Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 8 s. 70—79
  • Allah iztirablara nə üçün yol verir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah iztirablara nə üçün yol verir?
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • İZTİRABLAR ALLAHDAN DEYİL
  • KAMİL BAŞLANĞIC
  • TƏKƏBBÜRLƏ MEYDAN OXUMAQ
  • MÜBAHİSƏLİ SUALLARIN HƏLLİ
  • NƏ SÜBUT OLUNDU?
  • SİZ NƏ EDƏCƏKSİNİZ?
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
  • Nə üçün pislik indiyədək davam edir?
    Gözətçi qülləsi 2007
  • Allahı sevindirən həyat tərzi
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 8 s. 70—79

FƏSİL 8

Allah iztirablara nə üçün yol verir?

QARŞISINA çıxan hər şeyi məhv edən və insanların ölümünə səbəb olan təbii fəlakətlər baş verdikdə, çoxları belə hadisələrin nə üçün baş verdiyini anlaya bilmirlər. Başqaları cinayətin, qəddarlığın və zorakılığın azğınlığından əziyyət çəkirlər. Bəlkə, siz də: “Allah iztirablara nə üçün yol verir?” deyə, özünüzdən soruşmusunuz.

2 Bir çoxları bu suala qaneedici cavab tapmadıqları üçün, Allaha olan inamlarını itirirlər. Onlar Allahın bəşəriyyətlə maraqlanmadığını düşünürlər. İztirabları həyatın qaçılmaz reallığı hesab edən başqaları isə acı hisslərə qapılaraq insan cəmiyyətinin bütün bədbəxtliklərində Allahı günahlandırırlar. Əgər siz də buna bənzər hisslər keçirirsinizsə, sözsüz ki, Müqəddəs Kitabın bu haqda dediklərini bilmək sizin üçün maraqlı olacaqdır.

İZTİRABLAR ALLAHDAN DEYİL

3 Müqəddəs Kitab bizi əmin edir ki, ətrafda gördüyümüz iztirablar Yehova Allahdan deyil. Məsələn, Məsihin davamçısı olan Yaqub yazmışdır: “İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”, — deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir” (Yaqub 1:13). Bu o deməkdir ki, bəşəriyyətə üz verən çoxsaylı bədbəxtliklərə görə Allah cavabdeh deyil. O, insanları nə göylər həyatına hazırlamaq üçün sınağa çəkir, nə də guya əvvəlki həyatlarında etdikləri pis əməllərə görə cəzalandırır (Romalılara 6:7).

4 Bundan başqa, Allahın və Məsihin adı naminə çox dəhşətli işlər törədilsə də, Müqəddəs Kitabda Allahın və Məsihin belə işləri nə vaxtsa bəyəndiklərinə dair heç bir əlamət yoxdur. Allaha və Məsihə xidmət etdiklərini iddia edib, eyni zamanda fırıldaqçılıqla məşğul olan, aldadan, qatillik və oğurluq edən və insanlara bu kimi başqa iztirablar gətirən kəslərlə Allahın və Məsihin heç bir əlaqəsi yoxdur. Əslində “Rəbb şər insanın yollarından ikrah edər”. Allah “şər adamdan gen dayanar” (Süleymanın məsəlləri 15:9, 29, MKŞ).

5 Müqəddəs Kitabda Yehovanın “çox şəfqətli və mərhəmətli” olduğu haqqında deyilir (Yaqub 5:11). Orada bəyan edilir ki, “Rəbb haqqı sevər” (Məzmur 37:28; İşaya 61:8). Allah qisas alan deyil. O, yaratdığı varlıqlara qayğı və şəfqətlə yanaşır və onlara mükəmməl həyat yaşaya bilmələri üçün lazım olan hər şeyi verir (Həvarilərin işləri 14:16, 17). Yehova bütün bunları yer üzündə həyatın lap başlanğıcından edir.

KAMİL BAŞLANĞIC

6 Hər birimiz ağrı-acıya öyrənmişik. Bu səbəbdən həyatı onlarsız təsəvvür etmək olduqca çətindir, lakin bəşər tarixinin lap başlanğıcında həyat məhz belə idi. Bu haqda, hətta bə’zi xalqların əfsanələrində də deyilir. Məsələn, yunan mifologiyasında bəşəriyyətin ilk beş əsri “qızıl əsr” adlandırılmışdı. O zaman insanlar xoşbəxt yaşayır və üzücü əməkdən, ağrıdan və qocalığın özü ilə gətirdiyi nasazlıqdan əziyyət çəkmirdilər. Çinlilərin dediklərinə görə, insanlar əfsanəvi sarı imperatorun (Xuan-di) rəhbərliyi zamanı sülh içində yaşayır və ətraf mühitin gözəllik və harmoniyasından həzz alırdılar. Həmçinin farsların, misirlilərin, tibetlilərin, peruluların və meksikalıların da bəşər tarixinin başlanğıcındakı xoşbəxtlik və kamillik dövrü haqqında əfsanələri qorunub saxlanılmışdır.

7 Xalqların əfsanələri sadəcə olaraq bəşər tarixinin ən qədim kitabı olan Müqəddəs Kitabda yazılanları təkrarlayır. Orada deyilir ki, Allah ilk insan cütü Adəmlə Həvvanı Eden bağı adlanan Cənnətdə yerləşdirdi və onlara buyurdu: “Törəyib çoxalın və yer üzünü doldurub ona sahib olun” (Yaradılış 1:28, MKŞ). Ulu valideynlərimiz kamil idilər və onların qarşısında kamil insan ailəsinin sülh və xoşbəxtlik içində yaşayaraq yer üzünü Cənnətə çevirəcəklərini görmək imkanı dururdu. Allahın da Yeri və insanları yaratdığı zaman niyyəti bu idi (İşaya 45:18).

TƏKƏBBÜRLƏ MEYDAN OXUMAQ

8 Allahın iltifatını qoruyub saxlamaq üçün Adəm və Həvva “xeyirlə şəri bilmə ağacının meyvəsindən” yeməli deyildilər (Yaradılış 2:16, 17, MKŞ). Əgər onlar Yehovanın bu qanununa əməl etsəydilər, insan həyatının nizam-intizamını pozan iztirablar olmazdı. Allahın əmrinə tabe olmaqla, onlar Yehovaya məhəbbət göstərər və Ona öz sədaqətlərini sübut edə bilərdilər (1 Yəhya 5:3). Lakin bu kitabın altıncı fəslindən öyrəndiyimiz kimi, hər şey əksinə oldu. Şeytanın təhriki ilə Həvva xeyirlə şəri bilmə ağacının meyvəsindən yedi. Sonra qadağan edilmiş meyvədən Adəm də yedi.

9 Baş verənlərin nə dərəcədə ciddi olduğunu anlayırsınızmı? Şeytan Yehovanın Haqq-Təala mövqeyinə qarşı üsyan qaldırdı. İblis “yox, ölməzsiniz” iddiasını irəli sürməklə Yehovanın “hökmən öləcəksən” sözlərini şübhə altına atdı. Daha sonra Şeytan dedi ki, guya Yehova Adəmlə Həvvanın Allah kimi ola biləcəklərini və xeyirlə şərin nə olduğunu müstəqil şəkildə qərara alaraq artıq Ona ehtiyac duymayacaqlarını onlardan gizlədir. Bu cür meydan oxumaqla, Şeytan Yehovanın Kainatın Hökmdarı kimi ədalətli və qanuni mövqeyini şübhə altına qoydu (Təkvin 2:17; 3:1-6).

10 Şeytan İblis həmçinin guya insanların Allaha yalnız öz mənfəətləri naminə itaət etdiklərinə işarə etdi. Başqa sözlərlə, o, insanların nöqsansızlığını şübhə altına aldı. Şeytan iddia etdi ki, heç bir insan könüllü surətdə Allaha sadiq qalmayacaq. Şeytanın təkəbbürlə irəli sürdüyü bu iddia, b. e. ə. təxminən 1600-cü ildə Yehova Allahın ağır sınaqlara düçar olmuş sadiq xidmətçisi Eyub haqqında Müqəddəs Kitabda deyilənlərdən mə’lumdur. Əgər “Eyub” kitabının ilk iki fəslini oxusanız, insan iztirablarının səbəbini öyrənəcək və nəyə görə Allahın bunlara yol verdiyini başa düşəcəksiniz.

11 “Kamil və doğru adam” olan Eyub Şeytanın hücumuna mə’ruz qaldı. Əvvəlcə Şeytan: “Eyub Allahdan boşunamı qorxur?” deyə soruşaraq, Eyubu pis niyyətlər sahibi kimi qələmə verdi. Sonra İblis, Yehovanın Eyubun sədaqətinə onu qorumaqla və ona xeyir-dua verməklə nail olduğunu deyərək, Allaha və Eyuba böhtan atdı. Şeytan: “Fəqət indi əlini uzat da, nəyi varsa, hamısına toxun və üzünə qarşı sənə lə’nət edəcəkdir” deyə Yehovaya meydan oxudu (Eyub 1:8-11).

12 Eyub Yehovaya yalnız Ondan müxtəlif ne’mətlər aldığı üçünmü xidmət edirdi? Sınaqlar zamanı o öz nöqsansızlığını qoruyacaqdımı? Yehovaya gəlincə, O, Öz xidmətçisinə kifayət qədərmi arxayın idi və onun sınanmasına yol verəcəkdimi? Bu suallara cavab vermək üçün Yehova icazə verməli idi ki, Şeytan Eyubu sınağa çəksin. “Eyub” kitabında bəhs edildiyi kimi, Allah tərəfindən yol verilən bütün sınaqlara baxmayaraq, Eyub sədaqətini qorudu və bu, Yehovanın ədalətliyinə və insanların nöqsansızlığına haqq qazandırdı (Eyub 42:1, 2, 12).

13 Eden bağında baş verən, sonra isə Eyubun başına gələn hadisə daha böyük əhəmiyyət kəsb edir. Şeytan bütün bəşəriyyətə, o cümlədən bu gün bizə də aid olan mübahisəli suallar qaldırmışdır. O, Allahın adına böhtan atdı, həmçinin Onun hökmranlığına əl uzatdı. Allahın yaratdığı insanların düzgünlüyünü şübhə altına qoydu. Bu mübahisəli sualları həll etmək lazım idi.

MÜBAHİSƏLİ SUALLARIN HƏLLİ

14 Əyani misal olaraq təsəvvür edin ki, siz xoşbəxt ailəyə və bir neçə övlada sahibisiniz. Gözlənilmədən qonşularınızdan biri şaiyə yayaraq, sizin valideynlik vəzifənizi lazımınca yerinə yetirmədiyinizi söyləyir. O, uşaqlarınızın sizi sevmədiyini, sizinlə əlacsızlıqdan yaşadıqlarını və fürsət düşən kimi sizi tərk edəcəklərini deyir. Çox ehtimal ki, “Bu ağ yalandır!” — deyəcəksiniz. Bəli, yalandır, bəs bunu necə sübut etmək olar? Yəqin ki, bu, bə’zi valideynlərin qəzəbinə səbəb olardı. Lakin bu cür şiddətli reaksiya problemi həll etmək əvəzinə, yalan ittihamı yalnız təsdiq edərdi. Məsələni həll etməyin ən yaxşı yolu — sizi təhqir edənə öz ittihamlarını sübut etməyə və uşaqlarınızın sizə olan səmimi məhəbbətini təzahür etdirməyə imkan verməkdir.

15 Yehova sevən bir atanı xatırladır. Adəmlə Həvvanı Onun övladları ilə müqayisə etmək olar, Şeytana isə böhtançı qonşunun rolu uyğun gəlir. Allah hikmətlə davranaraq Şeytanı, Adəmi və Həvvanı dərhal məhv etmədi, amma onlara yaşamaq üçün bir qədər vaxt verdi. Bununla, ulu valideynlərimizə imkan verildi ki, onlar dünyaya uşaq gətirsinlər və insan ailəsinə başlanğıc versinlər. Məsələnin həll edilməsi üçün isə, İblisə irəli sürdüyü fikrin doğruluğunu sübut etmək imkanı verildi. Lakin Allah lap başlanğıcdan bilirdi ki, bə’zi insanlar Ona sadiq qalacaq və bununla Şeytanın yalançı olduğunu sübut edəcəklər. Yehovaya necə də minnətdarıq ki, Onu sevən insanlara xeyir-dua verməyə və kömək etməyə davam edir! (2 Tarixlər 16:9; Süleymanın məsəlləri 15:3).

NƏ SÜBUT OLUNDU?

16 Demək olar ki, bütün bəşər tarixi ərzində Şeytanın fəaliyyət göstərməyə tam imkanı vardı, belə ki, o, sərbəst şəkildə insanların üzərində hökmranlıq etmək kimi məkrli planını həyata keçirə bildi. Bütün bunlardan savayı, o, siyasi qüvvələrə də tə’sir göstərmiş və dinlərin yaranmasına səbəb olmuşdur. Bu dinlərin vasitəsilə insanlar özləri də bilmədən Yehovaya deyil, ona ibadət edirlər. Bununla da, İblis “bu əsrin tanrısı” olmuş və “dünyanın rəisi” adlanmışdır (2 Korinflilərə 4:4; Yəhya 12:31). Hazırda “bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Bu o deməkdirmi ki, Şeytan bütün insanları Yehova Allahdan uzaqlaşdıra biləcəyinə dair iddiasını sübuta yetirmişdir? Əlbəttə ki, yox! Şeytanın mövcudluğuna yol verməklə bərabər, Yehova Öz niyyətini yerinə yetirməyə davam etdi. Bəs Yehovanın iztirablara yol verməsinin səbəbi Müqəddəs Kitabda necə izah edilir?

17 Pislik və iztirablar Yehovadan deyil. Şeytan bu dünyanın rəhbəri və bu əsrin tanrısı olduğu üçün, o və onun tərəfdarları insan cəmiyyətinin hazırkı vəziyyətinə və insanların çəkdikləri bütün iztirablara görə məs’uliyyət daşıyırlar. Bu işlərdə heç kəs Allahı günahlandıra bilməz (Romalılara 9:14).

18 Yehovanın pislik və iztirablara yol verməsinin sayəsində sübut olundu ki, Allahdan asılı olmamaq daha yaxşı bir dünya gətirməyəcəkdir. Bir-birinin ardınca baş verən bədbəxtliklər tarixdə dərin iz buraxmışdır. Bunun səbəbi isə odur ki, insanlar Allahdan asılı olmamaq qərarına gəlmişlər, Onun sözünə və iradəsinə ehtiram göstərməmişlər. Yehovanın qədim xalqı və həmin xalqın rəhbərləri öz yolları ilə gedərək, Onun sözünü rədd etdikdə nəticə çox fəlakətli olurdu. Allah Öz peyğəmbəri Yeremyanın vasitəsilə onlara dedi: “Hikmətli adamlar utandılar, dəhşətə gəldilər və ələ keçdilər; budur, onlar Rəbbin sözünü üzərlərindən atdılar; və onlarda hikmətin nəyi var?” (Yeremya 8:5, 6, 9). Yehovanın normalarına riayət etməməklə, bəşəriyyət fırtınalı dənizdə bir tərəfdən o biri tərəfə atılan sükansız gəmiyə bənzəyir.

19 Yehovanın pislik və iztirablara yol verməsinin sayəsində sübut olundu ki, Şeytan bütün bəşəriyyəti Yehovadan uzaqlaşdırmaq qüvvəsində deyil. Tarix göstərir ki, sınaq və bədbəxtliklərə baxmayaraq, Allaha sadiq qalan insanlar həmişə olmuşdur. Budur, artıq çox yüzilliklərdir ki, Yehova Öz xidmətçilərini dəstəkləyir və Onun adı bütün yer üzündə izzətlənir (Çıxış 9:16; 1 Samuel 12:22). İbranilərə məktubun 11-ci fəslində Habil, Hanok, Nuh, İbrahim, Musa haqqında danışılır, həmçinin Allahın bir çox başqa sadiq xidmətçiləri sadalanır. İbranilərə 12:1 ayəsində onlar “şahidlər buludu” adlanırlar. Onlar Yehovaya göstərdikləri sarsılmaz imanın nümunəsi olmuşlar. Bu gün də bir çox kişi və qadınlar Allahın qarşısında nöqsansızlıqlarını qorumaq üçün həyatlarından belə keçmişlər. Öz imanları və məhəbbətləri ilə onlar qəti surətdə sübut etmişlər ki, Şeytan bütün insanları Allahdan döndərmək qüvvəsində deyil.

20 Nəhayət, Yehovanın pislik və iztirablara yol verməsinin sayəsində sübut olundu ki, insanların əbədi rifahı və xoşbəxtliyi naminə onlara hökmranlıq etmək hüququna və qabiliyyətinə yalnız Yaradan Yehova malikdir. Əsrlər ərzində insanlar müxtəlif hakimiyyət formalarından istifadə etmişlər. Nəticəsi necə olmuşdur? Bu gün millətlərin qarşılaşdıqları mürəkkəb problemlər və böhranlar Müqəddəs Kitabda deyilən sözlərin doğruluğuna şəhadət edir: “Bir adamın digər adam üzərində hakimiyyəti onun zərərinədir” (Vaiz 8:9). Köməyimizə gəlməyə və ilk niyyətini həyata keçirməyə yalnız Yehova qadirdir. Bəs O bunu necə və nə zaman edəcəkdir?

21 Adəmlə Həvva Şeytanın fitnəsinin qurbanı olduqdan dərhal sonra, Allah bəşəriyyəti xilas etmək niyyəti haqda bəyan etdi. Yehova Şeytan haqqında belə dedi: “Səninlə qadın arasına və sənin zürriyyətinlə onun zürriyyəti arasına düşmənçilik qoyacağam; o sənin başına hücum edəcək və sən onun topuğuna hücum edəcəksən” (Təkvin 3:15). Bu ona zəmanət edir ki, İblisə öz pis əməllərini sonsuz olaraq davam etdirməyə yol verilməyəcək. Xilaskar Padşahlığın Padşahı kimi və’d edilən Zürriyyət, İsa Məsih Şeytanın “başına hücum edəcək”. Bəli, “tezliklə” İsa bu qiyamçını məhv edəcəkdir! (Romalılara 16:20).

SİZ NƏ EDƏCƏKSİNİZ?

22 İndi mübahisəli suallar haqqında öyrəndikdən sonra, siz kimin tərəfini tutacaqsınız? Yehovanın sadiq xidmətçisi olduğunuzu əməllərinizlə göstərəcəksinizmi? Şeytan öz vaxtının az olduğunu bildiyi üçün, qəzəbini Allah qarşısında nöqsansızlığını qorumağa çalışan kəslərin üzərinə tökmək üçün əlindən gələni etməyə çalışacaqdır (Vəhy 12:12). Lakin siz Allahın köməyinə bel bağlaya bilərsiniz, çünki “Rəbb Ona ixlas edənləri imtahandan necə xilas etməyi... bilir” (2 Peter 2:9). O, gücünüzdən artıq imtahan olunmanıza yol verməyəcək və onlara tab gətirməkdə sizə kömək edəcəkdir (1 Korinflilərə 10:13).

23 Gəlin, Padşah İsa Məsihin Şeytana və onun tərəfdarlarına qarşı tədbir görəcəyi günü gözləyək (Vəhy 20:1-3). İsa, bəşəriyyətin çəkdiyi dərd və iztirablara görə cavabdeh olanların hamısını aradan qaldıracaqdır. İndi isə insanlara iztirab gətirən ən üzücü dərdlərdən biri — əzizlərini itirməkdir. Növbəti fəsli oxuyun və onlarla nə baş verdiyini biləcəksiniz.

BİLİYİNİZİ YOXLAYIN

• Haradan bilirik ki, insanların iztirablarının səbəbkarı Yehova deyil?

• Şeytanın Eden bağında qaldırdığı hansı mübahisəli suallara Eyubun günlərində aydınlıq gətirildi?

• Allahın iztirablara yol verməsinin sayəsində nələr sübut edildi?

[Öyrənilmə üçün olan suallar]

1, 2. İnsanlar çox vaxt bəşəriyyətin çəkdiyi iztirablara necə yanaşırlar?

3, 4. Nəyə görə əmin ola bilərik ki, pislik və iztirablar Yehovadan deyil?

5. Yehovanın xüsusiyyətlərindən bə’ziləri hansılardır və O, yaratdığı varlıqlara necə yanaşır?

6. Bəşər tarixinin başlanğıcındakı həyat barədə bə’zi əfsanələrdə nə deyilir?

7. Allah Yeri və insanları nə üçün yaratmışdı?

8. Adəmlə Həvva hansı əmrə riayət etməli idilər, lakin nə baş verdi?

9. Şeytan Yehovaya aid olan hansı mübahisəli sualı qaldırdı?

10. İnsanlarla bağlı Şeytan nəyi şübhə altına atdı?

11. Eyub necə insan idi, lakin Şeytan hansı ittihamı irəli sürdü?

12. a) Allah Şeytanın Eyubu sınamasına yol verdiyindən sonra hansı suallar həll oluna bilərdi? b) Eyubun sınaqları nə ilə nəticələndi?

13. Edendə baş verən, o cümlədən Eyubun başına gələn hadisənin bizə hansı aidiyyatı var?

14. Əgər kim isə bir adam haqqında yalan ittiham irəli sürürsə, yalan ittihama mə’ruz qalan kəs nə edə bilər?

15. Yehova Şeytanın meydan oxumasına necə cavab vermək qərarına gəldi?

16. Necə oldu ki, dünya Şeytanın hakimiyyəti altına düşdü?

17. Pislik və iztirabların səbəbinə dair biz nəyi unutmamalıyıq?

18. Yehovanın pislik və iztirablara yol verməsinin sayəsində Allahdan asılı olmamağa dair nə sübut olundu?

19. Şeytanın bütün insanları Allahdan döndərmək qüvvəsində olmadığına hansı sübutlar var?

20. Yehovanın pislik və iztirablara yol verməsinin sayəsində Allaha və bəşəriyyətə dair nə sübut olundu?

21. Şeytanla nə baş verəcək və bunu kim edəcək?

22. a) Siz nəyi qərara almalısınız? b) Şeytan öz qəzəbini Allahın sadiq xidmətçilərinin üzərinə töksə də, onlar nəyə əmin ola bilərlər?

23. Biz nəyi səbirsizliklə gözləyirik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş