Şənbə, 26 iyul
Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın (Efes. 5:1).
Sözlərimizdən Yehovaya minnətdarlığımız və məhəbbətimiz görünəndə O sevinir. Təbliğdə olarkən əsas məqsədimiz insanları Yehovaya yaxınlaşdırmaq, eləcə də onlara bizim kimi Allahı sevməyə kömək etmək olmalıdır (Yaq. 4:8). İnsanlara Müqəddəs Kitabdan Yehova barədə, Onun məhəbbəti, ədaləti, hikməti, qüdrəti və digər gözəl xüsusiyyətləri haqda yazılanları göstərəndə sevinc duyuruq. Həmçinin Yehovanın nümunəsini izləməyə çalışmaqla da Onu mədh edirik və qəlbini sevindiririk (Efes. 5:1). Belə edəndə bu şər dünyada başqalarından seçilirik. Ola bilsin, insanlar bizim fərqli olduğumuzu görüb bunun səbəbini öyrənmək istəsin (Mət. 5:14—16). Gündəlik həyatda bu cür insanlarla söhbət edən zaman onlara belə davranmağımızın səbəbini açıqlaya bilərik. Nəticədə, səmimi-qəlbli insanlar Allaha yaxınlaşa bilər. Yehovanı bu yollarla mədh edəndə Onun qəlbini fərəhləndiririk (1 Tim. 2:3, 4). w24.02 s. 10, abz. 7
Bazar, 27 iyul
Həm qardaşları ürəkləndirsin, həm də... tənbeh edə bilsin (Tit. 1:9).
Yetkin məsihi qardaş olmaq üçün bəzi bacarıqlara yiyələnməlisiniz. Onlar sizə yığıncaqda üzərinizə məsuliyyət götürməyə, özünüzü və ailənizi təmin etmək üçün iş tapmağa, insanlarla gözəl münasibət qurmağa kömək edəcək. Məsələn, oxumağı və yazmağı öyrənin. Müqəddəs Kitabda deyilir ki, Allahın Kəlamını hər gün oxuyub üzərində düşünən insan xoşbəxtdir və hər işində uğur qazanar (Zəb. 1:1—3). Belə insan Müqəddəs Kitabı hər gün oxumaqla Yehovanın düşüncə tərzini qavrayacaq. Beləcə, o, aydın düşünəcək və Müqəddəs Kitab ayələrini necə tətbiq edə biləcəyini öyrənəcək (Məs. 1:3, 4). Dindaşlarımızın Müqəddəs Kitaba əsaslanan göstərişlər və məsləhətlər verən bacarıqlı qardaşların köməyinə ehtiyacı var. Oxumağı və yazmağı yaxşı bilməyin sayəsində siz insanlara fayda gətirən, eləcə də onların imanını möhkəmləndirən nitqlər və şərhlər hazırlayacaqsınız. Həmçinin maraqlı fikrə rast gələndə qeydlər apara biləcəksiniz. Bu qeydlərin sayəsində həm öz imanınızı artıracaqsınız, həm də başqalarını ruhlandıracaqsınız. w23.12 s. 26—27, abz. 9—11
Bazar ertəsi, 28 iyul
Sizinlə vəhdətdə Olan bu dünya ilə vəhdətdə olandan böyükdür (1 Yəh. 4:4).
Sizi qorxu bürüyəndə Yehovanın gələcəkdə sizin üçün edəcəyi işlər barədə düşünün. O zaman artıq Şeytan olmayacaq. 2014-cü ilin regional toplantısında bir səhnəcik göstərilmişdi. Həmin səhnəcikdə ata 2 Timutiyə 3:1—5 ayələrini ailəsi ilə müzakirə etmişdi. O bu ayələrin Cənnətə aid işlənsə, necə səslənəcəyi ilə bağlı demişdi: «Yeni dünya ən xoşbəxt bir dövr olacaq. Çünki insanlar bir-birini sevən, ruhani şeyləri dəyərləndirən, sadə, həlim, Allaha alqış oxuyan, valideynlərinə itaət edən, minnətdar, vəfalı, doğmalarını sevən, üzüyola, başqaları haqda yaxşı şeylər danışan, özünə hakim olan, mülayim, yaxşılığı sevən, etibarlı, güzəştə gedən, təvazökar, eyş-işrətdən çox Allahı sevən, həqiqətən mömin olacaq. Belələrindən bərk yapış». Bəs siz ailənizlə və ya dindaşlarınızla yeni dünyada həyatın necə olacağını müzakirə edirsiniz? w24.01 s. 6, abz. 13, 14