Çərşənbə axşamı, 21 oktyabr
Axıra kimi dözən xilas olacaq (Mət. 24:13).
Səbirli olmağın xeyri barədə düşünün. Səbirli olanda daha xoşbəxt, daha sakit oluruq. Buna görə də səbir bizim fiziki və emosional sağlamlığımızı yaxşılaşdırır. Həmçinin insanlara səbir göstərəndə onlarla aramızdakı münasibət daha yaxşı olur. Yığıncaqda birlik yaranır. Bizi təbdən çıxarmağa çalışan insana uymayıb sakitliyimizi qoruyanda gərginliyin böyüməsinin qarşısını alırıq (Zəb. 37:8, haşiyə; Məs. 14:29). Ən əsası isə səmavi Atamıza bənzəyirik və Ona daha da yaxın oluruq. Doğrudan da, səbir çox gözəl xüsusiyyətdir. Onu yetişdirməyə dəyər! Düzdür, səbirli olmaq bəzən çətin olur. Amma Yehovanın köməyi ilə özümüzdə bu xüsusiyyəti inkişaf etdirə bilərik. Yeni dünyanın gəlişini səbirlə gözlədiyimiz müddətdə isə əmin ola bilərik ki, «Yehovanın gözü Ondan qorxanların, Ondan məhəbbət umanların üzərindədir» (Zəb. 33:18). Gəlin səbri geyinmək əzmimizi heç vaxt itirməyək! w23.08 s. 22, abz. 7; s. 25, abz. 16, 17
Çərşənbə, 22 oktyabr
İman da əməlsiz ölüdür (Yaq. 2:17).
Yaqub qeyd edir ki, insan imanlı olduğunu desə də, əməlləri bunu göstərməyə bilər (Yaq. 2:1—5, 9). Həmçinin Yaqub dindaşının paltardan, yeməkdən korluq çəkdiyini görə-görə ona kömək etməyən insandan danışır. Həmin insan da imanlı olduğunu söyləsə də, əməlləri bunun əksini deyir. Belə adamda iman yoxdur (Yaq. 2:14—16). Yaqub imanını əməldə sübut etmiş Rahabın nümunəsini çəkir (Yaq. 2:25, 26). Rahab Yehova haqda eşitmişdi, Onun israillilərə dayaq olduğunu bilirdi (Yuş. 2:9—11). O, imanını əməlində sübut etdi: həyatı təhlükədə olan iki israilli kəşfiyyatçını gizlətdi. Baxmayaraq ki, Rahab qeyri-kamil idi, heç israilli də deyildi, İbrahim peyğəmbər kimi saleh sayıldı. Onun nümunəsi imanı əməldə göstərməyin vacib olduğunu vurğulayır. w23.12 s. 5—6, abz. 12, 13
Cümə axşamı, 23 oktyabr
Diləyim budur ki, siz möhkəm olasınız, iman təməli üzərində mətin durasınız (Efes. 3:17).
Məsihilər üçün Müqəddəs Kitabı yalnız səthi başa düşmək kifayət deyil. Biz müqəddəs ruhun köməyi ilə «Allahın dərin sirlərini belə» öyrənməyə can atırıq (1 Kor. 2:9, 10). Bəlkə, Yehovaya yaxınlaşmağınıza kömək edəcək mövzuları araşdırasınız? Məsələn, araşdıra bilərsiniz ki, Yehova qədimdə xidmətçilərinə Öz məhəbbətini necə göstərmişdi və bu Onun sizi də sevdiyini necə sübut edir. Həmçinin Yehovanın qədimdə hansı ibadəti təsis etdiyini araşdırmaq və onu indiki ibadətinizlə müqayisə etmək olar. Yaxud İsa Məsihin üzərində yerinə yetmiş peyğəmbərlikləri dərindən öyrənə bilərsiniz. Bu mövzuları araşdırmaq sizə böyük sevinc gətirəcək. Bunları «Gözətçi qülləsi nəşrlərinin indeksi» (türk.) və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin köməyi ilə edə bilərsiniz. Dərin mütaliə imanınızı möhkəmləndirəcək və siz «Allahın elminə» yetişəcəksiniz (Məs. 2:4, 5). w23.10 s. 18—19, abz. 3—5