Bazar ertəsi, 20 oktyabr
Əgər yuxunu və yozumunu mənə açmasanız, parça-parça ediləcəksiniz (Dən. 2:5).
Babillilər Yerusəlimi məhv edəndən təxminən iki il sonra Babil padşahı Navuxodonosor yuxuda nəhəng heykəl görmüşdü və bu onu vahiməyə salmışdı. O, Dənyal da daxil olmaqla, bütün müdriklərə əmr etdi ki, onun yuxuda nə gördüyünü desinlər və yozumunu açsınlar, əks halda, hamısı öldürüləcək (Dən. 2:3—5). Dənyal cəld hərəkət etməli idi, çünki bundan insanların həyatı asılı idi. O, «padşahın hüzuruna gəlib yuxunu yozmaq üçün ondan möhlət istədi» (Dən. 2:16). Bunun üçün cəsarət və iman lazım idi. Müqəddəs Kitabın heç bir yerində oxuya bilmərik ki, Dənyal bundan əvvəl yuxu yozub. O, dostlarından xahiş etdi ki, «göylərin Allahına dua edib lütf diləsinlər» (Dən. 2:18). Yehova onların duasına cavab verdi. Onun köməyi ilə Dənyal Navuxodonosorun yuxusunu yozdu. Bununla Dənyal həm özünün, həm də dostlarının həyatını xilas etdi. w23.08 s. 2—3, abz. 4
Çərşənbə axşamı, 21 oktyabr
Axıra kimi dözən xilas olacaq (Mət. 24:13).
Səbirli olmağın xeyri barədə düşünün. Səbirli olanda daha xoşbəxt, daha sakit oluruq. Buna görə də səbir bizim fiziki və emosional sağlamlığımızı yaxşılaşdırır. Həmçinin insanlara səbir göstərəndə onlarla aramızdakı münasibət daha yaxşı olur. Yığıncaqda birlik yaranır. Bizi təbdən çıxarmağa çalışan insana uymayıb sakitliyimizi qoruyanda gərginliyin böyüməsinin qarşısını alırıq (Zəb. 37:8, haşiyə; Məs. 14:29). Ən əsası isə səmavi Atamıza bənzəyirik və Ona daha da yaxın oluruq. Doğrudan da, səbir çox gözəl xüsusiyyətdir. Onu yetişdirməyə dəyər! Düzdür, səbirli olmaq bəzən çətin olur. Amma Yehovanın köməyi ilə özümüzdə bu xüsusiyyəti inkişaf etdirə bilərik. Yeni dünyanın gəlişini səbirlə gözlədiyimiz müddətdə isə əmin ola bilərik ki, «Yehovanın gözü Ondan qorxanların, Ondan məhəbbət umanların üzərindədir» (Zəb. 33:18). Gəlin səbri geyinmək əzmimizi heç vaxt itirməyək! w23.08 s. 22, abz. 7; s. 25, abz. 16, 17
Çərşənbə, 22 oktyabr
İman da əməlsiz ölüdür (Yaq. 2:17).
Yaqub qeyd edir ki, insan imanlı olduğunu desə də, əməlləri bunu göstərməyə bilər (Yaq. 2:1—5, 9). Həmçinin Yaqub dindaşının paltardan, yeməkdən korluq çəkdiyini görə-görə ona kömək etməyən insandan danışır. Həmin insan da imanlı olduğunu söyləsə də, əməlləri bunun əksini deyir. Belə adamda iman yoxdur (Yaq. 2:14—16). Yaqub imanını əməldə sübut etmiş Rahabın nümunəsini çəkir (Yaq. 2:25, 26). Rahab Yehova haqda eşitmişdi, Onun israillilərə dayaq olduğunu bilirdi (Yuş. 2:9—11). O, imanını əməlində sübut etdi: həyatı təhlükədə olan iki israilli kəşfiyyatçını gizlətdi. Baxmayaraq ki, Rahab qeyri-kamil idi, heç israilli də deyildi, İbrahim peyğəmbər kimi saleh sayıldı. Onun nümunəsi imanı əməldə göstərməyin vacib olduğunu vurğulayır. w23.12 s. 5—6, abz. 12, 13