Cümə, 31 oktyabr
Ata sizi sevir, ona görə ki, siz məni sevirsiniz və Allahın elçisi olaraq gəldiyimə inanırsınız (Yəh. 16:27).
Xalqına onları sevdiyini, onlardan məmnun qaldığını bildirmək Yehovaya xoşdur. Müqəddəs Kitabdan görürük ki, Yehova iki dəfə İsanı «sevimli Oğlum» adlandırmışdı və ondan razı qaldığını demişdi (Mət. 3:17; 17:5). Yehovanın sizdən də razı qaldığını eşitmək istəyərdiniz? O bizimlə birbaşa danışmasa da, Öz Kəlamı vasitəsilə hisslərini bildirir. İsanın müjdələrdə yazılmış sözlərini oxuyanda, sanki Yehovanın bizə dediyi sözləri «eşidirik». İsa Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. Buna görə də onun qeyri-kamil, lakin sədaqətli davamçılarına dediyi razılıq sözlərini oxuyarkən təsəvvür edə bilərik ki, Yehova bu sözləri bizə deyir (Yəh. 15:9, 15). Çətinliklərlə üzləşməyimiz o demək deyil ki, biz Yehovanın razılığını itirmişik. Əksinə, bu bizə Yehovanı dərin məhəbbətlə sevdiyimizi, Ona etibar etdiyimizi sübut etmək üçün imkan yaradır (Yaq. 1:12). w24.03 s. 28, abz. 10, 11
Şənbə, 1 noyabr
Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin (Mət. 21:16).
Əgər valideynsinizsə, uşaqlarınıza yaşlarına uyğun şərhlər hazırlamağa kömək edin. Bəzən ər-arvad problemləri və ya əxlaq məsələləri kimi ciddi mövzular müzakirə olunur. Amma bu zaman da uşaqların şərh verə biləcəyi bir-iki abzas tapmaq olar. Həmçinin uşaqlarınıza izah edin ki, hər əl qaldıranda onlara söz veriləcəyini düşünməsinlər. Onda onların yerinə başqasına söz veriləndə məyus olmayacaqlar (1 Tim. 6:18). Hər birimiz öz şərhlərimizlə Yehovanı ucalda və dindaşlarımızı ruhlandıra bilərik (Məs. 25:11). Hərdənbir öz başımıza gəlmiş hadisədən danışmaq olar. Amma ehtiyatlı olmalıyıq ki, özümüz barədə çox danışmayaq (Məs. 27:2; 2 Kor. 10:18). Əksinə, çalışaq ki, şərhlərimiz əsas etibarilə Yehova, Onun Kəlamı və xalqı ilə bağlı olsun (Vəhy 4:11). w23.04 s. 24—25, abz. 17, 18
Bazar, 2 noyabr
Gəlin başqaları kimi yatmayaq, oyaq qalıb ayıq olaq (1 Salon. 5:6).
Məhəbbətin ayıq qalmağımızda vacib rolu var (Mət. 22:37—39). Təbliğ etdiyimiz üçün biz müəyyən çətinliklərlə üzləşə bilərik, amma Allaha məhəbbət buna baxmayaraq, xidmətimizi davam etdirməyə kömək edir (2 Tim. 1:7, 8). Məhəbbəti imanımıza şərik olmayan insanlara da göstərdiyimiz üçün təbliğ etməyə davam edirik, üstəlik, telefon və məktub vasitəsilə şahidlik veririk. Biz insanların bir gün dəyişib düzgün davranacaqlarına ümidimizi itirmirik (Hizq. 18:27, 28). Biz həm də bacı-qardaşlarımızı sevirik. Onları sevdiyimizi necə göstəririk? Bir-birimizə təsəlli verməklə və möhkəmləndirməklə (1 Salon. 5:11). Döyüşdə yan-yana vuruşan əsgərlər kimi biz də bir-birimizə dayaq oluruq. Biz heç vaxt bilərəkdən bacı-qardaşlarımızı incitmərik, yaxud pisliyə pisliklə cavab vermərik (1 Salon. 5:13, 15). Məhəbbət göstərməyin digər yolu rəhbərlik edən qardaşlara hörmət etməkdir (1 Salon. 5:12). w23.06 s. 9—10, abz. 6; s. 10—11, abz. 10, 11