Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ümid verən çətinliklər
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • Ümid verən çətinliklər

      «Axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək» (2 TİMOTEYƏ 3:1).

      OLA BİLSİN, siz aşağıda sadalanan dəhşətli hadisələr haqda ya eşitmisiniz, ya da onların şahidi olmusunuz.

      ● Ölümcül xəstəliklər çoxlu sayda insan həyatına bais olur.

      ● Aclıq yüzlərlə insanın ölümünə səbəb olur.

      ● Zəlzələdə minlərlə adam ölür, saysız-hesabsız insanlar isə evsiz-eşiksiz qalır.

      Əlinizdə tutduğunuz jurnalın növbəti səhifələrində bu kimi hadisələrlə bağlı bəzi düşündürücü faktlar gətirilir. Eyni zamanda, orada deyilir ki, Müqəddəs Kitaba əsasən, bu əlamətlər «axır günlər» adlanan dövrü xarakterizə edir.

      Ancaq bu məqalələrin məqsədi sizi əzab-əziyyətlərlə dolu bir dünyada yaşadığınıza inandırmaq deyil. Onsuz da siz özünüz bu problemləri görürsünüz. Başlıca məqsəd sizə ümid verəcək xəbəri çatdırmaqdır. Burada göstərilən altı peyğəmbərliyin yerinə yetməsi «axır günlər»in tezliklə sona çatacağını bildirir. Həmçinin bu məqalələrdə bununla bağlı irəli sürülən bəzi geniş yayılmış etirazlar nəzərdən keçiriləcək və yaxın gələcəkdə gözəl günlərin olacağına inanmağınıza əsas verən səbəblər araşdırılacaq.

  • 1. Zəlzələlər
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 1. Zəlzələlər

      «Güclü zəlzələlər olacaq» (LUKA 21:11).

      ● Haitidə baş vermiş zəlzələnin nəticələri haqda süjet hazırlayan çəkiliş heyəti zəif inilti səsi eşidir. Bu, 16 aylıq Vinninin səsi idi. Balaca qızcığazı dağıntıların altından çıxardırlar. O, sağ qalır, valideynləri isə yox.

      FAKTLAR NƏYİ GÖSTƏRİR? 2010-cu ilin yanvarında Haitidə 7 bal gücündə baş vermiş zəlzələdə 300 000-dən çox insan həyatını itirdi. Üstəlik, 1,3 milyon insan evsiz-eşiksiz qaldı. Ancaq bu dəhşətli zəlzələ yeganə hal deyildi. 2009-cu ilin aprel ayından 2010-cu ilin aprel ayına qədər bütün dünyada ən azı 18 güclü zəlzələ qeydə alınıb.

      ETİRAZLAR. Demək olmaz ki, zəlzələlərin sayı artıb, sadəcə olaraq keçmişə baxanda bu gün müasir texnologiyanın sayəsində onlar haqda bizim daha çox xəbərimiz olur.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Bir fakta nəzər salaq: Müqəddəs Kitabda axır günlərdə baş verəcək zəlzələlərin sayı qeyd olunmayıb. Ancaq «bir çox yerlərdə» «güclü zəlzələlər»in olacağı deyilir; həmçinin orada göstərilir ki, bunlar tarixin ən vacib dövrünün səciyyəvi əlaməti olacaq (Mark 13:8; Luka 21:11).

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Müqəddəs Kitabda qabaqcadan deyildiyi kimi, güclü zəlzələlər baş verirmi?

      Zəlzələlər axır günlərdə yaşadığımıza dəlalət edən yeganə səbəb deyil. Bu, yerinə yetən peyğəmbərliklərdən sadəcə biridir. Gəlin növbəti peyğəmbərliyi nəzərdən keçirək.

      [4–cü səhifədəki yazı]

      «Biz [geofiziklər] onları güclü, başqaları isə dəhşətli zəlzələlər adlandırır» (KEN HADNAT, ABŞ-IN GEOLOJİ XİDMƏTİ).

      [4–cü səhifədəki şəkil. İcazə ilə]

      © William Daniels/Panos Pictures

  • 2. Aclıq
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 2. Aclıq

      «Qıtlıq olacaq» (MARK 13:8).

      ● Bir kişi sığınmaq üçün Nigeriyanın Quaratadji kəndinə gəlir. Onun xalası uşaqları, qardaşları və bacıları da acından ölməmək üçün ölkənin ucqar yerlərindən ora köçürlər. Lakin o, tək-tənha həsirin üstündə yerdə yatır. Nəyə görə? Sidi adlı kəndin ağsaqqalı bunun səbəbini belə izah edir: «O, [ailəsini] yeməklə təmin edə bilmədiyi üçün onların üzünə baxa bilmir».

      FAKTLAR NƏYİ GÖSTƏRİR? Dünyada təxminən 7 nəfərdən 1-i doyunca yemək yeyə bilmir. Böyük Səhranın cənubunda isə vəziyyət daha betərdir — hər 3 nəfərdən 1-i daimi aclıq çəkir. Mövcud vəziyyəti başa düşmək üçün ata, ana və uşaqdan ibarət olan bir ailəni götürək. Əgər yemək iki nəfərə ancaq çatırsa, bəs onda ac qalan kim olacaq? Ata? Ana? Yoxsa uşaq? Bir çox ailələr hər gün bu cür seçim qarşısında dururlar.

      ETİRAZLAR. Yer artıqlaması ilə məhsul yetirir. Sadəcə olaraq yerin resurslarını düzgün şəkildə bölüşdürmək lazımdır.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Əslində, bu gün həmişəkindən daha çox məhsul istehsal olunur və idxal edilir. Dövlət rəhbərləri aclıq problemini həll etmək üçün qida məhsullarını düzgün şəkildə bölüşdürməyi bacarmalıdırlar. Ancaq on illər ərzində onların göstərdikləri cəhdlər boşa çıxmışdır.

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Mark 13:8 ayəsindəki sözlər yerinə yetirmi? Texnologiyanın inkişaf etməsinə baxmayaraq, dünya hələ də aclıqdan əziyyət çəkirmi?

      Zəlzələlər və aclıq adətən axır günlərin növbəti bir əlamətinə yol açır.

      [5–ci səhifədəki yazı]

      «Vərəm, ishal və digər xəstəliklər ucbatından həyatını itirən uşaqların üçdə birindən çoxu lazımınca qidalansaydı, ölməzdi» (ANN VENEMAN, YUNİSEFİN KEÇMİŞ İCRAÇI DİREKTORU).

      [5–ci səhifədəki şəkil. İcazə ilə]

      © Paul Lowe/Panos Pictures

  • 3. Xəstəliklər
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 3. Xəstəliklər

      «Bir çox yerlərdə epidemiyalar olacaq» (LUKA 21:11).

      ● Vətəndaş müharibəsi gedən Afrika ölkələrindən birində Bonzali adlı tibb işçisi ölümcül xəstəlik olan Marburg virusuna yoluxmuş şaxtaçılara kömək etmək üçün əlindən gələni əsirgəmirdia. Bonzalinin kömək üçün böyük şəhərdəki səlahiyyətli dairələrə müraciət etməsinə baxmayaraq, heç bir cavab verilməmişdi. Cavab dörd aydan sonra gəldi, ancaq artıq gec idi, Bonzali ölmüşdü. Çünki o, şaxtaçılara kömək edərkən özü də Marburg virusuna yoluxmuşdu.

      FAKTLAR NƏYİ GÖSTƏRİR? Tənəffüs yolu və ağciyər xəstəlikləri (məsələn, pnevmaniya), ishal, QİÇS, vərəm və malyariya bəşəriyyəti məhv edən ən dəhşətli xəstəliklər sırasındadır. Təkcə 2004-cü ildə bu xəstəliklər 10,7 milyon insanın ölümünə səbəb olmuşdur. Bu da o deməkdir ki, il ərzində hər 3 saniyədən bir insan ölür.

      ETİRAZLAR. Dünya əhalisi artdıqca, müvafiq olaraq, xəstəliklərə yoluxma hallarının sayı da artır.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Düzdür, dünya əhalisi sürətlə artıb, ancaq insanlar da xəstəliklərin diaqnostikasında, müayinə və müalicəsində xeyli nailiyyətlər əldə ediblər. Bütün bunları nəzərə alsaq, məntiqli olaraq xəstəliklər və onların təsiri get-gedə azalmalı deyilmi? Ancaq tamamilə bunun əksi baş verir.

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Müqəddəs Kitabda peyğəmbərlik edildiyi kimi, insanlar dəhşətli xəstəliklərdən əzab çəkirlərmi?

      Zəlzələ, aclıq və xəstəlik milyonlarla insanın həyatını əlindən alan kənar təsirlərdir. Ancaq daha çox insan isə öz yaxınlarının — onları qorumalı olan insanların əlindən əziyyət çəkir. Gəlin Müqəddəs Kitabın bu haqda qabaqcadan nə dediyinə nəzər salaq.

      [Haşiyə]

      a Bu xəstəlik Hemorragik qızdırma da adlanır və Ebola virusu ilə oxşardır.

      [6–cı səhifədəki yazı]

      «Şirin və ya başqa bir vəhşi heyvanın insanı parçalayıb yeməsi nə qədər dəhşətlidirsə, xəstəliyin insanı daxildən yeyib-bitirməsi və kiminsə gözünün qabağında günü-gündən əriməsi daha dəhşətlidir» (EPİDEMİOLOQ MAYKL OSTERHOLM).

      [6–cı səhifədəki şəkil. İcazə ilə]

      © William Daniels/Panos Pictures

  • 4. Sevginin soyuması
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 4. Sevginin soyuması

      «İnsanlar. . . doğmalarını sevməyən olacaqlar» (2 TİMOTEYƏ 3:1—3).

      ● Kris Şimali Uelsdə ailədə zorakılıqdan əziyyət çəkənlərə kömək edən qrupda xidmət edir. O deyir: «Yadımdadır, yanıma bir qadın gəlmişdi, o, elə vəhşicəsinə döyülmüşdü ki, əvvəllər onu gördüyümə baxmayaraq, tanıya bilməmişdim. Digər qadınlar isə, mənəvi cəhətdən elə zərbə alırlar ki, utandıqlarından başqalarının üzünə baxa bilmirlər».

      FAKTLAR NƏYİ GÖSTƏRİR? Bir Afrika ölkəsində, demək olar ki, hər 3 qadından 1-i artıq uşaq vaxtından cinsi zorakılığa məruz qalmışdır. Həmin ölkədə keçirilən sorğuya əsasən, kişilərin üçdə birindən çoxu arvadını döyməkdə pis bir şey görmür. Ancaq ailədə zorakılıqdan əziyyət çəkən təkcə qadınlar deyil. Məsələn, Kanadada hər 10 kişidən 3-ü arvadı tərəfindən döyülür və ya təhqir olunur.

      ETİRAZLAR. Ailədə zorakılıq həmişə olub. Sadəcə olaraq bizim günlərdə bu şeylərə əvvəlkinə nisbətən daha çox diqqət yetirilir.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Düzdür, son on illiklər ərzində bu problem daha çox müzakirə olunur. Bəs bunların ailədə zorakılıq hallarının azalmasına bir xeyri dəyibmi? Xeyir. Əksinə, heç vaxt doğmalar arasında bugünkü qədər soyuqluq olmayıb.

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? 2 Timoteyə 3:1—3 ayələrindəki sözlər yerinə yetirmi? Sizcə, insanlar öz ailələrində görməli olduqları sevgini görürlərmi?

      Bu gün yerinə yetən növbəti peyğəmbərlik isə yaşadığımız Yer kürəsi ilə bağlıdır. Gəlin bu barədə Müqəddəs Kitabda nə deyildiyinə baxaq.

      [7–ci səhifədəki yazı]

      «Ailədə zorakılıq ən az qeydə alınan cinayətlərdən biridir. Orta hesabla bir qadın əri tərəfindən 35 dəfə zorakılığa məruz qaldıqdan sonra polisə müraciət edir» (UELSİN AİLƏDƏ ZORAKILIQDAN ƏZİYYƏT ÇƏKƏNLƏRƏ KÖMƏK XİDMƏTİNİN TƏMSİLÇİSİ).

  • 5. Yerin tələf olunması
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 5. Yerin tələf olunması

      «[Allah] yeri tələf edənləri tələf edəcək» (VƏHY 11:18).

      ● Nigeriyanın Kpor kəndində yaşayan Pirri adlı bir nəfər palma şərabı hazırlayırdı. O, Niger çayının deltasına böyük miqdarda neft töküldükdən sonra işini dayandırmalı oldu. O deyir: «Neft balıqlarımızı məhv edir, dərimizi korlayır, çaylarımızı çirkləndirir. Artıq necə dolanacağımı bilmirəm».

      FAKTLAR NƏYİ GÖSTƏRİR? Ekspertlərin rəyinə əsasən, hər il okeanlara 6,5 milyon ton zibil atılır. Tökülən zibilin yarısı plastik şeylərdir ki, onlar da çürüyüb parçalanana qədər yüzilliklər keçir. İnsanların yeri çirkləndirmələri az imiş kimi, üstəlik, təbii sərvətləri də alt-üst edirlər. Araşdırmalara görə, insanların bir ildə istifadə etdiklərini bərpa etmək üçün bir il yarım vaxt tələb olunur. Avstraliyada çıxan bir qəzetdə qeyd olunur: «Əgər əhalinin sayı və resursların istifadəsi bu sürətlə artmağa davam etsə, 2035-ci ildə bizə iki Yer kürəsi lazım olacaq» («Sydney Morning Herald»).

      ETİRAZLAR. İnsanlar bu problemlərdən düzgün çıxış yolu tapmaq üçün kifayət qədər ağıllıdırlar. Biz dünyanın gedişatını dəyişib yer kürəsini məhvdən qurtara bilərik.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Bir çox insanlar və təşkilatlar ətraf mühitin çirklənməsi ilə bağlı cəmiyyəti məlumatlandırmağa çalışırlar. Ancaq bununla belə yer üzü hələ də böyük miqyasda çirklənməyə məruz qalır.

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Planetimizin məhvinin qarşısını almaq üçün Allahın verdiyi vədi həyata keçirərək müdaxilə etməsinə ehtiyac varmı?

      Nəzərdən keçirdiyimiz bu beş peyğəmbərlikdən əlavə, Müqəddəs Kitabda axır günlərdə nə isə yaxşı bir şeyin olacağından da danışılır. Növbəti peyğəmbərlik buna bir nümunədir.

      [8–ci səhifədəki yazı]

      «Məndə belə bir hiss var ki, cənnət guşəsinə bənzəyən bu yer indi zəhər püskürən zibilxanaya çevrilib» (MEKSİKA KÖRFƏZİ SAHİLLƏRİNDƏ YAŞAYAN ERİN TAMBERİN 2010-CU İLDƏ BAŞ VERƏN NEFT SIZMASI HAQDA RƏYİ).

      [8–ci səhifədəki çərçivə]

      Təqsirkar Allahdırmı?

      Bu cür pis şəraitin hökm sürəcəyi haqda Müqəddəs Kitabda xəbər verdiyi üçün Allahı bütün bunlarda günahlandırmaq olarmı? Çəkdiyimiz əzabların səbəbkarı Odurmu? Siz bu suallara qaneedici cavabı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslindən tapa bilərsiniz.

      [8–ci səhifədəki şəkil. İcazə ilə]

      U.S. Coast Guard photo

  • 6. Ümumdünya təbliğ işi
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • 6. Ümumdünya təbliğ işi

      «Padşahlıq haqqındakı bu xoş xəbər... bütün yer üzündə təbliğ ediləcək» (MATTA 24:14).

      ● Vaiatea adlı qadın Sakit okeanın Tuamotu arxipelaqının adalarından birində yaşayır. Ümumi sahəsi 802 900 kvadrat kilometr olan 80 mərcan adasından ibarət Tuamotu arxipelaqının cəmi 16 000 əhalisi var. Bununla belə, Vaiatea və qonşuları Yehovanın Şahidləri ilə tanışdırlar. Bu da təəccüblü deyil, axı Yehovanın Şahidləri Allahın Padşahlığı haqda xoş xəbəri, harada yaşamalarından asılı olmayaraq, bütün insanlara çatdırırlar.

      FAKTLAR NƏYİ GÖSTƏRİR? Allahın Padşahlığı haqda xoş xəbər dünyanın hər yerinə çatdırılır. Təkcə 2010-cu ildə Yehovanın Şahidləri bu xəbərin 236 ölkə və ərazidə təbliğinə 1,6 milyard saat sərf etmişlər. Bu da onlardan hər birinin orta hesabla gündə 30 dəqiqə təbliğ etdiyini göstərir. Son on il ərzində Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanan 20 milyarddan çox ədəbiyyat nəşr etmiş və paylamışlar.

      ETİRAZLAR. Müqəddəs Kitaba əsaslanan xoş xəbər artıq neçə əsrdir ki, təbliğ olunur.

      BU ETİRAZLAR ƏSASLIDIRMI? Düzdür, çoxları Müqəddəs Kitabdan nə isə təbliğ etməyə cəhd göstərmişlər. Ancaq onların çoxu bu işi qısa müddət ərzində və kiçik miqyasda görmüşlər. Yehovanın Şahidləri isə bütün dünyada mütəşəkkil şəkildə fəaliyyət göstərir və xoş xəbəri yüz minlərlə insana çatdırırlar. Onlar hətta bəşər tarixinin ən güclü və amansız siyasi rejimlərinin müqavimətləri ilə qarşılaşanda belə təbliğ etməyi dayandırmamışlar (Mark 13:13)a. Üstəlik, onlar buna görə məvacib almır, vaxtlarını könüllü olaraq bu işə sərf edir və təmənnasız ədəbiyyat paylayırlar. Yehovanın Şahidlərinin fəaliyyəti könüllü ianələr hesabına dəstəklənir.

      SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? Padşahlıq haqqında xoş xəbər bütün dünyada təbliğ olunurmu? Ola bilərmi ki, bu peyğəmbərliyin yerinə yetməsi yaxın gələcəkdə yaxşılığa doğru dəyişikliklər olacağından xəbər versin?

      [Haşiyə]

      a Bu haqda daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən çəkilən və müxtəlif dillərə tərcümə olunan üç sənədli filmə baxa bilərsiniz: «Sınaqlar zamanı sadiq qalanlar», «Bənövşəyi üçbucaqlar», «Yehovanın Şahidlərinin nasizm qarşısında göstərdikləri mətanət».

      [9–cu səhifədəki yazı]

      «Hələ ki, Yehova yol verir, biz bundan sonra da hər bir imkandan istifadə edərək Padşahlıq haqqında xoş xəbəri səylə təbliğ edəcəyik» (2010-CU İL ÜÇÜN «YEHOVANIN ŞAHİDLƏRİNİN İLLİK MƏCMUƏSİ»).

  • Gözəl günlərin astanasında!
    Gözətçi qülləsi 2011 | 1 iyul
    • Gözəl günlərin astanasında!

      «Bir az gözlə, pis yox olacaq... Məzlumlar [həlimlər] ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (MƏZMUR 37:10, 11).

      YUXARIDA gətirilən peyğəmbərlik sözlərinin həyata keçdiyini görmək istərdinizmi? Əlbəttə, kim istəməz?! Bunun tezliklə baş verəcəyinə əsaslı səbəblərimiz var.

      Əvvəlki məqalələrdə «axır günlərdə» yaşadığımızı göstərən yalnız bir neçə Müqəddəs Kitab peyğəmbərliyini nəzərdən keçirdik (2 Timoteyə 3:1—5). Allah bu hadisələri Öz xidmətçilərinə bizim ümidimiz olsun deyə yazdırmışdır (Romalılara 15:4). Bu peyğəmbərliklərin həyata keçməsi hal-hazırda üzləşdiyimiz əzab-əziyyətlərin tezliklə bitəcəyini göstərir.

      Bəs sonra nə olacaq? Allahın Padşahlığı yer üzünü idarə etməyə başlayacaq (Matta 6:9). O zaman şəraitin necə olacağını Müqəddəs Kitab belə təsvir edir:

      ● Aclıq olmayacaq. «Qoy ölkənin zəmiləri bol olsun, dağların başında dalğalansın» (Məzmur 72:16).

      ● Xəstəliklərə son qoyulacaq. Heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24).

      ● Yer üzü yeniləşəcək. «Səhra və quru torpaq sevinəcək, göl şadlanacaq, nərgiz kimi çiçəklənəcək» (Yeşaya 35:1).

      Bunlar yaxın gələcəkdə yerinə yetəcək ruhlandırıcı Müqəddəs Kitab peyğəmbərliklərdən sadəcə bir neçəsidir. Siz Yehovanın Şahidlərindən tezliklə gözəl günlərin gələcəyinə nəyə görə əmin olduqlarını soruşa bilərsiniz.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş