Cümə axşamı, 16 oktyabr
Yehova üçün yolu təmizləyin! Allahımız üçün səhrada hamar yol düzəldin (Əşy. 40:3).
Babildən İsrailə çətin səfər təxminən dörd ay çəkə bilərdi. Amma Yehova vəd etmişdi ki, onların qayıtmasına əngəl törədən bütün maneələri aradan qaldıracaq. İmanlı yəhudilər bilirdi ki, İsrailə qayıtmaq onların xeyrinədir. Bunun üçün istənilən qurbanı verməyə dəyər. Alacaqları ən böyük nemət ibadətləri ilə bağlı idi. Babildə Yehovaya ibadət etmək üçün bir dənə də olsun məbəd yox idi. Orada heç qurbangah da yox idi ki, Musanın qanununda tələb olunduğu kimi israillilər qurban gətirsinlər. Həmçinin qurban təqdim etmək üçün kahinlər təyin olunmamışdı. Üstəlik, bütpərəst kişi və qadınların sayı Yehovanın xalqından qat-qat çox idi, onlar Yehovanın qayda-qanunlarını saymırdılar. Ona görə də ürəyində Allah xofu olan minlərlə yəhudi öz ölkələrinə qayıdıb pak ibadəti yenidən bərpa etməyin intizarında idi. w23.05 s. 14—15, abz. 3, 4
Cümə, 17 oktyabr
Nur övladları kimi də yaşayın (Efes. 5:8).
«Nur övladları kimi» yaşamaq üçün Allahın verdiyi müqəddəs ruha ehtiyacımız var. Çünki bu korlanmış dünyada təmiz qalmaq heç də asan deyil (1 Salon. 4:3—5, 7, 8). Müqəddəs ruh bizə bu dünyanın təsirinə, Allahın düşüncəsinə zidd olan fəlsəfi fikirlərə və baxışlara qarşı durmağa kömək edir. Həmçinin müqəddəs ruh sayəsində «yaxşılıq, salehlik» kimi nurun bəhrələrini yetişdirə bilərik (Efes. 5:9). Müqəddəs ruhu almağın bir yolu bu barədə dua etməkdir. İsa demişdi ki, Yehova «Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:13). Üstəlik, yığıncaqda dindaşlarımızla birgə Yehovanı mədh edəndə də müqəddəs ruh alırıq (Efes. 5:19, 20). Bizdə fəaliyyət göstərən müqəddəs ruhun sayəsində Yehovanı razı salan tərzdə yaşaya biləcəyik. w24.03 s. 23—24, abz. 13—15
Şənbə, 18 oktyabr
Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar (Luka 11:9).
Sizə daha çox səbir lazımdır? Elədirsə, bu barədə Yehovaya dua edin. Səbir ruhun bəhrəsinin bir hissəsidir (Qal. 5:22, 23). Buna görə də onu yetişdirmək üçün Yehovadan müqəddəs ruh istəməliyik. Əgər hansısa vəziyyətdə səbir kasamızın dolduğunu hiss ediriksə, Yehovadan müqəddəs ruhu «durmadan» diləməliyik (Luka 11:13). Həmçinin xahiş edə bilərik ki, vəziyyətə Onun kimi baxa bilək. Duadan sonra isə hər gün var gücümüzlə çalışmalıyıq ki, səbir göstərək. Səbirli olmaq üçün dua etdikcə və səbirli olmağa çalışdıqca bu xüsusiyyət ürəyimizdə getdikcə daha dərin kök salacaq və bizim xasiyyətimizə çevriləcək. Həmçinin Müqəddəs Kitabdakı nümunələr barədə dərindən düşünün. Orada səbirlə davranan çox insan haqda yazılıb. Onların nümunəsi barədə düşünməklə səbirli olmağın yollarını öyrənə bilərik. w23.08 s. 22—23, abz. 10, 11