Çərşənbə, 22 oktyabr
İman da əməlsiz ölüdür (Yaq. 2:17).
Yaqub qeyd edir ki, insan imanlı olduğunu desə də, əməlləri bunu göstərməyə bilər (Yaq. 2:1—5, 9). Həmçinin Yaqub dindaşının paltardan, yeməkdən korluq çəkdiyini görə-görə ona kömək etməyən insandan danışır. Həmin insan da imanlı olduğunu söyləsə də, əməlləri bunun əksini deyir. Belə adamda iman yoxdur (Yaq. 2:14—16). Yaqub imanını əməldə sübut etmiş Rahabın nümunəsini çəkir (Yaq. 2:25, 26). Rahab Yehova haqda eşitmişdi, Onun israillilərə dayaq olduğunu bilirdi (Yuş. 2:9—11). O, imanını əməlində sübut etdi: həyatı təhlükədə olan iki israilli kəşfiyyatçını gizlətdi. Baxmayaraq ki, Rahab qeyri-kamil idi, heç israilli də deyildi, İbrahim peyğəmbər kimi saleh sayıldı. Onun nümunəsi imanı əməldə göstərməyin vacib olduğunu vurğulayır. w23.12 s. 5—6, abz. 12, 13
Cümə axşamı, 23 oktyabr
Diləyim budur ki, siz möhkəm olasınız, iman təməli üzərində mətin durasınız (Efes. 3:17).
Məsihilər üçün Müqəddəs Kitabı yalnız səthi başa düşmək kifayət deyil. Biz müqəddəs ruhun köməyi ilə «Allahın dərin sirlərini belə» öyrənməyə can atırıq (1 Kor. 2:9, 10). Bəlkə, Yehovaya yaxınlaşmağınıza kömək edəcək mövzuları araşdırasınız? Məsələn, araşdıra bilərsiniz ki, Yehova qədimdə xidmətçilərinə Öz məhəbbətini necə göstərmişdi və bu Onun sizi də sevdiyini necə sübut edir. Həmçinin Yehovanın qədimdə hansı ibadəti təsis etdiyini araşdırmaq və onu indiki ibadətinizlə müqayisə etmək olar. Yaxud İsa Məsihin üzərində yerinə yetmiş peyğəmbərlikləri dərindən öyrənə bilərsiniz. Bu mövzuları araşdırmaq sizə böyük sevinc gətirəcək. Bunları «Gözətçi qülləsi nəşrlərinin indeksi» (türk.) və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin köməyi ilə edə bilərsiniz. Dərin mütaliə imanınızı möhkəmləndirəcək və siz «Allahın elminə» yetişəcəksiniz (Məs. 2:4, 5). w23.10 s. 18—19, abz. 3—5
Cümə, 24 oktyabr
Ancaq hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür (1 But. 4:8).
Həvari Butrusun istifadə etdiyi «hərarət» sözü hərfən «dartmaq» mənasını daşıyır. Ayənin ikinci hissəsində isə hərarətli sevginin bizi nəyə təşviq etdiyi vurğulanır. Bu cür sevgi bacı-qardaşlarımızın günahının üstünü örtür. Gəlin belə bir nümunəyə baxaq: Təsəvvür edin, bir parça götürüb, üstündə ləkələr, çapıqlar olan masanı örtməyə çalışırsınız. Bu zaman qüsurlar tam örtülənə qədər parçanı kənarlarından tutub dartırsınız. Beləcə, bütün qüsurları örtmüş olursunuz. Eynilə dindaşlarımızı hərarətlə seviriksə, onların bir-iki günahının yox, çoxlu günahının üstünü örtəcəyik, başqa sözlə, onları bağışlayacağıq. Dindaşlarımıza sevgimiz o qədər güclü olmalıdır ki, hətta bəzən çətin olsa da, onların səhvlərini bağışlaya bilək (Kol. 3:13). Biz bağışlayanda məhəbbətimizin möhkəm olduğunu və Yehovanı razı salmaq istədiyimizi göstəririk. w23.11 s. 11—12, abz. 13—15