Rəhbərlik Şurasının məktubu
Əziz həmimanlılarımız!
Kainatın Hökmdarı olan Yehovanın adını daşımaq bizim üçün necə də böyük şərəfdir! Bu, əbədi, sarsılmaz və özlüyündə yeganə addır. Məhz Yehova bizə bu adı daşımağa izin verib. Xüsusilə də, 1931-ci ildən etibarən biz bu bənzərsiz adla tanınırıq (Yeşaya 43:10). Biz Yehovanın Şahidləri adını daşımağımızla fəxr edirik.
İblis usanmadan Yehovanın adını yox etməyə çalışır. Onun hakimiyyəti altında olan xalqlar Yehovanın adını inkar edirlər. Yalan dinin dünya imperiyası olan Böyük Babil Allahın adına nifrət edir və Müqəddəs Kitabın bir çox tərcümələrindən bu adı silib. Bunun əksinə olaraq, İsa Atasının adını uca tutur və şagirdlərinə öyrətdiyi nümunəvi duada ilk olaraq bu adı qeyd etmişdi. O söyləmişdi: «Belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun”» (Mat. 6:9). Sonralar, o, Atasına səmimi duasında belə demişdi: «Dünyadan Mənə verdiyin adamlara Sənin adını açdım» (Yəh. 17:6). İsanın gözəl nümunəsini izləyərək biz Yehovanın adını bütün dünyada ucaltmağa həmişəkindən daha çox qəti qərarlıyıq.
‘Müjdəyə əsaslı surətdə şəhadət et’ sözləri, 2009-cu ilin illik ayəsi kimi, bizi xidmətimizi tam şəkildə icra etməyə təşviq etmişdi (Həv. iş. 20:24, YD). Şübhəsiz ki, ötən xidmət ilində Yehova bizim cəhdlərimizi bol-bol xeyir-dualandırıb. Bütün dünyada Yehovanın adına izzət və şərəf gətirən böyük şahidlik verilmişdi. Yeni ən yüksək sayda təbliğçi, 7 313 173 nəfər bir ağızdan hamıya təbliğ edir və gündəlik qarşılaşdıqları çoxsaylı problemlərin həllini axtaran səmimi insanları öyrədirlər. Məsihin ölümünün Xatirə Gecəsinə 18 168 323 nəfərin gəlməsi göstərir ki, bu pis sistemin sonu gəlməzdən öncə hələ milyonlarla insanın Yehovanın adını çağıracağına ümid edə bilərik.
Hələ ki, Yehova izin, verir biz sahəmizdəki insanlara baş çəkmək üçün hər fürsətdən istifadə edərək Padşahlıq haqqında xoş xəbəri səylə təbliğ etməyə davam edəcəyik (Mat. 24:14; Mark 13:10). Evdən-evə, küçədə, məktub və telefon vasitəsilə və ya qeyri-rəsmi şahidlik verməyimizdən asılı olmayaraq, Yehovanın adını və niyyətini bacardığımız qədər daha çox adama çatdırmağa çalışırıq.
Yehovanın çox tez bir zamanda Öz adını izzətləndirəcəyinə inanmağa tam əsasımız var (Yez. 36:23). Allahın adına ləkə gətirən adamların susacağı vaxt sürətlə yaxınlaşır. Yehovanın adını izzətləndirən və Onun hökmranlığını dəstəkləyən bütün sadiq xidmətçiləri üçün bu necə də gözəl gün olacaq!
Yehovanın Öz xalqına məhəbbət dolu qayğısı 2009-cu ildə bütün dünyada keçirilən «Oyaq durun!» adlı vilayət və beynəlxalq konqreslərindən aydın görünmüşdü. Bu konqreslər teokratiyanın tarixində dönüş nöqtəsi olmuş və bizi Yehovanın gününü gözləyərək daha oyaq olmağa təşviq etmişdir (Mark 13:37; 1 Salon. 5:1, 2, 4).
Həqiqətən də, Yehova bizə qarşı çox xeyirxahdır. Onun sayəsində ürəyimiz sevinclə dolub daşır. O, bizi yaşıl çəmənlərdə dincəldir və sakit axan sular kənarında gəzdirir (Məz. 23:1, 2; 100:2, 5).
Əmin olun ki, növbəti aylarda Padşahlıq işində fəal iştirak edərkən Yehova həmişə olduğu kimi xeyir-duasını sizdən əsirgəməyəcək!
Ümumdünya qardaşlığımıza alovlu məsihçi məhəbbəti ilə, Sizin qardaşlarınız, Yehovanın Şahidlərinin Rəhbərlik şurası