TƏLİM MƏQALƏSİ 29
Böyük müsibətə hazırsınız?
«Hazır olun» (MƏT. 24:44).
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
İCMALa
1. Nəyə görə fəlakətlərə hazırlaşmaq lazımdır?
HAZIRLIQLI olmaq həyatı xilas edir. Məsələn, təbii fəlakətlərə qabaqcadan hazırlaşanlar adətən sağ qalır. Üstəlik, başqalarına da kömək edə bilir. Avropada olan bir humanitar təşkilat belə bir fikir demişdi: «Yaxşı hazırlaşmağın böyük rolu var».
2. Böyük müsibətə nəyə görə hazır olmalıyıq? (Mətta 24:44).
2 «Böyük müsibət» qəfil başlayacaq (Mət. 24:21). Amma bu bizim üçün gözlənilməz olmayacaq. Çünki digər fəlakətlərdən fərqli olaraq, biz onun gələcəyini bilirik. Təxminən 2000 il bundan əvvəl İsa Məsih davamçılarını həmin günə hazır olmağa səsləmişdi. (Mətta 24:44 ayəsini oxuyun.) Əgər hazırlıqlı olsaq, həmin ağır dönəmdən həm biz özümüz daha rahat keçəcəyik, həm də başqalarına kömək edə biləcəyik (Luka 21:36).
3. Böyük müsibətə hazır olmağa dözüm, şəfqət və məhəbbət necə kömək edə bilər?
3 Böyük müsibətə hazırlıqlı olmaq üçün bizə üç xüsusiyyət lazımdır. Ağır hökm xəbərini çatdırmalı olsaq və imanımıza şərik olmayan insanlar bizi təqib etsə, necə davranacağıq? (Vəhy 16:21). Dözüm bizə kömək edəcək ki, Yehovaya itaət edək və Onun bizi qoruyacağına etibar edək. Bacı-qardaşlarımıza maddi zərər dəysə və ya onlar hər şeylərini itirsələr, nə edəcəyik? (Həb. 3:17, 18). Şəfqətdən irəli gələrək onlara yardım əli uzadacağıq. Millətlər birliyinin hücumu zamanı bir müddət bacı-qardaşlarla bir yerdə yaşamalı olsaq, buna necə yanaşacağıq? (Hizq. 38:10—12). Ürəyimizdə onlara bəslədiyimiz güclü məhəbbət sayəsində bu çətin dövrdən keçə biləcəyik.
4. Müqəddəs Kitabda dözüm, şəfqət və məhəbbət kimi xüsusiyyətləri daim yetişdirməli olduğumuz necə vurğulanır?
4 Allahın Kəlamı bizi təşviq edir ki, daim özümüzdə dözüm, şəfqət və məhəbbət yetişdirək. Luka 21:19 ayəsində yazılıb: «Dözümlə həyatınızı xilas edəcəksiniz». Koloslulara 3:12 ayəsində deyilir: «Şəfqəti… geyinin». 1 Salonikililərə 4:9, 10 ayələrində oxuyuruq: «Bir-birinizi sevməyi sizə Allah öyrədir… Bununla belə, qardaşlar, sizə tövsiyə edirik ki, bu sahədə daha da inkişaf edəsiniz». Bu sözlərin ünvanlandığı insanlar artıq dözüm, şəfqət və məhəbbət göstərirdilər. Amma onlar bu xüsusiyyətləri daim inkişaf etdirməli idilər. Bu bizə də aiddir. Gəlin görək birinci əsrdəki məsihilər bu xüsusiyyətləri necə təzahür etdirirdilər. Görək onlardan nümunə götürmək və beləcə, böyük müsibətə hazır olmaq üçün nə edə bilərik.
DÖZÜMLÜ OLUN
5. Birinci əsrdəki məsihilər sınaqlara necə dözürdülər?
5 Birinci əsrdəki məsihilərə dözüm lazım idi (İbr. 10:36). Çünki onlar məsihi olduqları üçün hamının üzləşdiyi çətinliklərdən əlavə, başqa sınaqlarla da üzləşirdilər. Çoxlarını yəhudi din xadimləri və Roma hökuməti təqib edirdi. Bu azmış kimi ailə üzvləri onlara göz verib işıq vermirdi (Mət. 10:21). Üstəlik, məsihilər yığıncağın içində də çətinliklər yaşayırdı: bəzən onlar özlərini dönüklərdən və onların saxta təlimlərindən qorumalı olurdular (Həv. 20:29, 30). Həmin məsihilər bütün bu çətinliklərə dözdülər (Vəhy 2:3). Bunu necə bacardılar? Onlar Əyyub peyğəmbərin və dözüm göstərən digər mömin insanların nümunəsi üzərində düşünürdülər (Yaq. 5:10, 11). Dua edib Yehovadan güc istəyirdilər (Həv. 4:29—31). Həmçinin dözüm göstərməyin gətirəcəyi mükafat barədə düşünürdülər (Həv. 5:41).
6. Meritanın nümunəsindən təqiblərə dözməklə bağlı nə öyrənirik?
6 Biz də dözümlü ola bilərik. Bunun üçün Müqəddəs Kitabdan və nəşrlərimizdən dözüm göstərən insanlar barədə oxumalıyıq və onların nümunəsi üzərində düşünməliyik. Albaniyada yaşayan Merita adlı bir bacı məhz bunun sayəsində ailəsinin verdiyi zülmlərə dözə bilmişdi. O deyir: «Əyyub peyğəmbərin nümunəsinin mənə böyük köməyi dəydi. Onun çəkmədiyi əzab qalmamışdı, bununla belə, o demişdi: “Mən son nəfəsimədək sadiq qalacağam!” (Əyy. 27:5). Halbuki o bilmirdi, bütün bunları onun başına kim gətirir. Bir anlıq düşündüm: “Əyyubun sınaqlarının yanında mənim sınaqlarım nədir ki! Üstəlik, ondan fərqli olaraq, mən başıma gələn müsibətlərin kimdən olduğunu bilirəm”».
7. Ciddi problemimiz olmasa da, indidən nə etməyi öyrənməliyik?
7 Yehovaya tez-tez dua edib dərdimizi Onunla bölüşmək də dözümümüzü möhkəmləndirəcək (Filip. 4:6; 1 Salon. 5:17). Ola bilsin, hal-hazırda ciddi problemləriniz yoxdur. Bununla belə, məyus, çaşqın olanda, nə edəcəyinizi bilməyəndə kömək üçün Yehovaya üz tutursunuz? Əgər indi gündəlik problemləriniz zamanı Yehovaya dua etməyi vərdiş etsəniz, sabah daha böyük problemlərlə üzləşəndə ağlınıza gələn ilk şey bu olacaq. Ürəyiniz də arxayın olacaq ki, Yehova məsləhət bildiyi vaxtda sizin üçün nə lazımdırsa edəcək (Zəb. 27:1, 3).
DÖZÜM
Dözdüyümüz hər sınaq bizi növbəti sınağa hazırlayır (8-ci abzasa baxın)
8. Miranın nümunəsindən gördüyümüz kimi indiki sınaqlara dözmək bizi gələcəyə necə hazırlayır? (Yaqub 1:2—4). (Həmçinin şəklə baxın.)
8 Əgər indiki çətinliklər zamanı dözüm göstəririksə, çox yəqin ki, böyük müsibət zamanı da dözümlü ola biləcəyik (Rom. 5:3). Nəyə əsasən belə deyə bilərik? Çox bacı-qardaşımız öz təcrübəsindən görüb ki, tab gətirdikləri hər iman sınağı onlara növbəti sınağa dözməyə kömək edib. Dözüm onları daha yaxşı insan edib. Yehovanın onlara kömək etməyə hazır olduğuna imanlarını artırıb. İman da öz növbəsində onlara növbəti sınağa dözməyə kömək edib. (Yaqub 1:2—4 ayələrini oxuyun.) Albaniyada öncül kimi xidmət edən Mira adlı bir bacı görüb ki, əvvəllər dözümlü olmağın sayəsində indi də dözüm göstərir. Bəzən onda elə fikir yaranır ki, bu qədər problemi olan yeganə insan odur. Amma sonra ötən 20 il ərzində Yehovanın ona necə dayaq olduğunu xatırlayır və öz-özünə belə deyir: «Sadiq qal, qoyma ki, bu illər, Yehovanın köməyi ilə apardığın bütün mübarizələr boşuna getsin». Siz də Yehovanın indiyə qədər sizə necə kömək etdiyi barədə düşünün. Əmin olun ki, Yehova dözdüyünüz hər sınağı görür və O, mütləq sizə mükafat verəcək (Mət. 5:10—12). Dözümlü olmağı öyrəndiyiniz üçün böyük müsibət başlayanda təslim olmayacaqsınız.
ŞƏFQƏT GÖSTƏRİN
9. Suriya Antakyasındakı məsihilərin şəfqətli olduğu nədən görünür?
9 Gəlin görək Yəhudiyyədəki məsihilər aclıqdan əziyyət çəkəndə hansı köməyi almışdılar. Suriya Antakyasındakı yığıncaq aclıq barədə eşidəndə, söz yox ki, oradakı bacı-qardaşlara ürəkləri ağrıdı. Bu da onları həmin bacı-qardaşlar üçün nəsə etməyə təşviq etdi. Onlar «qərarlaşdırdılar ki, hər kəs Yəhudiyyədə yaşayan qardaşlara gücü çatan qədər yardım göstərsin» (Həv. 11:27—30). Aclıqdan əziyyət çəkən bacı-qardaşlar uzaqda yaşasalar da, Antakyadakı məsihilər onları köməksiz qoymadılar (1 Yəh. 3:17, 18).
ŞƏFQƏT
Təbii fəlakətlər zamanı şəfqət göstərmək imkanımız yaranır (10-cu abzasa baxın)
10. Fəlakətdən zərər çəkən dindaşlarımıza hansı yollarla şəfqət göstərə bilərik? (Həmçinin şəklə baxın.)
10 Biz də dindaşlarımızın fəlakətlə üzləşdiyini eşidəndə şəfqət göstəririk, dərhal onların dadına çatmağa çalışırıq. Məsələn, ağsaqqallara yardım işində iştirak etmək istədiyimizi bildiririk, ümumdünya işinə ianə edirik və ya fəlakətdən zərərçəkənlər üçün dua edirikb (Məs. 17:17). 2020-ci ildə COVID-19 pandemiyasından zərər çəkənlərə yardım etmək üçün 950-dən çox Zərərçəkənlərə yardım komitəsi təyin olunmuşdu. Yardım komitələrində xidmət edənlər ən gözəl təriflərə layiqdirlər. Onlar dindaşlarının halına yandıqları üçün maddi yardım çatdırıblar, ruhani cəhətdən onların qeydinə qalıblar, bəzi hallarda isə evləri, ibadət üçün yerləri təmir-bərpa ediblər. (2 Korinflilərə 8:1—4 ayələri ilə əlaqələndirin.)
11. Şəfqət göstərməyimiz səmavi Atamızın adını necə ucaldır?
11 Fəlakətdən zərər çəkənlər üçün verdiyimiz qurbanlar başqalarının gözündən yayınmır. Məsələn, 2019-cu ildə «Dorian» qasırğası Bahama Adalarında bir ibadət evini dağıtmışdı. Qardaşlar onu bərpa edərkən Yehovanın Şahidi olmayan bir podratçıdan müəyyən işləri görmək üçün nə qədər zəhmət haqqı alacağını soruşdular. Podratçı onlara belə cavab vermişdi: «Avadanlığa, çəkdiyim zəhmətə və materiallara görə sizdən bir qəpik də pul götürməyəcəyəm… Sizin təşkilatınız üçün hər şeyi havayı edəcəyəm, çünki dostlarınıza necə can yandırmağınız məni valeh edir». Dünyada çox adam Yehovanı tanımır, amma onlar Yehovanın Şahidlərini müşahidə edirlər. Bizim əməldə şəfqət göstərməyimiz insanları «mərhəməti bol olan» Allaha yaxınlaşdıra bilər (Efes. 2:4). Bu, çox böyük şərəfdir!
12. Bu gün şəfqətli olmağı öyrənmək bizi böyük müsibətə necə hazırlayır? (Vəhy 13:16, 17).
12 Böyük müsibət zamanı bizə şəfqətli olmaq lazım gələcək. Nəyə görə? Müqəddəs Kitabda göstərilir ki, siyasi sistemi dəstəkləməyənlər həm indi, həm də böyük müsibət zamanı çətinliklərlə üzləşəcəklər. (Vəhy 13:16, 17 ayələrini oxuyun.) Ola bilsin, bacı-qardaşlarımız zəruri tələbatlarını ödəmək üçün köməyə ehtiyac duyacaqlar. Arzu edirik ki, Padşahımız İsa Məsih hökmünü icra etməyə gələndə şəfqət göstərdiyimizi görsün və bizi Padşahlığı miras almağa dəvət etsin (Mət. 25:34—40).
MƏHƏBBƏTİNİZİ ARTIRIN
13. Romalılara 15:7 ayəsində qeyd olunduğu kimi məsihilər aralarındakı məhəbbəti necə möhkəmləndirirdilər?
13 Birinci əsrdə məsihilər aralarındakı məhəbbətlə tanınırdılar. Bəs onlara məhəbbət göstərmək asan idi? Roma yığıncağındakı vəziyyət barədə düşünək. Orada bir-birindən fərqli bacı-qardaşlar var idi. Onlardan bəziləri yəhudi idi və uşaqlıqdan Musanın qanununa əməl edirdilər. Bəziləri isə başqa millətdən idi və tamam başqa adətlərlə böyümüşdülər. Çox yəqin ki, yığıncaqda həm qullar var idi, həm də azad insanlar, hətta bəlkə də bəzilərinin öz qulu var idi. Aralarındakı fərqə baxmayaraq, onlar nəyin sayəsində bir-birilərinə məhəbbət göstərirdilər? Həvari Bulus onları bir-birini qəbul etməyə təşviq etmişdi. (Romalılara 15:7 ayəsini oxuyun.) O nəyi nəzərdə tuturdu? «Qəbul etmək» kimi tərcümə olunan yunan ifadəsi qonaqpərvərlik, xoş üz göstərmək deməkdir. Adətən bu cür münasibəti kimisə evimizə və ya dostlarımızın arasına daxil edəndə göstəririk. Məsələn, Bulus Filimona yazmışdı ki, qaçaq qul olan Onisimi bu cür qəbul etsin: «Onu mehribanlıqla qarşıla» (Flm. 17). Həmçinin Akvilas və Priskilla Apollosu qəbul etdilər. Necə? Apollosun məsihilik haqda biliyi onlarınkından xeyli az olsa da, onu «yanlarına aldılar» (Həv. 18:26). Məsihilər çalışırdılar ki, aralarındakı müxtəliflik nifaq yaratmasın, onlar bir-birilərini qəbul edirdilər.
MƏHƏBBƏT
Biz hər bir bacı-qardaşımızın sevgisinə ehtiyac duyuruq (15-ci abzasa baxın)
14. Anna ilə həyat yoldaşı məhəbbətlərini necə göstərirdilər?
14 Eynilə biz də bacı-qardaşlara sevgimizi onları dostlarımızın sırasına qəbul etməklə göstərə bilərik. Onlar da sevgimizə sevgi ilə qarşılıq verəcəklər (2 Kor. 6:11—13). Gəlin Anna bacı ilə həyat yoldaşının nümunəsinə baxaq. Onlar xüsusi təyinatlı müjdəçi kimi Afrikanın qərbinə təyin olunanda COVID-19 pandemiyası başladı. Buna görə də yeni yığıncaqlarındakı bacı-qardaşlarla canlı görüşə bilmirdilər. Bəs onlar məhəbbətlərini necə göstərdilər? Onlar videokonfrans vasitəsilə yığıncaqlarındakı bacı-qardaşlarla əlaqə yaradırdılar və onlarla yaxından tanış olmaq istədiklərini bildirirdilər. Bu həmin ailələrə çox gözəl təsir bağışladı. Onlar da tez-tez Annagilə zəng edirdilər, ya da mesaj yazırdılar. Nəyə görə bu ər-arvad bacı-qardaşlarla tanış olmağa belə can atırdı? Anna deyir: «Dindaşlarımın mənə və ailəmə həm yaxşı, həm də pis günümüzdə göstərdiyi məhəbbəti heç vaxt unutmaram. Onların nümunəsi məni də başqalarına məhəbbət göstərməyə təşviq edir».
15. Vanesanın nümunəsindən bütün bacı-qardaşlarımızı sevməklə bağlı nə öyrənirik? (Həmçinin şəklə baxın.)
15 Çoxumuzun getdiyi yığıncaqlarda bacı-qardaşların xasiyyəti, milliyyəti və mədəniyyəti bir-birindən fərqlənir. Fikrimizi onların müsbət cəhətlərinə cəmləsək, onlara sevgimizi artıra biləcəyik. Yeni Zelandiyada xidmət edən Vanesa adlı bir bacıya yığıncaqda bəziləri ilə yola getmək çətin idi. Amma sonra o, qərara gəldi ki, onu qıcıqlandıran kəslərdən gen gəzməsin, əksinə, onlarla daha çox vaxt keçirsin. Bunun sayəsində o, Yehovanın həmin insanlarda hansı xüsusiyyəti sevdiyini görə bildi. O deyir: «Yoldaşım rayon nəzarətçisi təyin olunduğu üçün indi müxtəlif xasiyyətli bacı-qardaşların arasında daha çox oluruq və onlarla dil tapmaq mənə daha asandır. Artıq mən müxtəlifliyi sevirəm. Aydındır ki, Yehova da sevir, çünki O bir-birindən fərqli insanların Ona ibadət etməsinə icazə verib». Biz insanlara Yehova kimi yanaşanda onları sevdiyimizi sübut edirik (2 Kor. 8:24).
Yehova söz verir ki, böyük müsibət zamanı dindaşlarımızın arasında olsaq, O bizi qoruyacaq (16-cı abzasa baxın)
16. Nəyə görə böyük müsibət zamanı məhəbbətimizin olması vacib rol oynayacaq? (Həmçinin şəklə baxın.)
16 Böyük müsibət zamanı məhəbbət vacib rol oynayacaq. Həmin vaxt Yehova bizi necə qoruyacaq? Qədim Babil hücuma məruz qalan zaman Yehova Öz xalqına belə bir göstəriş vermişdi: «Ey xalqım, içəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Yəqin, biz də böyük müsibət zamanı bu göstərişə əməl etməli olacağıq. Ola bilsin, «içəri otaqlar» deyiləndə yığıncaqlarımız nəzərdə tutulur. Yehova söz verir ki, böyük müsibət zamanı dindaşlarımızın arasında olub ibadətimizi davam etdirsək, O bizi qoruyacaq. Buna görə də biz indidən var gücümüzlə çalışmalıyıq ki, bacı-qardaşlara sadəcə dözməyək, onları sevək. Xilasımız bundan asılı ola bilər!
İNDİDƏN HAZIR OLUN
17. Əgər indidən hazır olsaq, böyük müsibət zamanı necə davranacağıq?
17 «Yehovanın möhtəşəm günü» bütün bəşəriyyət üçün ağır dövr olacaq (Səf. 1:14, 15). Allahın xalqının da həmin vaxt çətinlikləri olacaq. Amma biz indidən hazırlaşsaq, sakitliyimizi qoruyacağıq və başqalarına kömək edə biləcəyik. Biz hər bir çətinlik qarşısında dözüm göstərəcəyik. Dindaşlarımız əziyyət çəkəndə əlimizdən gələni edəcəyik ki, şəfqət göstərərək və əl tutaraq onların dərdini yüngülləşdirək. İndidən bacı-qardaşlara məhəbbət yetişdirdiyimiz üçün gələcəkdə də onlara yaxın olacağıq. Onda Yehova da bizə əbədi həyat mükafatı verəcək. O zaman bütün bəlalar və əzablar unudulacaq (Əşy. 65:17).
NƏĞMƏ 144 Gözün mükafatda olsun!
a Böyük müsibətin başlamasına çox az qalıb. Bəşəriyyət misli görünməmiş çətinliklərlə üzləşəcək. Dözüm, şəfqət və məhəbbət bu çətinliklərə hazır olmağa kömək edəcək. Gəlin görək birinci əsrdəki məsihilər bu xüsusiyyətləri özlərində necə yetişdirmişdilər, biz onlardan nə öyrənə bilərik və bu xüsusiyyətlər bizi böyük müsibətə necə hazırlayır.
b Fəlakətdən zərər çəkənlərə yardım etmək istəyənlər əvvəlcə növbəti blankları doldurmalıdır: «Yerli tikintidə iştirak üzrə könüllü anketi» (DC-50) və ya «Könüllü proqramı üçün ərizə» (A-19). Sonra layihəyə kömək etmək üçün dəvət olunmağı gözləməlidir.