Noyabr
Şənbə, 1 noyabr
Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin (Mət. 21:16).
Əgər valideynsinizsə, uşaqlarınıza yaşlarına uyğun şərhlər hazırlamağa kömək edin. Bəzən ər-arvad problemləri və ya əxlaq məsələləri kimi ciddi mövzular müzakirə olunur. Amma bu zaman da uşaqların şərh verə biləcəyi bir-iki abzas tapmaq olar. Həmçinin uşaqlarınıza izah edin ki, hər əl qaldıranda onlara söz veriləcəyini düşünməsinlər. Onda onların yerinə başqasına söz veriləndə məyus olmayacaqlar (1 Tim. 6:18). Hər birimiz öz şərhlərimizlə Yehovanı ucalda və dindaşlarımızı ruhlandıra bilərik (Məs. 25:11). Hərdənbir öz başımıza gəlmiş hadisədən danışmaq olar. Amma ehtiyatlı olmalıyıq ki, özümüz barədə çox danışmayaq (Məs. 27:2; 2 Kor. 10:18). Əksinə, çalışaq ki, şərhlərimiz əsas etibarilə Yehova, Onun Kəlamı və xalqı ilə bağlı olsun (Vəhy 4:11). w23.04 s. 24—25, abz. 17, 18
Bazar, 2 noyabr
Gəlin başqaları kimi yatmayaq, oyaq qalıb ayıq olaq (1 Salon. 5:6).
Məhəbbətin ayıq qalmağımızda vacib rolu var (Mət. 22:37—39). Təbliğ etdiyimiz üçün biz müəyyən çətinliklərlə üzləşə bilərik, amma Allaha məhəbbət buna baxmayaraq, xidmətimizi davam etdirməyə kömək edir (2 Tim. 1:7, 8). Məhəbbəti imanımıza şərik olmayan insanlara da göstərdiyimiz üçün təbliğ etməyə davam edirik, üstəlik, telefon və məktub vasitəsilə şahidlik veririk. Biz insanların bir gün dəyişib düzgün davranacaqlarına ümidimizi itirmirik (Hizq. 18:27, 28). Biz həm də bacı-qardaşlarımızı sevirik. Onları sevdiyimizi necə göstəririk? Bir-birimizə təsəlli verməklə və möhkəmləndirməklə (1 Salon. 5:11). Döyüşdə yan-yana vuruşan əsgərlər kimi biz də bir-birimizə dayaq oluruq. Biz heç vaxt bilərəkdən bacı-qardaşlarımızı incitmərik, yaxud pisliyə pisliklə cavab vermərik (1 Salon. 5:13, 15). Məhəbbət göstərməyin digər yolu rəhbərlik edən qardaşlara hörmət etməkdir (1 Salon. 5:12). w23.06 s. 9—10, abz. 6; s. 10—11, abz. 10, 11
Bazar ertəsi, 3 noyabr
Allah... dediyini etməzmi? (Say. 23:19).
İmanımızı artırmağın bir yolu fidyə barədə fikirləşməkdir. Fidyə Allahın vədlərinin gerçəkləşəcəyinə bir zəmanətdir. Fidyənin nəyə görə verildiyi və bunun Yehova üçün nə qədər böyük qurban olduğu haqda düşünəndə imanımız möhkəmlənir. Daha da əmin oluruq ki, Allahın vədi gerçəkləşəcək və biz gözəl dünyada sonsuz ömür sürəcəyik. Nəyə görə belə deyə bilərik? Bir düşünün, fidyəni ödəmək Yehovaya nəyin bahasına başa gəlib? Yehova Ona əziz olan ilk Oğlunu, ən yaxın əməkdaşını göydən yer üzünə göndərdi və o, kamil insan kimi doğuldu. Yer üzündə olarkən İsanın üzləşmədiyi çətinlik qalmadı. Sonra ona işgəncə verildi və o, əzab çəkərək öldü. Görün Yehova bizim üçün necə böyük dəyər ödəyib! Yehova nəyə görə belə edib? Bizim sadəcə daha yaxşı, amma qısa ömrümüz olsun deyə? Xeyr. Məhəbbətli Allahımız əziz Oğlunun bundan ötrü əzab çəkib ölməsinə izin verməzdi (Yəh. 3:16; 1 But. 1:18, 19). Deməli, Yehova bu cür böyük dəyəri bizim yeni dünyada əbədi yaşamağımız üçün ödəyib. w23.04 s. 27—28, abz. 8, 9
Çərşənbə axşamı, 4 noyabr
Ey ölüm, hanı neştərin? (Huşə 13:14).
Yaradanımız ölüləri diriltmək istəyir? Əlbəttə. O, Müqəddəs Kitabın bir neçə yazarına ölüləri dirildəcəyi ilə bağlı vədini yazdırıb (Əşy. 26:19; Vəhy 20:11—13). Yehova söz verəndə onu yerinə yetirir, O, sözünün ağasıdır (Yuş. 23:14). Allahımız ölüləri həyata qaytaracağı günü həsrətlə gözləyir. Gəlin Əyyub peyğəmbərin sözlərinə nəzərə salaq. O əmin idi ki, ölsə belə Yehova onu dirildəcəyi günün həsrətini çəkəcək (Əyy. 14:14, 15). Yehova bütün ölən xidmətçilərinə eyni hissləri bəsləyir. Yehova onları xoşbəxt, sağlam həyata qaytarmağı arzulayır. Bəs Onu tanımadan ölən milyardlarla insan barədə nə demək olar? Allahımızın onlarla bağlı niyyəti nədir? Məhəbbətli Yaradanımız onları da həyata qaytaracaq (Həv. 24:15). Yehova istəyir ki, həmin insanların da onunla dost olmaq, yer üzündə əbədi yaşamaq fürsəti olsun (Yəh. 3:16). w23.04 s. 9, abz. 5, 6
Çərşənbə, 5 noyabr
Biz Allahdan güc alarıq (Zəb. 108:13).
Ümidinizi necə möhkəmləndirə bilərsiniz? Əgər yer üzündə əbədi yaşamağa ümid edirsinizsə, Müqəddəs Kitabdan Cənnətlə bağlı yazılanları oxuyun və bu barədə düşünün (Əşy. 25:8; 32:16—18). Yeni dünyadakı həyatı xəyalınızda canlandırın. Elə təsəvvür edin ki, sanki oradasınız. Əgər gələcəyə ümidimiz daim ağlımızda olsa, indiki problemlərimiz bizim üçün «qısamüddətli və yüngül» görünəcək (2 Kor. 4:17). Yehova verdiyi ümid vasitəsilə sizi güclü edəcək. O bu gücü almağımız üçün lazım olan hər şeyi verib. Ola bilər ki, təyinatınızı yerinə yetirmək, sınağa tab gətirmək, ya da sevincinizi qorumaq sizə çətin olsun. Bu zaman Yehovaya hərarətlə dua edin və Onun köməyini görmək üçün fərdi mütaliə edin. Bacı-qardaşların dəstəyini qəbul edin. Ümidinizi ağlınızda daima canlı tutun. Onda «hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc» alacaqsınız (Kol. 1:11). w23.10 s. 17, abz. 19, 20
Cümə axşamı, 6 noyabr
Hər şeyə görə təşəkkür edin (1 Salon. 5:18).
Duada Yehovaya minnətdarlığımızı bildirmək üçün o qədər səbəbimiz var ki! Sahib olduğumuz hər bir yaxşı şeyə görə Yehovaya şükür edə bilərik. Axı hər bir gözəl payın mənbəyi Odur (Yaq. 1:17). Yehovaya bu möhtəşəm Yer kürəsinə görə və digər yaradılış möcüzələrinə görə minnətdarlığımızı bildirə bilərik. Həmçinin aldığımız nəfəsə, ailəmizə, dostlarımıza və ümidimizə görə Ona şükür etməyi unutmamalıyıq. Ən əsası da Yehovaya şükür etməliyik ki, Onunla dost olmağımıza imkan yaradıb. Yehovaya minnətdar olmağımızın səbəblərini düşünmək üçün xüsusilə səy göstərməliyik. Ətrafımız naşükür insanlarla doludur. İnsanlar elə hey nəyisə əldə etmək istəyirlər. Onlar sahib olduqları şeylərə görə minnətdar olmağı unudurlar. Əgər bu düşüncə bizim də zehnimizə hopsa, dualarımız xahişlər siyahısına çevriləcək. Bunun baş verməməsi üçün Yehovanın bizdən ötrü etdiklərinə görə minnətdarlığımızı artırmalıyıq və bunu Ona bildirməliyik (Luka 6:45). w23.05 s. 4, abz. 8, 9
Cümə, 7 noyabr
Qoy imanla diləsin, zərrə qədər də şübhə etməsin (Yaq. 1:6).
Məhəbbətli Atamız Yehovaya bizim əzablarımızı görmək xoş deyil (Əşy. 63:9). Düzdür, hələ ki O bizi oda, çaya bənzər problemlərin hamısından qorumur (Əşy. 43:2). Amma Yehova bizə bu sınaqlardan keçməyə kömək edəcəyinə söz verir. Yehova heç vaxt qoymaz ki, üzləşdiyimiz sınaqlar bizə sağalmaz yara vursun. Həm də O, dözə bilməyimiz üçün müqəddəs ruhundan verir (Luka 11:13; Filip. 4:13). Sınaqlara dözmək, sadiqliyimizi qorumaq üçün Yehova bizə nə lazımdırsa verəcək, buna arxayın ola bilərik. Yehova Ona etibar etməyimizi istəyir (İbr. 11:6). Bəzən problemlərimiz o qədər böyük olur ki, bizə aşılmaz sədd kimi görünür. Hətta ola bilsin, Yehovanın bizə kömək edəcəyinə ürəyimizdə şübhə yaranır. Amma Müqəddəs Kitabda yazılıb ki, «Allahın gücü ilə sədlər aşa» bilərik (Zəb. 18:29). Buna görə də şübhələrə yenilməməliyik. Əksinə, güclü imanla Yehovaya dua edib, dualarımıza cavab verəcəyinə əmin olmalıyıq (Yaq. 1:6, 7). w23.11 s. 22, abz. 8, 9
Şənbə, 8 noyabr
[Məhəbbətin] alovu alışıb-yanır; Yahın alovudur. Gur sular məhəbbəti söndürə bilməz, çaylar yuyub apara bilməz (Nəğ. 8:6, 7).
Bu ayələrdə məhəbbət necə də gözəl təsvir olunub! Bu sözlər ər-arvadları əmin edir ki, məhəbbətləri tükənməz ola bilər. Aralarındakı məhəbbətin ömür boyu davam etməsi üçün ər də, arvad da öz tərəfindən nəsə etməlidir. Məsələn, götürək tonqalı. O, sonsuza qədər yana bilər, amma ona daima odun atmaq lazımdır. Əgər nəzarətsiz qalsa, alov tədricən sönəcək. Ər-arvadların da bir-birilərinə olan sevgi tonqalı sonsuzadək yana bilər. Amma bunun üçün onlar münasibətlərini daima möhkəmləndirməlidirlər. Bəzən maddi çətinliklər, səhhətlərindəki problemlər, uşaqların tərbiyəsi ilə bağlı narahatlıqlar ər-arvadları o qədər sıxır ki, aralarındakı sevginin soyuduğunu hiss edirlər. Ona görə də «Yahın alovu»nun daim yanması üçün ər də, arvad da Yehova ilə münasibətini möhkəm saxlamalıdır. w23.05 s. 20—21, abz. 1—3
Bazar, 9 noyabr
Qorxma (Dən. 10:19).
Cəsarətli olmağı öyrənmək üçün nə etməliyik? Valideynlərimiz bizə deyə bilər ki, cəsarətli olaq, amma onlar bu xüsusiyyəti bizə irsən ötürə bilməzlər. Cəsarətli olmağı öyrənmək yeni bacarığa yiyələnməyə bənzəyir. Adətən hansısa bacarığa yiyələnəndə müəllimimizi diqqətlə izləyirik, sonra isə onun etdiklərini təkrarlayırıq. Eynilə cəsarətli olmağı öyrənmək üçün də bu xüsusiyyətə sahib olan insanları diqqətlə izləməli və nümunələrini təqlid etməliyik. Dənyal peyğəmbər kimi biz də Allahın Kəlamına yaxşı bələd olmalıyıq. Yehova ilə tez-tez, səmimi söhbət edərək Onunla dostluğumuzu möhkəmləndirməliyik. Həmçinin Yehovaya etibar etməliyik, Onun bizə arxa-dayaq olduğuna əmin olmalıyıq. Onda imanımız sınananda cəsarətli olacağıq. Adətən başqaları cəsarətli insanlara hörmət qoyur. Həmçinin bu cür insan səmimi-qəlbli insanlara Yehovaya yaxınlaşmağa kömək edə bilər. Doğrudan da, cəsarətli olmağa dəyər! w23.08 s. 2, abz. 2; s. 4—5, abz. 8, 9
Bazar ertəsi, 10 noyabr
Hər şeyin doğru olub-olmadığını yoxlayın (1 Salon. 5:21).
«Yoxlamaq» kimi tərcümə olunan yunan sözü dəyərli metalların həqiqiliyinin yoxlanılmasına aid istifadə olunan söz idi. Beləliklə, oxuduğumuz və eşitdiyimiz hər şeyin düzgün olub-olmadığını yoxlamalıyıq. Bu, böyük müsibət yaxınlaşdıqca bizlər üçün daha çox vacib olacaq. Biz hər deyilən sözə inanmırıq, əksinə, ağlımızı işlədərək eşitdiyimiz və oxuduğumuz hər bir şeyi Müqəddəs Kitabın və Yehovanın təşkilatının dedikləri ilə tutuşdururuq. Bunun sayəsində biz cinlərin apardığı propaqandaya və hiyləyə aldanmayacağıq (Məs. 14:15; 1 Tim. 4:1). Biz bilirik ki, Yehovanın xalqı böyük müsibətdən sağ çıxacaq. Amma ayrı-ayrılıqda sabah başımıza nəyin gələcəyini bilmirik (Yaq. 4:14). İstər böyük müsibətdən sağ çıxaq, istərsə də ondan əvvəl ölək, Yehovaya sadiq qalsaq, əbədi həyata qovuşacağıq. Gəlin bütün diqqətimizi möhtəşəm ümidimizə cəmləyək və Yehovanın gününə hazır olaq! w23.06 s. 13, abz. 15, 16
Çərşənbə axşamı, 11 noyabr
Yehova qulu peyğəmbərlərə sirrini [açır] (Ams. 3:7).
Biz bəzi peyğəmbərliklərin necə yerinə yetəcəyini bilmirik (Dən. 12:8, 9). Amma peyğəmbərliyi axıra kimi başa düşməməyimiz o demək deyil ki, o, yerinə yetməyəcək. Əmin ola bilərik ki, keçmişdə olduğu kimi indi də Yehova məsləhət bildiyi vaxtda lazım olan hər şeyi bizə açıqlayacaq. Qarşıda hansı peyğəmbərliklər yerinə yetəcək? «Sülh və təhlükəsizlik» bəyanatı veriləcək (1 Salon. 5:3). Daha sonra dünyanın siyasi qüvvələri yalan dinə hücum edib onu məhv edəcək (Vəhy 17:16, 17). Bundan sonra onlar Allahın xalqına hücum edəcək (Hizq. 38:18, 19). Bu hadisələr Armageddon adlanan sonuncu müharibəyə gətirib çıxaracaq (Vəhy 16:14, 16). Əminliklə deyə bilərik ki, bütün bunlar yaxın zamanlarda baş verəcək. O vaxta qədər isə gəlin Müqəddəs Kitabdakı peyğəmbərliklərə diqqət kəsilək və başqalarına da bu sahədə kömək edək. Bununla səmavi Atamıza minnətdar olduğumuzu göstərəcəyik. w23.08 s. 13, abz. 19, 20
Çərşənbə, 12 noyabr
Gəlin bir-birimizi sevək, çünki məhəbbət Allahdandır (1 Yəh. 4:7).
Həvari Bulus iman, ümid və məhəbbət barədə danışarkən sözlərinə bu cür yekun vurur: «Məhəbbət bunların hamısından üstündür» (1 Kor. 13:13). O nəyə görə belə demişdi? Ona görə ki, gələcəkdə Yehovanın yeni dünya ilə bağlı vədlərinə iman etməyimizə ehtiyac qalmayacaq. Bu vədlərin nə vaxtsa gerçəkləşəcəyinə də ümid etməyəcəyik. Çünki onlar artıq yerinə yetmiş olacaq. Amma Yehovaya və insanlara məhəbbət göstərmək həmişə lazım olacaq. Bəli, bizim onlara məhəbbətimiz əbədiyyən artmağa davam edəcək. Həmçinin məhəbbət bizim əsl məsihi olduğumuzun göstəricisidir. İsa Məsih həvarilərinə demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Bundan əlavə, məhəbbət aramızdakı birliyi qoruyur, necə ki Bulus da demişdi: «Məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. 3:14). Həvari Yəhya dindaşlarına belə yazmışdı: «Allahı sevən qardaşını da sevməlidir» (1 Yəh. 4:21). Deməli, dindaşlarımıza olan məhəbbətimiz Yehovanı sevdiyimizin sübutudur. w23.11 s. 8, abz. 1; s. 8, abz. 3
Cümə axşamı, 13 noyabr
Hər cür yükü... kənara ataq (İbr. 12:1).
Müqəddəs Kitabda məsihinin həyatı qaçışa bənzədilir. Finiş xəttini keçənlər əbədi həyat mükafatını alacaq (2 Tim. 4:7, 8). Biz var gücümüzlə qaçıb yarışı davam etdirməliyik. Çünki finiş xəttinə çatmağımıza çox az qalıb. Həvari Bulusun verdiyi məsləhət bizə kömək edə bilər. O demişdi: «Hər cür yükü... kənara ataq və qarşımızdakı yarışda dözümlə qaçaq». Həvari Bulus demək istəyirdi ki, biz heç bir yükü daşımamalıyıq? Xeyr. Onun sözünün canı o idi ki, biz lazımsız yüklərdən azad olmalıyıq. Çünki bu cür yüklər sürətimizi zəiflədə və bizi taqətdən sala bilər. Biz cəld tərpənib onları ayırd etməli və kənara atmalıyıq. Amma ehtiyatlı olmalıyıq ki, daşımalı olduğumuz yükləri də atmayaq. Əks halda, qaçışdan kənar olunarıq (2 Tim. 2:5). w23.08 s. 26, abz. 1, 2
Cümə, 14 noyabr
Qoy bəzəyiniz zahiri şeylər [olmasın] (1 But. 3:3).
Dərrakəli olmaq başqalarının fikrini nəzərə almağa kömək edir. Məsələn, bəziləri makiyaj etməyi xoşlayır, bəziləri isə xoşlamır. Bəziləri qədərində içki içməyi sevir, bəziləri isə ümumiyyətlə dilinə içki vurmur. Bütün məsihilər canlarının sağlam olmasını istəyir, amma hərə bir müalicə üsulunu seçir. Əgər məsihi ən yaxşı müalicə üsulunu seçdiyini düşünüb bunu bacı-qardaşlara da yeridirsə, kiminsə imanı sarsıla bilər və yığıncaqda parçalanma yaranar (1 Kor. 8:9; 10:23, 24). Məsələn, Yehova geyim məsələsində bizi dar çərçivəyə salmayıb, sadəcə müəyyən prinsiplər verib. Biz Allahın xidmətçisinə yaraşan tərzdə geyinməliyik, görünüşümüzdən abır-həyalı, ağıllı-kamallı, dərrakəli olduğumuz görünməlidir (1 Tim. 2:9, 10). Biz elə geyinməməliyik ki, insanların fikri yalnız bizim geyimimizdə olsun. Müqəddəs Kitabdakı prinsiplər ağsaqqallara da kömək edəcək ki, geyim və saç düzümü ilə bağlı öz qayda-qanunlarını qoymasınlar. w23.07 s. 23—24, abz. 13, 14
Şənbə, 15 noyabr
Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin, qoy canınız ləziz təamlardan ləzzət alsın (Əşy. 55:2).
Yehova bizim gələcəyimizi gözəl görmək istəyir. Hay-küy salan axmaq qadının səsinə hay verənlər əxlaqsızlığın ancaq «şirin» tərəfini görürlər, xəlvətdə əxlaqsızlıqdan həzz almaq istəyirlər. Onların axırı məzardır (Məs. 9:13, 17, 18). Həqiqi hikmətin dəvətini qəbul edənləri isə tamamilə fərqli gələcək gözləyir! (Məs. 9:1). Biz Yehovanın sevdiyi şeyləri sevməyi, nifrət etdiyi şeylərə isə nifrət etməyi öyrənirik (Zəb. 97:10). Çox xoşbəxtik ki, həqiqi hikmətdən öyrənməyə başqalarını da dəvət etmək fürsətimiz var. Sanki biz şəhərin hündür yerlərində durub: «Cahillər bura gəlsin»,— deyə car çəkirik. Həm bu dəvətə hay verənlər, həm də biz hikmətin xeyrini təkcə indi görmürük. Bunun faydası sonsuzdur, çünki «dərrakə yolu ilə» yeriyib əbədi yaşamağımıza yol açır (Məs. 9:3, 4, 6). w23.06 s. 24—25, abz. 17, 18
Bazar, 16 noyabr
Səbrini basan güclü adamdan yaxşıdır, təmkinli adam şəhər alandan üstündür (Məs. 16:32).
Nə vaxtsa iş yoldaşınız və ya sinif yoldaşınız etiqadınız barədə sizə sual verib? Bu zaman hansı hissləri keçirmisiniz? Çoxumuz belə anlarda həyəcanlanırıq. Əslində, bu sualın sayəsində həmin insanın nə düşündüyünü, nəyə inandığını öyrənib onunla xoş müjdəni bölüşmək olar. Amma bəzən insan sualı xoşagəlməz tərzdə verir. Bu bizi təəccübləndirməməlidir. Çünki çoxları bizim haqqımızda yanlış fikirlər eşidib (Həv. 28:22). Həm də biz axırzamanda yaşayırıq. Bu dövr haqda deyilib ki, insanlar «barışmaz» və «zalım» olacaq (2 Tim. 3:1, 3). Ola bilsin, düşünürsünüz: «Kimsə etiqadıma görə mənimlə mübahisə etməyə çalışırsa, onunla necə nəzakətlə, xoş danışa bilərəm?» Bilirsiniz, sizə nə kömək edə bilər? Bir sözlə desək, mülayimlik. Mülayim insanı kimsə özündən çıxarmağa çalışanda və ya ona necə cavab verəcəyini bilməyəndə tez özündən çıxmır, əksinə, təmkinini qoruyur. w23.09 s. 14, abz. 1, 2
Bazar ertəsi, 17 noyabr
Onları bütün yer üzündə əmir qoyacaqsan (Zəb. 45:16).
Bəzən təşkilat bizi maddiyyatdan və Allahın qanununu pozmağa sövq edən işlərdən qorumaq üçün müəyyən nəsihətlər verir. Bu sahələrlə bağlı verilən göstərişlərə əməl etmək bizə xeyir gətirir (Əşy. 48:17, 18; 1 Tim. 6:9, 10). Şübhəsiz ki, Yehova böyük müsibət zamanı və Məsihin minillik hakimiyyəti dövründə də bizə insanlar vasitəsilə göstərişlər verməyə davam edəcək. Bəs biz bu göstərişlərə uyğun davranacağıq? Əgər indidən bu cür davranırıqsa, gələcəkdə də Yehovanın göstərdiyi yolla getmək daha asan olacaq. Ona görə də gəlin həmişə Yehovanın verdiyi göstərişlərə əməl edək. Bura bizə rəhbərlik etmək üçün təyin edilən qardaşların verdiyi məsləhətlər də daxildir (Əşy. 32:1, 2; İbr. 13:17). Biz Bələdçimiz Yehovaya tam etibar edə bilərik. O bizi təhlükələrdən yan keçirərək mənzilbaşına — əbədi həyata doğru aparır. w24.02 s. 25, abz. 17, 18
Çərşənbə axşamı, 18 noyabr
Siz lütf sayəsində xilas oldunuz (Efes. 2:5).
Həvari Bulus Yehovaya xidmət etməkdən sevinc duyurdu, amma bu o demək deyil ki, onun çətinlikləri yox idi. Bulus tez-tez uzun səyahətlərə çıxırdı. Amma həmin dövrdə səyahət etmək heç də asan deyildi. O, bəzən «çaylarda təhlükə» ilə, «quldurların əlindən təhlükə» ilə üzləşirdi. Hətta elə olurdu ki, düşmənləri onu döyürdü (2 Kor. 11:23—27). Bəzən isə Bulus bacı-qardaşların uğrunda çəkdiyi zəhmətin qarşılığında heç «çox sağ ol» da eşitmirdi (2 Kor. 10:10; Filip. 4:15). Bəs Bulusa xidmətini davam etdirməyə nə kömək etmişdi? O həm Müqəddəs Yazılardan oxuduqlarından, həm də şəxsi təcrübəsindən Yehova haqda çox şey öyrənmişdi. Bulus əmin olmuşdu ki, Yehova Allah onu sevir (Rom. 8:38, 39; Efes. 2:4, 5). Elə o özü də Yehovanı sevirdi. Bunu müqəddəslərə xidmət etməklə göstərirdi (İbr. 6:10). w23.07 s. 9, abz. 5, 6
Çərşənbə, 19 noyabr
Hər kəs hökumətə tabe olsun (Rom. 13:1).
Çox adam qəbul edir ki, ölkəni idarə edən «hökumət» olmalıdır və onun qoyduğu qaydaların heç olmasa bəzilərinə əməl etmək lazımdır. Amma bəzən elə həmin adamlar bəyənmədikləri, onlara ağır gələn qanunlara əməl etmir. Müqəddəs Kitabdan görmək olar ki, biz insan hökumətləri ucbatından əzab çəkirik, onları Şeytan idarə edir və onlar tezliklə məhv ediləcək (Zəb. 110:5, 6; Vaiz 8:9; Luka 4:5, 6). Amma orada həmçinin yazılıb ki, «hökumətə qarşı çıxan Allahın təsis etdiyi quruluşa qarşı çıxır». Hökumətlər Allahın nizam-intizamı qorumaq üçün təsis etdiyi müvəqqəti quruluşdur və bizdən onlara nisbi tabeçilik gözlənilir. Odur ki, biz «hər kəsə haqqını» verməliyik. Bura vergi ödəmək, hörmət göstərmək və itaət etmək daxildir (Rom. 13:1—7). Ola bilsin, hansısa qanun bizə haqsız görünsün, rahatlığımızı pozsun və ya ona itaət etmək bizə baha-başa gəlsin. Buna baxmayaraq, Yehovanın xatirinə biz hökumətin qanunlarına tabe olacağıq. Amma əlbəttə ki, Yehovanın əmrini pozmağı tələb edən qanunlar bura aid deyil (Həv. 5:29). w23.10 s. 8—9, abz. 9, 10
Cümə axşamı, 20 noyabr
Yehovanın ruhu Şimşona güc verdi (Hak. 15:14).
Şimşon dünyaya gələn vaxt israillilər filiştlilərin tabeliyində idi (Hak. 13:1). Onlar israillilərə çox zülm verirdilər. Buna görə də Yehova israilliləri filiştlilərdən qurtarmaq üçün Şimşonu seçdi (Hak. 13:5). Bunun üçün Şimşon Yehovaya etibar etməli idi. Bir dəfə filiştlilər Şimşonu tutmaq üçün Lehiyə, ehtimal ki, Yəhudaya gəlmişdi. Yəhudalılar qorxuya düşüb Şimşonu onlara təslim etmək qərarına gəldi. Onlar iki təzə kəndirlə onun əl-qolunu bağlayıb filiştlilərin yanına gətirdi (Hak. 15:9—13). Amma «Yehovanın ruhu Şimşona güc verdi» və o, əllərinin buxovunu açdı. Sonra «o, təzə ölmüş bir eşşəyin çənə sümüyünü tapdı» və onunla min filiştlini qırdı (Hak. 15:14—16). w23.09 s. 2—3, abz. 3, 4
Cümə, 21 noyabr
Bu, Onun əbədi niyyətinə, Ağamız Məsih İsa ilə əlaqədar qərarlaşdırdığı niyyətə müvafiqdir (Efes. 3:11).
Müqəddəs Kitabda yazılıb ki, Yehovanın niyyəti «əbədidir» (Efes. 3:11). Yehovaya niyyətinə çatmağa heç nə mane ola bilməz, O buna istənilən yolla çata bilər. Axı O, «hər şeyi Öz məqsədi üçün qurub» (Məs. 16:4). Onun gerçəkləşdirdiyi hər bir şey əbədi qalacaq. Bəs Yehovanın niyyəti nədir? O, niyyətini yerinə yetirmək üçün nələri dəyişib? Yehova Adəm və Həvvaya onlarla bağlı niyyətini bildirmişdi. Onlara demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun... Yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yar. 1:28). Lakin Adəmlə Həvva Yehovaya üsyan etdi və bəşər ailəsinə günah daxil oldu. Amma bu, Yehovaya niyyətini həyata keçirməyə mane olmadı. Yehova niyyətini həyata keçirmək üçün başqa yol seçdi. O, dərhal qərar verdi ki, bir Padşahlıq qursun; bu Padşahlıq Onun insanlarla və Yer kürəsi ilə bağlı əzəli niyyətini yerinə yetirsin (Mət. 25:34). w23.10 s. 19—20, abz. 6, 7
Şənbə, 22 noyabr
Yehova kömək etməsəydi, az qala yox olmuşdum (Zəb. 94:17).
Yehova bizə təslim olmamağa kömək edə bilər. Düzdür, əgər hansısa zəifliyimizlə uzun müddətdir mübarizə aparırıqsa, yolumuza davam etmək çətin ola bilər. Hətta bəzən düşünə bilərik ki, həvari Butrusun zəif cəhətləri bizimki ilə müqayisədə heç nədir. Amma əlimizin-qolumuzun yana düşməməsi üçün Yehova bizə güc verə bilər (Zəb. 94:18, 19). Məsələn, bir qardaş həqiqətə gəlməzdən əvvəl uzun illər homoseksual olub. Amma o, qəti şəkildə natəmiz əməllərinə son qoydu. Bununla belə, hərdənbir onda yanlış istəklər baş qaldırırdı. Ona zəifliyinə yenilməməyə nə kömək etmişdi? O belə demişdi: «Yehova mənə güc verir... Onun müqəddəs ruhunun köməyi ilə öyrəndim ki, həqiqət yolunda yerimək mümkündür... Yehovanın yolunda yararlıyam və günahlarıma rəğmən, O, hələ də məni möhkəmləndirir». w23.09 s. 23—24, abz. 12
Bazar, 23 noyabr
Təvazökarlığın və Yehova xofunun bəhrəsi sərvət, şərəf və həyatdır (Məs. 22:4).
Əziz gənc qardaşlar, yetkin məsihi olmaq öz-özünə baş verən proses deyil. Bunun üçün yaxşılardan örnək götürməli, sağlamdüşüncəli, etibarlı olmalı, müəyyən bacarıqlara yiyələnməli və gələcək məsuliyyətlərinizə hazırlaşmalısınız. Yəqin, fikirləşirsiniz: «Mən nə qədər şeyin üzərində işləməliyəm!» Narahat olmayın, sizdə alınacaq. Unutmayın, Yehova sizə kömək etməyi çox istəyir (Əşy. 41:10, 13). Sözsüz, yığıncaqdakı bacı-qardaşların da dəstəyinə arxalana bilərsiniz. Artıq yetkin məsihi olanda həyatınız dolğun, mənalı olacaq. Əziz gənc qardaşlar, biz sizi çox sevirik. Qoy Yehova yetkin məsihi olmaq üçün gördüyünüz hər bir işi avand etsin! w23.12 s. 29, abz. 19, 20
Bazar ertəsi, 24 noyabr
Günahın üstündən [keç] (Məs. 19:11).
Təsəvvür edin ki, bir neçə bacı-qardaşla birgə qonaqlıqdasınız. Gözəl vaxt keçirirsiniz və yığışıb şəkil çəkdirirsiniz. İşdir, birdən birincisi yaxşı çıxmaz deyə hər ehtimala iki dənə də şəkil çəkdirirsiniz. Sonra görürsünüz ki, şəklin birində bir qardaş qaşqabaqlı düşüb. Yəqin, həmin şəkli silərsiniz, çünki digər iki şəkildə qardaş da daxil olmaqla hər kəs gülümsəyir. Bu şəkilləri xatirələrimizə bənzətmək olar. Hər birimizin bacı-qardaşlarla xoş xatirələri var. Amma ola bilsin, hansısa bir vəziyyətdə kiminsə sözü və ya hərəkəti bizə xoş olmayıb. Bəlkə, bu vəziyyəti xatirə kimi yaddaşımızda saxlamayıb həmin şəkil kimi silək? (Efes. 4:32). Bunu edə bilərik, axı onlarla bağlı yetərincə xoş xatirələrimiz var. Hamımız məhz bu cür xatirələri qoruyub saxlamaq istəyərik. w23.11 s. 12—13, abz. 16, 17
Çərşənbə axşamı, 25 noyabr
Qadınlar da özlərini... ləyaqətli geyimlə... bəzəsinlər, mömin olduqlarını iddia edən qadınlara yaraşan tərzdə (1 Tim. 2:9, 10).
Burada istifadə edilən yunan sözləri o deməkdir ki, məsihi bacının geyimindən başqalarına hörmət etdiyi, onların fikirlərini və hisslərini nəzərə aldığı görünməlidir. Bu məsləhətə qulaq asıb ləyaqətli geyinən bacılarımızla fəxr edirik! Bəsirətli olmaq hər bir yetkin məsihi bacının yiyələnməli olduğu ikinci keyfiyyətdir. Bəsirət nədir? Bəsirət yaxşı ilə pisi ayırd edib yaxşını seçmək qabiliyyətidir. Abiqayilin hadisəsi yadınızdadır? Onun əri bir pis qərarı ilə bütün ev əhlini az qala fəlakətə sürükləyirdi. Abiqayil bunu biləndə cəld hərəkətə keçdi. O, bəsirəti sayəsində xeyli insanın həyatını xilas etdi (1 İşm. 25:14—23, 32—35). Bəsirətli olmaqla biz də danışmağın və susmağın vaxtını müəyyən edə bilərik. Həmçinin bu keyfiyyət bizə kömək edir ki, insanlarla söhbət edərkən haqqımız çatmayan və ya onları pis vəziyyətdə qoyacaq suallar verməyək (1 Salon. 4:11). w23.12 s. 20, abz. 8, 9
Çərşənbə, 26 noyabr
Ümid edirik ki, Allah bizi şərəfə çatdıracaq. Buna görə də gəlin sevinək! (Rom. 5:2).
Həvari Bulus bu sözləri Romadakı yığıncağa ünvanlamışdı. Oradakı bacı-qardaşlar Yehova və İsa haqda öyrənmiş, iman yetişdirmiş və məsihi olmuşdular. Yehova imanlarına görə onları saleh saymış və müqəddəs ruhla məsh etmişdi (Rom. 5:1). Bəli, onlar canlı, möhtəşəm ümidə sahib olmuşdular. Bulus sonralar Efesdəki məsh olunmuş məsihilərə Allahın onlara verdiyi ümid barədə yazmışdı. Bu ümid müqəddəslərə «miras kimi» verilmişdi (Efes. 1:18). Koloslulara yazdığı məktubda isə Bulus məsh olunmuş məsihilərə ümidlərinin harada gerçəkləşəcəyini demişdi. O bu ümidin onlar üçün «göylərdə» qorunub saxlanıldığını bildirmişdi (Kol. 1:4, 5). Deməli, məsh olunmuş məsihilər göydə əbədi həyat üçün dirilib Məsihlə birgə hakimiyyət sürəcəklərinə ümid edirlər (1 Salon. 4:13—17; Vəhy 20:6). w23.12 s. 9, abz. 4, 5
Cümə axşamı, 27 noyabr
Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq (Filip. 4:7).
Orijinal mətndə «qoruyacaq» ifadəsi hərbi termindir. Bu ifadə əsgərlərin şəhəri hücumlardan qorumasına aid işlənirdi. Mühafizədə olan şəhər sakinləri rahat yatırdılar, bilirdilər ki, darvazada onların keşiyini çəkən əsgərlər var. Eynilə Allahın sülhü ürəyimizi və fikirlərimizi qoruyanda sakit, arxayın oluruq (Zəb. 4:8). Hənnə kimi bizim də vəziyyətimiz dərhal dəyişməsə də, yenə də ürəyimiz rahat olur (1 İşm. 1:16—18). İnsan sakit olanda isə ona aydın düşünmək, düzgün qərarlar vermək daha asan olur. Narahatlığın öhdəsindən gəlmək üçün nə edə bilərsiniz? Məcazi dillə desək, «keşikçiləri» çağırın. Bunu necə etmək olar? Daxilinizdə Allahın sülhünü duyana qədər dua edin (Luka 11:9; 1 Salon. 5:17). Əgər siz də müsibətli anlar yaşayırsınızsa, durmadan dua edin. Onda Yehovanın sülhünün ürəyinizi və fikirlərinizi qoruduğunu duyacaqsınız (Rom. 12:12). w24.01 s. 21—22, abz. 5, 6
Cümə, 28 noyabr
Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun (Mət. 6:9).
İsa Məsih Allahın adını ucaltmaqdan ötrü hər cür işgəncəyə, təhqirə, böhtana dözmüşdü. O bilirdi ki, hər addımında Atasına itaət edib, buna görə də heç nədən utanmamalıdır (İbr. 12:2). Həmçinin həyatının bu qaranlıq dönəmində birbaşa Şeytanın hücumuna məruz qaldığının da fərqində idi (Luka 22:2—4; 23:33, 34). Şeytan İsanın sədaqətini sındıra biləcəyinə əmin idi, amma onun ümidləri puç oldu! İsa birdəfəlik sübut etdi ki, Şeytan mənfur yalançıdır və Yehovanın Ona ən ağır sınaqlar qarşısında belə sədaqətini qoruyan sadiq xidmətçiləri var! Padşahımızın razılığını qazanmaq istəyirsiniz? Elədirsə, daima Yehovanın adını mədh edin. İnsanlara Onun necə gözəl Allah olduğu barədə danışın. Belə etməklə İsanın nümunəsini izləmiş olursunuz (1 But. 2:21). Siz də onun kimi Yehovanın qəlbini sevindirirsiniz və düşməni olan Şeytanın arsız yalançı olduğunu sübut edirsiniz! w24.02 s. 11—12, abz. 11—13
Şənbə, 29 noyabr
Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm? (Zəb. 116:12).
Son beş il ərzində bir milyondan çox insan Yehovanın Şahidi kimi vəftiz olunub. Özünüzü Yehovaya həsr edəndə siz Məsihin şagirdi olmağı və Allahın iradəsini yerinə yetirməyi həyatda hər şeydən üstün tutmağı öhdənizə götürürsünüz. Bir məsihi kimi həsr olunmaq nə deməkdir? İsa demişdi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin» (Mət. 16:24). «Qoy özünü inkar etsin» ifadəsini yunancadan «qoy özünə “yox” desin» kimi də tərcümə etmək olar. Yehovanın həsr olunmuş bir xidmətçisi kimi siz Onun iradəsinə zidd gedən hər bir şeyə «yox» deməlisiniz (2 Kor. 5:14, 15). Bura «günahlı bədənin əməlləri», yəni cinsi əxlaqsızlıq da daxildir (Qal. 5:19—21; 1 Kor. 6:18). Bəs bu cür məhdudiyyətlər sizin həyatınızı çətinə salacaq? Əgər Yehovanı sevirsinizsə və Onun qanunlarının sizin xeyrinizə olduğuna əminsinizsə, onda həyatınız heç də çətin olmayacaq (Zəb. 119:97; Əşy. 48:17, 18). w24.03 s. 2, abz. 1; s. 3, abz. 4
Bazar, 30 noyabr
Səndən çox razıyam (Luka 3:22).
Yehova razı qaldığı kəslərə müqəddəs ruh verir (Mət. 12:18). Bu sualın üzərində düşünün: «Ruhun bəhrəsinə aid olan hansısa xüsusiyyətləri təzahür etdirirəm?» Sizcə, Yehovanı tanımazdan əvvəl daha səbirli idiniz, yoxsa indi? Ruhun bəhrəsinə aid olan xüsusiyyətləri özünüzdə nə qədər çox inkişaf etdirsəniz, Yehovanın sizdən razı qaldığına bir o qədər çox əmin olacaqsınız. Yehova fidyə qurbanlığı əsasında razı qaldığı kəslərin günahlarını bağışlayır (1 Tim. 2:5, 6). Ola bilsin, fidyəyə inanırsınız və vəftiz olunmusunuz, amma yenə də ürəyinizdə Yehovanın sizdən razı qaldığına şübhə edirsiniz. Unutmayın ki, öz hisslərimizə həmişə etibar edə bilməsək də, Yehovaya həmişə etibar edə bilərik. Yehova fidyəyə iman edən kəsləri saleh sayır və onları mübarək qılacağına söz verir (Zəb. 5:12; Rom. 3:26). w24.03 s. 30, abz. 15; s. 31, abz. 17