İyul
Çərşənbə axşamı, 1 iyul
İsa ölkəni gəzib-dolaşaraq insanlara yaxşılıq [edirdi],.. adamları [sağaldırdı] (Həv. 10:38).
İsanın dediyi və etdiyi hər şey, o cümlədən göstərdiyi möcüzələr Atasının düşüncəsini və hisslərini əks etdirirdi (Yəh. 14:9). İsanın möcüzələrindən nə öyrənə bilərik? İsa və Atası bizi çox sevir. İsa Məsihin insanları sevdiyi nədən görünür? Məsələn, o, yer üzündə olarkən insanların əzabına son qoymaq üçün möcüzələr göstərirdi. Bir dəfə iki kor kişi İsadan xahiş etmişdi ki, onları sağaltsın (Mət. 20:30—34). İsanın «bu adamlara yazığı gəldi» və onları sağaltdı. «Yazığı gəlmək» kimi tərcümə olunan yunan feili daxildən gələn dərin şəfqət hissini bildirir. Bu cür şəfqət hissi məhəbbətdən qaynaqlanır. Bu hiss İsanı həmçinin təşviq etmişdi ki, acları doyursun və cüzamlı adamı sağaltsın (Mət. 15:32; Mark 1:41). Əmin ola bilərik ki, rəhmli Allahımız Yehova və Oğlu bizi sevir və əzablarımızı görmək onlara qəlb ağrısı verir (Luka 1:78; 1 But. 5:7). Onlar bəşəriyyətə zülm verən bütün bəlalara son qoymağı həsrətlə gözləyirlər! w23.04 s. 3, abz. 4, 5
Çərşənbə, 2 iyul
Ey Yehovanı sevənlər, pisliyə nifrət edin, O, sadiq bəndələrinin canını hifz edir, onları pislərin əlindən qurtarır (Zəb. 97:10).
Əlinizdən gələni edin ki, Şeytan dünyasında geniş yayılmış fikirlərə daha az məruz qalasınız. Həmçinin Müqəddəs Kitabı mütaliə edərək ağlınızı sağlam fikirlərlə doldurun. Bununla yanaşı, yığıncaq görüşlərində və təbliğdə iştirak etmək də düşüncənizi qorumağa kömək edəcək. Yehova isə qoymayacaq ki, siz «gücünüz çatmayan sınaqlara məruz qalasınız» (1 Kor. 10:12, 13). Biz son dərəcə çətin bir vaxtda yaşayırıq. Buna görə də sadiq qalmaq üçün hər birimizin dua etməyə indi daha çox ehtiyacı var. Yehova istəyir ki, dua edib ürəyimizi Ona açaq (Zəb. 62:8). Duada Yehovanı mədh edin, gördüyü işlərə görə minnətdarlığınızı bildirin. Xidmətdə cəsarətli olmaq üçün kömək diləyin. Yehovaya yalvarın ki, istənilən problemə tab gətirmək və nəfslə mübarizə aparmaq üçün sizə güc versin. Qoymayın ki, nəsə və ya kimsə sizin Yehovaya müntəzəm dua etməyinizə mane olsun. w23.05 s. 7, abz. 17, 18
Cümə axşamı, 3 iyul
Gəlin bir-birimizə qarşı diqqətli olub... bir-birimizi ruhlandıraq (İbr. 10:24, 25).
Biz yığıncağa niyə gəlirik? Əvvəla, Yehovanı ucaltmaq üçün (Zəb. 26:12; 111:1). Həmçinin bu çətin dövrdə bir-birimizi möhkəmləndirmək üçün (1 Salon. 5:11). Əl qaldırıb şərh verməklə hər iki məqsədə çatmış oluruq. Amma bəzən şərh vermək çətin olur. Həyəcanlandığımız üçün şərh verə bilmirik, yaxud şərh verməyi çox istəyirik, amma əlimizi qaldıranda bəzən qardaşlar bizə söz vermir. Bəs bu çətinliklərin öhdəsindən necə gələ bilərik? Həvari Bulus demişdi ki, əsas məqsədimiz bir-birimizi ruhlandırmaq olmalıdır. Əgər yadda saxlasaq ki, sadə şərhlərimizlə də bir-birimizi ruhlandıra bilərik, onda şərh verməkdən çəkinməyəcəyik. Digər tərəfdən də, istədiyimiz qədər şərh verə bilməsək də, sevinəcəyik ki, başqaları daha çox şərh verə bildi (1 But. 3:8). w23.04 s. 20—21, abz. 1—3
Cümə, 4 iyul
Yerusəlimə getsin və... Yehovanın... evini yenidən tiksin (Üzr. 1:3).
Aləmə xəbər yayılıb! 70 ilə yaxındır Babildə əsir olan yəhudilər azadlığa buraxıldı. Onlar öz vətənlərinə — İsrailə geri qayıda bilərlər (Üzr. 1:2—4). Belə bir şey yalnız Yehovanın sayəsində mümkün idi. Çünki adətən babillilər əsirlərini azad etmirdi (Əşy. 14:4, 17). Amma Babil süquta uğradı və yeni hökmdar yəhudilərə bildirdi ki, ölkələrinə qayıda bilərlər. Hər bir yəhudi, xüsusilə də ailə başçıları qərar verməli idi: Babildə qalsınlar, yoxsa getsinlər? Bu qərarı vermək heç də asan deyildi. Çünki bəziləri yaşa dolmuşdu, onlar uzun səfərə çıxmağa ehtiyat edirdi. Əksər yəhudilər isə Babildə dünyaya gəlmişdi. Onlar Babildən qırağa çıxmamışdılar. Buna görə də İsrail onlar üçün sadəcə ata-babalarının yurdu idi. Bəzi yəhudilər isə Babildə varlanmışdı. Bu səbəbdən rahat ev-eşiklərini, işlərini qoyub naməlum bir diyara getmək onlar üçün çətin idi. w23.05 s. 14, abz. 1, 2
Şənbə, 5 iyul
Hazır olun (Mət. 24:44).
Allahın Kəlamı bizi təşviq edir ki, daim özümüzdə dözüm, şəfqət və məhəbbət yetişdirək. Luka 21:19 ayəsində yazılıb: «Dözümlə həyatınızı xilas edəcəksiniz». Koloslulara 3:12 ayəsində deyilir: «Şəfqəti... geyinin». 1 Salonikililərə 4:9, 10 ayələrində oxuyuruq: «Bir-birinizi sevməyi sizə Allah öyrədir... Bununla belə, qardaşlar, sizə tövsiyə edirik ki, bu sahədə daha da inkişaf edəsiniz». Bu sözlərin ünvanlandığı insanlar artıq dözüm, şəfqət və məhəbbət göstərirdilər. Amma onlar bu xüsusiyyətləri daim inkişaf etdirməli idilər. Bu bizə də aiddir. Bunu necə edə bilərik? Düşünün görün birinci əsrdəki məsihilər bu xüsusiyyətləri necə təzahür etdirirdilər. Onlardan nümunə götürmək və beləcə, böyük müsibətə hazır olmaq üçün siz nə edə bilərsiniz. Beləcə, böyük müsibət başlayanda artıq dözümlü olmağı öyrənmiş olacaqsınız və bundan sonra da təslim olmamağa qəti qərarlı olacaqsınız. w23.07 s. 2, abz. 4; s. 3, abz. 8
Bazar, 6 iyul
Orada geniş bir yol olacaq, o yol Müqəddəslik yolu adlanacaq (Əşy. 35:8).
Məsh olunmuş və ya «başqa qoyun» olmağımızdan asılı olmayaraq, «Müqəddəslik yolu»nda qalmalıyıq. Çünki bu yol ruhani cənnətdən keçir və bizi Padşahlığın gətirəcəyi nemətlərə aparır (Yəh. 10:16). Eramızın 1919-cu ilindən bəri milyonlarla kişi, qadın və uşaq yalan dinin dünya imperiyası olan Böyük Babili tərk edib və bu məcazi yolda yeriməyə başlayıb. Yəhudilər Babili tərk edəndə Yehova onların yolundakı maneələri aradan qaldırmışdı (Əşy. 57:14). Bəs bizim dövrümüzdəki «Müqəddəslik yolu» barədə nə demək olar? 1919-cu ilə qədərki əsrlər ərzində Yehova ürəyində Allah xofu olan insanlar vasitəsilə Böyük Babildən çıxan yolu təmizlədi. (Əşiya 40:3 ayəsi ilə əlaqələndirin.) Onlar məcazi mənada yolda lazımi hazırlıq işləri apardılar ki, sonralar saleh insanlar Böyük Babildən çıxıb pak ibadətin bərpa olunduğu ruhani cənnətə daxil ola bilsin. w23.05 s. 15—16, abz. 8, 9
Bazar ertəsi, 7 iyul
Yehovaya sevinclə ibadət et, şadyanalıqla Onun hüzuruna gəl (Zəb. 100:2).
Yehova istəyir ki, Ona sevinclə, könül xoşluğu ilə xidmət edək (2 Kor. 9:7). Bəs onda könlümüzdən keçməyəndə belə, məqsədimizə çatmağa çalışmalıyıq? Həvari Bulusun nümunəsinə baxaq. O demişdi: «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm» (1 Kor. 9:25—27). Bulusun ürəyindən bəzən başqa cür davranmaq keçirdi, amma o özünü məcbur edirdi ki, Yehovanın bəyəndiyi kimi davransın. Bəs Yehova Bulusun xidmətindən razı idi? Sözsüz. Yehova onun zəhmətinə bərəkət verdi (2 Tim. 4:7, 8). Yehova görəndə ki, biz də, həvəsimiz olmasa belə, məqsədimizə çatmağa çalışırıq, çox sevinir. Çünki bəzən görəcəyimiz işi sevməsək də, Yehovanı sevdiyimiz üçün bunu edirik. Yehova həvari Bulusu zəhmətinə görə mükafatsız qoymadı, eynilə bizi də mükafatsız qoymayacaq (Zəb. 126:5). Hətta ola bilər ki, Yehovanın verdiyi mükafatları görüb motivasiyamız artsın. w23.05 s. 29, abz. 9, 10
Çərşənbə axşamı, 8 iyul
Yehovanın günü... gələcək (1 Salon. 5:2).
Həvari Bulus Yehovanın günündə xilas ola bilməyəcək adamları yatan adamlara bənzədir. Yatan adam ətrafda baş verənlərdən və vaxtın necə keçdiyindən xəbərsiz olur. Ona görə də vacib hadisələri qaçırır. Bu gün də əksər insanları yatan adamlara bənzətmək olar (Rom. 11:8). Onlar axırzamanda yaşadığımızı və tezliklə böyük müsibətin gələcəyini göstərən sübutlara laqeyd yanaşırlar (2 But. 3:3, 4). Amma biz başa düşürük ki, hər ötən gün oyaq qalmaq daha vacibdir (1 Salon. 5:6). Buna görə də sakit və sabit düşüncəni qorumalıyıq. Nə üçün? Siyasi və sosial məsələlərə qarışmamaq üçün. Yehovanın günü yaxınlaşdıqca bu məsələlərdə bitərəf qalmaq daha da çətin olacaq. Bununla belə, təzyiqlər qarşısında necə davranacağımıza görə narahat olmamalıyıq. Yehovanın ruhu bizə sakit və sabit düşüncəni qorumağa və düzgün qərarlar verməyə kömək edəcək (Luka 12:11, 12). w23.06 s. 9—10, abz. 6, 7
Çərşənbə, 9 iyul
Ey Külli-İxtiyar Yehova, məni yadına sal. Pərvərdigara, mənə... qüvvət ver (Hak. 16:28).
Şimşon adını eşidəndə ağlınıza nə gəlir? Yəqin, onun qeyri-adi gücü. O, doğrudan da, belə insan idi. Bununla belə, Şimşon səhv qərar da vermişdi və bunun əzabını çəkmişdi. Amma Yehova onun illər ərzində sədaqətlə etdiyi xidməti qiymətləndirirdi və ondan örnək almağımız üçün nümunəsini Kəlamına yazdırıb. Yehova İsrail xalqına kömək etmək üçün Şimşon vasitəsilə heyrətli işlər görmüşdü. Şimşonun ölümündən əsrlər sonra həvari Bulus onun adını böyük iman sahiblərinin arasında çəkmişdi (İbr. 11:32—34). Şimşon hətta ən ağır vəziyyətlərdə belə Yehovaya arxalanırdı. Şimşondan çox şey öyrənə bilərik və onun nümunəsi bizi ruhlandıra bilər. w23.09 s. 2, abz. 1, 2
Cümə axşamı, 10 iyul
Diləyinizi... Allaha bildirin (Filip. 4:6).
Yehovaya tez-tez dua edib dərdimizi Onunla bölüşmək dözümümüzü möhkəmləndirəcək (1 Salon. 5:17). Ola bilsin, hal-hazırda ciddi problemləriniz yoxdur. Bununla belə, məyus, çaşqın olanda, nə edəcəyinizi bilməyəndə kömək üçün Yehovaya üz tutursunuz? Əgər indi gündəlik problemləriniz zamanı Yehovaya dua etməyi vərdiş etsəniz, sabah daha böyük problemlərlə üzləşəndə ağlınıza gələn ilk şey bu olacaq. Ürəyiniz də arxayın olacaq ki, Yehova məsləhət bildiyi vaxtda sizin üçün nə lazımdırsa edəcək (Zəb. 27:1, 3). Əgər indiki çətinliklər zamanı dözüm göstəririksə, çox yəqin ki, böyük müsibət zamanı da dözümlü ola biləcəyik (Rom. 5:3). Nəyə əsasən belə deyə bilərik? Çox bacı-qardaşımız öz təcrübəsindən görüb ki, tab gətirdikləri hər iman sınağı onlara növbəti sınağa dözməyə kömək edib. Dözüm onları daha yaxşı insan edib. Yehovanın onlara kömək etməyə hazır olduğuna imanlarını artırıb. İman da öz növbəsində onlara növbəti sınağa dözməyə kömək edib (Yaq. 1:2—4). w23.07 s. 3—4, abz. 7, 8
Cümə, 11 iyul
Sənin xatirinə dediyin şəhərə dəyməyəcəyəm (Yar. 19:21).
Yehova lütfkar və rəhmli olduğu üçün dərrakəlidir, güzəştə gedir. Gəlin Yehovanın lütfkar olduğunu göstərən bir hadisəni yadımıza salaq. O, Sədumda yaşayan şər insanları məhv etmək qərarına gələndə mələyi vasitəsilə Luta demişdi ki, dağlara qaçsın. Lut isə ora getməyə qorxurdu. Ona görə də Yehovaya yalvardı ki, ailəsi ilə birlikdə Sohara qaçmasına izin versin. Bu, balaca bir şəhər idi və Yehova oranı da məhv etmək niyyətində idi. Yehova tələb edə bilərdi ki, Lut nöqtəsinə kimi Onun verdiyi göstərişə uyğun davransın. Amma O belə etmədi, Lutun xahişini nəzərə aldı. Hətta ona görə Soharı məhv etmədi (Yar. 19:18—22). Əsrlər sonra baş vermiş başqa bir hadisədən Yehovanın rəhmli olduğunu görə bilərik. Yehova Yunus peyğəmbəri Neynəva şəhərinə göndərdi. Peyğəmbər bəyan etdi ki, bu şəhər və onun sakinləri tezliklə məhv olacaq. Amma Yehova neynəvalıların tövbə etdiyini gördü və onlara yazığı gəldi, buna görə də bu şəhərə qıymadı (Yun. 3:1, 10; 4:10, 11). w23.07 s. 21, abz. 5
Şənbə, 12 iyul
[Yuəs] öldü,.. amma [onu] padşah qəbiristanlığında dəfn etmədilər (2 Saln. 24:25).
Yuəs hansı sahədə bizə ibrətdir? Yuəs kökü üzdə olan, aşmamaq üçün bir çubuğa söykənən ağac kimi idi. O, Yəhyadaya söykənmişdi. Yəhyaday ölüb gedəndən sonra dönüklük küləyi əsdi və o, yerə aşdı. Ola bilsin, ailəmiz, yığıncaqdakı bacı-qardaşlar bizim üçün gözəl örnəkdir. Amma Yehovaya itaətimiz yalnız onların nümunəsindən asılıdırsa, bu, çox təhlükəlidir. Ruhani cəhətdən möhkəm olmaq üçün biz Yehovaya sevgimizi və hörmətimizi artırmalıyıq. Bunun üçün müntəzəm olaraq mütaliə etmək və dua etmək lazımdır (Ərm. 17:7, 8; Kol. 2:6, 7). Yehova bizdən çox şey istəmir. Onun buyruqlarının məğzi Vaiz 12:13 ayəsində qeyd olunub: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. İnsanın vəzifəsi budur». Gələcəkdə başımıza nə gəlirsə gəlsin, Allah qorxusu sayəsində biz möhkəm dayanacağıq. Yehova ilə dostluğumuzu heç nə poza bilməyəcək. w23.06 s. 19, abz. 17—19
Bazar, 13 iyul
Budur, Mən hər şeyi təzə edirəm (Vəhy 21:5).
Vəhy 21:5 ayəsi belə sözlərlə başlayır: «Taxtda oturan dedi». Bu, diqqətçəkən məqamdır, çünki Yehovanın «Vəhy» kitabında görüntü vasitəsilə şəxsən danışdığı üç hadisədən biridir. Bəli, bu zəmanəti verən hansısa qüdrətli mələk deyil, heç İsa da deyil, Yehovanın Özüdür. Bu göstərir ki, Vəhy 21:5, 6 ayələrində yazılan sözlərə tam etibar edə bilərik. Çünki Yehova «heç vaxt yalan [danışmır]» (Tit. 1:2). Ayədəki «budur» sözünə baxaq. «Budur» kimi tərcümə olunmuş yunan sözü «Vəhy» kitabında tez-tez istifadə edilir. Bu sözdən sonra Yehova belə deyir: «Mən hər şeyi təzə edirəm». Düzdür, burada Yehova gələcəkdə edəcəyi dəyişikliklərdən danışır. Lakin O bu vədinin yerinə yetəcəyinə o qədər əmindir ki, onları hal-hazırda etdiyini deyir (Əşy. 46:10). w23.11 s. 3—4, abz. 7, 8
Bazar ertəsi, 14 iyul
O çölə çıxıb hönkür-hönkür ağladı (Mət. 26:75).
Butrus bəzən zəifliklərinə yenilirdi. Bir neçə vəziyyətə baxaq. İsa Müqəddəs Kitab peyğəmbərliyinə əsasən əzab çəkib öləcəyini deyəndə Butrus ona irad tutmuşdu (Mark 8:31—33). O, kimin böyük olduğu üstündə dəfələrlə həvarilərlə mübahisə etmişdi (Mark 9:33, 34). İsanın ölümündən bir az əvvəl Butrus qeyri-ixtiyari bir nəfərin qulağını kəsmişdi (Yəh. 18:10). Elə həmin gecə Butrus qorxuya düşüb İsanın dostu olduğunu üç dəfə danmışdı (Mark 14:66—72). Nəticədə hönkür-hönkür ağlamışdı. İsa məyusluğa qərq olmuş bu həvarisindən əlini üzmədi. Diriləndən sonra Butrusa imkan yaratdı ki, onu hələ də sevdiyini bildirsin. İsa Butrusu onun sürülərinin çobanı olmağa dəvət etdi (Yəh. 21:15—17). Butrus da bu dəvəti qəbul etdi. Əllinci gün bayramında Butrus Yerusəlimdə idi və müqəddəs ruhla məsh olunan ilk məsihilərdən biri idi. w23.09 s. 22, abz. 6, 7
Çərşənbə axşamı, 15 iyul
Quzularımı otar (Yəh. 21:16).
Həvari Butrus ağsaqqalları Allahın sürüsünü otarmağa səsləmişdi (1 But. 5:1—4). Əziz ağsaqqallar, bilirik ki, siz bacı-qardaşları sevirsiniz, istəyirsiniz ki, Yehova ilə münasibətlərinin möhkəm olmasına kömək edəsiniz. Amma bəzən ola bilsin ki, vaxtınız az olur, yaxud yorğun olursunuz və buna görə bu təyinatınızı yerinə yetirə bilmirsiniz. Bu zaman nə edə bilərsiniz? Bütün narahatlıqlarınızı Yehovaya danışın. Butrus yazmışdı: «Xidmət edən qoy Allahın verdiyi gücə arxalanaraq xidmət etsin» (1 But. 4:11). Ola bilsin, bacı-qardaşların üzləşdiyi bəzi problemlərin bu dünyada tam həlli yoxdur. Amma unutmayın ki, «baş çoban» İsa Məsih onlara sizdən daha yaxşı kömək edə bilər. O bunu həm bu gün edə bilər, həm də gələcəkdə yeni dünyada. Yehovanın ağsaqqallardan istəyi sadəcə odur ki, onlar bacı-qardaşları sevsinlər, onlara ruhani cəhətdən dayaq olsunlar və «sürüyə nümunə» qoysunlar. w23.09 s. 29—30, abz. 13, 14
Çərşənbə, 16 iyul
Yehova bilir ki, müdriklərin düşüncələri puçdur (1 Kor. 3:20).
Biz özümüzü insan fikirlərindən qorumalıyıq. Əgər biz məsələyə insan düşüncəsi ilə baxsaq, onda Yehovaya və Onun qanunlarına saymazyana yanaşarıq (1 Kor. 3:19). Çox vaxt «bu dünyanın müdrikliyi» bizi cismani arzularımızı təmin etməyə səsləyir. Perqam və Tiatirada yaşayan bəzi məsihilər oradakı bütpərəst və əxlaqsız insanların fikirlərinin təsiri altına düşmüşdülər. İsa hər iki yığıncağı əxlaqsızlığa göz yumduqlarına görə məzəmmət etmişdi (Vəhy 2:14, 20). Bu gün insanlar çalışır ki, yanlış fikirləri bizim beynimizə yeritsin. Ailə üzvlərimiz və dostlarımız bizdə elə hiss oyada bilərlər ki, sanki biz çox sərt mövqe tutmuşuq və bizi Allahın qayda-qanununu pozmağa təhrik edə bilərlər. Məsələn, onlar deyə bilər ki, təmiz əxlaqı qorumağın bir mənası yoxdur və Allahın Kəlamındakı normalar köhnəlib. Bəzən bizə elə gələ bilər ki, Yehovanın göstərişləri kifayət qədər açıq deyil. Hətta bizdə yazılanlardan kənara çıxmaq istəyi ola bilər (1 Kor. 4:6). w23.07 s. 16, abz. 10, 11
Cümə axşamı, 17 iyul
Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır (Məs. 17:17).
İsanın anası Məryəm güclü olmalı idi. Çünki o, ərdə olmaya-olmaya hamilə qalacaqdı. Məryəm indiyə kimi uşaq böyütməmişdi, amma indi gələcək Məsihi böyütməli idi. Üstəlik, nişanlısı Yusiflə hamilə olduğu barədə danışmalı idi. Görəsən, bütün bunları ona necə izah edəcəkdi? (Luka 1:26—33). Məryəm haradan güc tapdı? O başqalarının köməyinə üz tutdu. Məsələn, Cəbrayıl mələkdən bu tapşırıqla bağlı əlavə məlumat istədi (Luka 1:34). Bundan bir az sonra Yəhudanın dağlıq bölgəsində yaşayan qohumu İlsəbagilə getdi. İlsəba Məryəmi təriflədi və onun hələ dünyaya gəlməmiş övladı barədə Yehovanın ilhamı ilə peyğəmbərlik söylədi (Luka 1:39—45). Bu peyğəmbərlik Məryəmi çox ruhlandırdı. Məryəm dedi ki, Yehova «qolunun qüvvəti ilə böyük işlər gördü» (Luka 1:46—51). Beləliklə, Yehova Cəbrayıl mələk və İlsəba vasitəsilə Məryəmə güc verdi. w23.10 s. 14—15, abz. 10—12
Cümə, 18 iyul
Bizi öz Allahı və Atasına məxsus padşah və kahin [etdi] (Vəhy 1:6).
Məsihin davamçılarının məhdud sayı müqəddəs ruhla məsh olunub. Onların Yehova ilə xüsusi münasibəti var. Bu 144 000 nəfər göydə İsa ilə birgə kahin kimi xidmət edəcək (Vəhy 14:1). Çadırın Müqəddəs yeri onların yer üzündə olarkən ruhani oğulluğa götürülmələrini təmsil edir (Rom. 8:15—17). Çadırın Ən müqəddəs yeri göyü — Yehovanın məskənini təmsil edir. Müqəddəs yeri Ən müqəddəs yerdən ayıran «pərdə» isə Məsihin insan bədəninin timsalıdır. Bu bədən ona ruhani məbədə ali baş kahin kimi daxil olmağa maneə idi. İsa Məsih öz bədənini bəşəriyyət uğrunda qurban verməklə bütün məsh olunmuş məsihilərin göylər həyatına daxil olması üçün yol açdı. Onlar cismani bədənlərini tərk edəndən sonra göylər mükafatını ala biləcəklər (İbr. 10:19, 20; 1 Kor. 15:50). w23.10 s. 28, abz. 13
Şənbə, 19 iyul
Cədun... barəsində... danışsam, vaxt çatmaz (İbr. 11:32).
Əfraimlilər Cədunu qınayanda o, mülayimliklə cavab verə bildi, özündən çıxmadı (Hak. 8:1—3). Cədun onların giley-güzarına qulaq asdı, mülayim danışaraq aradakı gərginliyi azaltdı. Bununla da təvazökar olduğunu göstərdi. Ağsaqqallar da Cədunun nümunəsini izləyərək qınağı dinləyib mülayim cavab verirlər, bununla da yığıncaqda sülhü qoruyurlar (Yaq. 3:13). Cədunu Mədyən üzərində çaldığı qələbəyə görə tərifləyəndə o, şərəfi Yehovaya vermişdi (Hak. 8:22, 23). Məsul qardaşlar Cədunun nümunəsini necə izləyə bilər? Onlar bütün nailiyyətlərinə görə Yehovanı ucaltmalıdırlar (1 Kor. 4:6, 7). Tutaq ki, hansısa ağsaqqalı təlim vermək bacarığına görə tərifləyirlər. O, verdiyi təlimin Yehovanın Kəlamına əsaslandığını vurğulaya bilər, yaxud da Yehovanın təşkilatından aldığı təlim sayəsində bunu bacardığını deyə bilər. Ağsaqqallar diqqəti özlərinə çəkib çəkmədiklərini vaxtaşırı yoxlamalıdırlar. w23.06 s. 4, abz. 7, 8
Bazar, 20 iyul
Mənim fikirlərim sizin fikirləriniz deyil (Əşy. 55:8).
Əgər duamıza cavab almırıqsa, özümüzdən soruşa bilərik: «Mən düzgün şey barədə dua edirəm?» Çox vaxt bizə elə gəlir ki, nəyin xeyrimizə olduğunu bilirik. Amma bəlkə, istədiyimiz şey heç də bizim xeyrimizə deyil? Ya da ola bilsin, dua edib Yehovadan problemimizi filan cür həll etməsini xahiş edirik. Halbuki məsələnin bizim düşündüyümüzdən daha yaxşı həll yolu ola bilər. Bundan əlavə, xahiş etdiyimiz şey Yehovanın iradəsinə müvafiq olmaya bilər (1 Yəh. 5:14). Məsələn, tutaq ki, bir ər-arvad Yehovadan övladının həqiqətdə qalması üçün dua edir. Bu cür dua etməkdə səhv bir şey yoxdur. Bununla belə, Yehova heç kəsi Ona xidmət etməyə məcbur etmir. O istəyir ki, uşaqlar da daxil olmaqla hər kəs Ona ibadət etməyi özü seçsin (Qan. 10:12, 13; 30:19, 20). Ona görə də həmin valideynlər Yehovadan uşaqlarının qəlbinə yol tapmağı xahiş edə bilər. Beləcə, uşağın ürəyində Yehovaya məhəbbət oyanar və Onun dostu olmağa can atar (Məs. 22:6; Efes. 6:4). w23.11 s. 21, abz. 5; s. 23—24, abz. 12
Bazar ertəsi, 21 iyul
Daima bir-birinizə təsəlli verin (1 Salon. 4:18).
Nəyə görə təsəlli vermək dindaşlarımıza məhəbbət göstərməyin vacib bir yönüdür? Müqəddəs Kitab üzrə bir elmi mənbəyə əsasən Bulusun istifadə etdiyi «təsəlli» sözü «ciddi problemləri olan insanın yanında dayanıb ona ürək-dirək vermək» mənasını daşıyır. Bizim təsəllimiz sayəsində dərdi olan dindaşımız yenidən ayağa qalxıb əbədi həyata aparan yolda yeriməyə davam edə bilər. Hər dəfə kədərli anlarında dindaşlarımıza təskinlik verəndə onları sevdiyimizi göstəririk (2 Kor. 7:6, 7, 13). Şəfqət hissi və təsəlli vermək bir-biri ilə bağlıdır. Hansı mənada? Şəfqətli insan başqalarına təsəlli verməyə sövq olunur. Onların ağrı-acısını dindirməyə çalışır. Deməli, bizdə birinci şəfqət hissi yaranır, bu isə bizi başqalarına təsəlli verməyə təşviq edir. Fikir verin, Bulus Yehovanın şəfqəti ilə insanların təsəlli verməsi arasında hansı əlaqəni yaradır. O, Yehovanın «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olduğunu deyir (2 Kor. 1:3). w23.11 s. 9—10, abz. 8—10
Çərşənbə axşamı, 22 iyul
Əziyyətlərlə üzləşəndə də sevinməliyik (Rom. 5:3).
Məsihin bütün davamçıları əziyyətlərlə üzləşəcəyini gözləməlidir. Həvari Bulusu yadımıza salaq. O, Salonikidəki məsihilərə demişdi: «Yanınızda olanda da bütün bu əziyyətlərin baş verəcəyindən sizi xəbərdar edirdik. Bildiyiniz kimi, belə də oldu» (1 Salon. 3:4). Korinflilərə isə o yazmışdı: «Qardaşlar, sizi... başımıza gələn bəladan bixəbər qoymaq istəmirik... Hətta sağ qalacağımıza... ümid etmirdik» (2 Kor. 1:8; 11:23—27). Bu gün də məsihilər əziyyətlərinin olacağını bilir (2 Tim. 3:12). Bəlkə də İsaya iman edib onun şagirdi olduğunuz üçün dostlarınız, qohumlarınız sizə düşmən kəsilib. Yaxud hər sahədə dürüst olmağınız işdə müəyyən problemlər yaradıb (İbr. 13:18). Ya da ki, ümidiniz barədə insanlarla danışdığınız üçün hökumət tərəfindən təqib olunmusunuz. Amma hansı əziyyətlərlə üzləşməyimizdən asılı olmayaraq, Bulus demişdi ki, biz sevinməliyik. w23.12 s. 10—11, abz. 9—10
Çərşənbə, 23 iyul
Siz mənim başıma bəla açdınız (Yar. 34:30).
Yaqubun çoxlu problemləri var idi. Onun iki oğlu Şəmun və Lavi həm ailələrinin, həm də Yehovanın adına ləkə gətirmişdilər. Üstəlik, Yaqubun sevimli arvadı Rəhilə ikinci övladlarını dünyaya gətirərkən vəfat etmişdi. Hələ bu azmış kimi, Yaqub aclıq ucbatından qoca yaşında Misirə köçməli olmuşdu (Yar. 35:16—19; 37:28; 45:9—11, 28). Başına bu qədər bəlalar gəlsə də, Yaqub heç vaxt Yehovaya və Onun vədlərinə imanını itirmədi. Yehova da Yaquba göstərdi ki, ondan razıdır. Məsələn, Yehova Yaquba bərəkət verirdi; onun mal-mülkü artdıqca artırdı. Daha sonra o, ölmüş bildiyi oğlu Yusifə qovuşdu. Görün o buna görə Yehovaya necə minnətdar idi! Yaqub bütün bu çətinliklərə Yehova ilə möhkəm dostluğun sayəsində tab gətirdi (Yar. 30:43; 32:9, 10; 46:28—30). Eynilə, biz də Yehova ilə möhkəm münasibətlərimizi qoruyub saxlamağın sayəsində gözlənilməz çətinliklər qarşısında mətin qala bilərik. w23.04 s. 15, abz. 6, 7
Cümə axşamı, 24 iyul
Yehova mənim Çobanımdır, möhtac olmaram (Zəb. 23:1).
23-cü məzmurda Davud Yehovanın onu sevdiyinə, onun qayğısına qaldığına olan əminliyini ifadə edir. O bu məzmurda Yehovanı «Çobanım» adlandırır. Onunla arasındakı möhkəm dostluq tellərindən danışır. Davud Yehovanın onu yönləndirməsinə izin verməklə özünü təhlükəsizlikdə hiss edirdi. O, tamamilə Yehovaya bel bağlayırdı. Davud hər gün Yehovanın məhəbbətini duyacağına əmin idi. Bu əminlik onda haradan idi? Davud heç nədən korluq çəkmirdi. Çünki Yehova onun zəruri ehtiyaclarını həmişə ödəyirdi. Davud bilirdi ki, Yehova kimi dostu var və Yehova ondan razıdır. Buna görə də gələcəkdə nə baş verir versin, Davud Yehovanın bundan sonra da onun qeydinə qalacağına əmin idi. Davudun Yehovanın məhəbbətinə olan etibarı keçirdiyi narahatlıqlardan daha güclü idi. Bu da ona xoşbəxtlik və qəlb rahatlığı verirdi (Zəb. 16:11). w24.01 s. 28—29, abz. 12, 13
Cümə, 25 iyul
Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm (Mət. 28:20).
İkinci Dünya müharibəsindən bəri Yehovanın xalqı bir çox ölkədə Onun sözünü sərbəst şəkildə müjdələyir. Beləcə, təbliğ işi getdikcə şaxələnir və daha çox insanın Yehovanı tanımaq imkanı olur. Bu gün Rəhbərlik Şurasının üzvləri Məsihin rəhbərliyinə tabe olmağa davam edirlər. Onlar istəyirlər ki, qərarları Yehova və İsanın qərarlarını əks etdirsin. Rəhbərlik Şurası göstərişlərini rayon nəzarətçiləri və ağsaqqallar vasitəsilə yığıncaqlara çatdırır. Məsh olunmuş ağsaqqallar, geniş mənada isə bütün ağsaqqallar Məsihin «sağ əlində»dirlər (Vəhy 2:1). Düzdür, onlar qeyri-kamildirlər və səhvlər edirlər. Amma belə baxsaq, bəzən Musa peyğəmbər, Yuşə, hətta həvarilər də səhvlər edirdi (Say. 20:12; Yuş. 9:14, 15; Rom. 3:23). Bununla belə, İsa Məsih sadiq və ağıllı nökərə, eləcə də təyin olunmuş ağsaqqallara istiqamət verir və bundan sonra da verəcək. Odur ki, Məsihin rəhbərlik edən qardaşlar vasitəsilə verdiyi göstərişlərə şəkk-şübhəsiz etibar edə bilərik. w24.02 s. 23—24, abz. 13, 14
Şənbə, 26 iyul
Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın (Efes. 5:1).
Sözlərimizdən Yehovaya minnətdarlığımız və məhəbbətimiz görünəndə O sevinir. Təbliğdə olarkən əsas məqsədimiz insanları Yehovaya yaxınlaşdırmaq, eləcə də onlara bizim kimi Allahı sevməyə kömək etmək olmalıdır (Yaq. 4:8). İnsanlara Müqəddəs Kitabdan Yehova barədə, Onun məhəbbəti, ədaləti, hikməti, qüdrəti və digər gözəl xüsusiyyətləri haqda yazılanları göstərəndə sevinc duyuruq. Həmçinin Yehovanın nümunəsini izləməyə çalışmaqla da Onu mədh edirik və qəlbini sevindiririk (Efes. 5:1). Belə edəndə bu şər dünyada başqalarından seçilirik. Ola bilsin, insanlar bizim fərqli olduğumuzu görüb bunun səbəbini öyrənmək istəsin (Mət. 5:14—16). Gündəlik həyatda bu cür insanlarla söhbət edən zaman onlara belə davranmağımızın səbəbini açıqlaya bilərik. Nəticədə, səmimi-qəlbli insanlar Allaha yaxınlaşa bilər. Yehovanı bu yollarla mədh edəndə Onun qəlbini fərəhləndiririk (1 Tim. 2:3, 4). w24.02 s. 10, abz. 7
Bazar, 27 iyul
Həm qardaşları ürəkləndirsin, həm də... tənbeh edə bilsin (Tit. 1:9).
Yetkin məsihi qardaş olmaq üçün bəzi bacarıqlara yiyələnməlisiniz. Onlar sizə yığıncaqda üzərinizə məsuliyyət götürməyə, özünüzü və ailənizi təmin etmək üçün iş tapmağa, insanlarla gözəl münasibət qurmağa kömək edəcək. Məsələn, oxumağı və yazmağı öyrənin. Müqəddəs Kitabda deyilir ki, Allahın Kəlamını hər gün oxuyub üzərində düşünən insan xoşbəxtdir və hər işində uğur qazanar (Zəb. 1:1—3). Belə insan Müqəddəs Kitabı hər gün oxumaqla Yehovanın düşüncə tərzini qavrayacaq. Beləcə, o, aydın düşünəcək və Müqəddəs Kitab ayələrini necə tətbiq edə biləcəyini öyrənəcək (Məs. 1:3, 4). Dindaşlarımızın Müqəddəs Kitaba əsaslanan göstərişlər və məsləhətlər verən bacarıqlı qardaşların köməyinə ehtiyacı var. Oxumağı və yazmağı yaxşı bilməyin sayəsində siz insanlara fayda gətirən, eləcə də onların imanını möhkəmləndirən nitqlər və şərhlər hazırlayacaqsınız. Həmçinin maraqlı fikrə rast gələndə qeydlər apara biləcəksiniz. Bu qeydlərin sayəsində həm öz imanınızı artıracaqsınız, həm də başqalarını ruhlandıracaqsınız. w23.12 s. 26—27, abz. 9—11
Bazar ertəsi, 28 iyul
Sizinlə vəhdətdə Olan bu dünya ilə vəhdətdə olandan böyükdür (1 Yəh. 4:4).
Sizi qorxu bürüyəndə Yehovanın gələcəkdə sizin üçün edəcəyi işlər barədə düşünün. O zaman artıq Şeytan olmayacaq. 2014-cü ilin regional toplantısında bir səhnəcik göstərilmişdi. Həmin səhnəcikdə ata 2 Timutiyə 3:1—5 ayələrini ailəsi ilə müzakirə etmişdi. O bu ayələrin Cənnətə aid işlənsə, necə səslənəcəyi ilə bağlı demişdi: «Yeni dünya ən xoşbəxt bir dövr olacaq. Çünki insanlar bir-birini sevən, ruhani şeyləri dəyərləndirən, sadə, həlim, Allaha alqış oxuyan, valideynlərinə itaət edən, minnətdar, vəfalı, doğmalarını sevən, üzüyola, başqaları haqda yaxşı şeylər danışan, özünə hakim olan, mülayim, yaxşılığı sevən, etibarlı, güzəştə gedən, təvazökar, eyş-işrətdən çox Allahı sevən, həqiqətən mömin olacaq. Belələrindən bərk yapış». Bəs siz ailənizlə və ya dindaşlarınızla yeni dünyada həyatın necə olacağını müzakirə edirsiniz? w24.01 s. 6, abz. 13, 14
Çərşənbə axşamı, 29 iyul
Səndən çox razıyam (Luka 3:22).
Yehovanın Öz xalqından razı olduğunu bilmək necə də xoşdur. Müqəddəs Kitabda deyilir: «Yehova xalqından zövq alır» (Zəb. 149:4). Bununla belə, hərdən bəzilərində bu cür narahatlıq olur: «Görəsən, Yehova şəxsən məndən razıdır?» Müqəddəs Kitabda adı çəkilən bir çox mömin insanda da bəzən bu cür narahatlıqlar baş qaldırırdı (1 İşm. 1:6—10; Əyy. 29:2, 4; Zəb. 51:11). Allahın Kəlamında aydın şəkildə göstərilir ki, qeyri-kamil insanlar Onun razılığını qazana bilər. Bunun üçün İsa Məsihə iman etmək və vəftiz olunmaq lazımdır (Yəh. 3:16). Beləcə, hamı görəcək ki, biz günahlarımızdan tövbə etmişik və Yehovaya Onun iradəsini yerinə yetirəcəyimizə dair söz vermişik (Həv. 2:38; 3:19). Yehova ilə dost olmaq üçün bu addımları atanda Onun qəlbini sevindiririk. Həsr olunma əhdimizə uyğun yaşamaq üçün əlimizdən gələni edəndə Yehova bizdən razı qalır və bizi Özünə yaxın dost hesab edir (Zəb. 25:14). w24.03 s. 26, abz. 1, 2
Çərşənbə, 30 iyul
Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik (Həv. 4:20).
Hökumət qadağan etsə də, təbliğ etməyə davam etməklə İsanın şagirdlərinin nümunəsini izləyə bilərik. Əmin ola bilərik ki, Yehova bizə xidmətimizi icra etməyə kömək edəcək. Ona görə də duada Ondan cəsarət və hikmət diləyin. Həmçinin problemlərinizə dözmək üçün Yehovadan kömək istəyin. Çoxlarımız xəstəliklər, emosional problemlər, əzizlərimizin itkisi, ailə daxili çətinliklər, təqiblər və digər problemlərlə üzləşirik. Hələ bir pandemiyalar və müharibələr olanda bu şeylərə dözmək daha da çətin olur. Bu zaman ürəyinizi Yehovaya boşaldın. Yaxın dostunuza özünüzlə bağlı nə deyərdinizsə, eyni şeyləri Yehovaya da deyin. Əmin olun ki, Yehova sizin işinizi yoluna qoyacaq (Zəb. 37:3, 5). Daima dua etmək bizə çətinliklərə sinə gərməyə kömək edəcək (Rom. 12:12). Yehova xidmətçilərinin nələr yaşadığını yaxşı bilir, onların fəryadlarını eşidir (Zəb. 145:18, 19). w23.05 s. 5—6, abz. 12—15
Cümə axşamı, 31 iyul
Əməllərinizin Rəbbə xoş gedib-getmədiyini daima yoxlayın (Efes. 5:10).
Vacib qərar verməli olanda Yehovanın iradəsini müəyyən etməli və ona uyğun davranmalıyıq (Efes. 5:17). Vəziyyətimizə dair Müqəddəs Kitab prinsipi axtarmaqla göstəririk ki, Yehovanın həmin məsələyə baxış tərzi bizim üçün önəmlidir. Tapdığımız prinsipləri tətbiq etsək, daha yaxşı qərarlar verəcəyik. Düşmənimiz Şeytan istəyir ki, biz dünyəvi işlərdən başımızı qaldıra bilməyək, Allaha ayıracaq vaxtımız qalmasın (1 Yəh. 5:19). Məsihi ehtiyatlı olmasa, diqqətini Allaha xidmət etmək üçün fürsətlər axtarmaq yerinə pula, təhsilə, işə cəmləyə bilər. Belə bir şey baş veribsə deməli, o, dünyanın təsiri altına düşüb. Təbii ki, bu şeylər öz-özlüyündə pis deyil, amma yol verməməliyik ki, bunlar həyatımızda ön plana keçsin. w24.03 s. 24—25, abz. 16, 17