Şənbə, 25 oktyabr
Şafan kitabı padşahın hüzurunda oxumağa başladı (2 Saln. 34:18).
Yuşiyyə padşah 26 yaşında məbədi təmir etməyə başladı. Bu zaman məbəddə «Yehovanın Musa vasitəsilə verdiyi Tövrat» tapıldı. Padşah orada yazılanları eşidəndə onlara əməl etmək üçün dərhal hərəkətə keçdi (2 Saln. 34:14, 19—21). Bəs siz Müqəddəs Kitabı müntəzəm mütaliə etmək istəyərdiniz? Bəlkə də artıq bunu etməyə çalışırsınız. Bəs mütaliəniz necə gedir? Sizə şəxsən kömək edəcək ayələri qeyd edirsiniz? Yuşiyyə 39 yaşında həyatı bahasına başa gələn bir səhv etdi. O, Yehovanın fikrini öyrənmək əvəzinə, öz bildiyi kimi davrandı (2 Saln. 35:20—25). Buradan nə öyrənirik? Fərqi yoxdur, yaşımız nə qədər çoxdur, neçə müddətdir həqiqətdəyik, biz həmişə Yehovanı axtarmalıyıq. Bəs bu nə deməkdir? Yəni biz həmişə dua edib Ondan məsləhət istəməliyik, Kəlamını mütaliə etməliyik və yetkin məsihilərin məsləhətinə qulaq asmalıyıq. Bunun sayəsində həyatda ciddi səhvlər etməyəcəyik və daha xoşbəxt olacağıq (Yaq. 1:25). w23.09 s. 12—13, abz. 15, 16
Bazar, 26 oktyabr
Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir (Yaq. 4:6).
Müqəddəs Kitabda Yehovanı sevən, Ona xidmət edən çoxlu mömin qadınlardan danışılır. Bu qadınlar «hər şeydə [hədd bilən]» və «hər sahədə sədaqətli» idilər (1 Tim. 3:11). Həmçinin gənc bacılarımız yığıncaqlarında xidmət edən ruhən yetkin bacılardan da çox şey öyrənə bilərlər. Əziz gənc bacılarımız, fikirləşin görün hansı yetkin bacılardan nümunə götürə bilərsiniz? Onların gözəl keyfiyyətlərini müşahidə edin. Sonra isə düşünün: siz necə onlar kimi davrana bilərsiniz? Təvazökarlıq ruhən yetkin məsihi olmaq üçün vacib xüsusiyyətdir. Əgər qadın təvazökardırsa, Yehova ilə münasibəti möhkəm olacaq və başqaları ilə yaxşı yola gedəcək. Məsələn, Yehovanı sevən qadın Onun təsis etdiyi başçılıq prinsipinə təvazökarlıqla tabe olur (1 Kor. 11:3). Bacı bu prinsipin yığıncaqda və ailədə necə tətbiq olunduğunu bilməlidir. w23.12 s. 18—19, abz. 3—5
Bazar ertəsi, 27 oktyabr
Ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir (Efes. 5:28).
Yehova ərdən arvadını sevməyi, onun fiziki, emosional və ruhani tələbatlarının qayğısına qalmağını gözləyir. Sağlamdüşüncəli olmaq, qadınlara hörmət qoymaq, etibarlı olmaq sizə yaxşı ər olmağa kömək edəcək. Evlənəndən sonra, ola bilsin, uşağınız olsun. Yaxşı ata olmaqla bağlı Yehovadan çox şey öyrənə bilərsiniz (Efes. 6:4). Yehova Oğlu İsaya onu sevdiyini, ondan razı qaldığını demişdi (Mət. 3:17). Ata olsanız, uşaqlarınıza həmişə onları sevdiyinizi deyin. Yaxşı işlərinə görə onları tez-tez tərifləyin. Yehovadan örnək götürən atalar övladlarına yetkin məsihi olmağa kömək edirlər. Ona görə də nə qədər ki subaysınız, indidən ailə üzvlərinizin, yığıncaqdakı bacı-qardaşların qayğısına qalın, onlara sevginizi, minnətdarlığınızı bildirməyi öyrənin (Yəh. 15:9). w23.12 s. 28—29, abz. 17, 18