TƏLİM MƏQALƏSİ 33
NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»
Əmin olun, Yehova sizi sevir
«Məhəbbətlə səni Özümə tərəf çəkdim» (ƏRM. 31:3).
ƏSAS FİKİR
Öyrənəcəyik ki, Yehovanın bizi sevdiyinə əmin olmaq nəyə görə vacibdir və bu əminliyimizi necə artıra bilərik.
1. Özünüzü Yehovaya nəyə görə həsr etmisiniz? (Həmçinin şəklə baxın.)
ÖZÜNÜZÜ Yehovaya həsr etdiyiniz vaxt yadınızdadır? Siz bu qərarı Yehovanı tanıdığınız üçün və Onu sevdiyiniz üçün vermişdiniz. Həmin vaxt duada Yehovaya söz vermişdiniz ki, Onun iradəsini həyatınızda hər şeydən üstün tutacaqsınız və Onu bütün qəlbinizlə, varlığınızla, ağlınızla və var gücünüzlə sevəcəksiniz (Mark 12:30). O vaxtdan bəri Yehovaya məhəbbətiniz daha da artıb. Kimsə sizdən soruşsa: «Yehovanı doğrudan sevirsən?» — necə cavab verərdiniz? Tərəddüd etmədən belə deyərdiniz: «Onu hər kəsdən və hər şeydən çox sevirəm!»
Özünüzü Yehovaya həsr edəndə və vəftiz olunanda Ona bəslədiyiniz məhəbbət yadınızdadır? (1-ci abzasa baxın)
2, 3. a) Yehova nəyə əmin olmağımızı istəyir? (Ərəmya 31:3). b) Bu məqalədə nə haqda danışacağıq?
2 Bəs belə bir suala necə cavab verərdiniz: «Yehovanın səni sevdiyinə əminsən?» Yehovanın sevgisinə layiq olmadığınızı düşünüb cavab verməyə tərəddüd edərdiniz? Uşaqlıq illəri çətin keçən bir bacı belə sözlər demişdi: «Bilirəm ki, Yehovanı sevirəm, buna heç bir şübhəm yoxdur. Amma Yehovanın məni sevdiyinə ürəyimdə tez-tez şübhə yaranır». Bəs Yehovanın sizi həqiqətən də sevdiyini necə bilə bilərsiniz?
3 Yehova sizi sevir və buna əmin olmağınızı istəyir. (Ərəmya 31:3 ayəsini oxuyun.) Həqiqət ondadır ki, Yehova sizi Özünə tərəf çəkib. Özünüzü Ona həsr edib vəftiz olunanda çox dəyərli bir şeyi, Onun məhəbbətini qazanmısınız. Bu məhəbbət dərin və tükənməzdir. Məhəbbətindən irəli gələrək Yehova xidmətçilərinə, o cümlədən sizə Öz «məxsusi mülkü» kimi baxır (Məl. 3:17). Bulus Yehovanın onu sevdiyinə əmin idi. Yehova istəyir ki, bizdə də bu cür əminlik olsun. Bulus bu əminliyini hətta bu cür sözlərlə ifadə etmişdi: «Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə, nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey bizi... Allahın məhəbbətindən ayıra bilməz» (Rom. 8:38, 39). Bu məqalədən öyrənəcəyik ki, Yehovanın bizi sevdiyinə əminliyimizi nəyə görə artırmalıyıq və bunu necə edə bilərik.
NƏYƏ GÖRƏ YEHOVANIN BİZİ SEVDİYİNƏ ƏMİN OLMALIYIQ?
4. Şeytanın istifadə etdiyi hiylələrdən biri hansıdır və biz necə buna qarşı dura bilərik?
4 Yehovanın bizi sevdiyinə əmin olsaq, Şeytanın hiylələrinə qarşı dura biləcəyik (Efes. 6:11). Yehovaya qulluq etməməyimiz üçün Şeytan hər şeyə əl atmağa hazırdır. O, hiyləyə əl atıb bizi inandırmaq istəyir ki, Yehova bizi sevmir. Heç vaxt unutmayın ki, Şeytan fürsətcildir. Biz keçmişdə yaşadıqlarımıza, indiki problemlərə, həmçinin gələcəklə bağlı naməlumluğa görə emosional cəhətdən tükəndiyimiz vaxtlarda o bizə hücum etməyə çalışır (Məs. 24:10). Necə ki şir öz şikarını müdafiəsiz, zəif görəndə bunu fürsət bilir, eləcə də Şeytan emosional cəhətdən zəif düşdüyümüz vaxtlardan istifadə edib bizi tamamilə yıxmağa çalışır. Amma Yehovanın bizi sevdiyinə əmin olmaq üçün əlimizdən gələni etsək, Şeytana, onun hiylələrinə və fəndlərinə müqavimət göstərə biləcəyik (1 But. 5:8, 9; Yaq. 4:7).
5. Yehovanın bizi sevdiyinə və dəyər verdiyinə əmin olmaq nəyə görə vacibdir?
5 Yehovanın bizi sevdiyinə əmin olsaq, Ona daha yaxın olacağıq. Nəyə görə belə demək olar? Yehova bizi sevib-sevilmək tələbatı ilə yaradıb. İnsan təbii olaraq məhəbbətə məhəbbətlə cavab verir. Yehovanın sevgisini, bizə dəyər verdiyini nə qədər çox hiss etsək, Ona sevgimiz bir o qədər artacaq (1 Yəh. 4:19). Bizim Ona olan sevgimiz artdıqca Onun da bizə olan sevgisi artacaq. Müqəddəs Kitabda aydın yazılıb: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:8). Bəs Yehovanın bizi sevdiyinə əminliyimizi necə möhkəmləndirə bilərik?
YEHOVANIN BİZİ SEVDİYİNƏ NECƏ ƏMİN OLA BİLƏRİK?
6. Dua Yehovanın bizi sevdiyinə əmin olmağa necə kömək edə bilər?
6 Konkret və müntəzəm dua edin (Luka 18:1; Rom. 12:12). Yehovadan xahiş edin ki, özünüzə Onun gözü ilə baxmağa sizə kömək etsin. Lazım gələrsə, gün ərzində dəfələrlə dua edin. Düzdür, daima bizi qınayan ürəyi buna inandırmaq asan deyil (1 Yəh. 3:19, 20). Unutmayın, Yehova ürəyinizdən böyükdür. O sizi sizdən yaxşı tanıyır. Sizin özünüzdə görə bilmədiyiniz müsbət cəhətləri görür (1 İşm. 16:7; 2 Saln. 6:30). Odur ki, «ürəyinizi Ona açın». Yehovadan diləyin ki, sizi sevdiyinə əmin olmağınıza kömək etsin (Zəb. 62:8). Sonra isə duanıza uyğun davranıb növbəti məsləhətlərə əməl edin.
7, 8. Zəburda yazılan ayələr bizi Yehovanın məhəbbətinə necə əmin edir?
7 Yehovanın dediklərinə etibar edin. Yehova Kəlamını yazan insanlara Öz müqəddəs ruhundan vermişdi. Buna görə də onların yazdıqlarının doğruluğuna əmin ola bilərik. Görün məzmurçu Davud Yehovanın bizə münasibətini necə gözəl təsvir etmişdi. O yazmışdı: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəb. 34:18). Məyus olanda özünüzü tamamilə tək-tənha hiss edə bilərsiniz. Belə vaxtlarda Yehova sizə yaxın olur, çünki Ona həmişəkindən daha çox ehtiyac duyduğunuzu görür. Davud başqa bir məzmurda yazmışdı: «Göz yaşlarımı tuluğuna yığ» (Zəb. 56:8). Yehova iztirab çəkdiyiniz vaxtları görür. Sizi bu cür görmək Ona çox ağırdır. O, halınıza acıyır. Səhra ilə gedən yolçu üçün tuluğundakı hər damla nə qədər qiymətlidirsə, Yehova üçün də göz yaşlarınız o qədər dəyərlidir. O, bir damla göz yaşınızı belə unutmur. Zəbur 139:3 ayəsində Yehovanın bütün yollarımızdan agah olduğu deyilir. O sizin bütün yollarınızdan agah olsa da, diqqətini gördüyünüz yaxşı işlərə cəmləyir (İbr. 6:10). Nəyə görə? Çünki Onu razı salmaq üçün göstərdiyiniz hər bir cəhdi qiymətləndirira.
8 Yehova Kəlamındakı bu cür təsəlliverici ayələrlə sanki sizə belə deyir: «İstəyirəm, səni nə qədər çox sevdiyimi, Mənə nə qədər əziz olduğunu biləsən». Amma öyrəndiyimiz kimi Şeytan Allahın sizi sevmədiyinə inanmağınızı istəyir. Bəzən Yehovanın məhəbbətinə şübhə yaranırsa, dayanıb özünüzdən soruşun: «Kimə inanacağam, yalanın atasına, yoxsa haqq Allaha?» (Yəh. 8:44; Zəb. 31:5).
9. Yehova Onu sevənlərə nə vəd edir? (Çıxış 20:5, 6).
9 Yehovanın məhəbbətə necə qarşılıq verdiyi üzərində düşünün. Onun Musa peyğəmbərə və israillilərə nə dediyini yadımıza salaq. (Çıxış 20:5, 6 ayələrini oxuyun.) Yehova vəd edir ki, Onu sevən kəslərə daim məhəbbət göstərəcək. O, sədaqətli Allah olduğu üçün ola bilməz ki, Onu sevən insanın məhəbbətinə məhəbbətlə qarşılıq verməsin (Nəh. 1:5). Buna görə də Yehovanın sizi sevmədiyini düşünəndə dayanıb özünüzə bu sualı verin: «Mən Yehovanı sevirəm?» Sonra bunun üzərində düşünün: əgər siz Onu sevirsinizsə, Onu razı salmaq üçün əlinizdən gələni edirsinizsə, bilin ki, O da sizi sevir, özü də lap çox (Dən. 9:4; 1 Kor. 8:3). Başqa sözlə, əgər özünüzün Yehovanı sevdiyinə şübhə etmirsinizsə, Onun sizi sevdiyinə niyə şübhə edəsiniz? Onun məhəbbətinə və sədaqətinə heç bir şübhə yoxdur.
10, 11. Yehova fidyə qurbanlığı haqda nəyi yadda saxlamağınızı istəyir? (Qalatiyalılara 2:20).
10 Fidyə üzərində düşünün. İsa Məsihin fidyə qurbanlığı Yehovanın bəşəriyyətə verdiyi ən böyük hədiyyədir (Yəh. 3:16). Bəs Yehovanın bu hədiyyəni şəxsən sizin üçün verdiyini demək olar? Əlbəttə! Həvari Bulusu yadımıza salaq. O, məsihi olmazdan qabaq ciddi günahlar işləmişdi. Məsihi olandan sonra isə günahlı meyilləri ilə mübarizəni davam etdirməli idi (Rom. 7:24, 25; 1 Tim. 1:12—14). Bununla belə, o, fidyəyə Yehovanın şəxsən onun üçün verdiyi bir hədiyyə kimi baxırdı. (Qalatiyalılara 2:20 ayəsini oxuyun.) Nəzərə alın ki, Bulus bu sözləri Yehovanın ilhamı ilə yazıb. Ümumiyyətlə, Müqəddəs Kitabda yazılanların hamısı bizə nəsihət olaraq yazılıb (Rom. 15:4). Deməli, Bulusun sözlərinə əsasən Yehova sizin fidyəyə necə yanaşmağınızı istəyir? Şəxsən sizə verilən bir hədiyyə kimi! Fidyəyə bu cür yanaşsanız, onda Yehovanın sizi sevdiyinə əminliyiniz artacaq.
11 Yehovaya minnətdarıq ki, İsa Məsihi yer üzünə canını bizim uğrumuzda qurban verməsi üçün göndərmişdi. Amma İsanın yer üzünə gəlməyinin başqa bir səbəbi də var idi. O, Allah haqda həqiqətləri açıqlamağa gəlmişdi (Yəh. 18:37). Onun öyrətdiyi həqiqətlərdən biri də o idi ki, Yehova bəndələrini çox sevir.
İSA YEHOVANIN BİZİ SEVDİYİNƏ İNANMAĞIMIZA NECƏ KÖMƏK EDİR?
12. Nəyə görə İsanın Yehova haqda dediklərinə inanmağa əsasımız var?
12 O, yer üzündə olanda böyük həvəslə Yehovanı insanlara tanıdırdı (Luka 10:22). İsanın Yehova haqda dediklərinə inanmağa tam əsasımız var, çünki o, yer üzünə gəlməzdən əvvəl minilliklər ərzində Yehovanın yanında olmuşdu (Kol. 1:15). İsa Yehovanın məhəbbətini həm şəxsən özü duyub, həm də Yehovanın Öz sadiq oğullarını və qızlarını necə sevdiyinin şahidi olub. Bəs İsa Yehovanın məhəbbətinə inanmağa bizə necə kömək edir?
13. İsa Yehovaya necə yanaşmağımızı istəyir?
13 İsa istəyir ki, Yehovaya onun yanaşdığı kimi yanaşaq. Müjdələrdə İsa Yehovaya 160 dəfədən çox «Ata» deyə müraciət edib. Davamçıları ilə danışanda o «sizin göydəki Atanız», yaxud «sizin Atanız» kimi ifadələr işlədirdi (Mət. 6:26; Yəh. 20:17). İsa Məsih yer üzünə gəlməzdən əvvəl Yehovanın sadiq xidmətçiləri Ondan bəhs edəndə və Ona müraciət edəndə «Qadir Allah», «Haqq-Taala», «Ulu Yaradan» kimi uca sifətlərdən istifadə edirdilər. Amma İsa Yehovaya tez-tez aydın və sadə şəkildə «Ata» deyə müraciət edirdi. Bu isə Yehovanın Öz xidmətçiləri ilə nə qədər yaxın münasibəti olduğunu vurğulayır. Bəli, İsa istəyirdi ki, biz də onun kimi Yehovaya əziz övladlarını sevən bir Ata kimi baxaq. Gəlin İsanın «Ata» sözünü işlətdiyi hadisələrdən ikisinə nəzər salaq.
14. İsa hər birimizin səmavi Atamızın gözündə dəyərli olduğunu necə göstərdi? (Mətta 10:29—31; həmçinin şəklə baxın.)
14 Birincisi, gəlin Mətta 10:29—31 ayələrində İsanın dediyi sözlərə baxaq. (Ayələri oxuyun.) Sərçələr kiçik quşlardır. Onlar nə Yehovanı sevir, nə də Ona ibadət edir. Bununla belə, Atamızın yerə düşən hər bir sərçədən xəbəri var. Əgər O, adi bir sərçəyə dəyər verirsə, onda görün Ona sevgidən irəli gələrək qulluq edən sadiq xidmətçilərinin hər birini nə qədər sevir və dəyərləndirir. «Müqəddəs Kitabın təlim nəşri»ndə «başınızdakı tüklər belə, bir-bir sayılıb» (30-cu ayə) sözləri ilə bağlı deyilir: «Yehovanın bu cür xırda şeyləri də bilməsi Onun Məsihin hər bir davamçısı ilə yaxından maraqlandığına zəmanət verir». Aydındır ki, İsa səmavi Atamızın gözündə nə qədər dəyərli olduğumuzu bilməyimizi istəyir.
Yehovanın yerə düşən hər bir sərçədən xəbəri var. Əgər O, adi bir sərçəyə dəyər verirsə, onda görün sizi — Onu sevən sadiq xidmətçisini nə qədər dəyərləndirir və sevir! (14-cü abzasa baxın)
15. İsanın Yəhya 6:44 ayəsində dediyi sözlərdən səmavi Atanız haqda nə öyrənirsiniz?
15 İsanın «Ata» sözünü istifadə etdiyi ikinci nümunəyə baxaq. (Yəhya 6:44 ayəsini oxuyun.) Səmavi Atanız sizi həqiqətə şəxsən cəlb edib. Bəs bunu nəyə görə edib? Çünki ürəyinizdə yaxşı bir şey görüb (Həv. 13:48). İsanın Yəhya 6:44 ayəsində dediyi sözlər məqalənin əsas ayəsindəki sözləri xatırladır. Orada Yehova qədim xalqına müraciət edərək demişdi: «Məhəbbətlə səni Özümə tərəf çəkdim» (Ərm. 31:3; Huşə 11:4 ayəsi ilə əlaqələndirin). Bu sözlərin üzərində bir düşünün. Səmavi Atanız əvvəllər olduğu kimi bu gün də sizdəki yaxşı xüsusiyyətləri, bəlkə də heç özünüzün görmədiyi xüsusiyyətləri görür və sizə məhəbbət göstərir.
16. a) İsa bir növ nə demişdi və biz ona niyə inanmalıyıq? b) Yehovaya Ata kimi yanaşmağa sizə nə kömək edə bilər? («Hamımızın ehtiyac duyduğu Ata» adlı çərçivəyə baxın.)
16 Yehovanı Atamız adlandırmaqla İsa bir növ belə demişdi: «Yehova təkcə mənim yox, sənin də Atandır. Səni əmin edirəm ki, O səni sevir və şəxsən sənin qayğına qalır». Əgər hərdən Yehovanın sizi sevdiyinə şübhə edirsinizsə, dayanıb özünüzdən soruşun: «Atamızı hamıdan yaxşı tanıyan və həmişə həqiqəti danışan Oğulun sözlərinə məgər inanmamalıyam?» (1 But. 2:22).
YEHOVANIN SİZİ SEVDİYİNƏ ƏMİNLİYİNİZİ DAİMA MÖHKƏMLƏNDİRİN
17. Yehovanın bizi sevdiyinə əminliyimizi nəyə görə daim möhkəmləndirməliyik?
17 Yehovanın bizi sevdiyinə əminliyimizi daima möhkəmləndirmək lazımdır. Yuxarıda da dediyimiz kimi məkrli düşmənimiz Şeytan bizi Yehovaya ibadətdən saxlamaq üçün hər şeyə əl atmağa hazırdır. O, Yehovanın bizi sevdiyinə əminliyimizi daima zəiflətməyə çalışacaq. Şeytanın qələbə çalmasına əsla imkan verməməliyik! (Əyy. 27:5).
18. Yehovanın sevgisinə əminliyinizi necə möhkəmləndirə bilərsiniz?
18 Yehovanın sizi sevdiyinə əminliyinizi möhkəmləndirmək üçün daima dua edin və xahiş edin ki, Onun sizdə gördüyü gözəl keyfiyyətləri siz də özünüzdə görə biləsiniz. Müqəddəs Kitab yazarlarının Yehovanın məhəbbətini necə təsvir etdikləri üzərində düşünün. Unutmayın, Yehova Onu sevən kəslərə həmişə məhəbbətlə qarşılıq verir. Fidyəyə Yehovanın şəxsən sizə verdiyi bir hədiyyə kimi yanaşın. Həmçinin İsanın səmavi Atanızla bağlı dediyi sözlərin üzərində düşünün. Yehova İsanın Atası olduğu kimi sizin də Atanızdır. Bunları etsəniz, onda kimsə sizə «Yehovanın səni sevdiyinə əminsən?» sualını verəndə qətiyyətlə belə deyəcəksiniz: «Bəli, əminəm! Mən də hər gün Onu sevdiyimi göstərmək üçün əlimdən gələn hər şeyi edirəm».
NƏĞMƏ 154 Bitməz sevgi