrənəndən sonra siz daha yalan təlimlərə inanmazsınız (Filip. 3:13).
6. Yehovanın «məhəbbətinin əbədi» olduğuna nəyə görə əmin ola bilərsiniz?
6 Eyni üsulu Müqəddəs Kitabdan Yehovanın məhəbbəti ilə bağlı öyrəndiklərinizə də tətbiq etmək olar. Çətinliklə üzləşəndə Yehovanın məhəbbətinə şübhə ilə yanaşmağa başlasanız, onda özünüzdən soruşun: «Düzgün düşüncədəyəm?» Yehovanın məhəbbəti ilə bağlı şübhələrinizi Zəbur 136:1 ayəsində yazılanlarla müqayisə edin. Bu ayədə «məhəbbət» kimi tərcümə olunan söz «sədaqət» mənasını da verir. Nəyə görə məzmurçu Yehovadan ilham alaraq Onun məhəbbətini belə təsvir edib? Nəyə görə bu məzmurda «məhəbbəti əbədidir» ifadəsi 26 dəfə təkrarlanıb? Yehovanın bəndəsinə duyduğu məhəbbət Onun Kəlamından öyrəndiyiniz digər təlimlər kimi, əsas təlimlərdən biridir. Yehovanın sizə dəyər vermədiyi, sizi sevmədiyi fikri yalandır. Digər yalan təlimlərə inanmadığınız kimi, bu yalana da inanmayın!
7. Sizi Yehovanın məhəbbətinə əmin edən bəzi ayələr hansılardır?
7 Müqəddəs Kitabda Yehovanın bizi sevməsinə dair başqa dəlillər də var. Məsələn, İsa davamçılarına demişdi: «Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Mət. 10:31). Yehova xalqına belə demişdi: «Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam» (Əşy. 41:10). Bu sözlər insana güclü əminlik verir. İsa demədi ki, «ola bilsin, siz qiymətlisiniz», nə də Yehova demədi ki, «yəqin, kömək edərəm». Əksinə, qəti şəkildə belə demişdilər: «Siz qiymətlisiniz», «Mən sənə kömək edəcəyəm». Çətinliklə üzləşəndə Yehovanın sizi sevmədiyini düşünsəniz, bu cür ayələr vasitəsilə Onun sevgisinə təkcə hisslərinizlə yox, biliklərinizlə əmin olacaqsınız. Bu ayələr faktdır. Əgər şübhələriniz barədə Yehovaya dua edib bu ayələr üzərində dərin düşünsəniz, 1 Yəhya 4:16 ayəsində yazılan sözləri siz də deyə biləcəksiniz: «Biz də Allahın bizi sevdiyini bilmişik və bu məhəbbətə inanmışıq» (İncil, «Yeni Dünya Tərcüməsi», 2010)a.
8. Bəzən Yehovanın sizi sevmədiyini düşünürsünüzsə, nə edə bilərsiniz?
8 Əgər Yehovanın sizi sevdiyinə dair bəzən yenə də ürəyinizdə xal qalırsa, nə edə bilərsiniz? Keçirdiyiniz hissləri Yehova barədə bildikləriniz ilə müqayisə edin. Hisslər faktlar qədər etibarlı deyil, amma Yehovanın məhəbbəti Müqəddəs Kitabda yazılan bir faktdır. Əgər Yehovanın bizi sevmədiyini düşünürüksə, bir növ, Müqəddəs Kitabda yazılan «Allah məhəbbətdir» həqiqətini inkar etmiş oluruq (1 Yəh. 4:8).
YEHOVANIN SİZƏ OLAN SEVGİSİ BARƏDƏ DÜŞÜNÜN
9, 10. İsa Yəhya 16:26, 27 ayələrində «Ata sizi sevir» sözlərini hansı kontekstdə demişdi? (Həmçinin şəklə baxın.)
9 İsanın davamçılarına dediyi növbəti sözlərdən də Yehovanın məhəbbəti haqda çox şey öyrənə bilərik. O demişdi: «Ata sizi sevir». (Yəhya 16:26, 27 ayələrini oxuyun.) İsa bu sözləri şagirdlər özlərini yaxşı hiss etsinlər deyə deməmişdi. Konteksdən görmək olar ki, həmin vaxt söhbət şagirdlərin hisslərindən getmirdi, İsa əsas etibarilə başqa bir mövzudan, duadan danışırdı.
10 Söhbətinin bir az əvvəlində İsa şagirdlərinə demişdi ki, onun vasitəsilə dua etməlidirlər, onun özünə yox (Yəh. 16:23, 24). Şagirdlərin bunu bilməyi çox vacib idi. İsa diriləndən sonra, bəlkə də, şagirdlərin ürəyindən ona dua etmək keçmişdi. İsa onların dostu idi. Ola bilsin, şagirdlər elə fikirləşirdilər ki, İsa onlara sevgisindən irəli gələrək onların yalvarışlarını eşidəcək və Yehovadan onlara kömək etməsini xahiş edəcək. Amma onlar belə düşünməməli idilər. Niyə? Çünki İsa onlara belə demişdi: «Ata sizi sevir». Bəli, Yehova bizi o qədər çox sevir ki, dualarımıza Özü qulaq asır. Bu, Müqəddəs Kitabda dua haqda yazılan əsas təlimin bir hissəsidir. Bunun sizə necə aid olduğunu düşünün: Müqəddəs Kitabı araşdırdıqca siz İsanı tanıyıb sevmisiniz (Yəh. 14:21). Amma birinci əsrdə yaşayan şagirdlər kimi, siz də Allahın sizi sevdiyini bildiyiniz üçün Ona əminliklə dua edə bilərsiniz. Hər dəfə Yehovaya dua edəndə bu sözlərə inandığınızı göstərirsiniz (1 Yəh. 5:14).
Yehovanın sizi sevdiyini bildiyiniz üçün Ona arxayın ürəklə dua edə bilərsiniz (9 və 10-cu abzaslara baxın)b
ŞÜBHƏLƏRİN KÖKÜNÜ TAPIN
11. Yehovanın məhəbbətinə şübhə ilə yanaşmağımız niyə Şeytanın ürəyindəndir?
11 Yehovanın məhəbbəti barədə şübhələr haradan qaynaqlanır? Şeytandan qaynaqlandığını düşünürsünüz? Bu, nahaq yerə deyil. Şeytan «udmağa adam axtarır» və Yehovanın məhəbbətinə şübhəmizin yaranması onu sevindirir (1 But. 5:8). Bilirik ki, Allahımız məhəbbətindən irəli gələrək fidyə verib. Şeytan isə istəyir ki, biz həddən artıq günahlı olduğumuzu və fidyəyə layiq olmadığımızı düşünək (İbr. 2:9). Yehovanın məhəbbətinə şübhə ilə yanaşmağımız kimin xeyrinədir? Təbii ki, Şeytanın. Ruhdan düşüb Yehovaya xidməti dayandırmağımız kimin ürəyincə olacaq? Yenə də Şeytanın. Şeytan istəyir ki, Yehovanın bizi sevmədiyini düşünək. Onun fəndinə bir bax! Halbuki onun özü Yehovanın məhəbbətindən məhrumdur. Onun ən böyük hiylələrindən biri bizdə Yehovanın bizi sevmədiyi hissini yaratmaqdır (Efes. 6:11). Düşmənin niyyətini başa düşməyimiz, ona müqavimət göstərmək əzmimizi möhkəmləndirəcək (Yaq. 4:7).
12, 13. Miras aldığımız günah Yehovanın məhəbbətinə şübhə etməyimizə necə səbəb olur?
12 Yehovanın məhəbbətinə şübhələrin yaranmasına başqa şey də səbəb ola bilər. O nə ola bilər? Miras aldığımız günah (Zəb. 51:5; Rom. 5:12). Günah Yaradanla insanlar arasında münasibətləri korladı. Həmçinin fikirlərimizə, ürəyimizə, bədənimizə də ziyan vurdu.
13 Günah hisslərimizə də mənfi təsir göstərib. Özümüzü təqsirkar, müdafiəsiz, narahat hiss etməyimizə səbəb olur, daxilimizdə utanc duyuruq. Səhv bir iş tutanda biz bu hissləri keçiririk. Həmçinin bu hisslər hər dəfə günahlı olduğumuz faktı ilə üz-üzə qalanda da baş qaldıra bilər. Yehova insanı belə yaratmamışdı (Rom. 8:20, 21). Maşının təkəri buraxanda yaxşı gedə bilmir. İnsan da günahlı olduğu üçün yaradıldığı andakı kimi tam fəaliyyət göstərə bilmir. Ona görə də bəzən Yehovanın məhəbbətinə şübhəmizin yaranması təəccüblü deyil. Şübhələr yarananda unutmamalıyıq ki, Yehova Onu «sevib əmrlərinə riayət edənlərə məhəbbət göstərən» böyük Allahdır (Nəh. 1:5).
14. Fidyə haqqında düşünmək Yehovanın məhəbbətinə qarşı şübhələrimizi dəf etməyə necə kömək edə bilər? (Romalılara 5:8). (Həmçinin «Günahın tovlayıcı qüvvəsinə qarşı durun» adlı çərçivəyə baxın.)
14 Yehovanın məhəbbətinə layiq olmadığımıza görə hərdən özümüzü pis hiss edə bilərik. Açığını desək, bu elə belədir. Elə Onun məhəbbətini xüsusi edən də budur. Yehovanın məhəbbətini biz özümüz qazanmamışıq. Yehova fidyə tədbiri vasitəsilə günahlarımızı bağışlayıb. Bununla da bizə Öz məhəbbətini göstərib (1 Yəh. 4:10). Unutmayın ki, İsa günahlı insanlardan ötrü gəlmişdi, kamil insanlardan ötrü yox. (Romalılara 5:8 ayəsini oxuyun.) Biz heç bir işi mükəmməl görə bilmərik. Yehova da bunu bizdən gözləmir. Başa düşəndə ki, miras aldığımız günah ucbatından bizdə Yehovanın məhəbbətinə qarşı şübhələr yaranır, onda bu cür hisslərə qarşı mübarizə aparmağa daha əzmli oluruq (Rom. 7:24, 25).
SADİQ QALMAĞI SEÇİN
15, 16. Biz daima Yehovaya sadiq qalsaq, nəyə əmin ola bilərik və niyə? (2 İşmuil 22:26).
15 Yehova istəyir ki, Ona bağlı qalmaqla düzgün seçim edək (Qan. 30:19, 20). Belə etsək, əmin ola bilərik ki, O da bizə sadiq qalacaq. (2 İşmuil 22:26 ayəsini oxuyun.) Yehovaya sadiq qaldığımız müddətdə həyatımızda yaranan istənilən problemdə Onun bizə kömək edəcəyinə arxayın ola bilərik.
16 Müzakirə etdiyimiz kimi çətinliklərlə üzləşəndə sarsılmaz qalmağımız üçün çoxlu əsasımız var. Biz bilirik ki, Yehova bizi sevir və bizə dayaq olacaq. Bunu bizə Müqəddəs Kitab öyrədir. Əgər Yehovanın məhəbbətinə şübhəmiz yaransa, onda biz Onun barədə bildiklərimizə əsaslanmalıyıq, hisslərimizə yox. Yehovanın məhəbbətinin əbədi olması Müqəddəs Kitaba əsaslanan həqiqətdir. Gəlin bu həqiqətə əminliyimizi heç vaxt itirməyək.
NƏĞMƏ 159 Yehovaya şərəf verin
a Əlavə nümunə üçün Qanunun təkrarı 31:8, Zəbur 94:14 və Əşiya 49:15 ayələrinə baxın.
b ŞƏKLİN İZAHI. Qardaş ağır xəstəliyi olan arvadı üçün, pulu ağılla xərcləmək üçün və qızına Yehovaya məhəbbət aşılamaq üçün dua edib Ondan kömək istəyir.