Bazar, 26 oktyabr
Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir (Yaq. 4:6).
Müqəddəs Kitabda Yehovanı sevən, Ona xidmət edən çoxlu mömin qadınlardan danışılır. Bu qadınlar «hər şeydə [hədd bilən]» və «hər sahədə sədaqətli» idilər (1 Tim. 3:11). Həmçinin gənc bacılarımız yığıncaqlarında xidmət edən ruhən yetkin bacılardan da çox şey öyrənə bilərlər. Əziz gənc bacılarımız, fikirləşin görün hansı yetkin bacılardan nümunə götürə bilərsiniz? Onların gözəl keyfiyyətlərini müşahidə edin. Sonra isə düşünün: siz necə onlar kimi davrana bilərsiniz? Təvazökarlıq ruhən yetkin məsihi olmaq üçün vacib xüsusiyyətdir. Əgər qadın təvazökardırsa, Yehova ilə münasibəti möhkəm olacaq və başqaları ilə yaxşı yola gedəcək. Məsələn, Yehovanı sevən qadın Onun təsis etdiyi başçılıq prinsipinə təvazökarlıqla tabe olur (1 Kor. 11:3). Bacı bu prinsipin yığıncaqda və ailədə necə tətbiq olunduğunu bilməlidir. w23.12 s. 18—19, abz. 3—5
Bazar ertəsi, 27 oktyabr
Ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir (Efes. 5:28).
Yehova ərdən arvadını sevməyi, onun fiziki, emosional və ruhani tələbatlarının qayğısına qalmağını gözləyir. Sağlamdüşüncəli olmaq, qadınlara hörmət qoymaq, etibarlı olmaq sizə yaxşı ər olmağa kömək edəcək. Evlənəndən sonra, ola bilsin, uşağınız olsun. Yaxşı ata olmaqla bağlı Yehovadan çox şey öyrənə bilərsiniz (Efes. 6:4). Yehova Oğlu İsaya onu sevdiyini, ondan razı qaldığını demişdi (Mət. 3:17). Ata olsanız, uşaqlarınıza həmişə onları sevdiyinizi deyin. Yaxşı işlərinə görə onları tez-tez tərifləyin. Yehovadan örnək götürən atalar övladlarına yetkin məsihi olmağa kömək edirlər. Ona görə də nə qədər ki subaysınız, indidən ailə üzvlərinizin, yığıncaqdakı bacı-qardaşların qayğısına qalın, onlara sevginizi, minnətdarlığınızı bildirməyi öyrənin (Yəh. 15:9). w23.12 s. 28—29, abz. 17, 18
Çərşənbə axşamı, 28 oktyabr
[Yehova] sənin dövrünün səbatıdır (Əşy. 33:6).
Biz Yehovanın sadiq xidmətçiləri olsaq da, hamı kimi həyatda çətinliklərlə üzləşirik, xəstələnirik. Bundan savayı, Allahın xalqına nifrət edən insanlar bizi təqib edirlər. Düzdür, Yehova bu gün bizi bu kimi bəlalardan qorumur, amma O bizə kömək edəcəyinə söz verir (Əşy. 41:10). Onun köməyi ilə sevincimizi qoruyacağıq, düzgün qərarlar verəcəyik və hətta həyatımızın ən çətin anlarında belə sadiq qalacağıq. Yehova bizə Öz sülhünü verəcəyini vəd edir (Filip. 4:6, 7). Allahın sülhü Onunla möhkəm dostluqdan qaynaqlanan sakitlik və hüzur hissidir. Bu sülh «hər bir ağıldan üstün»dür, ağlımıza gəlməyəcək qədər heyrətamizdir. Heç olub ki, Yehovaya durmadan dua etmisiniz, sonra da daxilinizdə qeyri-adi bir sakitlik duymusunuz? Bax bu, Allahın sülhüdür. w24.01 s. 20, abz. 2; s. 21, abz. 4