Sentyabr
Bazar ertəsi, 1 sentyabr
Göydən gələn şəfəq üzərimizə nur saçacaq (Luka 1:78).
Yehova İsaya bəşəriyyətin bütün problemlərini həll etmək ixtiyarı verib. Möcüzələri vasitəsilə İsa göstərmişdi ki, qarşısında aciz olduğumuz problemləri aradan qaldırmağa qadirdir. Məsələn, o bizi bəşəriyyətin problemlərinin kökündə duran günahdan və onun nəticəsi olan xəstəlik və ölümdən qurtarmaq iqtidarındadır (Mət. 9:1—6; Rom. 5:12, 18, 19). Göstərdiyi möcüzələr sübut edir ki, o, «hər cür» xəstəni sağalda bilir, hətta ölüləri dirildə bilir (Mət. 4:23; Yəh. 11:43, 44). Həmçinin İsanın şiddətli fırtınanı ram etmək və insanları şər ruhi qüvvələrdən azad etmək səlahiyyəti var (Mark 4:37—39; Luka 8:2). Yaxşı ki, Yehova İsaya bu qədər ixtiyar verib! Əmin ola bilərik ki, Allahın Padşahlığının hakimiyyəti altında gözəl nemətlər alacağıq. İsanın yer üzündə göstərdiyi möcüzələrdən öyrənirik ki, o, Allahın Padşahlığının Padşahı kimi tezliklə bundan da böyük işlər görəcək. w23.04 s. 3—4, abz. 5—7
Çərşənbə axşamı, 2 sentyabr
Onun ruhu hər şeyi, Allahın dərin sirlərini belə tədqiq edir (1 Kor. 2:10).
Əgər böyük yığıncaqda xidmət edirsinizsə və sizə çox vaxt şərh verilmirsə, ola bilsin, əl qaldırmaqdan vaz keçəsiniz. Amma belə etməyin, yenə də şərh verməyə cəhd edin. Hər görüşə bir neçə şərh hazırlayın. Belə etsəniz, əvvəldə sizə söz verilməsə də, görüş boyu hələ də şərh vermək imkanınız olacaq. «Gözətçi qülləsi»nin təlim nəşrinə hazırlaşanda hər abzasın məqalənin əsas mövzusu ilə necə əlaqəli olduğu barədə düşünün. Onda müzakirə boyu şərh vermək üçün həmişə fikriniz olacaq. Bundan əlavə, bəzi abzaslarda dərin təlimlər müzakirə olunur və onları izah etmək daha qəlizdir. Həmin abzaslara şərh hazırlaya bilərsiniz. Çünki adətən belə abzaslara əl qaldıranların sayı az olur. Bəs əgər artıq neçə görüşdür ki, şərh verə bilməmisinizsə, nə edə bilərsiniz? Görüşdən əvvəl bəndi aparacaq qardaşa yaxınlaşıb hansı suala cavab vermək istədiyinizi deyə bilərsiniz. w23.04 s. 21—22, abz. 9, 10
Çərşənbə, 3 sentyabr
Yusif... Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi (Mət. 1:24).
Yusif Yehovanın buyruqlarına canla-başla əməl edirdi. Onun yaxşı ər olmasının sirri də məhz bunda idi. Ən azı üç dəfə o, Yehovadan ailəsi ilə bağlı göstəriş almışdı. Hər dəfə də o bu göstərişlərə dərhal əməl edirdi. Halbuki bunlar asan tapşırıqlar deyildi (Mət. 1:20; 2:13—15, 19—21). Allahın verdiyi buyruqlara əməl etməklə Yusif Məryəmi qorudu, ona dəstək oldu və onun qayğısına qaldı. Bir düşünün, Yusifin bu cür davranışını görəndə Məryəmin ona sevgisi və hörməti necə artırdı! Əziz ərlər, siz də Yusifdən örnək götürərək çalışın ailənizin qeydinə qalmaq üçün Müqəddəs Kitabdan məsləhətlər axtarasınız. Sonra isə çətin olsa da, bu məsləhətlərə əməl edin. Bununla arvadınızı sevdiyinizi göstərəcəksiniz və nikahınızı möhkəmləndirəcəksiniz. Vanuatuda yaşayan və 20 ildən çoxdur evli olan bir bacı deyir: «Ərim Yehovanın məsləhətinə üz tutanda və Onun göstərişlərinə əməl edəndə ona hörmətim birə-beş artır. Özümü arxayın hiss edirəm və onun verdiyi qərarlara etibar edirəm». w23.05 s. 21, abz. 5
Cümə axşamı, 4 sentyabr
Orada geniş bir yol olacaq, o yol Müqəddəslik yolu adlanacaq (Əşy. 35:8).
Babildən geri qayıdan yəhudilər Allahın «müqəddəs xalqı» olacaqdı (Qan. 7:6). Amma bu o demək deyildi ki, onlar Yehovanı razı salmaq üçün özlərində heç bir dəyişiklik etməməlidirlər. Yəhudilərin əksəriyyəti gözünü Babildə açmışdı. Onlar babillilərin düşüncəsini, dəyərlərini mənimsəmişdi. İlk yəhudilər İsrailə qayıdandan uzun illər sonra vali Nəhəmya xəbər tutdu ki, İsraildə doğulan uşaqlar yəhudilərin dilini bilmir. O buna məəttəl qaldı (Qan. 6:6, 7; Nəh. 13:23, 24). Allahın Kəlamının yazıldığı əsas dili — ibrani dilini bilməyən uşaqlar Yehovanı sevməyi, Ona ibadət etməyi necə öyrənəcəkdilər? (Üzr. 10:3, 44). Odur ki, yəhudilər həyatlarında köklü dəyişiklik etməli idi. Amma bunu İsraildə etmək daha asan idi, çünki burada pak ibadət tədricən bərpa olunurdu (Nəh. 8:8, 9). w23.05 s. 15, abz. 6, 7
Cümə, 5 sentyabr
Yehova yıxılanlara dayaq olur, qəddi əyilənləri ayağa qaldırır (Zəb. 145:14).
Əfsuslar olsun ki, nə qədər həvəsli, nizamlı olsaq da, bəzən hər şey plan üzrə getməyə bilər. Ola bilsin, qəfil iş çıxsın və məqsədimizi icra etməyə vaxt qalmasın (Vaiz 9:12). Yaxud da elə problemlə üzləşə bilərik ki, bu bizi ruhdan salar, gücümüz tükənər (Məs. 24:10). Həmçinin günahlı olduğumuz üçün hansısa yanlış hərəkətimizlə məqsədimizə çatmağı daha da çətinləşdirə bilərik (Rom. 7:23). Ya da sadəcə yorğun ola bilərik (Mət. 26:43). Bu kimi maneələrə baxmayaraq, təslim olmamağa bizə nə kömək edə bilər? Yadda saxlayın: məqsədinizə çatmağa nəyinsə mane olması o demək deyil ki, daha sizdə alınmayacaq. Müqəddəs Kitabda yazılıb ki, biz tez-tez problemlərlə üzləşə bilərik. Amma orada, həmçinin yazılıb ki, biz ayağa qalxa bilərik. Bəli, nəsə mane olsa da, məqsədinizə çatmağa çalışanda göstərirsiniz ki, Yehovanı razı salmaq istəyirsiniz. Yehova da sizin təslim olmadığınızı görəndə təsəvvürəgəlməz dərəcədə sevinir. w23.05 s. 30—31, abz. 14, 15
Şənbə, 6 sentyabr
Sürüyə nümunə olun (1 But. 5:3).
Öncül xidməti gənc qardaşlara müxtəlif insanlarla əməkdaşlıq etməyi öyrədir. Həmçinin bu xidmət onlara puldan ağılla istifadə etməyə və yersiz xərclər etməməyə kömək edir (Filip. 4:11—13). Köməkçi öncül xidməti tamvaxtlı xidmətə açılan qapıdır. Bu onları öncül xidmətinə hazırlayır. Öncül xidməti isə tamvaxtlı xidmətin digər növlərinə qapı aça bilər. Məsələn, tikintidə və ya Beyteldə xidmət etməyə. Məsihi qardaşlar yığıncaqda dindaşlarına ağsaqqal kimi xidmət etmək üçün lazımi tələblərə cavab verməyə çalışmalıdırlar. Müqəddəs Kitabda deyilir ki, bu məsuliyyətə can atan qardaş «yaxşı şey arzulayır» (1 Tim. 3:1). Qardaş ilk növbədə yığıncaq xidmətçisi olmaq üçün tələblərə cavab verməlidir. Yığıncaq xidmətçiləri bir çox işlərdə ağsaqqallara kömək edirlər. Həm ağsaqqallar, həm də yığıncaq xidmətçiləri bacı-qardaşlarına təvazökarlıqla xidmət edirlər və təbliğ işində şövqlə çalışırlar. w23.12 s. 28, abz. 14—16
Bazar, 7 sentyabr
Hələ uşaq ikən o, əcdadı Davudun Allahına ibadət etməyə... başladı (2 Saln. 34:3).
Yuşiyyə padşah yeniyetmə yaşlarında Yehovanı axtarmağa başladı. O, Yehovanı tanımaq, Onun iradəsini yerinə yetirmək istəyirdi. Bununla belə, bu gənc padşahın həyatı heç də asan deyildi. Həmin vaxt əksəriyyət saxta allahlara ibadət edirdi, buna görə də Yehovanın tərəfini tutmaq üçün Yuşiyyəyə böyük cəsarət lazım idi. O, belə də etdi! Heç 20 yaşı yox idi ki Yuşiyyə ölkədən saxta ibadəti təmizləməyə başladı (2 Saln. 34:1, 2). Siz də çox gənc olsanız da, Yuşiyyədən örnək alaraq Yehovanı axtarmağa, Onun xüsusiyyətləri barədə öyrənməyə can ata bilərsiniz. Bu cür davam etsəniz, özünüzü Ona həsr etmək istəyəcəksiniz. Bəs həsr olunmağınızın həyatınıza hansı təsiri olacaq? 14 yaşında vəftiz olunan Luka deyir: «İndən belə mən Yehovaya xidməti həyatımda hər şeydən üstün tutacağam və Onun qəlbini sevindirməyə çalışacağam» (Mark 12:30). Əgər sizin də ürəyinizdə belə bir istək varsa, nə xoş sizə! w23.09 s. 11, abz. 12, 13
Bazar ertəsi, 8 sentyabr
Sizdən rica edirik ki, aranızda zəhmət çəkənlərə, Ağanın işində sizə rəhbərlik edənlərə... hörmət göstərəsiniz (1 Salon. 5:12).
Həvari Bulus Saloniki yığıncağına ilk məktubunu yazanda yığıncaq heç bir il yox idi ki yaranmışdı. Yəqin, təyin olunmuş qardaşlar təcrübəsiz idi və ola bilsin, səhvlərə yol verirdi. Amma onlar yenə də hörmətə layiq idilər. Böyük müsibət yaxınlaşdıqca, ola bilsin, biz göstəriş almaq üçün ağsaqqallardan indikindən də çox asılı olacağıq. Ola bilər, həmin vaxt baş idarə və filialla əlaqəmizi itirək. Ona görə də indidən ağsaqqalları sevib onlara hörmət etmək vacibdir. Nə olursa olsun, gəlin ayıq-sayıqlığımızı qoruyaq, diqqətimizi ağsaqqalların səhvlərinə yox, Yehovanın İsa Məsih vasitəsilə onları istiqamətləndirdiyinə yönəldək. Həmçinin ümidimizi möhkəm saxlamalıyıq, o bizə sakit və sabit qalmağa kömək edir. Dəbilqə əsgərin başını qoruduğu kimi xilasa olan ümidimiz də bizim düşüncələrimizi qoruyur. Biz bu dünyanın etdiyi təkliflərin puç olduğunu başa düşürük (Filip. 3:8). w23.06 s. 11—12, abz. 11, 12
Çərşənbə axşamı, 9 sentyabr
Axmaq qadın hay-küy salar. O, cahildir (Məs. 9:13).
Axmaq qadının çağırışını eşidənlər qərar verməlidirlər: onlar dəvəti ya qəbul etməli, ya da rədd etməlidirlər. Biz cinsi əxlaqsızlıqdan çəkinməliyik. Bunun üçün əsaslı səbəblər var. «Axmaq qadın» belə deyir: «Oğurluq su şirin olar» (Məs. 9:17). «Oğurluq su» nədir? Müqəddəs Kitabda ərlə arvad arasındakı yaxınlıq təravət gətirən suya bənzədilir (Məs. 5:15—18). Qanuni nikahda olan kişi ilə qadın bir-biri ilə cinsi münasibətdən həzz ala bilər. Amma «oğurluq su» barədə bunu qətiyyən demək olmaz. Ola bilsin, «oğurluq su» deyilərkən qadağan olunmuş cinsi münasibətlər nəzərdə tutulur. Çox vaxt əxlaqsızlıq edənlər öz əməllərini oğrutək xəlvətdə edirlər. Əməlləri onlara «şirin» su kimi gəlir. Nəyə görə? Yəqin, onlar düşünür ki, gördükləri işin üstü açılmayacaq. Amma onlar necə də yanılırlar! Yehova hər şeyi görür. Onun rəğbətini itirməkdən betər heç nə ola bilməz. Belə böyük itkidən sonra bu suya «şirin» demək olar? (1 Kor. 6:9, 10). w23.06 s. 22—23, abz. 7—9
Çərşənbə, 10 sentyabr
Könülsüz etsəm də, mənə həvalə edilmiş nökərbaşı vəzifəsini yerinə yetirirəm (1 Kor. 9:17).
Ola bilsin, dualarınızın əvvəlki kimi ürəkdən gəlmədiyini və ya təbliğdən daha sevinc duymadığınızı düşünürsünüz. Düşünməyin ki, Yehova müqəddəs ruhunu sizdən götürüb. Qeyri-kamil insanın hərdən bu cür hisslərə qapılması normaldır. Görsəniz ki, şövqünüz yavaş-yavaş azalır, həvari Bulusun nümunəsi üzərində düşünün. Düzdür, o, İsadan örnək götürməyə çalışırdı. Amma başa düşürdü ki, hərdən eyni şövqlə xidmət edə bilməyəcək. Bulus həmin an hansı hisslər keçirməsinə baxmayaraq, xidmətini yerinə yetirməyə qətiyyətli idi. Eynilə, siz də təkcə hissləriniz əsasında qərar verməyin. Keçirdiyiniz hisslərə baxmayaraq, düzgün olanı etməyə qətiyyətli olun. Müəyyən vaxtdan sonra hərəkətləriniz hisslərinizə təsir edəcək (1 Kor. 9:16). w24.03 s. 11—12, abz. 12, 13
Cümə axşamı, 11 sentyabr
Məhəbbətinizi onlara sübut edin (2 Kor. 8:24).
Bacı-qardaşlara sevgimizi onları dostlarımızın sırasına qəbul etməklə göstərə bilərik (2 Kor. 6:11—13). Çoxumuzun getdiyi yığıncaqlarda bacı-qardaşların xasiyyəti, milliyyəti və mədəniyyəti bir-birindən fərqlənir. Fikrimizi onların müsbət cəhətlərinə cəmləsək, onlara sevgimizi artıra biləcəyik. Böyük müsibət zamanı məhəbbət vacib rol oynayacaq. Həmin vaxt Yehova bizi necə qoruyacaq? Qədim Babil hücuma məruz qalan zaman Yehova Öz xalqına belə bir göstəriş vermişdi: «Ey xalqım, içəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Yəqin, biz də böyük müsibət zamanı bu göstərişə əməl etməli olacağıq. w23.07 s. 6—7, abz. 14—16
Cümə, 12 sentyabr
Bu dünyanın səhnəsi dəyişir (1 Kor. 7:31).
Qoy sizi dərrakəli insan kimi tanısınlar. Düşünün: «İnsanlar məni necə tanıyır? Dərrakəli, güzəştə gedən, başqasının fikrinə hörmətlə yanaşan insan kimi, yoxsa sərt, kobud və inadkar insan kimi? Başqalarını dinləyirəm və mümkündürsə, onların dediyi kimi edirəm?» Bizim nə dərəcədə dərrakəli olduğumuz Yehovaya və İsaya nə dərəcədə bənzədiyimizi göstərəcək. Dərrakəli olmaq bizə kömək edir ki, vəziyyətimiz dəyişəndə ona uyğunlaşmağı bacaraq. Bu dəyişikliklər gözləmədiyimiz çətinliklər yarada bilər. Məsələn, ola bilər ki, sağlamlığımızda qəfil ciddi problem yaransın, yaxud yaşadığımız ölkədə baş verən siyasi və iqtisadi dəyişikliklər ucbatından həyatımız alt-üst olsun (Vaiz 9:11). Hətta təşkilatın təyinatımızı dəyişməsi bizim üçün böyük dərd ola bilər. Növbəti dörd addım yeni vəziyyətə uyğunlaşmağa kömək edəcək: 1) reallığı qəbul etmək, 2) diqqətimizi gələcəyə cəmləmək, 3) fikrimizi müsbət şeylərə kökləmək və 4) başqaları üçün nəsə etmək. w23.07 s. 21—22, abz. 7, 8
Şənbə, 13 sentyabr
Sən çox istəkli bəndəsən (Dən. 9:23).
Babillilər Dənyalı yurd-yuvasından didərgin edib əsir aparanda o, çox gənc idi. Amma görünür, o, işğalçıların diqqətini çəkmişdi. Onlar «zahiri» amillərə — Dənyalın «eyibsiz, yaraşıqlı» və zadəgan ailədən olmasına fikir vermişdilər (1 İşm. 16:7). Elə buna görə də babillilər Dənyala təlim keçdilər ki, onların elit təbəqəsinə mənsub olsun (Dən. 1:3, 4, 6). Yehova isə Dənyalı Ona sadiq olduğuna görə sevirdi. Dənyalın haradasa 20 yaşı olanda Yehova onun adını Nuh və Əyyub kimi Ona uzun illər sədaqətlə xidmət etmiş insanlarla bir çəkmişdi (Yar. 5:32; 6:9, 10; Əyy. 42:16, 17; Hizq. 14:14). Dənyal sürdüyü uzun və gözəl ömrü boyu Yehova tərəfindən sevildi (Dən. 10:11, 19). w23.08 s. 2, abz. 1, 2
Bazar, 14 sentyabr
Həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini tam [qavrayın] (Efes. 3:18).
Ev almaq istəyəndə, yəqin, evin hər yerini öz gözünüzlə görmək istəyərdiniz. Eyni şeyi Allahın Kəlamını mütaliə edən zaman da etməliyik. Əgər onu tez-tələsik oxusanız, yalnız təməl həqiqətləri başa düşəcəksiniz, başqa sözlə desək, «Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri» biləcəksiniz (İbr. 5:12). Buna görə də Müqəddəs Kitabın «içinə girib» oradakı incəlikləri görməyə çalışın. Bunu etməyin ən gözəl yolu müxtəlif hissələrin bir-biri ilə necə əlaqəli olduğunu görməkdir. Məqsəd qoyun ki, təkcə nəyə inandığınızı yox, həmçinin buna nəyə görə inandığınızı da dərk edəsiniz. Allahın Kəlamının tam dərk etmək üçün dərin həqiqətləri öyrənməliyik. Bulus məsihiləri təşviq etmişdi ki, Allahın Kəlamının dərinliyinə varıb «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» tam qavrasınlar. Bunun sayəsində onların imanları «möhkəm» və «mətin» olacaqdı (Efes. 3:14—19). Biz də eyni şeyi etməliyik. w23.10 s. 18—19, abz. 1—3
Bazar ertəsi, 15 sentyabr
Qardaşlar, pisliyə qatlaşmaqda və səbirli olmaqda Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün (Yaq. 5:10).
Müqəddəs Kitabda səbir göstərmiş çox adamın nümunəsi var. Bəlkə, fərdi mütaliəniz zamanı onlar barədə araşdırma aparasınız? Məsələn, Davud İsrailin gələcək padşahı olmaq üçün məsh ediləndə gənc yaşlarında idi. Amma bu padşahlığı almaq üçün o, uzun illər gözləməli oldu. Yaxud götürək Şəmunu və Hənnəni. Onlar Yehovaya sədaqətlə qulluq edərək vəd olunmuş Məsihin gəlişini gözləyirdi (Luka 2:25, 36—38). Bu kimi nümunələri araşdırarkən növbəti suallar üzərində düşünün: «Bu insana səbir göstərməyə nə kömək edib? Bunun ona hansı xeyri olub? Mən ona necə bənzəyə bilərəm?» Həmçinin səbirsizlik edən insanlar barədə də mütaliə edə bilərsiniz (1 İşm. 13:8—14). Növbəti suallara cavab tapmağa çalışın: «Bu insanın səbirsizlik etməsinə nə səbəb oldu? Bu nə ilə nəticələndi?» w23.08 s. 25, abz. 15
Çərşənbə axşamı, 16 sentyabr
Biz inanırıq, bilirik ki, sən Allahın Müqəddəsisən (Yəh. 6:69).
Həvari Butrus sədaqətli idi. Heç bir şey onu İsanın ardınca getməkdən saxlaya bilmədi. Məsələn, bir dəfə şagirdlər İsanın dediyi sözləri başa düşməmişdi (Yəh. 6:68). Onlar İsanın dediklərini izah etməyini gözləmək əvəzinə, ondan uzaqlaşdılar. Amma Butrus belə etmədi. O, başa düşürdü ki, «əbədi həyatın sözləri» yalnız İsadadır. İsa Butrusun və digər həvarilərin onu atacağını bilirdi. Buna baxmayaraq, o, Butrusa dedi ki, onun yenidən geri qayıdacağına və sədaqətli qalacağına əmindir (Luka 22:31, 32). İsa bilirdi ki, «ruh şövqlü, cisim isə zəifdir» (Mark 14:38). Buna görə də Butrus onu tanıdığını dansa da, o, Butrusdan ümidini üzmədi, onu atmadı. İsa diriləndən sonra ehtimal ki, təklikdə Butrusa göründü (Mark 16:7; Luka 24:34; 1 Kor. 15:5). Yəqin, hərəkətlərinə görə peşman olan bu həvari İsanı görüb möhkəmlənmişdi. w23.09 s. 22—23, abz. 9, 10
Çərşənbə, 17 sentyabr
Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib (Rom. 4:7).
Yehova Ona iman edən insanların təqsirini bağışlayır, günahlarını heç hesaba da almır (Zəb. 32:1, 2). Onun gözündə belə insanlar günahsız və salehdirlər. İbrahim, Davud və digər mömin insanlar saleh adlansalar da, qeyri-kamil, günahlı idilər. Amma Yehovaya ibadət etməyən insanlardan fərqli olaraq, onlar imanlı idilər, buna görə də Allah onları günahsız sayırdı (Efes. 2:12). Romalılara yazdığı məktubunda həvari Bulusun aydın izah etdiyi kimi, Yehova ilə dost olmaq üçün iman şərtdir. Elə bu səbəbdən İbrahimlə Davud peyğəmbər Allahla dost olub. Biz də ola bilərik. w23.12 s. 3, abz. 6, 7
Cümə axşamı, 18 sentyabr
İsanın vasitəsilə hər zaman Allaha mədh qurbanı, Onun adını bəyan edən dilimizin bəhrəsini təqdim edək (İbr. 13:15).
Bu gün bütün məsihilər Allaha qurban gətirə bilər. Necə? Vaxtımızı, gücümüzü və maddi vəsaitimizi Allaha ibadətə sərf etməklə. Yehovaya ən yaxşı qurbanları verməklə göstəririk ki, Ona ibadət etmək bizim üçün böyük şərəfdir. Həvari Bulus ibadətimizə aid olan bəzi sahələri vurğulayır və göstərir ki, onlara barmaqarası yanaşmamalıyıq (İbr. 10:22—25). Bura Yehovaya dua etmək, ümidimizi aləmdə bəyan etmək, yığıncaq görüşlərində iştirak etmək və Yehovanın gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ruhlandırmaq daxildir. «Vəhy» kitabının sonlarına yaxın Yehovanın mələyi düz iki dəfə deyir: «Allaha səcdə qıl» (Vəhy 19:10; 22:9). Gəlin Yehovanın böyük ruhani məbədi ilə bağlı dərin həqiqətləri heç vaxt unutmayaq və Ulu Allahımız Yehovaya ibadət etmək imkanını hər zaman qiymətləndirək! w23.10 s. 29, abz. 17, 18
Cümə, 19 sentyabr
Bir-birimizi sevək (1 Yəh. 4:7).
Hamımız istəyirik ki, həmişə «bir-birimizi sevək». Amma İsa Məsihin bu vacib xəbərdarlığını da unutmamalıyıq: «Əksər insanlarda məhəbbət soyuyacaq» (Mət. 24:12). İsa demirdi ki, bu onun şagirdlərinin çoxu ilə baş verəcək. Amma yenə də biz ehtiyatlı olmalıyıq. Məhəbbətdən kasad insanların bizi özlərinə oxşatmağına imkan verməməliyik. Ortaya belə sual çıxır: «Dindaşlarımıza sevgimizin güclü olub-olmadığını necə yoxlamaq olar?» Bunun üçün müəyyən vəziyyətlərdə necə davrandığımıza fikir verə bilərik (2 Kor. 8:8). Bu vəziyyətlərdən birini Butrusun sözlərindən görmək olar: «Hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Deməli, dindaşımız səhv edəndə, yaxud da xətrimizə dəyəndə məhəbbətimizin nə dərəcədə güclü olduğunu yoxlamaq üçün fürsət yaranır. w23.11 s. 10—11, abz. 12, 13
Şənbə, 20 sentyabr
Bir-birinizi sevin (Yəh. 13:34).
Yığıncaqda birini sevib, o birisindən gen gəziriksə, İsanın məhəbbətlə bağlı verdiyi əmrə itaət etdiyimizi deyə bilmərik. Düzdür, ola bilsin, İsa kimi bizim də özümüzə daha yaxın hiss etdiyimiz kimlərsə var (Yəh. 13:23; 20:2). Amma həvari Butrus bizə xatırladır ki, bütün dindaşlarımıza «qardaşlıq məhəbbəti» bəsləməliyik, onları doğmamız kimi sevməliyik (1 But. 2:17). Butrus bizi təşviq edir: «Bir-birinizi səmimi-qəlbdən, hərarətlə sevin». Bu kontekstdə «hərarətlə» sevmək hisslərimizi məhəbbətə çatana qədər dartmaq deməkdir (1 But. 1:22). Tutaq ki, hansısa bacı və ya qardaş xətrimizə dəyib. Bu zaman ilk reaksiyamız ona məhəbbət göstərmək yox, əksinə, ondan əvəz çıxmaq ola bilər. Amma Butrus İsadan öyrənmişdi ki, qisas almağımız Allaha xoş getmir (Yəh. 18:10, 11). O yazmışdı: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin, əksinə, xeyir-dua ilə cavab verin» (1 But. 3:9). Hərarətli sevgi sayəsində mehriban və anlayışlı olacaqsınız. w23.09 s. 28—29, abz. 9—11
Bazar, 21 sentyabr
Qadınlar... hər şeydə hədd bilməli, hər sahədə sədaqətli olmalıdırlar (1 Tim. 3:11).
Uşaqlar çox tez böyüyür. Bu proses insanı heyran qoyur. Adama elə gəlir ki, uşaq öz-özünə böyüyür. Amma ruhani cəhətdən böyümək, yetkinləşmək öz-özünə baş verən bir proses deyil (1 Kor. 13:11; İbr. 6:1). Bunun üçün Yehova ilə möhkəm dostluq münasibəti gərəkdir. Həmçinin Onun bəyəndiyi keyfiyyətlərə sahib olmaq, müəyyən bacarıqlara yiyələnmək və gələcək həyata hazırlaşmaq üçün Yehovanın müqəddəs ruhuna ehtiyacımız var (Məs. 1:5). Yehova insanları kişi və qadın olaraq yaradıb (Yar. 1:27). Onlar fiziki cəhətdən bir-birindən çox fərqlənir. Onların fərqli olduqları digər sahələr də var. Yehova kişi ilə qadını yaradanda hərəsinə xüsusi bir rol verdi. Onlar bu şərəfli rolları icra etmək üçün müəyyən keyfiyyətlərə və bacarıqlara sahib olmalıdırlar (Yar. 2:18). w23.12 s. 18, abz. 1, 2
Bazar ertəsi, 22 sentyabr
Bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin (Mət. 28:19).
İsa insanların Allahın adını çəkməsini istəyirdi? Əlbəttə. Bəzi din xadimləri Allahın müqəddəs adını dilə gətirməyi hörmətsizlik hesab edirdilər. Amma İsa Müqəddəs Kitaba əsaslanmayan bu cür düşüncəni rədd edirdi, nəyinsə ona Atasının adını ucaltmağa mane olmasına yol vermirdi. İsanın gerasalıların torpağında cinə tutulmuş bir adamı sağaltdığı hadisəni yadımıza salaq. Camaat çox qorxmuşdu və İsaya yalvarmışdı ki, onların ərazisindən çıxıb getsin. O da getmişdi (Mark 5:16, 17). Amma İsa Allahın adının orada da tanınmasını istəyirdi. Buna görə də kişiyə tapşırdı ki, gedib insanlara sağaldığını danışsın. Amma İsa ona «get mənim nə etdiklərimi danış» demədi, «Yehovanın sənin üçün etdiyi hər şeyi... danış» dedi (Mark 5:19). İsa bu gün bizdən də eyni şeyi gözləyir. O, bütün dünyada Atasının adını bəyan etməyimizi istəyir! (Mət. 24:14; 28:20). Bunu etməyimiz Padşahımız İsaya xoş gedir. w24.02 s. 10—11, abz. 10
Çərşənbə axşamı, 23 sentyabr
Adım uğrunda çox cəfa [çəkmisən] (Vəhy 2:3).
Axırzamanın bu ağır dönəmində nə yaxşı ki, biz Yehovanın xalqının arasındayıq. Dünyadakı vəziyyət günbəgün pisləşir. Amma Yehova bizə bu çətin vəziyyətlərə dözə bilməyimiz üçün gözəl ruhani ailə bəxş edib (Zəb. 133:1). Həmçinin O bizə ailə tellərimizi möhkəmləndirməyə kömək edir (Efes. 5:33—6:1). Üstəlik, qəlb rahatlığımızı qorumaq üçün dərrakə və hikmət verir. Bununla belə, Yehovaya daima sədaqətlə xidmət edə bilməyimiz üçün var gücümüzlə çalışmalıyıq. Nəyə görə? Çünki zaman-zaman başqalarının qeyri-kamilliyi bizə pis təsir edə bilər. Həmçinin öz səhvlərimizə görə, ələlxüsus, eyni səhvi dəfələrlə təkrarladığımıza görə ruhdan düşə bilərik. Ona görə də 1) dindaşımız bizi incidəndə, 2) həyat yoldaşımız davranışı ilə bizi məyus edəndə və 3) səhvlərimizə görə ruhdan düşəndə Yehovaya xidməti davam etdirməliyik. w24.03 s. 14, abz. 1, 2
Çərşənbə, 24 sentyabr
Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək (Filip. 3:16).
Zaman-zaman Yehovanın yolunda çox iş görməyə qətiyyətli olan bacı-qardaşların həyat hekayələrini eşidəcəksiniz. Ola bilsin, onlar Padşahlıq Müjdəçiləri Məktəbində oxuyublar, yaxud təbliğçilərə tələbat olan əraziyə köçüblər. Əgər belə bir məqsəd qoymağa şəraitiniz yol verirsə, tərəddüd etməyin. Yehovanın xalqı Ona daha çox xidmət edə bilmək üçün hər bir fürsəti dəyərləndirir (Həv. 16:9). Bəs əgər hal-hazırda vəziyyətiniz buna yol vermirsə, onda necə? Düşünməyin ki, siz bunu edənlərdən dəyərsizsiniz. Əsas axıra kimi dözüm göstərməkdir (Mət. 10:22). Yehova etdiyiniz xidməti çox dəyərləndirir. Odur ki, öz bacarığınız və şəraitiniz çərçivəsində Yehovanın yolunda etdiyiniz xidməti heçə saymayın. Bu, vəftizdən sonra da İsanın ardınca getməyin vacib üsuludur (Zəb. 26:1). w24.03 s. 10—11, abz. 11
Cümə axşamı, 25 sentyabr
O, lütfkarlıqla bütün günahlarımızı bağışladı (Kol. 2:13).
Səmavi Atamız söz verib ki, tövbə etsək, bizi bağışlayacaq (Zəb. 86:5). Ona görə də etdiyimiz günahlara görə həqiqətən də peşmanıqsa, əmin ola bilərik ki, Yehova verdiyi sözü tutaraq bizi bağışlayıb. Unutmayın, Yehova sərt və tələbkar Allah deyil. O, heç vaxt bizdən gücümüzdən artığını tələb etmir. O, əlimizdən gələni etməyimizi qiymətləndirir. Həmçinin Müqəddəs Kitabdan Yehovaya bütün qəlbi ilə xidmət edən kəslərin nümunəsini araşdırın. Məsələn, həvari Bulusu yadınıza salın. O, uzun illər boyu xidmətə can yandırmışdı. Minlərlə kilometr məsafə qət etmiş və yığıncaqlar təsis etmişdi. Bəs vəziyyəti dəyişdiyinə görə daha çox xidmət edə bilməyəndə Bulus Allahın razılığını itirdi? Təbii ki, yox. O, əlindən gələni etməyə davam etdi, Yehova da ona bol nemət verdi (Həv. 28:30, 31). Eynilə, bizim də Yehovanın yolunda etdiklərimiz zaman-zaman dəyişə bilər. Amma ən vacibi Ona hansı niyyətlə xidmət etməyimizdir. w24.03 s. 27, abz. 7, 9
Cümə, 26 sentyabr
Səhər ertədən... İsa durdu və kimsəsiz bir yerə gedib dua etməyə başladı (Mark 1:35).
Yehovaya etdiyi dualarla İsa davamçılarına nümunə qoymuşdu. O, xidməti boyunca Yehovaya dəfələrlə dua etmişdi. Onun işi çox idi, ətrafında da həmişə adamlar olurdu. Ona görə də dua etmək üçün konkret vaxt ayırırdı (Mark 6:31, 45, 46). Tək qalıb Yehovaya dua edə bilsin deyə o, səhər ertədən oyanırdı. Ən azı bir dəfə İsa vacib qərar verməzdən öncə bütün gecəni dua etmişdi (Luka 6:12, 13). Ölümündən öncəki gecə isə o, dəfələrlə dua etmişdi. Çünki yer üzündəki təyinatının ən çətin hissəsini tamamlamaq üzrə idi (Mət. 26:39, 42, 44). İsanın nümunəsindən öyrənirik ki, nə qədər məşğul olsaq da, duaya vaxt ayırmalıyıq. Ola bilsin, İsa kimi bizə də bunun üçün konkret vaxt təyin etmək lazımdır. Ya səhər bir az tez oyana bilərik, ya da axşam bir az gec yata bilərik. Bununla Yehovaya göstəririk ki, Onun verdiyi ənam bizim üçün dəyərlidir. w23.05 s. 3, abz. 4, 5
Şənbə, 27 sentyabr
Bizə verilmiş müqəddəs ruh vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur (Rom. 5:5).
Günün ayəsindəki «dolmuşdur» ifadəsinə fikir verək. Müqəddəs Kitabın bir izahlı lüğətində bu söz «çaytək üstümüzə axmışdır» kimi verilib. Bu ayə Yehovanın məsh olunmuş məsihilərə sevgisinin bolluğunu necə də gözəl təsvir edir! Məsh olunmuşlar Allah tərəfindən sevildiklərini bilirlər (Yhd. 1). Həvari Yəhya növbəti sözləri yazarkən onların hisslərini ifadə etmişdi: «Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib ki, biz Onun övladları adlanırıq!» (1 Yəh. 3:1). Bəs Yehova təkcə məsh olunmuşları sevir? Xeyr. O hamımıza sevgisini sübut edib. Yehovanın məhəbbətinin ən böyük isbatı nədir? Fidyə. Bu, Kainatdakı ən böyük məhəbbətin təcəssümüdür (Yəh. 3:16; Rom. 5:8). w24.01 s. 28, abz. 9, 10
Bazar, 28 sentyabr
Səni çağırdığım gün düşmənlərim geri çəkiləcək. Bir şeydən arxayınam — Allah tərəfimdədir (Zəb. 56:9).
Bu günün ayəsində Davuda qorxularına üstün gəlməyə kömək edən bir amil vurğulanır. Həyatı təhlükədə olan vaxt o, Yehovanın gələcəkdə onun üçün görəcəyi işlər barədə düşünürdü. Davud bilirdi ki, Yehova düz vaxtında onu xilas edəcək. Hər şeydən əvvəl Yehova onun İsrailin növbəti padşahı olacağını bəyan etmişdi (1 İşm. 16:1, 13). Davud əmin idi ki, Yehovanın bütün vədləri mütləq gerçəkləşəcək. Bəs Yehova bizə nə vəd edib? Bilirik ki yaşadığımız bu dünyada Yehova üzləşdiyimiz bütün problemləri aradan qaldırmır. Bu şər dünyada hansı sınaqla üzləşiriksə üzləşək, Yehova gələcəkdə yeni dünyada onların hamısını yox edəcək (Əşy. 25:7—9). Yaradanımız ölüləri diriltməyə, xəstəliklərimizi, emosional yaralarımızı sağaltmağa və bizə qarşı çıxanları məhv etməyə qadirdir (1 Yəh. 4:4). w24.01 s. 6, abz. 12, 13
Bazar ertəsi, 29 sentyabr
Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur (Zəb. 32:1).
Həsr olunmağınız və vəftiziniz barədə düşünün. Siz bu qərarı niyə vermişdiniz? Çünki Yehovanın tərəfini tutmaq istəyirdiniz. Yadınıza salın, həqiqəti tapdığınıza necə əmin olmuşdunuz? Siz Yehova haqda dəqiq bilik almışdınız, getdikcə Onu sevməyə, Ona ehtiram bəsləməyə başlamışdınız. Sonra sizdə iman yarandı və bu sizi tövbə etməyə təşviq etdi. Siz Yehovanın nifrət etdiyi işlərdən uzaq olub Onun bəyəndiyi kimi yaşamağa başladınız. Yehovanın sizi bağışladığını hiss edəndə qəlb rahatlığı tapdınız (Zəb. 32:2). Yığıncaqlara gəlməyə, öyrəndiyiniz gözəl həqiqətləri başqaları ilə bölüşməyə başladınız. İndi isə həsr olunub vəftiz olunmuş bir məsihi kimi həyata aparan yolda yeriyirsiniz və bu yoldan sapmamaq qətiyyətindəsiniz (Mət. 7:13, 14). Qoy sizin Yehovaya sədaqətiniz və əmrlərinə itaətdə qətiyyətiniz möhkəm olsun. w23.07 s. 17—18, abz. 14; s. 19, abz. 19
Çərşənbə axşamı, 30 sentyabr
Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək (1 Kor. 10:13).
Həsrolunma vədiniz üzərində düşünəndə nəfsinizi sınayan vəziyyətlərə qarşı durmaq əzminiz möhkəmlənəcək. Məsələn, kiminsə həyat yoldaşı ilə flirt edərdiniz? Əlbəttə, yox! Çünki siz artıq Yehovaya söz vermisiniz ki, heç vaxt belə şeylərə yol verməyəcəksiniz. Əgər bəri başdan ürəyinizdə bu cür hisslərin kök atmasına yol verməsəniz, sonra onları çıxarıb atmaq lazım gəlməyəcək. Yolunuzu dəyişib, «şər adamların yoluna ayaq» basmayacaqsınız (Məs. 4:14, 15). İsa Məsihin nümunəsi üzərində düşünmək bizə bu sahədə kömək edə bilər. O, Atasını razı salmağa qətiyyətli idi. İsa Məsih kimi siz də Allahı narazı salacaq istənilən təklifi cəld və qəti şəkildə rədd edəcəksiniz (Mət. 4:10; Yəh. 8:29). Əslində, üzləşdiyimiz çətinliklər, sınaqlar daima İsanın ardınca getməyə qətiyyətli olduğumuzu sübut etmək üçün imkan yaradır. Əmin ola bilərsiniz ki, Yehova bu yolda sizə kömək edəcək. w24.03 s. 9—10, abz. 8—10