Oxucuların sualları
Çox tezliklə Yehova hökumətlərin ürəyinə hansı «fikri» qoyacaq?
Böyük müsibətin başlaması ilə bağlı Vəhy 17:16, 17 ayələrində deyilir: «Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub. Allahın sözləri yerinə yetənədək onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər». Əvvəllər nəşrlərimizdə deyilirdi ki, bu «fikir» yalan dini məhv etməklə bağlıdır.
Amma bu təlimə düzəliş etmək lazımdır. Yehovanın hökumətlərin ürəyinə qoyacağı «fikir» onların «padşahlıq hakimiyyətini vəhşi heyvana» verməsi fikridir. Bunun necə baş verəcəyini bilmək üçün gəlin aşağıdakı suallara cavab tapaq.
Bu peyğəmbərlikdə əsas personajlar kimləri təmsil edir? Ayədəki «fahişə» həm də «Böyük Babil» adlanır; o, yalan dinin dünya imperiyasını təmsil edir. «Al-qırmızı rəngli vəhşi heyvan» sülh təşkilatının rəmzidir. Bu təşkilat 1919-cu ildə Millətlər Cəmiyyəti kimi fəaliyyətə başladı və indi Birləşmiş Millətlər Təşkilatı (BMT) adlanır (Vəhy 17:3—5). «On buynuz» isə vəhşi heyvanı dəstəkləyən bütün hökumətləri təmsil edir.
Fahişə ilə «al-qırmızı rəngli vəhşi heyvan» arasında hansı münasibət var? Fahişə vəhşi heyvanın belində oturur, yəni onu dəstəkləyir, hətta üzərində ağalıq edir.
Fahişənin aqibəti necə olacaq? Vəhşi heyvan onu dəstəkləyən on buynuzla birlikdə «fahişəyə nifrət edəcək». Bu nifrət o həddə çatacaq ki, onlar fahişənin var-dövlətini əlindən alacaqlar və mənfur olduğunu ifşa edəcəklər. Sonra onlar Yehovanın fahişə ilə bağlı hökmünü icra edəcəklər, yəni onu tamamilə məhv edəcəklər (Vəhy 17:1; 18:8). Bununla da yalan dinlərin mövcudluğuna son qoyulacaq. Amma bu baş verməzdən əvvəl Yehova hökumətləri elə bir şeyə təhrik edəcək ki, belə bir şey bəşər tarixində heç vaxt baş verməyib.
Yehova hökumətlərin nə etməsinə səbəb olacaq? Yehova on buynuzun ürəyinə «[Öz] fikrini» qoyacaq. Bu fikir isə odur ki, on buynuz «güc və səlahiyyətlərini [al-qırmızı rəngli] vəhşi heyvana», Birləşmiş Millətlər Təşkilatına verəcək (Vəhy 17:13). Bunun nə demək olduğu üzərində bir düşünün. İnsan hökumətləri güc və səlahiyyətlərini vəhşi heyvana vermək qərarına özləri gələcəklər? Xeyr! Peyğəmbərliyə əsasən Yehova Özü onların bu cür davranmasına təsir edəcək (Məs. 21:1; Əşiya 44:28 ayəsi ilə əlaqələndirin). Görünür, bu, yavaş-yavaş, tədricən yox, qəfil, bir anın içində baş verəcək. Yeni bir səlahiyyət almış vəhşi heyvan bütün yalan dini təşkilatları birdəfəlik məhv edəcək, bununla da o, Yehovanın yalan dinə qarşı hökmünü icra edəcək.
Gələcəkdə nəyin baş verəcəyini gözləyə bilərik? Biz hökumətlərin BMT-yə tədricən daha çox dəstək olacağı ilə bağlı xəbərlərin çıxacağını gözləməməliyik. Bizim gözlədiyimiz şey budur: Yehova qəfil hökumətlərin ürəyinə qoyacaq ki, onlar öz səlahiyyətlərini BMT-yə versinlər. Bu, baş verəndə biləcəyik ki, böyük müsibət başlamaq üzrədir. Həmin vaxta qədər isə gəlin oyaq qalıb ayıq olaq, çünki qəfil dəyişikliklərin baş verməsinə lap az qalıb! (1 Salon. 5:6).