Bazar, 2 noyabr
Gəlin başqaları kimi yatmayaq, oyaq qalıb ayıq olaq (1 Salon. 5:6).
Məhəbbətin ayıq qalmağımızda vacib rolu var (Mət. 22:37—39). Təbliğ etdiyimiz üçün biz müəyyən çətinliklərlə üzləşə bilərik, amma Allaha məhəbbət buna baxmayaraq, xidmətimizi davam etdirməyə kömək edir (2 Tim. 1:7, 8). Məhəbbəti imanımıza şərik olmayan insanlara da göstərdiyimiz üçün təbliğ etməyə davam edirik, üstəlik, telefon və məktub vasitəsilə şahidlik veririk. Biz insanların bir gün dəyişib düzgün davranacaqlarına ümidimizi itirmirik (Hizq. 18:27, 28). Biz həm də bacı-qardaşlarımızı sevirik. Onları sevdiyimizi necə göstəririk? Bir-birimizə təsəlli verməklə və möhkəmləndirməklə (1 Salon. 5:11). Döyüşdə yan-yana vuruşan əsgərlər kimi biz də bir-birimizə dayaq oluruq. Biz heç vaxt bilərəkdən bacı-qardaşlarımızı incitmərik, yaxud pisliyə pisliklə cavab vermərik (1 Salon. 5:13, 15). Məhəbbət göstərməyin digər yolu rəhbərlik edən qardaşlara hörmət etməkdir (1 Salon. 5:12). w23.06 s. 9—10, abz. 6; s. 10—11, abz. 10, 11
Bazar ertəsi, 3 noyabr
Allah... dediyini etməzmi? (Say. 23:19).
İmanımızı artırmağın bir yolu fidyə barədə fikirləşməkdir. Fidyə Allahın vədlərinin gerçəkləşəcəyinə bir zəmanətdir. Fidyənin nəyə görə verildiyi və bunun Yehova üçün nə qədər böyük qurban olduğu haqda düşünəndə imanımız möhkəmlənir. Daha da əmin oluruq ki, Allahın vədi gerçəkləşəcək və biz gözəl dünyada sonsuz ömür sürəcəyik. Nəyə görə belə deyə bilərik? Bir düşünün, fidyəni ödəmək Yehovaya nəyin bahasına başa gəlib? Yehova Ona əziz olan ilk Oğlunu, ən yaxın əməkdaşını göydən yer üzünə göndərdi və o, kamil insan kimi doğuldu. Yer üzündə olarkən İsanın üzləşmədiyi çətinlik qalmadı. Sonra ona işgəncə verildi və o, əzab çəkərək öldü. Görün Yehova bizim üçün necə böyük dəyər ödəyib! Yehova nəyə görə belə edib? Bizim sadəcə daha yaxşı, amma qısa ömrümüz olsun deyə? Xeyr. Məhəbbətli Allahımız əziz Oğlunun bundan ötrü əzab çəkib ölməsinə izin verməzdi (Yəh. 3:16; 1 But. 1:18, 19). Deməli, Yehova bu cür böyük dəyəri bizim yeni dünyada əbədi yaşamağımız üçün ödəyib. w23.04 s. 27—28, abz. 8, 9
Çərşənbə axşamı, 4 noyabr
Ey ölüm, hanı neştərin? (Huşə 13:14).
Yaradanımız ölüləri diriltmək istəyir? Əlbəttə. O, Müqəddəs Kitabın bir neçə yazarına ölüləri dirildəcəyi ilə bağlı vədini yazdırıb (Əşy. 26:19; Vəhy 20:11—13). Yehova söz verəndə onu yerinə yetirir, O, sözünün ağasıdır (Yuş. 23:14). Allahımız ölüləri həyata qaytaracağı günü həsrətlə gözləyir. Gəlin Əyyub peyğəmbərin sözlərinə nəzərə salaq. O əmin idi ki, ölsə belə Yehova onu dirildəcəyi günün həsrətini çəkəcək (Əyy. 14:14, 15). Yehova bütün ölən xidmətçilərinə eyni hissləri bəsləyir. Yehova onları xoşbəxt, sağlam həyata qaytarmağı arzulayır. Bəs Onu tanımadan ölən milyardlarla insan barədə nə demək olar? Allahımızın onlarla bağlı niyyəti nədir? Məhəbbətli Yaradanımız onları da həyata qaytaracaq (Həv. 24:15). Yehova istəyir ki, həmin insanların da onunla dost olmaq, yer üzündə əbədi yaşamaq fürsəti olsun (Yəh. 3:16). w23.04 s. 9, abz. 5, 6