Şənbə, 13 sentyabr
Sən çox istəkli bəndəsən (Dən. 9:23).
Babillilər Dənyalı yurd-yuvasından didərgin edib əsir aparanda o, çox gənc idi. Amma görünür, o, işğalçıların diqqətini çəkmişdi. Onlar «zahiri» amillərə — Dənyalın «eyibsiz, yaraşıqlı» və zadəgan ailədən olmasına fikir vermişdilər (1 İşm. 16:7). Elə buna görə də babillilər Dənyala təlim keçdilər ki, onların elit təbəqəsinə mənsub olsun (Dən. 1:3, 4, 6). Yehova isə Dənyalı Ona sadiq olduğuna görə sevirdi. Dənyalın haradasa 20 yaşı olanda Yehova onun adını Nuh və Əyyub kimi Ona uzun illər sədaqətlə xidmət etmiş insanlarla bir çəkmişdi (Yar. 5:32; 6:9, 10; Əyy. 42:16, 17; Hizq. 14:14). Dənyal sürdüyü uzun və gözəl ömrü boyu Yehova tərəfindən sevildi (Dən. 10:11, 19). w23.08 s. 2, abz. 1, 2
Bazar, 14 sentyabr
Həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini tam [qavrayın] (Efes. 3:18).
Ev almaq istəyəndə, yəqin, evin hər yerini öz gözünüzlə görmək istəyərdiniz. Eyni şeyi Allahın Kəlamını mütaliə edən zaman da etməliyik. Əgər onu tez-tələsik oxusanız, yalnız təməl həqiqətləri başa düşəcəksiniz, başqa sözlə desək, «Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri» biləcəksiniz (İbr. 5:12). Buna görə də Müqəddəs Kitabın «içinə girib» oradakı incəlikləri görməyə çalışın. Bunu etməyin ən gözəl yolu müxtəlif hissələrin bir-biri ilə necə əlaqəli olduğunu görməkdir. Məqsəd qoyun ki, təkcə nəyə inandığınızı yox, həmçinin buna nəyə görə inandığınızı da dərk edəsiniz. Allahın Kəlamının tam dərk etmək üçün dərin həqiqətləri öyrənməliyik. Bulus məsihiləri təşviq etmişdi ki, Allahın Kəlamının dərinliyinə varıb «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» tam qavrasınlar. Bunun sayəsində onların imanları «möhkəm» və «mətin» olacaqdı (Efes. 3:14—19). Biz də eyni şeyi etməliyik. w23.10 s. 18—19, abz. 1—3
Bazar ertəsi, 15 sentyabr
Qardaşlar, pisliyə qatlaşmaqda və səbirli olmaqda Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün (Yaq. 5:10).
Müqəddəs Kitabda səbir göstərmiş çox adamın nümunəsi var. Bəlkə, fərdi mütaliəniz zamanı onlar barədə araşdırma aparasınız? Məsələn, Davud İsrailin gələcək padşahı olmaq üçün məsh ediləndə gənc yaşlarında idi. Amma bu padşahlığı almaq üçün o, uzun illər gözləməli oldu. Yaxud götürək Şəmunu və Hənnəni. Onlar Yehovaya sədaqətlə qulluq edərək vəd olunmuş Məsihin gəlişini gözləyirdi (Luka 2:25, 36—38). Bu kimi nümunələri araşdırarkən növbəti suallar üzərində düşünün: «Bu insana səbir göstərməyə nə kömək edib? Bunun ona hansı xeyri olub? Mən ona necə bənzəyə bilərəm?» Həmçinin səbirsizlik edən insanlar barədə də mütaliə edə bilərsiniz (1 İşm. 13:8—14). Növbəti suallara cavab tapmağa çalışın: «Bu insanın səbirsizlik etməsinə nə səbəb oldu? Bu nə ilə nəticələndi?» w23.08 s. 25, abz. 15