TƏLİM MƏQALƏSİ 25
Ağsaqqallar, Cədundan örnək alın
«Cədun… barəsində… danışsam, vaxt çatmaz» (İBR. 11:32).
NƏĞMƏ 124 Sədaqətli olaq
İCMALa
1. 1 Butrus 5:2 ayəsinə əsasən ağsaqqallara hansı vacib iş həvalə olunub?
YEHOVA ağsaqqallara Öz dəyərli quzularının qayğısına qalmağı həvalə edib. Bu sadiq kişilər onlara göstərilən etimadı çox qiymətləndirirlər. Onlar əllərindən gələni edirlər ki, sürünü otarmaq üçün əsl çobanlar olsunlar (Ərm. 23:4; 1 Butrus 5:2 ayəsini oxuyun). Nə yaxşı ki yığıncaqlarımızda belə qardaşlar var!
2. Bəzi ağsaqqalların hansı çətinliyi olur?
2 Ağsaqqallara məsuliyyətlərini icra etmək elə də asan başa gəlmir. Elə götürək yığıncaqda görüləsi işləri. Onların sayı heç də az deyil. Birləşmiş Ştatlarda yaşayan Toni adlı ağsaqqal başa düşdü ki, öhdəsinə çox iş götürməsi məhdudiyyətlərinin fərqində olmadığını göstərir. Toni bölüşür: «COVID-19 pandemiyası başlayanda yığıncaqları və təbliğ görüşlərini təşkil etmək üçün daha çox iş görməyə başladım. Amma ha çabalayırdım, işlər azalmaqdansa, çoxalırdı. Bunun ucbatından duam, Müqəddəs Kitabı oxumağım, fərdi mütaliəm axsamağa başladı». Kosovoda yaşayan İler adlı bir ağsaqqalın isə başqa bir çətinliyi var idi. Döyüş bölgəsində yaşadığı vaxt təşkilatdan gələn göstərişlərə tabe olmaq ona asan deyildi. İler deyir: «Filial mənə təhlükəli ərazidə yaşayan bacı-qardaşlara kömək etməyi tapşıranda cəsarətim sınandı. Mən qorxurdum. Həm də verilən göstərişlər ağlabatan gəlmirdi». Asiyada xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Tim qardaş isə sadəcə olaraq hər gün qaçaqaçla yaşamaqdan yorulmuşdu. Tim deyir: «Bəzən mənəvi cəhətdən əldən düşürdüm, taqətim qalmırdı». Bu cür çətinliklərlə üzləşən ağsaqqallara nə kömək edə bilər?
3. Hakim Cədunun nümunəsini araşdırmağın hər birimizə hansı faydası var?
3 Hakim Cədunun nümunəsi ağsaqqallara çox kömək edə bilər (İbr. 6:12; 11:32). O, Allahın xalqına həm rəhbərlik edirdi, həm də onları qoruyurdu (Hak. 2:16; 1 Saln. 17:6). Onun kimi ağsaqqallar da bu təlatümlü dövrdə Allahın xalqının qeydinə qalmaq üçün təyin olunublar (Həv. 20:28; 2 Tim. 3:1). Ağsaqqallar Cədunun təvazökarlığından, itaətkarlığından və dözümündən çox şey öyrənə bilər. Cədunun nümunəsi digər məsihilərə kömək edəcək ki, ağsaqqallara minnətdarlığını artırsınlar və onlara daha çox dəstək olsunlar (İbr. 13:17).
TƏVAZÖKARLIĞINIZ SINANANDA
4. Cədun təvazökar olduğunu necə göstərmişdi?
4 Cədun təvazökar insan idib. Yehovanın mələyi Cəduna demişdi ki, Yehova ona vacib təyinat verib: o, İsraili qüdrətli mədyənilərin əlindən xilas edəcək. Amma Cədun təvazökarlıqla belə cavab vermişdi: «Mənim tayfam Mənəssədə bapbalacadır, özü də atamın evində ən kiçik mənəm» (Hak. 6:15). Cədun bu tapşırığın öhdəsindən gələ biləcəyini düşünmürdü. Amma ən yaxşısını Yehova bilirdi. Yehovanın köməyi ilə Cədun təyinatını uğurla icra etdi.
5. Ağsaqqalların təvazökarlığı necə sınana bilər?
5 Ağsaqqallar bacardıqları qədər çalışırlar ki, hər sahədə təvazökar olsunlar (Mik. 6:8; Həv. 20:18, 19). Onlar öz bacarıqları ilə, yaxud nailiyyətləri ilə öyünmürlər. Eyni zamanda səhv edəndə özlərini təqsirləndirərək yararsız olduqlarını düşünmürlər. Bununla belə, bəzən ağsaqqallara da təvazökar qalmaq çətin olur. Məsələn, ağsaqqal öhdəsinə çox iş götürür, sonra da bu işlərin altından çıxa bilmir. Yaxud kimsə onu gördüyü işə görə qınayır və ya tərifləyir. Bu cür vəziyyətlərdə ağsaqqallar Cədundan nə öyrənə bilər?
Araba ilə şahidlik işində və ya digər sahələrdə köməyə ehtiyac olanda ağsaqqallar Cədunun nümunəsini izləyərək kömək istəyirlər (6-cı abzasa baxın)
6. Ağsaqqallar Cədundan təvazökarlıqla bağlı nə öyrənə bilər? (Həmçinin şəklə baxın.)
6 Kömək istəyin. Təvazökar insan başa düşür ki, bəzi şeylər onun gücündən artıqdır. Cədunun başqalarından kömək istəməsi onun təvazökar olduğundan xəbər verir (Hak. 6:27, 35; 7:24). Müdrik ağsaqqallar da bu cür davranır. Əvvəldə adı çəkilən Toni deyir: «Uşaqlıqdan aldığım tərbiyəyə görə bacara biləcəyimdən artıq işə boyun olurdum. Buna görə də ailəvi ibadətdə təvazökarlıq mövzusunu araşdırmaq qərarına gəldim və yoldaşıma dedim ki, mənimlə bağlı öz müşahidələrini bölüşsün. Həmçinin jw.org saytında yerləşən “İsa kimi, başqalarına təlim verin, etibar edin və səlahiyyət verin” adlı videoya da baxdım». Toni üzərinə düşən işi görmək üçün başqalarından kömək istədi. Bəs nəticə nə oldu? O deyir: «Yığıncağın işi görülür, mənim isə Yehova ilə münasibətlərimi möhkəmləndirmək üçün daha çox vaxtım olur».
7. Ağsaqqallar Cədundan örnək alaraq qınağa necə yanaşırlar? (Yaqub 3:13).
7 Qınağa mülayimliklə cavab verin. Qınananda ağsaqqala təvazökarlığı qorumaq çətin gələ bilər. Cədun bu sahədə də yaxşı örnəkdir. Cədun başa düşürdü ki, səhvsiz deyil. Ona görə də əfraimlilər onu qınayanda o, mülayimliklə cavab verə bildi, özündən çıxmadı (Hak. 8:1—3). Cədun onların giley-güzarına qulaq asdı, mülayim danışaraq aradakı gərginliyi azaltdı. Bununla da təvazökar olduğunu göstərdi. Ağsaqqallar da Cədunun nümunəsini izləyərək qınağı dinləyib mülayim cavab verirlər, bununla da yığıncaqda sülhü qoruyurlar. (Yaqub 3:13 ayəsini oxuyun.)
8. Məsul qardaşlar tərifə necə yanaşmalıdır? Nümunə çəkin.
8 Şərəfi Yehovaya verin. Cədunu Mədyən üzərində çaldığı qələbəyə görə tərifləyəndə o, şərəfi Yehovaya vermişdi (Hak. 8:22, 23). Məsul qardaşlar Cədunun nümunəsini necə izləyə bilər? Onlar bütün nailiyyətlərinə görə Yehovanı ucaltmalıdırlar (1 Kor. 4:6, 7). Tutaq ki, hansısa ağsaqqalı təlim vermək bacarığına görə tərifləyirlər. O, verdiyi təlimin Yehovanın Kəlamına əsaslandığını vurğulaya bilər, yaxud da Yehovanın təşkilatından aldığı təlim sayəsində bunu bacardığını deyə bilər. Ağsaqqallar diqqəti özlərinə çəkib çəkmədiklərini vaxtaşırı yoxlamalıdırlar. Timoti adlı bir ağsaqqalın nümunəsinə baxaq. Təzə ağsaqqal təyin olunanda o, açıq nitqlə çıxış etməyi çox sevirdi. O deyir: «Giriş sözlərim, çəkdiyim nümunələr uzun və təfərrüatlı olurdu, çox vaxt buna görə məni tərifləyirdilər. Əfsuslar olsun ki, diqqəti Müqəddəs Kitaba, Yehovaya yox, özümə çəkirdim». Vaxt keçdikcə Timoti başa düşdü ki, diqqət mərkəzində olmamaq üçün təlim vermək tərzini dəyişməlidir (Məs. 27:21). Bəs bunun nəticəsi necə oldu? O izah edir: «Çoxları gəlib mənə deyir ki, nitqim onlara problemlərin öhdəsindən gəlməyə, sınaqlara dözməyə, yaxud da Yehovaya yaxınlaşmağa kömək edib. Bu kimi sözləri eşitmək daha xoşdur, nəinki illər əvvəl şəxsən mənim özümü tərifləmək üçün deyilən sözləri».
İTAƏTKARLIĞINIZ VƏ CƏSARƏTİNİZ SINANANDA
Cədun Yehovanın sözünə itaət edib ordusunun sayını azaltdı, ayıq-sayıqlığı ilə seçilən 300 nəfər seçdi (9-cü abzasa baxın)
9. Cədunun itaətkarlığı və cəsarəti necə sınanmışdı? (Üz qabığındakı şəklə baxın.)
9 Cədun hakim təyin olunandan sonra itaətkarlığı və cəsarəti sınandı. Ona çox təhlükəli bir tapşırıq verilmişdi. O, atasının Baal qurbangahını dağıtmalı idi (Hak. 6:25, 26). Daha sonra Yehova iki dəfə Cəduna tapşırdı ki, topladığı ordunun sayını azaltsın (Hak. 7:2—7). Bundan sonra isə o, gecənin qatı zülmətində düşmənin ordugahına hücum etməli idi (Hak. 7:9—11).
10. Ağsaqqalların itaətkarlığı necə sınanır?
10 Ağsaqqallar «itaətkar» olmalıdır (Yaq. 3:17). İtaətkar ağsaqqal Kəlamda yazılanlara və Allahın təşkilatından gələn göstərişlərə ürəkdən tabe olur. Bununla o, başqalarına nümunə qoyur. Amma bəzən ağsaqqallara da itaətkar olmaq çətin olur. Ola bilsin, ağsaqqal aldığı göstərişlərin çoxluğuna görə onlarla ayaqlaşa bilmir, yaxud hansısa göstəriş ona praktiki, ağlabatan gəlmir. Bəlkə də azadlığını təhlükəyə atan təyinat alır. Bu cür vəziyyətlərdə ağsaqqallar Cədundan necə örnək götürə bilər?
11. Ağsaqqallar itaətkar olmaq üçün nə etməlidir?
11 Göstərişlərə diqqətlə qulaq asın və əməl edin. Yehova Cəduna demişdi ki, atasının qurbangahını necə dağıtsın, Yehova üçün yeni qurbangahı harada tiksin və hansı heyvanları qurban gətirsin. Cədun Yehovanın bir sözünü iki etmədi. Nə demişdisə, etdi. Bu gün də ağsaqqallar Yehovanın təşkilatından ruhani və fiziki sağlamlığımızla bağlı məktublar, elanlar və göstərişlər alırlar. Ağsaqqallar bu göstərişlərə sədaqətlə əməl edirlər. Bu da bütün yığıncağa fayda gətirir. Buna görə də ağsaqqalları çox sevirik (Zəb. 119:112).
12. Təşkilatdan dəyişikliklər gələn zaman ağsaqqallar İbranilərə 13:17 ayəsini necə tətbiq edə bilər?
12 Dəyişiklik etməyə hazır olun. Bildiyimiz kimi Yehovanın buyruğu ilə Cədun ordunun sayını 99 faizdən çox azaltmışdı (Hak. 7:8). O belə düşünə bilərdi: «Bu dəyişikliyi etmək çox vacibdir? Bunun hansısa xeyri olacaq?» Bununla belə, Cədun Yehovanın göstərişinə boyun əydi. Ağsaqqallar da təşkilatdan gələn dəyişikliklərə Cədun kimi yanaşırlar. (İbranilərə 13:17 ayəsini oxuyun.) Məsələn, 2014-cü ildə Rəhbərlik Şurası ibadət evlərinin, toplantı zallarının tikintisinin maliyyələşdirilməsinə dəyişiklik etdi (2 Kor. 8:12—14). Əvvəllər təşkilat yığıncaqlara yeni ibadət evlərinin tikilməsi üçün borc verirdi və yığıncaq daha sonra bu pulu geri qaytarırdı. İndi isə təşkilat bütün yığıncaqların verdiyi ianələri ehtiyac olan ərazilərdə yeni ibadət evlərinin, toplantı zallarının tikintisi üçün istifadə edir və bu, yerli yığıncağın nə qədər ianə etməyə gücü çatdığından asılı deyil. Bu barədə eşidəndə Xose adlı bir qardaş dəyişikliyin işə yarayacağına şübhə etdi. O belə düşünürdü: «Bundan sonra bir dənə də olsun ibadət evi tikilməyəcək. Bu bizim ərazi üçün deyil». Xoseyə göstərişi dəstəkləməyə nə kömək etdi? O deyir: «Məsəllər 3:5, 6 ayələri mənə xatırlatdı ki, Yehovaya etibar etməliyəm və nəticə inanılmaz oldu. İndi daha çox ibadət evləri tikilir. Üstəlik, bu yeni üsul sayəsində ianələr hər kəsə fayda gətirir, bərabərlik yaradır».
Hətta fəaliyyətimizin qadağan olunduğu ərazilərdə də, cəsarət göstərib gözəl şahidlik verə bilərik (13-cü abzasa baxın)
13. a) Cədun nəyə əmin idi? b) Ağsaqqallar Cədunun nümunəsini necə izləyə bilər? (Həmçinin şəklə baxın.)
13 Yehovanın iradəsini cəsarətlə yerinə yetirin. Yehovadan aldığı tapşırıq Cədun üçün qorxulu, təhlükəli olanda belə o, itaət edirdi (Hak. 9:17). Yehova Cədunu ona dayaq olacağına dəfələrlə əmin etmişdi. Buna görə də o arxayın idi ki, Yehova ona xalqı qorumağa kömək edəcək. Fəaliyyətimizin qadağan olunduğu ərazilərdə yaşayan ağsaqqallar Cədundan örnək götürür. Onlar cəsarətlə yığıncağa və təbliğ işinə rəhbərlik edirlər, halbuki buna görə həbs oluna, sorğu-suala tutula, işlərini itirə və ya qəddarlıqla üzləşə bilərlərc. Böyük müsibət zamanı ağsaqqallara cəsarət lazım olacaq ki, hətta təhlükəli olsa belə göstərişlərə əməl etsinlər. Məsələn, onlar doluya bənzər hökm xəbərini çatdırmaqla və Məcuc ölkəsindən olan Yəcucun hücumundan xilas olunmaqla bağlı göstərişlər ala bilərlər (Hizq. 38:18; Vəhy 16:21).
DÖZÜMÜNÜZ SINANANDA
14. Cədunun dözümü necə sınandı?
14 Cəduna bir hakim kimi öhdəsinə düşən işləri görmək üçün çoxlu güc sərf etmək lazım idi. Məsələn, bir dəfə gecəyarısı olan döyüşdə mədyənilər qaçmışdılar. Cədun Yizrail vadisindən İordan çayına qədər onları təqib etmişdi. Bu yol isə kol-kosla dolu idi (Hak. 7:22). Bəs Cədun İordan çayına çatıb dayandı? Xeyr. O və yanındakı 300 nəfər yorğun-arğın olsa da, çayı keçib düşməni təqib etməyə davam etdilər. Axırda onlar mədyəniləri tutdular və məğlub etdilər (Hak. 8:4—12).
15. Ağsaqqalların dözümü nə vaxt sınana bilər?
15 Həm yığıncağın, həm də ailələrinin qeydinə qalmaq ağsaqqalları fiziki və mənəvi cəhətdən əldən sala bilər. Bəs bu vəziyyətdə Cədunun nümunəsi ağsaqqallara necə kömək edə bilər?
Ağsaqqallar dəstəyə ehtiyacı olan çox adamı möhkəmləndiriblər (16 və 17-ci abzaslara baxın)
16, 17. a) Cəduna dözməyə nə kömək etmişdi? b) Ağsaqqallarda hansı əminlik olmalıdır? (Əşiya 40:28—31). (Həmçinin şəklə baxın.)
16 Yehovanın sizə güc verəcəyinə etibar edin. Cədun Yehovanın ona güc verəcəyinə etibar edirdi və etibarı boşa çıxmadı (Hak. 6:14, 34). Bir dəfə Cədun adamları ilə birlikdə iki Mədyən padşahını təqib edirdi. Padşahlar dəvənin belində idi, onlar isə piyada (Hak. 8:12, 21). Yehovanın köməyi ilə Cədungil onları tutub qalib gəldilər. Ağsaqqallar da Cədun kimi əsla yorulmayan, taqətdən düşməyən Yehova Allaha güvənməlidirlər. Yehova onlara güc verəcək. (Əşiya 40:28—31 ayələrini oxuyun.)
17 Gəlin görək Xəstəxanalarla əlaqə komitəsinin üzvü olan Metyu qardaşa dözüm göstərməyə nə kömək edir. Metyu deyir: «Filippililərə 4:13 ayəsinin doğruluğuna öz həyatımda şahid olmuşam. Dəfələrlə olub ki, özümü yorğun, tükənmiş hiss etmişəm. Bu zaman Yehovaya ürəkdən dua edib yalvarmışam ki, mənə güc versin və mən bacı-qardaşlara dəstək ola bilim. Belə məqamlarda Yehovanın ruhunun məni qüvvətləndirdiyini və mənə dözüm verdiyini hiss edirdim». Cədun kimi ağsaqqallar da bacı-qardaşların qeydinə qalmaq üçün can qoyurlar. Halbuki bunu etmək həmişə asan olmur. Düzdür, onlar bilməlidirlər ki, fiziki və mənəvi cəhətdən nəyə gücləri çatır və buna uyğun davranmalıdırlar. Bu öz yerində. Amma onlar həmçinin etibar etməlidirlər ki, Yehova dualarını cavabsız qoymayacaq və dözməyə güc verəcək (Zəb. 116:1; Filip. 2:13).
18. Xülasə etsək, ağsaqqallar Cədundan necə örnək götürə bilər?
18 Ağsaqqallar Cədundan çox şey öyrənə bilər. Onlar üzərlərinə məsuliyyət götürəndə, qınananda və ya tərif olunanda təvazökarlıq göstərməyə borcludurlar. Nəzərə alsaq ki, bu şər dünya artıq öz sonuna yaxınlaşır, ağsaqqallar itaətkar və cəsarətli olmalıdır. Həmçinin hansı çətinliklə üzləşəcəklərindən asılı olmayaraq, Yehovanın onlara güc verəcəyinə etibar etməlidirlər. Sözsüz, biz bu fədakar, zəhmətkeş ağsaqqalları qiymətləndiririk və onların qədrini bilirik (Filip. 2:29).
NƏĞMƏ 120 Məsih kimi həlim olun
a İsrail xalqının ən keşməkeşli dövründə Yehova xalqına rəhbərlik etmək və onları qorumaq üçün Cədunu təyin etmişdi. Cədun təxminən 40 il ərzində bu işi sədaqətlə icra etmişdi. Bu illər ərzində onun az çətinliyi olmamışdı. Bu məqalədən öyrənəcəyik ki, ağsaqqallar çətinliklər vaxtı Cədundan necə örnək götürə bilər.
b Təvazökar insan özü haqda yüksək fikirdə deyil. O başa düşür ki, onun bacarmayacağı işlər var. Həmçinin belə insan başqalarına hörmətlə yanaşır və özünü onlardan üstün hesab etmir (Filip. 2:3).