Sizə aidiyyəti olan məsələ
YƏQİN ailə üzvləri və ya dostlarınızdan kiminləsə xüsusilə yaxınsınız. Təsəvvür edin ki, kimsə öz xeyrinizi güddüyünüz üçün onlarla yaxınlıq etdiyinizi söyləyir. Məgər bu sizə pis tə’sir etməzdimi? Bəlkə də qəzəbləndirərdi. Şeytan İblis Yehova Allahla yaxın münasibəti olanlara qarşı məhz bu ittihamı irəli sürüb.
İlk insanlar, Adəmlə Həvva Şeytanın təhriki ilə Allahın qanununu pozub, Ona qarşı üsyan qaldırdılar. Bunun nə demək olduğu barəsində bir düşünün. Doğrudanmı, insanlar yalnız özlərinə xeyir edəndə Yehova Allaha itaət edəcəklər? (Yaradılış 3:1-6). Adəmin Allahdan üz döndərməsindən təxminən 2 500 il sonra Şeytan, Əyyub adlı adamla bağlı eyni mübahisəli sualı qaldırdı. Gəlin Müqəddəs Kitabın bu parçasına diqqət yetirək.
‘Nöqsansızlığımdan əl çəkməyəcəyəm’
Əyyub qüsursuz, ‘əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır’. Şeytan isə Əyyubun salehliyini şübhə altına alır. O, Yehovadan soruşur: «Əyyub Allahdan boş yerəmi qorxur?» Sonra Şeytan həm Allaha, həm də Əyyuba böhtan atır. Onun sözlərindən elə çıxır ki, Yehova Əyyubu müdafiə edib xeyir-dualandırmaqla onun sədaqətini satın alır. Şeytan Allaha meydan oxuyur: «İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lə’nət edəcək» (Əyyub 1:8-11).
Şeytanın irəli sürdüyü iddialara cavab vermək üçün Yehova Allah Əyyubun imtahana çəkilməsinə icazə verir. İblis bu saleh insanı Allahdan döndərmək üçün onun başına bir-birinin ardınca bəlalar gətirir. Əyyubun mal-qarası oğurlanır, məhv edilir, nökərləri qılıncdan keçirilir, uşaqları tələf olur (Əyyub 1:12-19). Bəs o, məqsədinə nail olurmu? Sözsüz ki yox! Əyyub bu sınaqların səbəbkarının Allah olduğunu düşünsə də, deyir: «Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!» (Əyyub 1:21).
Müəyyən vaxtdan sonra Şeytan yenə də Yehovanın hüzuruna gəlir. Allah ona deyir: ‘Məni vadar etdin ki, boş yerə Əyyubu məhv edim, amma o hələ kamil [«nöqsansız», YD] olaraq qalıb’ (Əyyub 2:1-3). Bu hadisədə ən əsası Əyyubun nöqsansızlığıdır. Nöqsansızlıq Allaha tam sadiq olmaq və Onun saleh normalarına müvafiq yaşamaq deməkdir. Bəli, Əyyub nöqsansızlığından dönmür, ancaq Şeytan da öz məqsədindən əl çəkmir.
Sonra Şeytan bütün bəşəriyyəti bu məsələyə qatır. O Yehovaya deyir: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lə’nət edəcək» (Əyyub 2:4, 5). «Əyyub» əvəzinə «insan» deməklə, Şeytan hər bir adamın nöqsansızlığını şübhə altına alır. Onun sözünün canı o idi ki, insan öz həyatı uğrunda nəyə desən gedər. Şeytan iddia edirdi ki, ona imkan verilsə, hamını Allahdan uzaqlaşdıra bilər. Görəsən vəziyyətindən və yaşadığı dövrdən asılı olmayaraq, Allaha sadiq qalan olacaqmı?
Yehova Şeytana icazə verir ki, Əyyubu ağır xəstəliyə düçar etsin. Əyyub o qədər əzab çəkir ki, Allahdan ölüm arzulayır (Əyyub 2:7; 14:13). Bununla belə, o deyir: «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (Əyyub 27:5). Əyyub Allahı sevdiyi üçün heç nə onu nöqsansızlığından döndərə bilmir. Allaha gəldikdə isə, Müqəddəs Kitab nəql edir: «Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi» (Əyyub 42:10-17). Bəs tarixdə Əyyub kimiləri olubmu? Zaman nə deyir?
Mübahisəli məsələnin həlli
Müqəddəs Yazıların «İbranilərə məktub» kitabının 11-ci fəslində həvari Pavel Nuh, İbrahim, Sara və Musa da daxil olmaqla, qədimdə yaşamış sadiq adamların adını çəkərək deyir: «[Başqaları] haqqında nəql etmək üçün vaxtım çatmaz» (İbranilərə 11:32). Allahın sadiq xidmətçilərinin sayı o qədər çoxdur ki, Pavel onları ‘böyük şahidlər buludu’ adlandırır (İbranilərə 12:1). Əsrlər boyu saysız-hesabsız insan öz xoşu ilə Yehovanın tərəfini tutmuş və sədaqətlə Ona xidmət etmişdir (Yeşua 24:15).
İnsanları Yehovadan döndərəcəyini iddia edən Şeytana qəti cavabı Allahın Oğlu İsa Məsih verdi. Hətta işgəncə dirəyində əzablı ölümə mə’ruz qalanda da, İsa nöqsansızlığından əl çəkmədi. O, son nəfəsində demişdi: «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm» (Luka 23:46).
Zaman göstərdi ki, Şeytan hər kəsi həqiqi Allahdan döndərməyə qadir deyil. Sonsuz sayda insan Yehova ilə tanış olmuş və ‘Allahı bütün ürəyilə, bütün canı ilə və bütün düşüncəsi ilə’ sevmişdir (Matta 22:37). Onların Yehovaya sarsılmaz sadiqliyi insanın nöqsansızlığını qorumayacağını iddia edən Şeytanın yalançı olduğunu sübuta yetirmişdir. Siz də nöqsansızlığınızı qorumaqla Şeytanın səhv olduğunu sübut edə bilərsiniz.
Siz nə etməlisiniz?
Allahın iradəsi ondan ibarətdir ki, «bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Timoteyə 2:4). Həqiqəti necə dərk etmək olar? Müqəddəs Kitabı araşdırmağa vaxt ayırıb ‘vahid həqiqi Allah və Onun göndərdiyi İsa Məsih’ haqqında bilik əldə edin (Yəhya 17:3).
Şeytan insanların Allaha sidq ürəklə xidmət etdiyini şübhə altına alıb. Buna görə də, Allaha təmiz niyyətlə xidmət etmək üçün bilik ürəyə tə’sir etməlidir. Bunun üçün sadəcə Müqəddəs Kitabı oxumaq kifayət deyil. Öyrəndiklərinizin üzərində düşünməyi vərdişə çevirin (Məzmur 143:5). Müqəddəs Kitabı və ya ona əsaslanan ədəbiyyatı oxuyanda özünüzə bu sualları verin: «Buradan Yehova haqqında nə öyrənirəm? Bu parçadan Allahın hansı keyfiyyətləri görünür? Həyatımın hansı sahəsində belə davranmalıyam? Allah nəyi bəyənir, nəyi bəyənmir? Bu parça məndə Allaha qarşı hansı hissləri doğurur?» Belə suallar üzərində düşünsəniz ürəyiniz Yaradana qarşı məhəbbət və minnətdarlıqla dolacaq.
Allah qarşısında nöqsansızlıq təkcə e’tiqadımızla məhdudlaşmır (1 Padşahlar 9:4). Yehova Allahın qarşısında nöqsansız olmaq üçün həyatın hər sahəsində əxlaqi təmizliyi qorumaq lazımdır. Amma bu o demək deyil ki, nöqsansızlıq bizi nədənsə məhrum edir. Yehova Özü xoşbəxt Allah olduğu üçün bizim də xoşbəxtliyimizi istəyir (1 Timoteyə 1:11). Xoşbəxt yaşamaq və Allahı razı salmaq üçün müəyyən hərəkətlərdən kənar durmalıyıq. Gəlin onlardan bir neçəsinə nəzər salaq.
Nalayiq hərəkətlərdən qaçın
Yehova Öz Kəlamında nikah barəsində belə deyir: «Kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:21-24). Bir bədən olan ər-arvad ancaq bir-birilə intim əlaqədə olmaqla, Allahın əsasını qoyduğu nikah quruluşuna hörmət etdiklərini göstərirlər. Həvari Pavel deyirdi: «Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir» (İbranilərə 13:4). «Kəbin yatağı» ifadəsi bir-birilə qanuni nikahda olan qadın və kişi arasındakı cinsi əlaqəyə aiddir. Onlar belə əlaqəyə başqa adamla girsələr, zina etmiş olurlar və Allahın hökmünə mə’ruz qalacaqlar (Malaki 3:5).
Nikahdan qabaq cinsi əlaqə haqqında nə demək olar? Bu da Yehovanın qoyduğu əxlaq normalarına ziddir. Müqəddəs Kitabda yazılıb: «Allahın iradəsi budur ki... cinsi əxlaqsızlıqdan imtina edəsiniz» (1 Saloniklilərə 4:3). Homoseksual münasibətlər, yaxın qohumlarla və heyvanla cinsi əlaqə Allaha qarşı günahdır (Levililər 18:6, 23; Romalılara 1:26, 27). Allahı razı salmaq və həyatda xoşbəxt olmaq istəyən hər bir kəs əxlaqsız hərəkətlərdən uzaq durmalıdır.
Bəs nikahda olmayan adamların bir-birilə ehtiras oyadan hərəkətlərə yol verməsinə necə baxmaq olar? Yehova buna pis baxır (Qalatiyalılara 5:19). Biz ağlımızı natəmiz fikirlərlə də murdarlamamalıyıq. İsa demişdir: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28). Bu prinsip eynilə jurnallarda, televizor və internetdə pornoqrafiyaya baxmağa, seksdən bəhs edən bədii ədəbiyyat oxumağa və sözləri ehtiras oyadan mahnılara qulaq asmağa da aiddir. İnsan belə şeylərdən qaçınmaqla Allahı sevindirər və mə’nəvi cəhətdən sağlam həyat sürər.
Eşqbazlıq haqqında nə demək olar? Eşqbazlıq ciddi niyyət güdmədən özünün kiməsə vurulduğunu göstərmək və ya başqasında özünə qarşı romantik maraq oyatmaq deməkdir. Ailəli insanın öz həyat yoldaşından başqa kiməsə bu cür maraq göstərməsi Müqəddəs Kitab prinsiplərinə ziddir və Yehovaya qarşı hörmətsizliyin əlamətidir (Efeslilərə 5:28-33). Subayların da əylənmək xatirinə qaş-göz oynatması, söz atması və sairə hərəkətlərə yol verməsi düzgün deyil! Birdən kimsə bunu ciddi qəbul etdi? Eşqbazlığın ürəyə necə yaralar vurduğu haqqında bir düşünün. Həm də unutmayın ki, eşqbazlıq zina və ya cinsi əxlaqsızlığa da gətirib çıxara bilər. Əks cins ilə təmiz davrananda isə insanın özünə qarşı hörməti artır (1 Timoteyə 5:1, 2).
Həyatın digər sahələrində Allahı necə razı salmaq olar?
Bir çox ölkələrdə spirtli içkiləri asanlıqla əldə etmək olar. Bəs içki içmək günahdırmı? Müqəddəs Kitab şərab, pivə və ya başqa spirtli içkiləri içməyi qadağan etmir, ancaq gərək insan özünü idarə etsin (Məzmur 104:15; 1 Timoteyə 5:23). Həddindən artıq içmək və sərxoşluq Allahın gözündə günahdır (1 Korinflilərə 5:11-13). Sözsüz ki, siz içkinin ucbatından sağlamlığınızın pozulmasını, ailənizin dağılmasını istəməzdiniz (Süleymanın məsəlləri 23:20, 21, 29-35).
Yehova ‘həqiqət Allahıdır’ (Məzmur 31:5, KM). Müqəddəs Kitabda yazılıb ki, ‘Allahın yalan danışması qeyri-mümkündür’ (İbranilərə 6:18). Allahı razı salmaq istəyən adam yalan danışmayacaq (Süleymanın məsəlləri 6:16-19; Koloslulara 3:9, 10). Müqəddəs Kitab Allahın xidmətçilərinə məsləhət verir: «Hər biriniz öz qonşusuna həqiqəti söyləsin» (Efeslilərə 4:25).
Qumar oyunları, geniş yayılmasına baxmayaraq, tamahkarlıqdan başqa bir şey deyil. Çünki qumar oynayan başqasının zərəri hesabına pul qazanmaq istəyir. Yehova ‘biabırçı qazanca həris olanları’ sevmir (1 Timoteyə 3:8). Allahı razı salmaq istəyən adam lotereya, loto və digər qumar oyunları oynamır və ailəsini dolandırmağa da daha çox pulu qalır.
Oğurluq, yə’ni başqasının əşyasını götürmək də tamahdan doğan hərəkətdir. Allah əmr edir: «Oğurluq etmə» (Çıxış 20:15). Bilərəkdən oğurluq mal almaq, o cümlədən başqasının əşyasını icazəsiz götürmək düzgün deyil. Müqəddəs Kitabda yazılıb: «Oğurluq edən artıq oğurlamasın; əksinə, öz əllərinin əməyi ilə yaxşı iş görsün ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun» (Efeslilərə 4:28). Yehovanı sevənlər iş vaxtını boş yerə sərf etmir, əksinə ondan daha səmərəli istifadə edir, işi vicdanla görürlər. Onlar ‘hər cəhətcə özlərini yaxşı aparmağa can atırlar’ (İbranilərə 13:18). Təmiz vicdan insana qəlb rahatlığı gətirir.
Allah özündən tez çıxan adamlara necə yanaşır? Müqəddəs Kitab xəbərdarlıq edir: «Tez qəzəblənənə yoldaş olma, kəmhövsələ ilə yola çıxma» (Süleymanın məsəlləri 22:24). İnsan qəzəblənəndə özünü idarə etməzsə, bu, zorakılığa gətirib çıxarar (Yaradılış 4:5-8). Qisas barədə Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin, lakin bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirin. Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun. Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Romalılara 12:17-19). Bu məsləhətlərə əməl etsək, başqaları ilə sülhdə olacağıq, bu da öz növbəsində həyatımıza sevinc qatacaq.
Nöqsansızlığı qorumaq mümkündür
Sınaqlara baxmayaraq, Allah qarşısında nöqsansızlığı qorumaq mümkündürmü? Bəli, mümkündür. Unutmayın, Allah istəyir ki, Şeytanın nöqsansızlıqla bağlı irəli sürdüyü iddiaların yalan olduğunu siz həyat tərzinizlə sübut edəsiniz. Allah deyir: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (Süleymanın məsəlləri 27:11).
Yehovanın gözündə düzgün olan işləri görmək üçün duada Allahdan güc diləyin (Filipililərə 4:6, 7, 13). Allahın Kəlamını öyrənməyi qarşınıza məqsəd qoyun. Müqəddəs Kitabdan öyrəndikləriniz üzərində minnətdarlıqla düşündükcə Allahı daha çox sevəcək və Onu razı salmağa çalışacaqsınız. 1 Yəhya 5:3 ayəsində yazılıb: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir». Yaxınlığınızda yaşayan Yehovanın Şahidləri məmnuniyyətlə sizə Müqəddəs Kitabı öyrənməyə kömək edəcəklər. Siz onlarla və ya bu jurnalı nəşr edənlərlə əlaqə saxlaya bilərsiniz.
[3-cü səhifədəki şəkil]
Əyyub sınaqlarla üz-üzə qalanda belə, Allah qarşısında sadiqliyini qorudu.
[5-ci səhifədəki şəkil]
Allahın Kəlamını öyrənmək düzgün hərəkət etməyinizə kömək edəcək.