Cümə, 17 oktyabr
Nur övladları kimi də yaşayın (Efes. 5:8).
«Nur övladları kimi» yaşamaq üçün Allahın verdiyi müqəddəs ruha ehtiyacımız var. Çünki bu korlanmış dünyada təmiz qalmaq heç də asan deyil (1 Salon. 4:3—5, 7, 8). Müqəddəs ruh bizə bu dünyanın təsirinə, Allahın düşüncəsinə zidd olan fəlsəfi fikirlərə və baxışlara qarşı durmağa kömək edir. Həmçinin müqəddəs ruh sayəsində «yaxşılıq, salehlik» kimi nurun bəhrələrini yetişdirə bilərik (Efes. 5:9). Müqəddəs ruhu almağın bir yolu bu barədə dua etməkdir. İsa demişdi ki, Yehova «Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:13). Üstəlik, yığıncaqda dindaşlarımızla birgə Yehovanı mədh edəndə də müqəddəs ruh alırıq (Efes. 5:19, 20). Bizdə fəaliyyət göstərən müqəddəs ruhun sayəsində Yehovanı razı salan tərzdə yaşaya biləcəyik. w24.03 s. 23—24, abz. 13—15
Şənbə, 18 oktyabr
Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar (Luka 11:9).
Sizə daha çox səbir lazımdır? Elədirsə, bu barədə Yehovaya dua edin. Səbir ruhun bəhrəsinin bir hissəsidir (Qal. 5:22, 23). Buna görə də onu yetişdirmək üçün Yehovadan müqəddəs ruh istəməliyik. Əgər hansısa vəziyyətdə səbir kasamızın dolduğunu hiss ediriksə, Yehovadan müqəddəs ruhu «durmadan» diləməliyik (Luka 11:13). Həmçinin xahiş edə bilərik ki, vəziyyətə Onun kimi baxa bilək. Duadan sonra isə hər gün var gücümüzlə çalışmalıyıq ki, səbir göstərək. Səbirli olmaq üçün dua etdikcə və səbirli olmağa çalışdıqca bu xüsusiyyət ürəyimizdə getdikcə daha dərin kök salacaq və bizim xasiyyətimizə çevriləcək. Həmçinin Müqəddəs Kitabdakı nümunələr barədə dərindən düşünün. Orada səbirlə davranan çox insan haqda yazılıb. Onların nümunəsi barədə düşünməklə səbirli olmağın yollarını öyrənə bilərik. w23.08 s. 22—23, abz. 10, 11
Bazar, 19 oktyabr
Torları suya atın (Luka 5:4).
İsa həvari Butrusu Yehovanın ona dayaq olacağına əmin etmişdi. İsa diriləndən sonra Butrusa və digər həvarilərə yenə möcüzəvi şəkildə balıq tutmağa kömək etdi (Yəh. 21:4—6). Şübhəsiz, bu möcüzədən sonra Butrus əmin oldu ki, Yehova üçün onun maddi ehtiyaclarını təmin etmək çox asandır. Bəlkə də onun yadına İsanın dediyi sözlər düşmüşdü. O demişdi ki, Yehova Padşahlığı «hər şeydən üstün» tutanları darda qoymayacaq (Mət. 6:33). Artıq Butrus üçün həyatda ən ümdə şey balıqçılıq işi yox, təbliğ işi idi. O, eramızın 33-cü ilinin Əllinci gün bayramında cəsarətlə şahidlik verdi və bunun nəticəsində minlərlə insan xoş müjdəni qəbul etdi (Həv. 2:14, 37—41). Sonra o, səməriyyəlilərə və qeyri-yəhudilərə məsihin davamçısı olmağa kömək etdi (Həv. 8:14—17; 10:44—48). Aydındır ki, Yehova hər cür insanı yığıncaqlara cəlb etmək üçün bir vasitəçi kimi Butrusu seçmişdi. w23.09 s. 20, abz. 1; s. 23, abz. 11