Yehovanın Şahidləri artıq Yehovanın Şahidi olmayanlara necə yanaşırlar?
Biz hamıya məhəbbət, şəfqət və hörmət göstərməyə çalışırıq. Əgər dindaşımız Allaha xidmətdə əvvəlki qədər fəal deyilsə, və ya ümumiyyətlə, xidmətini dayandırıbsa, biz əlimizdən gələni edirik ki, onunla ünsiyyətdə olaq, sevdiyimizi göstərək və yenidən Allaha yaxınlaşmasına kömək edək (Luka 15:4—7).
Bəzi hallarda insanın əməllərinə görə qərar verilə bilər ki, o artıq Yehovanın Şahidi kimi qala bilməz (1 Korinflilərə 5:13). Biz dindaşlarımızı çox sevirik, ona görə də bu baş verməsin deyə dindaşımıza kömək etmək üçün qabaqcadan əlimizdən gələni edirik. Amma o artıq Yehovanın Şahidi olmasa da, biz yenə də Müqəddəs Kitabda deyildiyi kimi ona məhəbbət və hörmət göstərməyə davam edirik (Mark 12:31; 1 Butrus 2:17).
İnsanın artıq Yehovanın Şahidi olmamasına nə səbəb ola bilər?
Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, əgər məsihi ciddi günah edirsə və günahından tövbə etmirsə, o artıq Yehovanın Şahidi kimi qala bilməza (1 Korinflilərə 5:11—13). Həmçinin orada insanın artıq Yehovanın Şahidi olmamasına səbəb ola biləcək günahlar da yazılıb. Məsələn, orada əxlaqsızlıq, sərxoşluq, qətl, məişət zorakılığı və soyğunçuluq kimi pis əməllər sadalanıb (1 Korinflilərə 6:9, 10; Qalatiyalılara 5:19—21; 1 Timutiyə 1:9, 10).
Əgər insan ciddi günah edibsə, bu o demək deyil ki, onun artıq Yehovanın Şahidi olmaması ilə bağlı qərar dərhal verilir. Yığıncaqdakı ağsaqqallarb ona səhv yoldan dönməyə kömək etməyə çalışırlar (Romalılara 2:4). Onlar günah etmiş məsihi ilə mülayimcəsinə, nəzakətlə və şəfqətlə davranırlar (Qalatiyalılara 6:1). Bu cür münasibət günahkara öz səhvlərini başa düşüb tövbə etməyə kömək edə bilər (2 Timutiyə 2:24—26). Əgər göstərilən bütün köməyə baxmayaraq, o, Müqəddəs Kitab prinsiplərini pozmağa davam edirsə və tövbə etmirsə, o zaman ona Yehovanın Şahidi kimi qalmağa izin verilmir. Bundan sonra ağsaqqallar yığıncaqda elan edirlər ki, həmin insan artıq Yehovanın Şahidi deyil.
Ağsaqqallar günahkarı dəyişməyə təşviq etmək üçün onunla mülayimcəsinə, nəzakətlə və şəfqətlə davranırlar
Tövbə etməyən günahkara qarşı bu cür tədbirin görülməsi hansı faydanı gətirir? Birincisi, yığıncaqdakı digər Yehovanın Şahidləri Allahın əxlaq dəyərlərini dəstəklədiklərini göstərirlər və özlərini günah etmiş insanın mənfi təsirindən qoruyurlar (1 Korinflilərə 5:6; 15:33; 1 Butrus 1:16). İkincisi, bu cür tədbir günahkarı səhv yolundan dönüb lazımi dəyişikliklər etməyə təşviq edə bilər (İbranilərə 12:11).
Bəs biz artıq Yehovanın Şahidi olmayanlara necə yanaşırıq?
Müqəddəs Kitabda deyilir ki, məsihilər artıq Yehovanın Şahidi olmayanlarla oturub-durmamalı, hətta bir süfrəyə də əyləşməməlidirlər (1 Korinflilərə 5:11). Bu səbəbdən biz artıq Yehovanın Şahidi olmayan insanla vaxt keçirmirik. Amma bu o demək deyil ki, ondan yan gəzirik. Biz ona hörmətlə yanaşırıq. O ibadət görüşlərimizdə iştirak edə bilər. Hər bir məsihi öz şəxsi qərarına əsasən istəsə, onunla qısaca salamlaşa bilərc. Həmçinin həmin insan yığıncağa geri qayıtmaq üçün ağsaqqallardan kömək istəyə bilər.
Artıq Yehovanın Şahidi olmayan kəslər ibadət görüşlərimizə gələ bilərlər
Əgər artıq Yehovanın Şahidi olmayan insanın həyat yoldaşı və uşaqları hələ də Yehovanın Şahidləridirsə, onda necə? Həmin adam ailəsi ilə birgə Yehovaya ibadət etməsə də, onların ailə bağları əvvəlki kimi qalır. Nə qədər ki bir evdə yaşayırlar, onlar bir-biri ilə məhəbbətlə davranmalıdırlar.
Artıq Yehovanın Şahidi olmayan kəs yığıncağın ağsaqqallarından onu ziyarət etməsini xahiş edə bilər. Ağsaqqallar ona mehribanlıqla Müqəddəs Kitaba əsaslanan məsləhət verəcək və tövbə edib Yehovaya geri dönməyə təşviq edəcəklər (Zəkəriyyə 1:3). Əgər o, səhv yolundan döndüyünü və Müqəddəs Kitabdakı əxlaq normalarına uyğun yaşamaq istədiyini göstərərsə, yenidən Yehovanın Şahidi ola bilər. Qədim Korinf şəhərində yaşayan məsihilər kimi biz də tövbə etmiş günahkarı mərhəmət göstərib bağışlamalı və ona təsəlli verməliyik (2 Korinflilərə 2:6—8).
Barələrində bu cür tədbir görülmüş məsihilər hansı hissləri keçirirlər?
Görün vaxtilə barələrində bu cür tədbir görülmüş və sonra yenidən Yehovaya geri dönmüş Yehovanın Şahidləri nə deyir:
«Yenidən yığıncağa geri dönmək qərarını verəndə düşünürdüm ki, ağsaqqallar Yehovanın Şahidi olmadığım onilliklər ərzində etdiyim hər şeyi öyrənmək istəyəcəklər. Amma, əksinə, onlar dedilər: “Biz istəyirik ki, sən bütün diqqətini bundan sonra edəcəklərinə cəmləyəsən”. Bunu eşidəndə sanki çiyinlərimdən ağır yük düşdü» (Mariya, Birləşmiş Ştatlar).
«Mən geri dönəndə yığıncaqdakı dindaşlarım çox sevindilər. Özümü dəyərli hiss etdim. Ruhani bacı-qardaşlarım mənə bağışlandığımı hiss etməyə və diqqətimi gələcəyə cəmləməyə kömək etdilər. Ağsaqqallar Yehova ilə münasibətlərimi möhkəmləndirmək üçün mənə yardım etməyə həmişə hazır idilər. Onlar mənə təsəlli verdilər, Yehovanın mənə hələ də dəyər verdiyini və məni sevdiyini görməyə kömək etdilər» (Malkom, Syerra-Leone).
«Yehova xidmətçilərini sevdiyi üçün elə edir ki, Onun təşkilatı təmiz qalsın. Bu məni çox sevindirir. Kənardan bu tədbir ağır görünə bilər, amma, əslində, bunu etmək çox vacibdir və bu, Yehova Allahın məhəbbətini göstərir. Səmavi Atamızın sevən və bağışlayan Allah olduğuna görə çox minnətdaram» (Sandi, Birləşmiş Ştatlar).
a Əvvəllər belə insanlarla bağlı yığıncaqdan kənar olunub ifadəsini işlədirdik. İndi isə onların artıq Yehovanın Şahidi olmadığını deyirik.
b Məsihi yığıncağındakı ağsaqqallar Allaha uzun illər sədaqətlə xidmət edən kişilərdir. Onlar Yehovanın xalqına Müqəddəs Kitab əsasında təlim verir, kömək edir və ruhlandırır. Bu işin müqabilində məvacib almırlar (1 Butrus 5:1—3).
c Təəssüf ki, bəzi hallarda insan təkcə yığıncağı tərk etməklə kifayətlənmir, həmçinin yığıncağın adına xələl yetirmək və yığıncaqdakıları ruhdan salmaq üçün müəyyən şeylərə əl atır və ya günahlı həyat tərzini fəal şəkildə təbliğ edir. Belə insanlarla biz Müqəddəs Kitabdakı əmrə uyğun davranırıq və onları salamlamırıq (2 Yəhya 9—11).